Sovetlərin boğa bilmədiyi "möcüzə " - “Narın rəngi”nin sirri

Sovetlərin boğa bilmədiyi "möcüzə " -  “Narın rəngi”nin sirri
20 iyul 2026
# 17:00

Bu gün görkəmli rejissor Sergey Paracanovun anım günüür.

Kulis.az sənətçi haqqında materialı təqdim edir.

"Kino məbədində təsvirlər, işıq və reallıq var. Sergey Paracanov isə bu məbədin ustadıdır".

Fransız "Yeni dalğa"sının qaydaları alt-üst edən böyük rejissorlarından biri olan Jan-Lük Qodar vaxtilə Sergey Paracanov haqqında olduqca yüksək fikirlər səsləndirmişdi. Hollivud kinosunun görkəmli nümayəndəsi Martin Skorseze isə təsisçisi olduğu Kino Fondunun bərpa etdiyi "Narın rəngi" filmini Toronto Film Festivalında təqdim edərkən tamaşaçılara: "Kino tarixində başqa heç nəyə bənzəməyən təsvirlərə və görüntülərə şahid olacaqsınız", – deyərək Paracanova olan dərin hörmətini ifadə etmişdi.

Sergey Paracanov

***

Kino sənətinə "Unudulmuş əcdadların kölgələri" (1964), "Narın rəngi" (1969) və "Aşıq Qərib" (1988) kimi şah əsərlər bəxş edən Sergey Paracanov, həqiqətən də, təqlidi qeyri-mümkün olan bir kino dili formalaşdırdı. O, filmləri ilə yalnız tamaşaçıları deyil, kinematoqrafçıları da valeh etdi. Paracanov sadəcə Andrey Tarkovski, Jan-Lük Qodar, Mikelancelo Antonioni və Frensis Ford Koppola kimi böyük rejissorların tərifini qazanmaqla kifayətlənmədi. "Narın rəngi" filmi 1969-cu ildə tamaşaçılara təqdim olunduqdan sonra yaşadığı çətin günlərdə o, bütün kino ictimaiyyətinin onun azadlığı uğrunda mübarizə apardığına şahid oldu. Bəlkə də məhz bu anlar onun kino fədailərindən olmaq arzusunu, daxilindəki sənət alovunu və ehtirasını daim oyaq saxlamağa səbəb oldu.

"Poetik kinonun ustadı" kimi xarakterizə edilən Paracanov Andrey Tarkovskinin "İvanın uşaqlığı" (1962) filmini izlədikdən sonra kino dilində radikal dəyişikliklər etməyi hədəfləmişdi. Onun dünya miqyasında tanınmasına səbəb olan "Unudulmuş əcdadların kölgələri" filmi ilə başlayan "realizmdən uzaqlaşma və köklərə qayıdış" prosesi "Narın rəngi" ilə öz kulminasiya nöqtəsinə çatdı. Rejissor "Aşıq Qərib" filmi ilə də bu yüksək səviyyəni qoruyub saxlamağı bacardı.

***

Kino tarixi iki böyük təməl cərəyan üzərində qurulub: həqiqəti hərəkətdə, zamanda axtaranlar və həqiqəti dondurulmuş bir anın, müqəddəs bir rəmzin daxili ehtizazında tapanlar. Sergey Paracanov ikinci yolun - kinematoqrafik kimyagərliyin ən böyük ustadıdır.

1969-cu ildə ekranlara çıxan "Narın rəngi" bədii film çərçivələrini aşaraq ruhi ayinə, vizual şeirə çevrilən nadir sənət abidələrindəndir. Paracanov XVIII əsr xalq ozanı Sayat Novanın həyatını nəql edərkən xronoloji bioqrafiyanı, klassik süjet xəttini və rejissorluğun ənənəvi vasitələrini tamamilə rədd edir. Kamera tərpənmir, aktyorlar danışmır, zaman isə xətti axarını itirərək əbədiyyətdə donur. Bu filmə sadəcə baxmaq bəs etmir; onu hiss etmək, oxumaq və yaşamaq lazımdır ki, gözlər önündə açılacaq füsunkar röyanın astanasında qalmayaq, bu ecazkar keçidin açarlarına yiyələnək.

***

"Narın rəngi" klassik kinonun hərəkət prinsiplərinə qarşı çıxan, müəllifi bir növ fotoqraf və rəssam ampluasına salan donmuş və sabit görüntü texnikası üzərində qurulub. Paracanov teatrın, miniatür sənətinin və orta əsr Şərq xalçaçılığının ehkamlarını kadrın hüdudlarına daxil edir.

Kadrların böyük əksəriyyəti Şərq miniatürlərində olduğu kimi vizual baxımdan qeyri-kontrastlı və ikiölçülüdür. Fon ilə ön plan arasında heç bir üstünlük iyerarxiyası yoxdur; hər bir obyekt — istər kitab, istər nar, istərsə də şairin üzü — eyni dərəcədə müqəddəs və əhəmiyyətlidir.

Rejissor sağa-sola, yuxarı-aşağı, irəli-geri kamera hərəkətlərindən imtina edir. Kamera sanki məbədin divarına həkk olunmuş bir göz kimidir. Hərəkət isə kadrın daxilindəki simvolların ritmik təkrarı və aktyorların dəqiqliklə hesablanmış ritualistik jestləri ilə yaradılır.

Paracanovun sonradan "sıxlaşdırılmış kino" adlandırdığı bu metodda parçalar, fraqmentlər, qədim əşyalar və memarlıq detalları yan-yana gələrək vahid bir mənəvi mozaika əmələ gətirir. Filmdəki hər obyekt, hər rəng və hər hərəkət gizli bir mifoloji və fəlsəfi dildir. Paracanov rəngləri bir rəssam kimi kətana deyil, birbaşa tamaşaçının şüuraltısına çəkir.

***

Nar filmin əsas simvoludur. O, eyni zamanda parçalanmış ürəyi, məhsuldarlığı, ən əsası isə şairin daxilində qanayan ruhunu təcəssüm etdirir. Üç narın ağ parçanın üzərinə sızan qırmızı şirəsi şairin sənət uğrunda çəkdiyi iztirabın və fədakarlığın ən güclü vizual metaforasıdır. Qırmızı rəng filmdə ehtirasdan şəhidliyə uzanan bir körpüdür.

Damların üzərinə qurudulmaq üçün sərilmiş, suyu damcılayan qədim kitablar insanlıq yaddaşının, mədəniyyətin sudan süzülərək yenidən doğulmasının rəmzidir. Su filmin daxilindəki həyat enerjisidir; o damlayır, axır, yuyur və nəhayət, şairin ruhunu təmizləyir. Ağ rəng şairin uşaqlıq məsumluğunu və monastır həyatındakı paklığı, qara rəng isə qaçılmaz ölümü, kədəri və matəmi təmsil edir.

Filmin estetik və mənəvi baxımdan ən dərin məqamlarından biri gürcü aktrisa Sofiko Çiaurelinin altı fərqli rolda — gənc şair, şahzadə, dirilmə mələyi, tovuz quşu olan qız kimi çıxış etməsidir. Bu seçim təsadüfi deyil; o, Şərq təsəvvüfündə və mistisizmində yer alan "vəhdəti-vücud" (varlıqların birliyi) fəlsəfi anlayışının kinodakı təcəssümüdür. Şair sevgilisində özünü, sənətində mələyini, ölümündə isə yenidən doğuluşunu görür. Yaradan ilə yaradılan, aşiq ilə məşuq eyni simada birləşir. Aktrisanın donuq, maskayabənzər, lakin dərin mənalı baxışları tamaşaçıya sadəcə bir fərdin deyil, bütövlükdə insan ruhunun hekayəsini nəql etməyə xidmət edir.

The Color of Pomegranates (1969) - IMDb

***

"Narın rəngi" dialoqsuz film olsa da, əsla kar və lal deyil. Paracanov dialoqlardan imtina edərək əvəzində zəngin bir səs mənzərəsi yaradır. Kilsə zənglərinin əks-sədası, kəsik-kəsik oxunan ilahilər, kamança, tar və klarnetin fəryadı, kəsilən xalçaların, xışıldayan parçaların, damlayan suyun, çırpınan quş qanadlarının təbii sədası... Bütün bunlar sözlərin bitdiyi yerdə başlayan musiqi kimi qulaqlardan sızaraq rejissorun imzasını şüurlara həkk edir.

Sayat Novanın şeirləri filmdə səsli olaraq oxunmur; həmin misralar vizual şəkildə kadrın daxilində maddiləşir. Sözlər təsvirlərə çevrilərək özünün ən ali poetik formasına yüksəlir.

Film Sayat Novanın həyatının mənəvi xəritəsini cızmaq üçün dörd əsas fəslə bölünür:

Uşaqlıq: Kitabların, boyaların, xalçaların və rənglərin dünyasına giriş; ruhun oyanmağa və baş qaldırmağa ilk cəhdləri.

Gənclik: Şairin sevgiyə və gözəlliyə aludəçiliyi, sənətinin çiçəklənməsi, şahzadəyə duyulan əlçatmaz eşq.

Tərki-dünyalıq: Eşqin qarmaqarışıqlığından qaçış, Tanrıya sığınma və fiziki varlığın inkarı.

Ölüm və Əbədiyyət: Şairin cismani ölümü, lakin əsərlərinin və geridə qoyduğu müqəddəs mirasın onu əbədi həyata qovuşdurması.

Film boyu tez-tez qarşılaşdığımız "çırpınan balıq" görüntüsü şairin ruhunun bu dünyada, bu bədəndə və eləcə də Sovet ideologiyasının dar çərçivələrində necə boğulduğunun, nəfəssiz qaldığının ən ağrılı ifadəsidir.

Sergey Paracanovun unikal təxəyyülünün məhsulu olan bu film Sovet senzurası tərəfindən "başa düşülməyən və millətçi" elan edilərək qadağan olunmuş, rejim tərəfindən unutdurulmağa cəhd edilmişdi. Lakin Martin Skorsezenin də qeyd etdiyi kimi bu əsər kinematoqrafiyada başqa heç nəyə bənzəməyən bir möcüzədir.

Paracanovun kino sənətinə yanaşması tamaşaçını sadəcə əyləndirmək və ya onların həyatdan qaçıb mövcudiyyətə suallar ünvanlamaqdan imtina etmələrinə şərait yaratmaq kimi ənənəvi qəliblərdən tamamilə kənara çıxır. Əksinə, o, hər bir görüntünü ibadət edirmişcəsinə ali və müqəddəs bir müstəviyə daşıyır.

"Narın rəngi" nar şirəsi kimi qırmızı, fəsillər kimi dəyişkən, qədim monastırın divarları kimi səssiz, lakin bir şairin qəlbi kimi sonsuz dərəcədə fəryad edən şahəsərdir. Bu filmə baxmaq bir şairin daxili aləminin müqəddəs ziyarətgahına addım atmaq deməkdir.

# 182 dəfə oxunub

Oxşar xəbərlər

"Harri Potter" serialında nələr olacaq? - Operator açıqladı

"Harri Potter" serialında nələr olacaq? - Operator açıqladı

18:40 20 iyul 2026
"Odisseya" filmindən rekord

"Odisseya" filmindən rekord

13:30 20 iyul 2026
"Odissey"dən sonra 3 il film çəkməyəcək - Nolandan açıqlama

"Odissey"dən sonra 3 il film çəkməyəcək - Nolandan açıqlama

14:58 19 iyul 2026
Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

14:00 19 iyul 2026
Çindən  "Mehmed: Fetihler Sultanı" serialındakı bu səhnəyə görə TRT-yə rəsmi xəbərdarlıq

Çindən "Mehmed: Fetihler Sultanı" serialındakı bu səhnəyə görə TRT-yə rəsmi xəbərdarlıq

15:08 18 iyul 2026
"Aşk Tesadüfleri Sever 3"  filminin ilk tizeri yayımlandı

"Aşk Tesadüfleri Sever 3" filminin ilk tizeri yayımlandı

13:21 18 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər