news-inner
clock08:30 calendar-gray 14 Aprel 2016 view-gray225 dəfə oxunub
view-gray225 dəfə oxunub

Gənc yazar: “Yazacağım romanı mənə sevdiyim qadın danışıb”

Kulis gənc yazar Xan Abdulla ilə müsahibəni təqdim edir.

- Xan, bildiyim qədər, Borçalıdansan.

- Əslən Borçalıdanam. Ancaq bir çox yerlərdə yaşamışam. Quba, Qusar, Xaçmaz. Yeniyetməliyim daha çox Gəncədə keçib.

- Bəs təhsilin?

- Məktəbi Göygöldə bitirmişəm. İndi isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıram.

- Bəs ədəbiyyata marağın necə yarandı? Yazmağa necə başladın?

- Tamamilə təsadüfi olub. Məktəbdə bir dəfə kitabxanaya gözüm sataşdı, girib maraqlandım. Sonra bir kitab oxudum. O vaxtdan başladım mütaliə eləməyə. Uşaqlıqdan şeir də yazırdım. Ancaq fikrim yox idi ki, ədəbiyyatçı, yazıçı olum. Düşünürdüm ki, hüquqşünas olaram, çünki atam da polis idi. Universitetə qəbul olundum, qiyabi. Hərbi xidmətə gedib qayıtdım. 9 ay Azərbaycanda olmuşam, 9 ay isə Əfqanıstanda. Sülhməramlı kimi getmişəm. Oradakı yaşadıqlarım bəlkə də məni ədəbiyyata gətirdi. Mən ora həyat məktəbi deyərdim. Uşaqlıqdan macəraçı olmuşam. Sonra Cek Londonun “Martin İden” romanını oxudum və dedim ki, mən də yaza bilərəm.

- İlk dəfə harda çap olunmusan?

- Qısa hekayələr yazırdım o vaxt. İndi onları o qədər də uğurlu hesab etmirəm. Yazar.in saytı var idi, indi də deyəsən fəaliyyət göstərir. Mən də bir hekayə göndərdim, maraqla qarşılandı, oxundu xeyli. Dediyim kimi həmin hekayə də uğurlu deyildi. O vaxtlar çox yazırdım. Başladım daha çox oxumağa və daha az yazmağa. “Gənc yazar” müsabiqəsində “Məsihin qanı” hekayəmlə qalib oldum. Bundan sonra özümə güvənim artdı.

- Hətta status da yazdın ki, Azərbaycan ədəbiyyatının ən yaxşı romanını özüm yazacam. Bu yaşda çox iddialı deyil ki?

- Yazacam yox, yazmaq istəyirəm demişəm. Bilmirəm, yaza biləcəm, ya yox, ancaq o gücü özümdə hiss edirəm.

- Bir kitabın var: “Məsihin qanı”. Elə Xan Abdulla imzası bu kitabdan sonra göründü. Reaksiyalar necə oldu? Kitabdan razısan?

- Sözün düzü, bir az tanındım, normal qarşılandı. Ancaq, bilirsiniz, kitabı alan azdı. Mən onda nə bilərdim ki? Düşünürdüm ki, bu 500 tirajlıq kitabı sataram, sonra növbəti kitabı çıxararam. Facebook dostları, qohumlar, dostları-falan gözləyirdim ki, gəlib alarlar kitabı, dəstək olarlar. İlk xəyal qırıqlığım onda oldu. Kitab təqdimatıma 10 nəfər gəldi. Ancaq dirçəlməyi də bacardım. Gördüm ki, alan yox, mən də başladım hədiyyə elədim. Evdə qalıb tozlanmaqdansa, dedim, heç olmasa paylayım, oxunsun. Ancaq kim oxuyubsa, razılığını bildirib, mənfi rəy almamışam. Özüm də hiss elədim ki, kitabı oxuyanlar ikinci kitabı da gözləyirlər. Ona görə də mənə belə gəlir ki, birinci kitabımı oxuyanlar ikinci kitabımı alacaqlar.

- Xan, Facebookda aktivsən. Daha çox əsərlər haqqında statuslar yazırsan. Mənə bəzən elə gəlir ki, Xan Abdulla yazıçıdan daha çox, oxucu kimi görünür. Bu səni narahat etmir ki?

- Bu məni narahat etməli deyil. Yazıçı özünə yazıçı deyirsə, yazıçı olmaq istəyirsə birinci növbədə güclü oxucu olmalıdır. Əlbəttə, belə götürəndə, mən bu yaşımda yazıçıdan daha çox oxucuyam. Günümün çoxunu oxumağa həsr edirəm, nəinki yazmağa. Düşünürəm ki, indi mənim oxuyan vaxtımdır, yazan yox. Bu oxuduqlarım mənim gələcəyimə investisiyadır.

- Belə bir anlayış var: Facebook yazıçısı. O, kənarda, ədəbi mühitdə yazıçı kimi tanınmır...

- Heç şübhəsiz, Facebook olmasaydı, məni kim tanıyacaqdı ki? Ancaq orda yazdıqlarının sənin yaradıcılığına heç bir aidiyyatı yoxdur, sən öz fikirlərini insanlarla bölüşürsən. Bir şey də var ki, bəzi yazarların uğursuzluğunun bir səbəbi də budur: Facebookda çox vaxt keçirmək. İndi düşünürəm ki, Facebooku bağlayıb başqa bir həyat yaşayacam. Tamam uzaqlaşacam yəni.

- Ancaq Facebook bəzən yazıçıya stimul verir, orda oxuyurlar yazılarını...

- Düşünürəm ki, yazıçı stimuldan asılı olmamalıdır. Stimul gəldi-gedər bir şeydir. Oxucu bəyənirsə, buna güvənmək olmaz. Sən özünə güvənməlisən. Başqalarından asılı olmamalısan.

- Bir dəfə belə bir status yazmışdın: “Dünyada hər gün tualet kağızı istehsalı üçün 27 000 ağac kəsilir. Bu ilə 9 855 000 ağac edir. Təklif edirəm ki, ölkədə tualet kağızı satışını boykot edək və profil rəsmimizə aftafa şəkli qoyaq. Bəlkə də, bunu beynəlxalq səviyyəyə qaldırıb planetimiz üçün nəsə edə bilərik”. Bu elanına xeyli reaksiya gəlmişdi.

- Bu elan zarafat idi. Açığı, mənim saytlardan incikliyim var. Bir yazı yazırsan, ona gözünün nuru gedir, əziyyət çəkirsən, zaman xərcləyirsən, istəyirsən insanlar buna qiymət versin, oxunsun. Bunu da kim eləməlidir? Ədəbiyyat saytları. Mən gedib musiqi saytlarına göndərmirəm ki, yazılarımı?! Sayt redaktorlarında ədəbiyyata etinasızlığı görürəm. Ona yüz xahişlə yazını oxudursan, çox vaxt deyir, vaxtım yoxdur, halbuki bütün günü Facebookda “online”dir. Bu da mənə pis təsir edir. Axı sən bunu eləməlisən, sənin borcundur. Güc-bəla ilə çap olunandan sonra da yazın oxunmur. Ancaq gülüş xatirinə, bir az da bayağı bir status yazmışdım, xeyli oxunmuşdu.

- Dünyada da belədir: ədəbiyyatın bir az da şou tərəfi var.

- Var, bilirəm. Amma bizim dərdimiz nədir? Bizdəki şou ədəbiyyatın başını əzir. Gərək balans olsun.

- Onda bu statusunun yayılmağı, xəbər olmağı səni narahat etdi?

- Yox, xəbər olması narahat etmədi. Məni o narahat edir ki, ciddi yazdığım hekayəyə necə yanaşırlar, düşük bir statusuma necə.

- Səncə, bu normal deyil? Orhan Pamukun yeni sevgilisi onun romanından daha maraqlıdır insanlara. Təbii ki, bu xəbər daha çox oxunacaq.

- Məncə, bu ədəbiyyat saytında normal deyil. Götürək, “Molla Nəsrəddin” jurnalını. Orda nə ediblər? İnsanları girdabdan xilas etmək istəyiblər. İndi də demək olar eyni dövrdəyik, o qədər də fərq yoxdur. Onlar o vaxtın müğənnisindən, şousundan yazmırdılar ki? Düzdü, karikaturalar, gülməli əhvalatlar da dərc edirdilər. Ancaq daha çox milləti düşündürəcək məsələləri işıqlandırırdılar. O dövrdə yaşamamışam, amma oxuduqlarımdan belə nəticə çıxarıram ki, elə də fərqlənmir indiki dövrlə. Cahillik, insanların istismar olunması. Vəziyyət eynidir.

- Xan, təsəvvür elə ki, sən bir ədəbiyyat saytının redaktorusan. Nə edərdin?

- Düzü, bu işi yaxşı bilmirəm. Amma çalışardım yaxşı yazılar getsin sayta. Tərcümələr edərdim.

- Bunlar olunur onsuz...

- Mən ədəbiyyat üçün vuruşardım. İstəyərdim, ədəbiyyat inkişaf etsin. Məsələn, bayaq dediyimiz düşük xəbərləri oxuyan on min adamdansa, ciddi yazını oxuyan 100 adamı seçərdim mən. Yəni o 10 min mənə maraqlı deyil. Mən o 100 adam üçün çalışardım.

- Xan, sən bildiyim qədəri ilə heç bir qurumun üzvü deyilsən? Nə AYB, nə də AYO...

- Heç birinin üzvü deyiləm. Əvvəl gənclərin yaratdığı YUMRUQ ədəbi təşkilatının üzvü idim, ordan da çıxdım.

- AYB-AYO davası, gənclərin yaşlı nəsillə barışmazlığı. Bir gənc yazar kimi bu söhbətlərə necə baxırsan?

- Bu məsələlər mənə çox bayağı gəlir həqiqətən. Sən yazıçısan e, nə dava? Otur evində, yazını yaz. Sən dalaşmamalısan, deməməlisən filankəs belə elədi, filankəs mənə mane oldu. Hələ ortada heç bir yazısı yoxdur, ona-buna ilişir. Sən gərək oturub yazı yazasan. Dava lazımdı sənə? Mayasında manıs təfəkkürü olanlar qalmaqalla, kiməsə sataşmaqla ədəbiyyata gəlmək istəyirlər həmişə. Mən düşünürəm ki, belə adamlar heç vaxt yazıçı olmayacaqlar.

- Ancaq ədəbi iqtidarda olan, gəncləri görməzdən gələn yaşlı yazıçılar var. Sən öz sözünü demək üçün onlarla mübarizəyə girməlisən. Məsələn, 60-cılar nəsli meydanda olanda ondan sonra gələn heç bir imza tanınmırdı. Sonra müstəqil yazarlar ortaya çıxdı və onlarla mübarizə nəticəsində imzalarını cəmiyyətə tanıtdırdılar.

- Başa düşürəm, bunlar lazımdı. Amma Seymur Baycan daha çox nə ilə tanındı? Anardan yazdığı məqalələrlə. Mənim əvvəl Seymura simpatiyam var idi, yazılarını oxuyurdum maraqla. Həm də ona görə tanımaya-tanımaya Anara nifrət edirdim, bilmirdim səbəbi nədir. Sonra Anarın “Dantenin yubileyi”ni oxudum bir-iki ay qabaq. Gördüm ki, Seymurun bədii yazılarının hamısından üstündür. Mübarizə o deyil ki, sən onu təhqir edəsən. Sən deməlisən ki, bax mən ortaya belə bir əsər qoymuşam, sənin yazdığından min qat yaxşıdır. Ondan sonra başla mübarizəyə.

- Bəs sənin bu mənada mübarizənin adı nədir?

- Mən çəkilib qırağa yazıram. Kitablar çap etdirmək fikrindəyəm. Mənim mübarizəm nəyə qarşı ola bilər? Cahilliyə, insanların istismar olunmağına, özbaşınalıqlara.

- Xan, fikir verirəm, sən o biri gənc yazarlara baxanda çox ciddisən. Hay-küy yox, nəyəsə etiraz yox. Bir gənc üçün bu qədər ciddi olmaq mənə qəribə gəlir. Eynən yaşlılar kimi danışırsan.

- Mən uşaqlıqdan beləyəm. Təbiətən ciddi biriyəm. Amma sözün açığını deyək, günü bu gün elə şeylər deyərəm ki, bütün saytlar məndən danışar. Mən belə istəmirəm axı. Bu cür bayağı yollarla gəlmək istəmirəm ədəbiyyata. Ciddi bir əsər yazıb ortaya qoymaq və onunla reaksiya yaratmaq istəyirəm.

- Mən səndən orda razı olardım ki, biz Fransada yaşayırıq və hansısa əsərimiz reaksiya doğurur. Azərbaycanda isə hay-küy yaratmasan, etiraz etməsən, qeyri-adi fikirlər deməsən, səni görmürlər.

- Tamam, görməsinlər. Mən kiməsə görə hərəkət eləmirəm ki? Bu yolla getmək istəmirəm. Kiməsə görə aktyorluq eləyəsi deyiləm. Bu mənim içimdən gəlmir.

- Xan, oxuduğun kitablardan danışırsan, video hazırlayırsan. Mən baxıram, görürəm ki, gah klassik bir əsərdən danışırsan, gah da müasir, yəni ardıcıllıq yoxdur. Maraqlıdır, əlinə keçən əsəri bitirən kimi videoda onun haqqında danışırsan?

- Mən oxuyanda demirəm ki, bir aya rus klassiklərini mütaliə edib bitirəcəm. Bir kitabı oxuyuram, düşünürəm ki, bu kitab başqaları ilə bölüşməyə dəyər, faydalıdır, o zaman videoda onun haqqında danışıram. Əvvəl oxuduğum hər kitabdan sonra video çəkirdim. Gördüm ki, mənasız bir şeydir. İndi elə olur ki, bir kitabı oxuyuram, görürəm, danışmağa dəyməz onun haqqında. Mən başqalarına nisbətən çox oxuyuram. Elə roman var, heç kim tanımır, mən oxuyub danışıram ki, tanısınlar, gedib oxusunlar.

- Düzdü, oxumaq yazıçının işidir. Ancaq bu qədər çox kitab oxumaq səni qorxutmur ki? Yəni bu qədər böyük əsərləri görüb yazmaqdan çəkinmirsən?

- Əlbəttə, qorxudur. Mən əvvəl daha asan yazırdım. Elə olurdu günə iki hekayə yazırdım. Daha çox oxuduqca isə görürsən ki, sənin yazdıqlarını çoxdan yazıblar. Ona görə də elə şey yazmalısan ki, onların səviyyəsinə çatmalıdır, ya da onlardan yüksəkdə dayanmalıdır. Az oxuyan adamların çox yazmaq səbəbi də budur. Amma mən dərk edirəm ki, keyfiyyətli əsər qoymalısan ortaya. Günə 100 səhifədən az oxumuram. Boşam indi, ona görə oturub oxuyuram ancaq. Düzdü, çox işlərdə çalışmışam. Ancaq elə işlərdə olmuşam ki, oxumağımı əlimdən almasın.

- Kitab oxumaq, yazmaq... Bundan başqa həyatında nə var?

- Əvvəllər dostlarım da, maraqlarım da çox olub. Ancaq ədəbiyyatın içində əridikcə bir-bir o dostları da, o maraqları da itirmişəm. Dostlarım indi kitablarımdı. Kitab oxumaq da yazıçı ilə söhbətdir. Mən mənasız biri ilə söhbət etməkdənsə, gedib Pamukla söhbət edərəm.

- İçki ilə aran necədir bəs?

- İçmirəm də, çəkmirəm də. Ayda, ildə bir dəfə kefimə düşər pivə içərəm.

- İndi nə yazırsan?

- Fikrim var, bir roman yazım. Sözün düzü, indi əlimdə noutubukum yoxdur. Ona görə də beynimdə sxemini qururam, dəftərə köçürürəm. Onun içini doldurmaq heç bir problem deyil. Əsas noutbukum olsun, yazacam. Roman bir ailə faciəsindən bəhs edir. Mənə bunu sevdiyim qadın danışıb. Onun danışdıqlarını beynimdə canlandırdım və düşündüm ki, bunu yaxşı yaza bilsəm, çox dəhşətli əsər olar. Tutaq ki, bu mövzu Tolstoyun əlinə keçsəydi, “Anna Karenina”dan daha maraqlı bir əsər yazardı. Onu yazmaq istəyirəm, çalışıram ki, uğurlu olsun.

Ayxan Ayvaz

news-inner-user
Ayxan Ayvaz

472 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020
Azərbaycandakı dini rəhbərlər dağıdılan abidələrimizlə bağlı bəyanat verib
17:33 24 Noyabr 2020
Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
17:05 24 Noyabr 2020
48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlandı
16:23 24 Noyabr 2020
İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
15:57 24 Noyabr 2020
Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020
Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı– Kinomuzun Əhmədinin faciəvi həyatı
14:42 24 Noyabr 2020
Ağam şəhərim! Adam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri
14:01 24 Noyabr 2020
Məsciddə çəkilən fotoda ən incə məqam
13:16 24 Noyabr 2020
Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
12:40 24 Noyabr 2020
Muğam Mərkəzindən növbəti təqdimat
12:05 24 Noyabr 2020
Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”
11:35 24 Noyabr 2020
Boşana bilmirəm, nə edim? – Fəridə yazır...
11:04 24 Noyabr 2020
Serbiyada Üzeyir bəyin xatirəsi anıldı - Foto
10:30 24 Noyabr 2020
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
09:01 24 Noyabr 2020
Fikircil – Rafiq Tağıdan hekayə
21:00 23 Noyabr 2020