news-inner
clock09:00 calendar-gray 19 Aprel 2016 view-gray176 dəfə oxunub
view-gray176 dəfə oxunub

Fikrət Qoca: “O vaxt qızlar da yeməli idi” - MÜSAHİBƏ

Kulis.Az Fikrət Qoca ilə müsahibəni təqdim edir.

- Fikrət müəllim, necəsiz, səhhətiniz yaxşıdırmı?

- Belə şükür. Mənim yaşımda adam səhər-səhər gün işığına gözünü açırsa deməli hər şey yaxşıdır.

- Hər gün işə gəlirsiz?

- Hər gün. Çünki bu vərdişdir. Yaşamaq kimi bir vərdişdir.

- Neçə illik vərdişdir?

- Gözümü açandan. Çünki uşaq vaxtı da adamın müəyyən vəzifələri, işləri olur. Uşaq üçün bu ciddi vəzifədir; səhər durub çörək yemək, məktəb vaxtı dərsə getmək... Bir də uşaq olmağa mən qorxaram. Belə bir şeirim də var: “Uşaq olmaq istəmirəm.”

- Bir dəfə demişdiniz ki, bundan sonra bir qırx il də yaşayaram, amma cavanlığıma qayıtmaq istəmərəm.

- Hə. Mənim üçün çox ağırdır. Ümumiyyətlə indi də uşaqlara baxanda birdən nəfəsim çatışmır. Səhər tezdən durub qaranlıqda dərsə gedirlər. Müəllimləri dinləmək, tərbiyəli uşaq olmaq, hətta öskürməmək...

- Sizin uşaqlığınız ağır olub, yoxsa indiki uşaqların?

- İndi böyüklər ağıllanıb uşaqlara bir qədər sərbəstlik veriblər. Əvvəllər uşaqlar elə bil gestapo qarşısında idi. Hətta bəzi müəllimlər uşaqları döyürdü.

- Sizi də döyüblər?

- Yox, məndə bir az başqa cür idi...

- Oxuyan idiniz ona görə?

- Yox oxuyan olduğum üçün deyildi. Atam həkim idi, hamının da ona işi düşürdü (gülür).

- Dəcəl uşaq olmusuz?

- O qədər də yox. Dəcəlliyim içimdə idi.

- Amma eşitdiyimə görə coşanda sizi saxlamaq çətindir.

- O bir az yuxarı yaşlarda olub.

- Yəqin indi elə olmazsız?

- İndi qoca kişiyəm. Bilirsən insanin bir müddətə kimi yaşıdları, zamanı ilə rəqabət dövrü olur. Məndə vəzifə rəqabəti olmayıb. Mənim işim elədir ki, vəzifə rəqabəti kömək eləmir. Hər kəs qazanında nə varsa onu çıxarıb qoyur. Ona görə bu sarıdan arxayın olmuşam. Amma gənclik vaxtında bir qızdan xoşun gəlir, qıza özünü göstərmək üçün bir az dalaşırsan.

- Qız üstündə çox dalaşmısız?

- Yox (gülür).

- Bizdən əvvəlki yazıçılar, şairlər haqqında elə təsəvvür yaradırlar ki, guya onlar dalaşmayıb, qız sevməyib, içib sərxoş olmayıb... Rus mətbuatına baxırsan, öz ədəbi keçmişləri haqqında çox səmimi, rahat danışırlar. Blokun qadını ilə rəftarı, Yeseninin içib günlərlə “zapoy” olması kimi məsələləri yazıb səmimi şəkildə bildirilər. Amma bu xüsusiyyətlər onların istedadına kölgə salmır. Bizdə isə adamlar gizlətməyə çalışır. Fikrət Qoca özü yox, ətrafı gizlətməyə çalışır. Halbuki həyat odur...

- O da Fikrət Qocadır. Bu onun bir dövrüdür. Onu keçməsə adam olmaz ki.

- İstəyirəm söhbətimizdə bu kimi mövzulara da toxunaq. Qorki adına Ədəbiyyat İnstitutunda də oxumusuz. O mühit necə idi?

