Sevgi arvadının ayağına dırnaq boyası çəkməkdir

Sevgi arvadının ayağına dırnaq boyası çəkməkdir
22 sentyabr 2015
# 08:00

“Kulis” Cavid Zeynallının tərcüməsində Can Dündarın “Aliyə ilə Ramazan” yazısını təqdim edir.

Elə təsadüflər olur ki: avtobus dayanacağında, əlinizdə bazarlıq torbaları qəfil rastlaşırsınız...

“Bu, odur”, - içiniz titrəyir. Bir vaxtlar ürəyinizi yandıran sevgi indi qarnı sallanıb, saçları ağarıb, dayanıb qabağınızda...

Yanında iki uşaq...

- Necəsən?

- Yaxşıyam. Sən?

- Qızın böyüyüb. Mənimki də on yaşındadır.

- Anan, atan necədir?

- Atamı itirdik. Anam xəstədir.

- Xoşbəxtsən?

Sükut.

- Telefon nömrəmi verim, bəlkə axtararsan.

İki yanaqda iki təmiz öpüş; biri köhnə sevgiyə, o biri onunla itib gedən keçmişə...

- Ana, o əmi kimdi?

Ürəyinizdə naməlum nisgil, ağlınızda axmaq sual işarəsi:

- Doğrudanmı?

* * *

Aliyə ilə Ramazanın sevgi hekayəsində buna oxşar gizli bir hüzn var.

1954-cü ildə Qarabükdə polis işçisi Ramazan bəy müəllimə Aliyə xanıma təklif edib ki, evlənək. Anasının qulluğunu tutduğuna görə razılaşmayıb Aliyə. Ramazan başqası ilə evlənib. Üç uşağı olub, di gəl, Aliyəni ürəyindən çıxara bilməyib. Gün gəlib, yoldaşı döş xərçənginə mübtəla olub. Ailəsi:

- Üç uşaqla bacara bilməzsən, evlən. – deyib, durub.

O:

- Neçə illər qabaq bir sevgilim var idi, evlənsəm, onunla evlənəcəm.

On yeddi il sonra gəncliyinin Qarabükünə dönüb, Aliyəni axtarmağa başlayıb.

Onu məktəbdə tapıb. Direktorun otağında gözləməyə başlayıb. Aliyə otağa girəndə köhnə sevgilisini qarşısında görüb. Diksinib özünü bayıra atıb. Ramazan on yeddi il əvvəlki təklifini yenə dilə gətirib.

Aliyə müəllimə bu dəfə “hə” deyib.

* * *

28 il ər-arvad olublar. İkinci baharı yaşayıblar. Əlbəttə, ikinci bahar “son” bahardır. Orda sevgi həyatı doyunca yaşamaqdan çox, onun hər dərdinə sinə gərməkdir.

Günlərin birində Aliyənin 71 illik yorğun ürəyi xəstə düşüb. Ramazan ambulans tutub arvadını xəstəxanaya çatdırıb. Pulları olmadığı üçün götürməyiblər. Sonra başqa xəstəxana. Yenə “yox”. Aliyə xanım ölümlə göz-gözə Ramazan bəyin nələr çəkdiyini yaxşı hiss edirmiş.

- Allah, bu adamlar nə edirlər? – deyib, ürpəşirmiş.

Ramazan bəy isə “Gözümün ağı-qarası gedir” deyib, için-için ağlayırmış.

- Ona bir şey olsa, mən nə edərəm?

Axır ki, qohumlarından pul tapıb özəl xəstəxanaların birinə yatırıb. “Milliyət”də şəkli vardi. Aliyə xanım yataqda, Ramazan bəy başının üstündə. Möhkəm-möhkəm yoldaşının əlində yapışıb.

* * *

İlk baharda sevgini alovlandıran, böyüdən çıxılmazlıqlardır.

Son baharda isə fədakarlıqlar...

Uşaqlardan soruşublar: sevgi nədir?

Dəcəllərdən biri belə deyib:

- Nənəm xəstə idi. Aşağı əyilə bilmirdi. Ona görə ayaq barmaqlarına dırnaq boyası qoymağı bacarmırdı. Babamın əlləri titrəsə də nənəmin dırnaqlarını rəngləyirdi. Məncə, sevgi budur.

# 1828 dəfə oxunub

Oxşar xəbərlər

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

12:00 6 mart 2026
"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər