O qızın nişanlısı mənə görə özünü qurban verdi

O qızın nişanlısı mənə görə özünü qurban verdi
22 yanvar 2016
# 13:48

Yuxu

Dörd il olardı mərkəzi klinikada işləyirdim. Həkimlik çətin sənət olsa da, işimin öhdəsindən gələ bilirdim. Qısası, işim də həyatım da, öz axarında idi.

Şaxtalı dekabr səhəri, hər səhər olduğu kimi qalxıb iş üçün hazırlandım. Yuyunub bir şeylər atışdırıb çıxdım.

Şənbə günü olduğundan saat ikiyə qədər işləyirdik. Xəstələrim az idi, ona görə də, birin yarısında işim artıq bitmişdi. Yazı stolunun üstündəki dərman broşurlarına baxa-baxa işdən çıxandan sonra fakültədən dostlarla görüşüb, sahildə filan gəzməyi, bir yerlərdə oturub dincəlməyi planlaşdırırdım.

Səhər tez oyanmışdım deyə, işin axırına yaxın mürgü tutmuşdu. Evə getməyə saat yarım vaxt qalırdı. Gözümü aldatmaq üçün başımı ovcumun içinə alıb stola dirsəkləndim. Nə vaxt yatdığım yadımda deyil. Məni Səməd doktor silkələyib oyatdı.

- Həsən qalx evə gedirik, vaxtdır.

- Sağ ol ki, qaldırdın. Yoxsa yatıb burdaca qalacaqdım.

- Çıxandan sonra bir işin və ya planın var? - Səməd soruşdu.

- İşim yoxdur, amma fakültədən dostlarla görüşməyi düşünmüşdüm.

- Evə get, paltarlarını götür. Kafelərin birində nahar edib idman zalında bir az stress ataq, - Səməd təklif etdi.

Təzə işləməyə başlayanda iki il məşq etmişdik Səmədlə. O, evlənəndən və övladı olandan sonra məşqlərə çox vaxt ayıra bilmirdi. Lakin, ara-sıra stress atmaq üçün birlikdə gedirdik.

- Yaxşı. Onsuz da elə bir planım yox idi.

Evdən paltarları götürdükdən sonra zəngləşərək xəstəxananın qabağında görüşüb, ora yaxın kafedə yüngül nahar etdik. Marketdən su alıb Səmədin maşını ilə yollandıq idman zalına.

İşıqforda tıxac daha iti hərəkət etməyimizə mane olurdu. Tıxac o qədər çox uzanırdı ki, Qızlar Universitetinin qarşısında dayanmalı olduq. “Bu tıxac vaxtımızı alacaq, gəl indi bu yolda çərlə” deyə deyinməyə başlamışdım ki, bekarçılıqdan ya nədən bilmirəm, özümdən xəbərsiz yuxumu düşünməyə başladım. Hər gecə yuxu görürdüm o vaxtlar. Yuxu nə yuxu. Bir qara qaşlı, qara gözlü, uzun saçlı gülər üzlü qız qənim kəsilmişdi yuxularıma. Axşamlar gözümü yummağa peşman olurdum. O saat o əlindəki su dolu qabı mənə uzadır, mən götürməyə macal tapmamış yoxa çıxırdı. Və qəfil yuxudan oyanırdım. Birmi olub, ikimi, hansını birini deyim. Elə bil, hardasa görmüşəm onu. Yoxsa üzü bu qədər aydın yadımda qalmazdı. Yuxuma qənim kəsilən qızı düşünə-düşünə Səmədi unutmuşdum, elə tıxacı da. Onun söyüşünə elə bil yuxudan ayıldım: "Sizin var-yoxunuzu..."

Maşınlar tərpənmək bilmirdi. Bu arada universitetin tələbələri də bir-bir, iki-bir qapıda görünürdülər. Deyəsən, dərs bitmişdi, çıxan bir dəstə qızın arasında nəsə elə bil tanış bir üz gördüm. O idi ki! Daim yuxumda gördüyüm o qız… Qara qaşlar, qara gözlər, qara saçlar, gülər üz... Hə dəqiq o idi! Lap o dastan qəhrəmanları kimi yuxuda gördüyümü Tanrı qarşıma çıxarmışdı. Gözümə inana bilmirdim, gözlərimi ovxalayıb bir də baxdım. Yenə eyni üzü, eyni adamı görürdüm - yuxularımdakı qızı. Bir su qabı yox idi əlində...

Qız uzaqlaşmamış Səmədi əkməliydim. Amma necə? Səmədə guya tıxaca görə əsəbləşdiyimi, zala getməyə həvəsimin öldüyünü, getməyəcəyimi demək istədim, lakin sonra fikrimdən daşındım. Yeddi il tibb oxumuş, savadlı, yetərincə təcrübəli, istisində yanmış, soyuğunda soyumuş adamı bu yalanla aldada bilməzdim. Bir neçə saniyə düşünüb, telefonun zəngini qurdum. Zəngin səsini guya dayandırıb (əslində telefonu səssizə alırdım), telefonu qulağıma apardım.

- Nə? Necə? Tamam unutmuşam! Yaxşı gəlirəm indi, məni gözləyin.

Telefonu guya bağladım. Səməd soruşdu:

- Nə olub?

- Yadımdan çıxıb, dünən qardaşımgilə qonaq getməyə söz vermişdim, unutmuşam. İndi zəng edib ki, səni gözləyirik axı! Harda qalmısan?

Maşından düşüb Səmədin uzaqlaşmasını gözləyərkən qızın dayanacağa doğru getdiyini görüb, mən də ora getdim. Səməd gözdən itmişdi, özümü toplayıb rahatca ona yaxınlaşdım. Salam verdim. Gülümsəyib başı ilə cavab verdi. Ürəkləndim.

- Bayaq sizi universitetdən çıxanda gördüm. Üzünüz tanış gəldi. Yaddaşımı qurdalayıb xatırladım ki, o sizsiz.

- Kim?

- Hər gecə yuxuma girib mənə su qabı uzadan qız.

Hiss etdim ki, qız gülməmək üçün daxilən özünə xeyli əziyyət verməli oldu. Özümü o yerə qoymadım.

- Mən sizin dərdinizdən dəli divanəyəm, gecə yata bilmirəm, gündüz işləyə... Ağlımdan çıxarmırsınız.

Qız avtobus gələn istiqamətə baxaraq:

- Sevdiyim var, bu yaxınlarda nişanlanacağıq. Artıq ailələrimiz tanış olublar. Məndən uzaq durun. Sevgilim bilsə heç yaxşı olmaz.

Əlbəttə, inanmadım. Qızların hamısı belədir. Yad oğlan görən kimi başından eləmək üçün bəhanə uydururlar özlərindən.

Evə gəlib, axşama qədər onu düşündüm. Gecə onun xəyalı ilə yatdım. Bazar gününü bir təhər keçirdim. Birinci gün nahar fasiləsi zamanı işdən çıxıb qızı yenidən görə bilmək ümidiylə universitetə getdim. Qızın çıxdığını görüb, yenə yaxınlaşdım, salam verdim. Bu dəfə saya salmadı. Fikir vermədən, yenə sevdiyimi dedim, yenə eyni cavabı aldım və yenə inanmadım…

Bir həftə beləcə keçdi. Mən danışdım, danışdım, o susdu, susdu... Axırda bezib, sevdiyi adamla məni görüşdürmək üçün vaxt təyin elədi.

Görüş günü qəlbimdə böyük ümidlə tələm-tələsik hazırlaşıb getdim görüş yerinə. Elə bir az gözləmişdim ki, uzaqdan qızın yanında hündür, sağlam bədənli oğlanla gəldiyini gördüm. Hər ikisi çox gərgin idi. Elə mən də.

Yaxınlaşdılar. Qız oğlanın qolundan bərk-bərk tutmuşdu ki, bircə dalaşmasın.

- Nə istəyirsən nişanlımdan? Narahat edirsən, axı o ondan uzaq durmağını deyib sənə?

- Sadəcə, mədəni insan kimi onun haqqında nə düşündüyümü demişəm. Həm inanmıram nişanlı olduğunuza, qardaşı olduğunu düşünürəm.

- Dünən nişanlanmışıq.

Oğlan üzükləri və şəkilləri göstərəndən sonra inanmağa məcbur oldum. Allahdan mədəni adam idi, döyülüb rüsvay olacağımı gözə aldığım halda xəbərdarlıq edib getdi.

Kor-peşman işə gəldim. Bir müddət başımı işlə qatmağa çalışdım. Alınmırdı. Onu düşünməkdən nə yemək yeyə bilirdim, nə işləyə bilirdim, nə də özümə baxırdım. Heç xoşum gəlmədiyi halda saqqal buraxmışdım. Daha gözəl anlayırdım Məcnunu… Saçlarımı uzatsam lap ona oxşayacaqdım.

Öyrəncəkli olmuşdum, işdən çıxır, gizlicə qızı izləyirdim. Hər gün dərsə nişanlısı gətirir, evlərinə nişanlısı ötürürdü. Bəzən dərsdən çıxıb şəhərdə əl-ələ gəzdiklərini, bəzən restoranda yemək yediklərini, əyləndiklərini, bəzən isə xəlvətə düşəndə öpüşdüklərini görürdüm.

Belə günlərin birində, nişanlısı qızı götürüb yenə gəzməyə apardı. Axşama qədər gəzib əyləndilər. Təxmini saat 10-da oğlan qızı evlərinə apardı. Tini burulub küçəyə çatanda səs-küy eşidildi. Bir qrup oğlan dalaşırdı. Qız nişanlısına dalaşanların arasında qardaşının olduğunu deyib irəli tələsdirdi. Onlar çatana qədər qızın qardaşını bıçaqladılar. Oğlan al qan içində yerə sərilmişdi. Necə oldusa birdən qızın nişanlısı da davaya qoşuldu. Onu da möhkəm döydülər. O gövdənin, boy-buxunun yiyəsi özündən getmiş, yerə sərilmişdi. Birdən ordakı oğlanlardan biri camaatdan ayrılaraq, qızı qardaşının üstündə ağlamaqdan ayırıb, divara sıxışdırdı. Bu an kimsə sanki ürəyimi əlində tutub möhkəm sıxdı. Oğlanının qızı da vurmaq istədiyini görüb onlara tərəf qaçdım. Qolundan tutub qızı vurmasına qoymadım. Artıq mən də dalaşmağa başlamışdım. Həmin oğlan üstümə bıçaqla gəldi. Özümü qorumaq istəyərkən bıçaq sol əlimi, daha sonra isə sağ biləyimi kəsdi. Üstüm qan içində idi. Özümü saxlaya bilməyib mən də səkiyə yıxıldım. Kiminsə əlində bıçaqla üstümə gəldiyini gördüm. Sonumun çatdığını anlayaraq gözlərimi bərk-bərk yumdum. 7-8 saniyədən sonra üstümdə ağır nəsə düşdüyünü və boynumda kiminsə isti nəfəsini hiss etdim. Gözümü açanda qızın nişanlısının o dəhşətli üzünü gördüm. Bıçaq onun kürəyinə dəymiş, həyatımı xilas etmişdi... Hər kəs donub qalmışdı.

Birdən çox yaxından polis maşınlarının səsi eşidildi. Kimsə polis çağırmışdı. Sonra nə olduğunu xatırlamıram. Deyəsən elə onda özümdən getmişəm.

Gözümü açanda anamı, bacımı gördüm. Qızın qardaşının və nişanlısının öldüyünü mənim isə möcüzə nəticəsində sağ qaldığımı öyrəndim.

Bir aya yaxın xəstəxanada yatdım. Sağalıb çıxandan sonra qızın nişanlısının sonuncu yas mərasiminə getdim. Bir müddət sonra qız da öz qardaşının yasından çıxıb ora gəldi. Uzaqdan məni görüb ağlaya-ağlaya üstümə gələrək, hamısı sənin günahındır sən olmasan o ölməzdi, o sənə görə öldü dedi.

Hər şeyə görə özümü günahlandırırdım. Çox peşman idim. Bəlkə də mən olmasa idim belə olmazdı.

Ordan çıxıb yenə evə gəldim. Özümə yer tapa bilmirdim. Rahatlamaq, ürəyimdəkiləri demək və üzr istəmək üçün oğlanın qəbrini ziyarət etməyə qərar verdim. Gül alıb qəbiristanlığa getdim. Qəbrin üstündə kimisə gördüm. Çatanda qız olduğunu bilib gəlməyimə peşman oldum. Sən demə bu gün oğlanın ad günü imiş. Qız ağlayaraq üstümə gəldi. Yenə məni günahlandıracağını düşünürdüm ki, yaxınlaşıb başını sinəmə qoyaraq ağlamağa başladı. Özümdən asılı olmadan qızı qucaqladım. Bir müddət belə qaldıq. Qəribədir... Qıza qarşı heç nə hiss etmirdim. Nə sevgi, nə ehtiras, heç nə...

İndi o mənim üçün ancaq mənim həyatımı xilas edən yad bir oğlanın nişanlısı idi. Qızı özümdən uzaqlaşdırıb arxamı dönüb getməyə başladım. Hiss etdim ki, arxamdan qız mənə baxır. Çevrilmədim. Buna haqqım yox idi! Öz yolumla getməyə davam edirdim ki, birdən gözlərim qaraldı. Yıxıldım. Qızın mənə sarı qaçdığını hiss elədim. Qız aşağı əyilib, Həsən... Həsən.. Həsən qalx deyirdi. Dayan bu qızın səsi niyə kişi səsi kimi çıxır belə?! Gözümü açıb nə görsəm yaxşıdır?! Səməd doktor…

- Səməd?

- Həsən qalx evə gedirik, vaxtdır.

- Sağ ol ki, qaldırdın. Yoxsa yatıb burdaca qalacaqdım.

- Çıxandan sonra bir işin və ya planın var?

- İşim yoxdur, amma fakültədən dostlarla görüşməyi düşünmüşdüm.

- Evə get, paltarlarını götür. Kafelərin birində nahar edib idman zalında bir az stress ataq…

# 1173 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #