news-inner
clock16:01 calendar-gray 08 Fevral 2016 view-gray333 dəfə oxunub
view-gray333 dəfə oxunub

Yumurta – Sevinc Çılğının hekayəsi

Kulis Sevinc Çılğının “Yumurta” hekayəsini təqdim edir.

Səhər xoruzu ərik ağacının yuxarı budaqlarına qonmuş gördüm. Toyuğun qaqqıltısı aləmi bürümüşdü. Allah xeyirə calasın deyib həyətə düşdüm. İlk yumurtanın sevincini bölüşən toyuğumuzun gözlərinə baxdım. “Afərin! Min afərin!” – ürəyimdə dedim. Xoruz hövlnak budaqdan yerə uçub su ləyəninin üstünə qondu. Anladım onu. Qürrələnirdi. Eyvana qalxdım. Demək, cücələrimiz olacaqdı.

***

Əhmədə bu gecə olmaz dedim. Daha doğrusu, olmaz deməliydim. Hər ayın başı Əhməd məni öz əlləriylə boğmaq istəyir. Anlamır Əhməd. Hirslənir Əhməd. Amma neyləməli?! Əhməd dözsün gərək.

Çox deyil. Cəmi bircə həftəlik tamah dişini çəkir Əhməd. Mən də pis oluram. Pis oluram ona görə ki, Əhmədə yazığım gəlir. Yorğanı başına çəkib arxasını mənə çevirir. Elə-belə, dostcasına da olsa ona sarılan əllərimi itələyir özümə. Uşaq kimi küsür Əhməd. Qana nifrət edir Əhməd.

***

Səhər on ikidə durmuşuq bu gün. Əhmədin üz-gözü şişmişdi. Dodaqları qəzəbli görünürdü. Acıqlıydı elə bil. Mən susmağa çalışdım. Əhməd bazara getdi. Tez də qayıtdı. Yekə bir qoyunun içalatın almışdı. Səhər-səhər təmizlədim içalatı. Bağırsaqlarını kranın altına tutub yaxşı-yaxşı yudum. Ağ ciyəri, qara ciyəri, böyrəkləri, xayasını xırda-xırda doğradım, yudum, aşsüzənin altına çüyün miskəni qoyub suyunu axıtdım. Əvvəlcə bağırsaqları qovurdum. Sonra yağ-soğan elədim. Sonra hamısını bir yerdə – ciyərləri, böyrəyi, xayasını tavaya əndərdim. Əhmədin Təbrizdən gətirdiyi xalının üstünə süfrəni sərdim. Bir az ayın-oyun, göy-göyərti düzdüm. Əhmədin acıqlı üzünü düşününcə əlim-ayağım əsirdi. İçalat ala-çiy olmamış ocaqdan götürdüm. Süfrəyə gətirdim. Əhməd çörəyi iri tikələrə bölüb barmaqları ilə tavadan yağlı içalatdan yeməyə başladı. Mənsə böyründə oturub səssiz-səssiz balaca boşqaba çəkdiyim yeməkdən ciyəri alıb ağzıma atdım. Ögümək tutdu məni. Bir yandan Əhmədin hirslənəcəyi qorxusu, bir yandan da ürəyimin bulantısından özümü itirmişdim. Özümü saxlaya bilmədim. Hövlnak həyətə qaçdım. Yəqin Əhməd dalımca baxıb qəzəbləndi. Ha ögüdüm, qusa bilmədim. Gözlərimin qabağında bir neçə dəqiqə sonra tavanın kənarlarında donacaq yağ canlanırdı. Ööööö.....

Əhməd eyvana çıxdı.

***

Axşam könlümə üzüm düşmüşdü. Əhmədə demədim. Yaz vaxtı çətin tapar Əhməd üzümü. Acıqlanar da. “Enə verirsən” deyər Əhməd. Utandırar da. Demədim Əhmədə. Bilmədi Əhməd.

***

Bu gün bazardır – alış-veriş günü. Bazara Talıb gedəcək. Əhməd belə istədi. Talıbın siyahısı dünəndən hazır. Səhər Əhməd evdən çıxanda pencəyinin cibinə qoydum. Yazdım qoydum az olar deyib bir də dilbədil dedim. Tərs baxdı Əhməd.

***

Əhməd özündən küssün. Məndən niyə küsür? Nolsun ki, çörəyim-suyum ondandı. Ayda bir həftə özümündü. Gözüm aydın, üz çevirsin. Onsuz da bir həftə sonra özü barışacaq. Əvvəlcə ayağını aşıracaq ayaqlarımın üstünə. Sonra yorğanın daha çox hissəsini üstünə çəkəcək. Guya birdən anlayacaq ki, mən açıqda qalmışam. Baxacaq mənə. Guya soyuqdan titrədiyimə acıyıb bağrına basacaq. Hər şey bitəcək. Ya da hər şey yenidən başlayacaq.

***

Əhmədi razı salandan sonra başımı sinəsinə qoyub sakitcə uzanmışdım. Əhmədin sol əli kürəyimi isidir, sağ əlinin üç barmağı bükülmüş, şəhadət və orta barmağı artıq yarıya qədəri tüstüyə dönmüş siqareti tutmuşdu. Mən Əhməddən soruşdum:

- Əhməd, birdən mən doğa bilmədim?

- Doğarsan.

- Yox da, birdən doğa bilmədim?

- Dedim doğacaqsan! Boşunamı bayaqdan əlləşirik?

- Sən əlləşməyinə əlləşirsən, birdən günah mənim oldu? Olmasa boşayacaqsan?

- Ağzın elə bəd açılır. Doğarsan niyə doğmursan ki? İndi qırt toyuqları da doğuzdururlar, sənə nə gəlib? – Əhməd güldü. Amma mən gülmədim. Gülə bilmədim. Hiss etdim ki, Əhməd başını azca əyib üzümə baxır. Əhməd dedi:

- Dəlim, iki ildə boşadımmı səni bundan sonra boşayam? Canın sağ olsun. Olmazsa olmaz.

Mən də biixtiyar başımı qaldırıb Əhmədə baxdım. Dedim:

- Əhməd, doğrudan deyirsən? Boşamazsan, hə?

- Boşamaram, boşamaram... – gülümsədi Əhməd. Başımdan öpdü. Sevindim. Dərindən bir nəfəs alıb rahatlandım.

***

Səhər toyuqları açdım. Əhmədin bağçada oturduğunu gördüm. Xoruz mənə baxırdı. Xoruza gülümsədim. Xoruz indi də kədərli-kədərli üzümə baxdı. Mən xoruzu başa düşmədim. Hinə boylandım. Yumurtalar yerində deyildi. Ora-bura baxdım, yumurtalar yox idi. Təəccübləndim. “Ay allah, bunlarmı sındırdılar. Bəs yumurtanın qabıqları?...”. Başımı hindən çıxardım. Əllərimi əncir ağacının altındakı kranda yuyub bağçaya girdim. Əhməd sağ ayağını taxta skamyanın üstünə qaldırıb durmuşdu. Taxta masanın üstündə yumurta qabıqları vardı – qutu kimi görünürdülər, sadəcə ən üstdən bir parça qoparılmışdı. Əlində də görünür son yumurtanı tutmuşdu. Əhməd yumurtanın içini başına çəkib, qabığını masaya tulladı. Bu qabıq elə bil ahəngi pozdu. Masaya düşdü və parçalandı. Əhmədin kefi kök idi. Gülümsədi. Dedim:

- Axı...

- Boş veeer... Sabah yenə yumurtlayar. Ona dəymərəm. Bala çıxararsan – dedi və güldü. Mən gülmədim. Gecə danışdıqlarına yenə də inamım itdi. Unutdu Əhməd yəqin yenə düşündüm. Susdum. – Günortaya nə bişirəcəksən?

- Sümükləri gecədən çıxarmışam buzxanadan. Piti asmaq istəyirəm– dedim, amma can dərdi dedim.

- Həəə, olar. Amma yağlı parçalar yoxdusa eləməsən yaxşıdır.

- Var...

***

- Mən məscidə gedirəm. Zöhrdən sonra gələcəyəm – ayaqqabılarını geyə-geyə dedi. Üzümə baxmadı. Cibindən Məşhəddən gətirdiyi təsbehi çıxardı, bir öpüb sağ gözünə, bir öpüb sol gözünə, bir də öpüb alnına toxundurdu. Dodağının altında dua oxur kimi mızıldandı. “Ya allah” deyib çıxdı Əhməd.

Əlimdəki balaca ləyəni su dolu çəlləyə salıb yarıyacan su götürdüm. Əhməd küçə qapısına çatmamış tulladım suyu arxasınca.

***

- Güc ver, güc ver!

- Ayyyy!!! Ay anaaa!!! Ayyyy öldüm!!!

- Qışqırma! Ölməzsən! Arvadın canı – it canı.

- Ay anaaa!!! Ayyyyyy!!!

- Heç altına yıxılanda belə qışqırmırsız.

- Anaaa!!!

- Qışqırma, güc ver... Hə, indi dərindən nəfəs al... – bir az duruxdu – vay-vay-vay...

- Nə? Nədir? Nolub?!

- Uşaq ayaqdan gəlir...

- Nə deməkdi bu?

Mamaça daha danışmaq istəmədi. Vəziyyəti idarə etməklə məşğul idi. Arada “güc ver, dərindən nəfəs al, qışqırma” deyirdi. Mədinə mamaçanın əmrlərinə əməl etməyə çalışırdı.

- Oğlandı! Əhmədin gözü aydın! – mamaça dedi.

Mədinə tər su içində ağrıya-ağrıya gülümsədi. Əhməd onu boşamayacaqdı.

***

Əhməd həyətdə qoyunları kəsdirmişdi artıq. Qurbanların dərisi soyulmağa başlanmışdı. Manqal, şiş, kömür... Talıb və başqa köməkçilər hərə öz işi ilə məşğul idi. Əhməd özü samovarı qaynadırdı. Talıbın arvadı Fatimə əlindəki sinini Əhmədin yanındakı kötüyün üstünə qoyub yuxarı qalxdı. Mədinə hələ də canıyla əlləşirdi. Mədinənin canından can ayrılırdı. Ağzı yava mamaça öz işindəydi. Arada güc vermək yerinə bağıran gəlinə ağzına gələni deyirdi.

***

Mədinə bir oğlan doğdu. Mədinə oğlunu ölü doğdu. Mədinənin bağırsaqları uşağı buraxmaq istəməmişdi. Boynuna dolanıb canını almışdı. Əhmədin oğlu ölü doğulmuşdu.

Qurbanlar qırmaqlardan asılı qalmışdı. Samovar qaynayıb-qaynayıb daşıb sönmüşdü. Üzüqoyulu torpağın üstünə sərilmiş sinidə günəşin şüaları oynaşırdı. Armudu stəkanlar pərən-pərən səpələnmişdi. Əhmədin ölü oğlu mülkü ölüm sükutuna boğmuşdu.

Mədinə arxası üstə, qolları yana açılmış, ovucları bomboş uzanmışdı. Həyətin bir küncünə atılmış qoyun başları allaha, Mədinənin soyuq və ifadəsiz baxışları isə tavana ilişib qalmışdı. Mamaça köhnə bir parçadan bükmə düzəldib Mədinənin ayaqlarının arasına basdı. Fatimə ölü körpəni bələyib harasa apardı.

Mülkün sükutunu xoruzun bivaxt banı pozurdu.

- Quqquluquuu...

2009-2015

Oxşar xəbərlər

Xəbər lenti

Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020
Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı– Kinomuzun Əhmədinin faciəvi həyatı
14:42 24 Noyabr 2020
Ağam şəhərim! Adam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri
14:01 24 Noyabr 2020
Məsciddə çəkilən fotoda ən incə məqam
13:16 24 Noyabr 2020
Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
12:40 24 Noyabr 2020
Muğam Mərkəzindən növbəti təqdimat
12:05 24 Noyabr 2020
Tanınmış həkimdən koronavirus xəbərdarlığı: “Vəziyyət çətindir”
11:35 24 Noyabr 2020
Boşana bilmirəm, nə edim? – Fəridə yazır...
11:04 24 Noyabr 2020
Serbiyada Üzeyir bəyin xatirəsi anıldı - Foto
10:30 24 Noyabr 2020
Xanımını əmisi oğlu ilə tutdu, baltalamaq istədi – Şukşinin hekayəsi – Dilimizdə ilk dəfə
09:01 24 Noyabr 2020
Fikircil – Rafiq Tağıdan hekayə
21:00 23 Noyabr 2020
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar
20:00 23 Noyabr 2020
Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub
18:49 23 Noyabr 2020
V Buktreyler Festivalının qalibləri mükafatlandırıldı
18:12 23 Noyabr 2020
Cümhuriyyət qadınları haqqında kitab çap olundu
18:00 23 Noyabr 2020
Aqil Abbas: "Oğlum dedi, ata, səni heç vaxt xoşbəxt görmədim"
17:20 23 Noyabr 2020
Berlin Film Festivalından 2021- ci il qərarı
16:45 23 Noyabr 2020
Xalq şairi: “Ad günümü unutmuşdum, uşaqlarım yadıma saldı” – Müsahibə
16:02 23 Noyabr 2020
Bob Dilan yəhudi olduğunu niyə gizləyirdi? – Yeni sənədlər
15:21 23 Noyabr 2020
Polad Həşimova həsr olunan kitab anasına təqdim olundu - Fotolar
14:41 23 Noyabr 2020