- O mühit belə idi. Təsəvvür edin, Sovet dövrü. Bu quruluş böyük bir sosialist lageri idi, türmə kimi. Belə bir dövrdə bu institut elə bir məkan idi ki, burda tələbə özünü düşünən insan hiss edirdi. Azadlıq vardı. Bir institutdakı ki, rektor öz tələbəsini – məni – yoldaşlıq məhkəməsinə vermişdi. Özü də kim qalib çıxsa yaxşıdır! Məni qalib çıxartdılar. Rektor deyinə-deyinə getdi.

- Nə baş vermişdi?

- Heç nə. Elə o azadlığın güdazına getmişdim.

- Kiminləsə dalaşmışdız?

- Yox. Bilirsən o institutda yaradıcılığa ciddi qiymət verilirdi. Birinci imtahan da yaradıcılıqdan olurdu. Əgər yaradıcılıqdan keçmirdinsə o biri imtahanlara buraxılmırdın. Orda əsas yaradıcılıq idi. Təzə nə yazmısan, sətri tərcümə edib müzakirəyə qoyurdular. Sətri tərcümə ilə bilirdik ki, nə şeir elementidir, nə yox. Ona münasib də qiymət alırdıq. Daha sonra da dərslərdən imtahana gedirdik. Dərslərdən kəsiləndə də kömək edirdilər.

- Deməli əsas istedad idi.

- Bəli.

- Fikrət müəllim, tələbə yoldaşlarınızla içki məclisləri, davalar olurdu?

- Olurdu. Bu gündəlik iş kimi bir şey idi. Moskvada adamlar ev tapmayanda bizim hərəmizə bir otaq vermişdilər. Ciddi nəzarət yox idi. Yığışırdıq, yeyib-içirdik.

- Çox içirdiz?

- Cavanlıq idi də. Çox deyəndə bilirsən, yüz qram içirdik, beş yüz də üstünə qoyurdular.

- İndi də elədir. Yüz qram içirsən, deyirlər bir butulka içmişdi.

- Mənim üzümə danışıblar. Moskvadan gəlmişdim. Əmim oğlu məni qarşılamışdı, qatarda Ağdaşa gedirdik. Kupedə oturmuşduq, bir oğlan gəldi. Şən adam idi, hiss olunurdu ki, boşboğazdır. Xeyli danışdı. Sarı rəngə çalan bir araq vardı, nöyüt arağı deyirdik, bir manata, ya iki manata idi. Ondan da birini qoydu ortalığa. Səhər tezdən idi. Xəstəlik keçirənə qədər ömrüm boyu içmişəm, amma bu yaşıma kimi heç vaxt səhər içməmişəm. Yadıma gəlmir, içsəm də ürəyim ağzıma gələrdi.

- Xaşa da getmirdiz?

- Yox. O qədər həvəskarı deyildim. Xaşa gedəndə də yeyirdim, amma içmirdim.

- Hə, o şən oğlan nə elədi?

- Oturduq, vurduq. Dedi mən şairəm. Əmim oğlu istədi desin ki, mən də şairəm, ayağını dümsüklədim ki, dinmə. Yenə əmim oğlunun dili dinc durmadı, soruşdu, Fikrət Qocanı tanıyırsan? Pah. Dostumdu dedi, başladı gopa basmağa (gülür). O ta yuxu onu aparanacan Fikrət Qocadan danışdı, mən onunla nə qədər içmişəm, nələr eləmişəm. O danışdıqca mənim ürəyim bulanırdı.

- İndi də o cür şayiələr olur. Kimisə qaralamaq üçün deyirlər içki düşkünüdür.

- Hə elədir.

- Yazıçını-şairi vurmağın ən asan yoludur. Əli Kərim haqqında nə qədər danışıblar. Siz dost olmusuz, bilərsiz.

- Əli Kərim içibdi, amma Əli Kərimin yazdığı kimi yazan hanı?

- Yaxın dost olmusuz.

- Yaxın olmuşuq, bəli.

- Mütaliəsi necə idi, oxuyurdu?

- Çox, çox ciddi oxuyurdu. Öz tay-tuşları arasında birinci idi. Cavan vaxtı artıq hamı onu çox yüksək qiymətləndirirdi. Əli Kərim mənim üçün müəllim kimi idi.

- Sizi bəyənirdi?

- Bəyənməsə bir yerdə olmazdıq.

- Sizdən başqa kimi bəyənirdi?

- Çox adamı bəyənirdi. Xaraktercə də çox ciddi adam idi.

- Bəs ona qarşı niyə belə kampaniya başlanıldı? Siz, dostları görmədizmi Əli Kərim itib gedir, məhv olur?

- Rəsul Rza çox çalışdı. Əli Kərimin məhv olmağına səbəb içki deyildi, onu işsiz qoydular.

- Bəlkə sözünü üzə deyən imiş deyə...

- Heç nəyi deyən deyildi. Deyənlərdən qorxurlar. Sakit idi. Qısqanırdılar onu. O vaxt məşhur bir şair vardı, Əli öləndən sonra hər il onun qəbri üstə gedirdi. Özü də bilirdik ki, Əli Kərimin əleyhinə danışanlardır. Bir dəfə dedi ki, Əli necəsən? Əli də cavab verdi ki, hər halda yaxşıyam.

- Deyəsən söhbət belə olub axı: Əliyə salam verib, Əli salamı almayanda həmin şair soruşub ki, niyə məni salamımı almadın. Əli Kərim də deyib ki, bir salamım var, onu da sənə vermərəm.

- Yox. O başqası idi. Bir deyildi ki, a bala. Bir neçə adam idi.

- Fikrət müəllim, dünyanın bir çox inqilabçıları Ernesto Çe Qevara, Amilkar Kabral, Xose Risal, Li Vi Tom və başqaları haqqında poemalar yazmısız. Bunlar tapşırıq idi, yoxsa öz içinizdən gəlirdi?

- Xeyr. Bu ürəyimin tapşırığı idi. Bilirsən, mən nə deyəydim, deyəydim durun qalxaq Sovetə qarşı üsyan edək, azad xalq olaq? Bu başını divara vurmaq kimi idi. Amma Çe Qevara haqqında yazırdım. Kuba elə bizim ölkə boydadı, əhalisi də bizim qədərdi. Amma Amerikanın əlində idi. Doqquz adam inqilab elədi, Kubanı azad elədi. Mən də onu demək istəyirdim ki, bunu eləmək olar, yoxsa başıma hava gəlməmişdi ki.

- Fikrət müəllim, daha heç kəsi belə yaradıcı ezamiyyətlərə göndərmirlər.

- Heyf ki ,yoxdur.

- Kimləri göndərirdilər, necə göndərirdilər, özünüz müraciət edirdizmi?

- Onda SSRİ üzrə Həmrəylik Komitəsi vardı. O komitəyə yazırdım. Bir də Moskvada Yazıçılar Birliyinin nəzdində xarici komissiya vardı. Ora yazmışdım ki, Ernesto Çe Qevara haqqında əsər yazmaq istəyirəm. SSRİ Yazıçılar Birliyi ilə Kuba Yazıçılar Birliyi arasında danışıqlar gedirdi. Rəsmi heyət Kubaya yollananda deyirdilər, bax Fikrət Qoca da bizə ərizə yazıb, Kubaya getmək istəyir. Yaxşı mövzudur, çağırırdılar məni, yaxşı komandirovka verirdilər.

- Nə qədər qalmısız Kubada?

- İki dəfə olmuşam Kubada. Birinci dəfə on gün qalmışam. Kubada Azərbaycan Mədəniyyət günləri keçirildi, 1968-ci ildə. Amma ikinci dəfə Çe Qevaraya görə getmişəm. Bir ay qalmışam. Maşın, tərcüməçi vermişdilər ki, Kubanı gəzdim. Çe Qevaranın olduğu yerləri gəzdim, onun dostları ilə görüşdüm. Bacısını gizlədirdilər məndən, deyirdilər başqa ölkədə yaşayır. Tərcüməçi vasitəsilə bacısını tapdım, gizlicə görüşdüm. O, görüşə oğlunu da gətirmişdi. Fidelin əleyhinə xeyli danışdı. Dedi onlar quldurdular.

- Fidel Kastro ilə şəxsən görüşmüşdüz?

- Şəxsən görüşməmişdim. Mitinq idi, biz də onunla gəlmişdik. Fidel orda çıxış eləməli idi. Xose-Martin meydanına bir milyona yaxın adam yığışmışdı. Gün də şaxıyır. Fidel orda dörd saat danışdı. Bir də görürdün adamların arası ilə xərək gəzir. İstidən ürəyi gedənləri xərəklə aparıb ayıldırdılar, onlar təzədən mitinqə gəlirdi. Bunu mən gələndən sonra yazmışdım.

- Nə əcəb Kuba əleyhinə olan bu nüansı yazmağa imkan vermişdilər?

- Elə yazmışdım ki, guya Fideli çox istəyirlər (9 gülür).

- Yəqin Fideli sevənlər də var.

- Bilirsən onlar haqqında anekdot da vardı. Qardaşı ondan qəddardı.

- Orda olanda dissidentlər sizə məlumat ötürürdülər?

- Onları bizimlə görüşə qoymurdular. Amma yazıçılar danışdı. Hətta bir dəfə bir yazıçı mənə anekdot danışdı. Fidel Raulu çağırıb deyib ki, bir də qardaş qanı tökmə. Bunlar bizim qardaşlarımızdı. Üç gün keçməyib xəbər veriblər ki, Raul altı nəfəri asdırıb. Qəzəblənmiş Fidel qardaşını çağırıb ki, mən sənə demədim qardaş qanı tökmə? Raul da cavab verib: “Qan tökmədim, asdırmışam.”

- Çe Qevara haqqında “Ünvansız məktublar” poemasını yazanda gündəliyini oxumuşduz?

- Yox, oxumamışdım. Amma dəqiq faktlardan istifadə etmişdim, bircə Fidelə məktubunu əsərə salmadım.

- O dövrdən danışdıq yadıma düşdü. Əkrəm Əylisli ilə münasibətiniz necə idi?

- Biz dost olmuşuq. Beş il bir yerdə oxuyasan, qonşu otaqlarda qalasan, yeməyin-içməyin bir yerdə ola, ta dost olmayıb nə edəsən. Amma sonra ayrıldıq.

- Təəssüflənirsiz?

- Çox təəssüflənirəm. Əkrəm hər şeyə dözə bildi, şöhrətə dözə bilmədi.

- O da sizi və Anarı ittiham edir.

- Onun nə deməyi mənə maraqlı deyil. Əkrəm məni məndən yaxşı tanımır. Özüm özümü tanıyıram. Kimsə mənə dahi deyir, ona da inanmıram. Çünki özüm bilirəm nə boydayam.

- Azərbaycan poeziyasında özünüzü harda görürsüz?

- Öz evimdə, burda (gülür). O da sərgi deyil ki, özümüzə yer müəyyən edək. Hər kəsin öz yeri var.

- Fikrət müəllim, cavan vaxtı yazdığınız bir şeir var. Bu yaxında sosial şəbəkədə də paylaşdılar, tənqid elədilər ki, şair də belə şeir yazar?

Bahar gəlir,

Yarpaqlar dolmalıq olur,

Qızlar yeməli.

Evdə nə oturmusan, ay dəli!

- Cavan vaxtı yazmışam. Məndə həmişə yumoristik şeirlər olub. Hələ biri də var:

Deyirlər qocalanda

adamın ağlı çaşır...

Yalandı, lap ağ yalan.

Ağıllı yaşa dolub

bir az da ağıllaşır,

yaş ötdükcə axmaqlar

bir az da axmaqlaşır.

Yəni bu zarafatın içində həqiqəti deyirəm. Baharda adam girib evə oturar? Çıx, bax yarpaq o qədər gözəldi, yeməlidi.

- Qız da...

- Qız da yarpaq kimi.

- Deyirdilər Xalq şairinin yazdığı şeirə bax.

- Əvvəla 65-ci ildə mən xalq şairi deyildim, qızların da yeməli vaxtı idi (gülür).

- Fikrət müəllim, bəs son şeirlərinizə münasibət necədi?

- Vallah, maraqlanmıram. Şeir mənim üçün ağrı kimidir. Mən şeiri ağrını çıxarmaq üçün yazıram, yazıb qurtarandan sonra da görürəm normaldırsa çap edirəm. “Oxqay” deyib çəkilirəm qırağa. Sonra kim nə deyir desin, vecimə də deyil. Şeir övladlarım kimdir də, öz həyatını yaşayır, gedib ona deməliyəm o qızı istə?

- Övladlarınız demişkən, Yalçın Qocanın şeirlərini bəyənirsiz?

- Nə bilim. Şairi bəyənmək düz deyil, şeiri bəyənmək lazımdır.

- Bəyəndiyiniz şeirləri var?

- Bəzən xoşuma gəlir.

- Gənc şairləri oxuyursuz?

- Çox oxuyuram.

- Kimlərin adını çəkə bilərsiz?

- Vallah əksəriyyətini oxumuşam, əksəriyyətinə kömək etmişəm, şeirlərini çap etmişəm, haqqında uğurlu yol yazmışam. Ona görə adlarını çəkmək istəmirəm.

- Bir dəfə demişdiniz ki, Anar işdən çıxsa ondan qabaq özüm gedəcəm. Heç hərdən fikirləşirmisiz ki, yaş o yaş deyil, 80 yaşınız var, hər gün işə gəlib-getmək olmur. Anara nə əcəb demirsiz ki, bir əsrə yaxın ömür yaşamışıq, bəlkə bu vəzifəni də, AYB-ni cavanlara buraxaq gedək, xatirələrimizi yazaq, dincələk. Anara belə təklif eləmisizmi?

- Anara belə təklif eləməmişəm. 2014-cü ildə qurultayda fikirləşirdim, Anara da demişdim, sən olmasan, sədr başqası olsa çıxacam. Özü də mən cavanlığımda rəhbər işdə olmamışam. Həvəsim də olmayıb. Qurultayda Anar yenidən seçildi ,mənə də dedi mütləq qal. Getsəydim onu qoyub qaçmaq olardı. İkincisi mən getdim, Anar da getdi, kim oturacaq? O boyda Rusiyada Yazıçılar Birliyi parçalandı.

- Başa düşürəm, Yazıçılar Birliyinin təəssübünü çəkirsiz. Amma heç nə əbədi deyil. Sizin misal çəkdiyiniz Rusiyada Yevtuşenko gedib oturub Amerikada dincəlir özü üçün.

- Hərə bir cür yaşayır. Anara da deməyəcəm ki, gəl gedək.

- Anar nə qədər qalsa siz də qalacaqsız?

- Yox. Onu Allah verir, bax keçən il az qala işdən çıxmışdım, Allah qaytardı. İş mənə mane olan günü burdan çıxacam. Mən şeir yazmağı burda gördüyüm işlərdən vacib sayıram.

- Fikrət müəllim AYB-nin bütün otaqlarında kompüter var. Siz nə əcəb kompüter işlətmirsiz. Bayaq içəri girəndə də gördüm qəzet oxuyursuz.

- Mən varaqlamağı xoşlayıram.

- Telefonunuz İphonedir ,belə çıxır, yeniliklərə alışa bilirsiz. Bəs kompüter nə əcəb istifadə eləmirsiz? Saytları izləyirsiz?

- Ona evdə baxıram. Saytlarda boş şeylər də çox olur.

- Son vaxtlar saytlarda tez-tez görünürsüz. Açıqlamalar verirsiz.

- Bilirsiz, mən qaçan adam deyiləm. Bilmədiyim şeyi deyirəm bilmirəm, bildiyim şeyi də deyirəm bilirəm.

- Müsahibə üçün təşəkkür edirəm.

- Siz sağ olun.

news-inner-user
Mirmehdi Ağaoğlu

536 məqalə

Paylaş

Oxşar xəbərlər