56 yaşlı kuryer ədəbiyyat mükafatı qazandı

56 yaşlı kuryer ədəbiyyat mükafatı qazandı
20 iyul 2026
# 14:40

Kuryerlərin gündəlik çətinliklərindən ilhamlanan "Aşağı uçuş" kitabı müasir Çin ədəbiyyatının banisinin adını daşıyan Lu Sin Ədəbiyyat Mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, 2019-cu ildən kuryer işləyən 56 yaşlı Van Cibin sosial şəbəkələrdə əsərləri ilə məşhurlaşaraq böyük rəğbət qazanıb.

Van üçün bu nüfuzlu ədəbi mükafat müxtəlif işlərdə çalışdığı çətin onilliklərdən sonra gəlib. O, mükafatı qazandığı xəbəri yayılanda dövlət mediasına bildirib ki, nəfəsini tutaraq çox həyəcanlı anlar yaşayıb, lakin hər şey məlum olanda sakitləşib. O, həmçinin ətrafındakı media diqqətinin onda böyük psixoloji təzyiq yaratdığını əlavə edib. Lu Sin Ədəbiyyat Mükafatı qaliblərinə verilən pul mükafatının məbləği rəsmi olaraq açıqlanmır, lakin 2014-cü ildə bu məbləğ 100 min Çin yuanı (təxminən 14 800 dollar) təşkil edirdi. Tsyansu əyalətində doğulan Van evdəki maddi çətinliklər səbəbindən yeniyetmə yaşlarında məktəbi tərk edib. O, kuryer olmazdan əvvəl tikintidən tutmuş tullantı yığmağa və küçələrdə nəsə satmağa qədər müxtəlif işlərdə çalışıb.

Lakin onun mütaliəyə olan sevgisi həmişə olubvə o, son on ildə öz şeirlərini, esselərini sosial şəbəkələrdə yayımlayıb. 2022-ci ildə onun "Tələsən adam" adlı şeirlərindən biri internetdə viral olub. Bu şeir 2019-cu ildə müştərinin yanlış ünvan daxil etməsi ucbatından saatlarla davam edən məyusedici bir çatdırılma hadisəsindən ilhamlanaraq yazılmışdı. 2023-cü ildə onun "Tələsən adam: Yemək kuryerinin şeirləri" adlı ilk şeirlər toplusu işıq üzü görüb. Mükafatı qazanmasına baxmayaraq, Van işini tərk etmək niyyətində olmadığını və 60 yaşına qədər işləməyi planlaşdırdığını bildirib. O deyib ki, maddi cəhətdən dolanmaq üçün bu işə ehtiyacı yoxdur, amma işin ab-havasını sevir və bu onu formada saxlayır. Van sadə bir həyat istədiyini və bu mükafatın onun kimliyini əsla dəyişdirməyəcəyini vurğulayıb.

2024-cü ildə nəşr olunan "Aşağı uçuş" Vanın 200-ə yaxın kuryerlə apardığı müsahibələr və sorğulardan bəhrələnərək yazdığı şeirlər toplusudur. Onun şeirlərindəki sətirlərin birində "Kim deyir ki, qanad açmaq yüksəkdən uçmaq deməkdir?\Alçaqdan uçmaq da uçmaqdır" ifadəsi yer alır. Onun bu uğuru son illərdə Çində fəhlə sinfi nümayəndələrinin ədəbiyyat aləmində öz izlərini qoyduğu bir vaxta təsadüf edir. Keçmiş kuryer Hu Anyanın 2023-cü ildə yazdığı "Pekində bağlamalar çatdırıram" adlı memuarı Çində böyük satış uğuru qazanıb və xaricdə də medianın diqqətini çəkib. Keçən il memuarın ingilis dilinə tərcüməsi də nəşr olunub.

Miqrant fəhlənin şəxsi mübarizəsindən bəhs edən digər bir əsər — "Mən Fan Yusuyam" adlı avtobioqrafik esse isə 2017-ci ildə Çin internet məkanında böyük populyarlıq qazanıb. Rezonans o qədər güclü olub ki, Fan bitmək bilməyən media müraciətləri fonunda evini müvəqqəti tərk etməli olub. Mükafatın adını daşıdığı Lu Sin ənənəvi Çin cəmiyyətini tənqid etmək üçün satirik romanlardan istifadə etməsi ilə tanınan və Çinin 20-ci əsrdəki ən böyük yazıçılarından biri hesab edilən şəxsdir. Uzun müddət Çinin ən mühüm ədəbi simalarından biri kimi xatırlanan yazıçının əsərləri bu gün gənc nəsil arasında yenidən maraq doğurur və ədəbiyyat rubrikasında yer alan bu xəbərdə qeyd edildiyi kimi, bir neçə il əvvəl onun romanındakı Kon Yitszi obrazı iş tapmaqda çətinlik çəkən Çin gəncləri arasındakı təəssüfü simvollaşdıran bir memə çevrilib.

# 174 dəfə oxunub

Oxşar xəbərlər

Filmi təkrar izləmək üçün zalı tərk etməyən şəxsi polis çıxardı

Filmi təkrar izləmək üçün zalı tərk etməyən şəxsi polis çıxardı

18:00 20 iyul 2026
Xalq rəssamı Rəssamlar İttifaqının Rəyasət Heyətinin  üzvlüyündən çıxdı

Xalq rəssamı Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxdı

17:31 20 iyul 2026
Şöhrət Arifin kitabının təqdimatı oldu

Şöhrət Arifin kitabının təqdimatı oldu

17:30 20 iyul 2026
“Aşıq Ələsgərin anım tədbirləri”  layihəsinə yekun vuruldu

“Aşıq Ələsgərin anım tədbirləri” layihəsinə yekun vuruldu

16:30 20 iyul 2026
Məşhur repçiyə zorlama ittihamı

Məşhur repçiyə zorlama ittihamı

16:00 20 iyul 2026
Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlandı

13:03 20 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər