Rəşad Məcid: “Gənclərə verilən təqaüdün ləğv olunmasını istəyirəm”

Rəşad Məcid: <span style="color:red;">“Gənclərə verilən təqaüdün ləğv olunmasını istəyirəm”
1 oktyabr 2015
# 13:28

Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə bu qəfil görüşümüz səhər-səhər bulvarda baş tutdu. Daha dəqiqi, ordakı “Veteran” kafesində. Əslində, buna müsahibə demək olmaz. Söhbət-mübahisə daha dəqiqdir. Buyurun oxuyun.

Şərif Ağayar

- Səhər gəzintisidir deyəsən…

- Bu ilin yazından çıxıram bulvara. Sənə deyim ki, Bakını, bulvarı səhər-səhər belə görməmişdim heç. Fevral ayından başlamışam çıxmağa. Həftədə iki-üç dəfə çıxıram. Həm sağlamlıq üçün, həm də görüşlərimi burda keçirirəm.

- Gənclər üzrə katib, “Veteranlar” kafesində...

- Hə... (Gülür). Adını sonra bilmişəm.

- Yoxsa gəlməzdiniz?

- Niyə ki. Adın önəmi yoxdur. Burda həm də köhnə dostları görürəm. Hardasa 10-15 kilometr piyada gəzirəm...

- Çox yaşamaq istəyirsiz?

- Dünən aktyor Füzuli Hüseynovu gördüm. Onun bir müsahibəsi çıxmışdı. Demişdi, yaşamaqdan yorulmuşam. Mənə çox təsir elədi. İnsanın elə ovqatı olur həqiqətən. Məndə də olur.

- Ramiz Rövşənin şeiri də var də: Məni yaşatmaqdan yoruldu dünya...

- Var hə... Olur o ovqat. Gəzmək mənə xeyir eləyir. Çəkim də xeyli azalıb, özümü yüngül hiss edirəm. Səhərlər şəhər qəribə olur. Xaricdə olanda da səhərlər 5-də, 6-da durub gəzirəm. Strasburqda, Parisdə tezdən çıxıb gəzmişəm həmişə. Adam olmur deyə şəhəri daha çox özününkü hesab edirsən. Doğmalaşırsan ora.

- Sağlamlıq deyirsiz, amma tez-tez siqaret çəkirsiz?

- Yadındadırsa, siqaretə bir şeir də qoşmuşdum. 35 ildi çəkirəm, bir dəfə də xəyanət eləməmişəm. Təyyarədə-filanda olmuşam uzun zaman, amma, hesablamışam, 24 saatı keçməyib. Yəni bu 35 ildə siqaretsiz sutkam olmayıb.

- Sutka nədir, dalbadal çəkirsiz...

- Elədir. Üçcə gün dözə bilsəm ataram.

- Veteran demişkən, AYB-dəki qocalarla necə yola gedirsiniz?

- AYB-yə təzə gələndə Fikrət Sadıq, Abbas Abdulla və Qabillə otururdum. Cavanlar da gəlmirdilər. Onda çətin idi. İndi Anar müəllimi nəzərdə tutursunuzsa, Anar müəllimi qoca hesab eləmirəm. Anar müəllim mənim ən incə zarafatlarıma elə reaksiya verir ki, məsələn, Elçin Hüseynbəyli onu üç gündən sonra başa düşər. Tam səmimi deyirəm. Fikrət müəllimdə də var... İndi o bir az xəstəhaldı... O mənada özümü narahat hiss eləmirəm. Sənin kənardan baxdığın kimi deyil.

- Dedim, bəlkə Veteran kafesinə gəlmək o harmoniyaya daha rahat girmək istəyindəndir.

- Yox, bu tamam təsadüfdür.

- Bir status yazmışdım sizin haqqınızda. O statusa görə bir qohumunuz mənə qonaqlıq da verib. Deyəsən, özünüz də bəyənmişdiniz. Yazmışdım ki, Rəşad Məcidin sənin qətlində əli ola bilər, amma qəbrinin üstündə elə çıxış edər ki, məzardan qalxıb əlini sıxaraq təşəkkür eləyərsən... Qohumunuz deyirdi, Rəşad müəllimi bu qədər dəqiq tanımaq imkansızdır...

- (Gülür) Həə, o status mənim də xoşuma gəlmişdi (Yenə gülür). Mənim təzadlı xüsusiyyətimi yaxşı tutmuşdun. Bu artıq son vaxtlar məndə xarakterə çevrilib. Bəzən göyün yeddinci qatında oluram, bəzən quyunun dibində. Birdən çox kövrək oluram, birdən çox qəddar. O mənada çox dəqiq tutmuşdun. Amma təbii ki, bir az abartma vardı. Hər halda mən qətldə-filanda iştirak eləmərəm (gülür).

- Amma məsələn mənim əleyhimə səs verdiniz AYB-də... Günahkar olmadığımı bilə-bilə... Elə AYB məntiqi ilə qətl kimi şeydi də...

- Yox, mən səni başa düşürdüm ki, jurnalist soruşub, sən də spontan cavab vermisən ki, Fikrət Qoca hələ ölməyib? Amma gəl bu cavaba yaşlı adamların gözüylə baxaq. Onlar həssasdırlar. İkinci də ki, orda səsvermə-filan olmadı, ümumi rəy qəbul edildi. Məsələn, yadımdadır ki, rəhmətlik Arif Əmrahoğlu sənin o cür çıxarılmağının tərəfdarı deyildi.

- Ölməkdən niyə bu qədər qorxur eee... bizim qocalar? Həyatdı dəəə...

- Bu yaşda demək asandı.

- Siz eşitməmisiz? Qarabağda belə zarafatlar var: “Filankəs hələ ölməyib?”

- Eşitmişəm, əlbəttə.

- Sizcə burda təhqir var?

- Zarafat var, amma, dediyim kimi, yaşlı adamların həssaslığını da nəzərə almaq lazımdır.

- Mən narazılıq etmirəm... Özünüz bilirsiniz ki, ordan nə ev, nə vəzifə, nə də başqa şey ummuşam. Üzvlüyüm formal olub.

- Bilirəm. Sənin AYB-dən çıxarılmağına da faciə kimi baxmıram. Yaradıcılığına münasibətimi də bilirsən, yazı da yazmışam.

- Bəs Anar müəllim məni niyə təhqir eləmişdi? Alçaq, şərəfsiz demişdi. Bax əsl təhqir bu idi. Mən gənc idim və siz də gənclər üzrə katib... Nə edib-etmədiyimi hamıdan yaxşı siz bilirdiniz... Mən hansı alçaqlığı və şərəfsizliyi eləmişdim?

- Vallah, bilmirəm. Məncə, bu həm də onu buraxan redaktorların səhvidir. Anar müəllim ola bilsin Fikrət Qocaya ölüm arzulamağınla bağlı dediyiniz sözə görə cavab kimi deyib.

- Mən ölüm arzulamamışdım axı, sadəcə sual vermişdim.

- Görünür onlar belə qəbul edib. Bu fikri yozmaq da olar.

- Bilirsiniz ki, bizə verilən prezident təqaüdü deyil. Sadəcə prezidentin sərəncamı əsasında bir illik mükafatdır.

- Elədir, hə. Səhv yazırlar.

- Necə düşünürsünüz, doğrudanmı Şərif Ağayara bir ilik mükafat kimi verilən 2400 manatı onun başına qaxmaq olar?

- Bunu kim edib ki?

- Anar, Çingiz Abdullayev, Fikrət Qoca... İki gündən bir demirlər?

- Başa qaxmaq deyil, demək istəyirlər ki, təqaüd marağı ilə gəlib, sonra çıxıb gedirlər.

- İndi mənə bir il təqaüd verilib deyə, AYB-ni tənqid edə bilmərəm?

- Niyə etmirsən. Amma, açığı, sənin tənqid elədiyin mühiti mən AYB-də görmürəm.

- Görmürsünüz, arqument qoyun. Daha dövlətin verdiyi 2400 manatı başa qaxmaq nəyə lazım? Əgər bu pulla bağlı doğrudan ciddi problem varsa, geri qaytara bilərəm.

- İnşallah, pulun çox olsun qaytar (gülür). Özün Mədəniyyət Nazirliyində işləyirdin. Özün bilirsən ki, Anar müəllimin o puldan xəbəri olmur.

- Bunu mən bilirəm, deyəsən özləri bilmirlər və çox adam da bilmir. Ona görə aydınlıq gətirmək istədim. Bir məsələ də var mənimlə bağlı: doğrudanmı düşünürsünüz ki, mən cavanları yığıram, içirdirəm və onları AYB əleyhinə yönəldirəm.

- Elə görünür.

- Səmimi deyirsiz?

- Ola bilsin planlı şəkildə eləmirsən, amma sənin ovqatın gənclərə təsir edir. Özün müsahibələrində demirsən ki, gənclərin başını aldadırlar. Bütün bu söhbətlər cavanlara təsir edir. Məsələn, bir cavan oğlan var, Müşfiq Şükürlü... İstedadlı oğlandı, bir-iki hekayəsi də çıxıb. İstəyirik “525-ci qəzet”də işə götürək, AYB-də fəallaşdıraq. O gün yanıma gəlib, soruşdum ki, Şərif Ağayarla çox oturub-durmursan ki? O etiraz ovqatının təsirini bilmək istəyirəm. Mən demirəm ki, Şərifin əsərlərini oxuma. Əksinə, sənnən bağlı yazımı verdim ona.

- Bəlkə gənclər məni daha üstün tutur, görürlər mən haqlıyam və siz bundan narahat olursunuz?

- Qətiyyən narahat olmuram. Sadəcə sən o ovqatı yaratmaqda düz eləmirsən. O uşaqlara problem çıxır sonra. Məsələn, o, Ayxan Ayvazı düzgün istiqamətləndirmək, içkidən uzaq tutmaq lazımdır ki, gələcəyini qura bilsin. Amma Ayxan kimi hələ tam formalaşmamış bir adamın gedib mediada sənin sözlərini deməsi doğru deyil.

- Siz inanırsınız, Ayxanın AYB-dən çıxmağından, sonra qayıtmağından, ev növbəsindən atasının payına düşən vəsaiti alıb o müsahibəni verməsindən xəbərim olmayıb. Bunu hamı kimi mətbuatdan öyrənmişəm.

- Ola bilsin, dediyim kimi, şüurlu eləmirsən. Ovqatın onlara təsir edir.

- Bəlkə bu ovqat elə həqiqətin özüdür?

- Mən elə hesab eləmirəm.

- Ayxan əsgərlikdə idi... Elə bir vəziyyətdə atasız-anasız, kimsəsiz bir uşağı, özü də səngərdə ola-ola o cür sıxışdırıb AYB-yə bərpa ərizəsi yazdırmaq və yazmasan evpulunuzu verməyəcəyik deməkdir həqiqət?

- Səmimi deyim ki, bu məsələdən mənim xəbərim olmayıb.

- Şaiq Vəli də rəhmətə getmişdi... Onun pulunu niyə ailəsinə verdiniz? Eyvaz Əlləzoğlunun halal haqqına görə onun bu məsələyə faktiki dəxli olmayan oğlunu bu qədər sıxışdırmaq nə deməkdir?

- Dediyim kimi, bu məsələdən xəbərim olmayıb.

- Rəşad müəllim, mənə çox maraqlıdır, doğrudanmı Azad Yazarlar Ocağında müsbət heç nə görmürsünüz?

- Niyə ki? “Alatoran” jurnalının bir vaxtlar ədəbi mühitdə ciddi rolu vardı. Düzdür, sonra ayrı-ayrı saytlar yarandı, bir az kölgədə qaldı... Eyni zamanda, orda istedadlı uşaqlar vardı. Baxmayaraq ki, bir qismi sonra ayrıldı. Amma AYO Yazıçılar ittifaqı ilə rəqabət aparacaq gücdə deyildi. Düzdür, AYB-yə daha çox təqaüd almaq üçün gəlirlər. Amma o demək deyil ki, bunların içində istedadlı uşaqlar yoxdur.

- Birdən bu təqaüd kəsilər, cavanlar hamısı bizi qoyub gedər deyə bir hiss yoxdu ki, içinizdə...

- Əksinə, gənclərə verilən təqaüdün ləğv olunmasını istəyirəm. Çünki deyirlər, bunu təkrar vermək olmaz. AYB istedad istehsal edən fabrik deyil axı. Hər il 20 nəfər istedadlı gənci hardan tapaq? Təkrar verilsə, daha rahat olar. Bizim üçün də, yazarlar üçün də.

- Təklif verin də...

- Dəfələrlə vermişəm... Müxtəlif səbəblər göstərib qəbul etmirlər. Bu dəqiqə bizdə yüzdən çox cavanın sənədi var. Çoxu da təqaüdə görə gəlir və təbii ki, aralarında istedadlılar azdır. O günü biri gəlib, roman gətirib. Deyirəm bir yazıçı adı çək, deyir, Rəsul Rza... Mən də hirslənib qovdum. Şair gəlir, soruşursan, cəmi iki ad bilir: Nizami Gəncəvi, Zəlimxan Yaqub... Bu dərəcədə mütaliəsiz, hazırlıqsız gənclərin AYB-yə güclü axını var.

- Deyirlər, Rəşad Məcid AYB-yə katib gedəndən sonra “525-ci qəzet” birliyin orqanına çevrildi.

- O günü köhnə nömrələrə baxıram, Rasim Qaraca, Seymur Baycan, Murad Köhnəqala, Həmid Herisçi – Həmid həm də bizim işçi olub – sənin özün... hamı çap olunub. Sonralar mühit, zamanın tələbləri, Yazıçılar Birliyində katib kimi siyasiləşmiş post bir az mane oldu nələrəsə... Onlarla opponent olduq. Bəziləri özü istəmədi yazı verməyə... Bəzilərini də...

- ...Siz istəmədiniz...

- ...Mən istəmədim. Elnur Astanbəyli hələ də düşmənçilik edir mənimlə. Bir səhifə şeir göndərmişdi, verməmişdim.

- Sizcə, Elnur bir səhifə şeiri çap eləməməyə görə adamla düşmənçilik aparar?

- Əlbəttə. Sonra özü də bir-iki dəfə dedi. Ola bilər ki, sonra başqa səbəblər də oldu, amma əsas burdan başlandı. Mən yeddi-səkkiz il əvvəldən danışıram. O vaxt vəziyyət başqa idi. Ümumilikdə istedadına inandığım adama həmişə geniş meydan vermişəm və bu gün də verirəm.

- Bayaq “siyasi post” ifadəsi işlətdiniz. Bir qeyri-hökumət təşkilatının, yaradıcı birliyin katibi postu niyə siyasi olsun ki?

- O mənada yox... Artıq əks düşüncəli adamlarla mübarizə aparırıq. Bu anlamda dedim.

- Sizcə ömür boyu yenilik carçısı olan və sənətdə büt tanımayan Ramiz Rövşən sonuncu qurultayda nəyə görə Anarı birmənalı müdafiə edib alternativ düşünənləri, xüsusən gəncləri birmənalı tənqid etdi?

Davamı burda

# 1785 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #