“Şıxov”da suiti jurnalisti necə uddu - GİZLİ ƏDƏBİYYAT

“Şıxov”da suiti jurnalisti necə uddu  - <span style="color:red;">GİZLİ ƏDƏBİYYAT
23 iyul 2015
# 07:30

Kulis “Gizli ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Çimərlikdə əcayib faciə” yazısını təqdim edir.

60-cı illərin ortaları idi. Salyandan bizə yenə balıq göndərmişdilər. Bu dəfə xəşəm. Atam (Əliağa Kürçaylı – red.) da evdə bundan soyutma bişirtdirib, Salam Qədirzadəylə şair Qabili axşam saat beş üçün qonaq çağırmışdı. Beş olmamış qapımız döyüldü. Gələn şair Qabil idi. Atam zarafatla “ay Qabil, nə xəbərdi, qoy bir balıq özünə gəlsin də!” deyə-deyə onu içəri dəvət elədi. Şair Qabil “gəlib, gəlib, çoxdan gəlib” sözləriylə gülə-gülə otağa daxil oldu, sonra “Salam yoxdu bəs?” soruşub süfrə başına keçdi. “İndi harda olsa gələr” dedi Kürçaylı. Salam Qədirzadə o vaxt “Kirpi” jurnalının baş redaktoru idi.

Süfrəyə çay, mürəbbə, limon, konfet, noğul, qənd və meyvə gəldi. Şair Qabil hər şeyi diqqətlə gözdən keçirib “bəs manpası yoxdu?” - yanıqlı-yanıqlı soruşdu. “Yoxdu, Qabil” - dedi atam. “Saallah, göndər Ülfət uzun dükandan alıb gətirsin, manpasısız getmir çay” - dedi şair Qabil.

“Uzun dükan” o vaxtlar Bakı camaatı “Azərnəşr”lə üzbəüz, indiki “Bank of Baku”nun yerindəki ərzaq mağazasına deyirdilər. Dükan doğrudan da xeyli uzun idi. Şair Qabilin dəhşətli dərəcədə sevdiyi manpası daxil hər şey olardı orda. “Qabil, qoy uşaq beş dəqiqə rahat otursun. Mürəbbəylə, konfetlə yola ver” dedi Kürçaylı. Şair Qabil daha bir söz deməyib özünə bir-iki qaşıq mürəbbə çəkdi, sonra konfet götürüb kağızını açdı, zolaqlı karamelin yarısını dişləyib diqqətlə içinə baxdı və “bilmədim də axır bu qapalı konfetin içini necə doldururlar” dedi. Şair Qabilin məclisə şuxluq gətirmək məqsədilə tez-tez işlətdiyi mənasız suallara öyrəşmiş Kürçaylı “şpritslə, Qabil” deyib zarafat elədi.

Şair Qabil çayını içib indi də meyvələrə nəzər yetirdi. Çeşid-çeşid yay meyvələrini görüb “bəs əzgil yoxdu?” - soruşdu. Əksər azərbaycanlının süfrədə çox nadir halda yadına düşə bilən əzgil şair Qabilin həqiqətən ən sevdiyi meyvə idi. “Yoxdu, Qabil, yoxdu. Ərikdən, əncirdən ye” - dedi Kürçaylı.

- “Əz gil saxtənd, xub saxtənd”, yəni gildən, palçıqdan qayırıblar, yaxşı qayırıblar deyib kişilər. Çayın ki yanında əzgil olmadı, elə bil balıq kababını narşərabsız yeyirsən.

- Demisən, Qabil, demisən... Yayın ortasıdı, bu vaxt da əzgil olar?! – deyib Kürçaylı onun nimçəsinə bir sulu ərik qoydu. Şair Qabil “heyf, heyf” deyə-deyə əriyi götürüb hüppürtüylə soruşdurmağa başladı.

Sonra çay süfrəsi yığışdırıldı və ortaya böyründə naz-nemətiylə boynu bükük xəşəm gəldi. Şair Qabil daha dözə bilmədi: “Əşşi, bu Salam harda qaldı axı? Bir saat da gecikmək olar?!”

- Qabil, iclasa çağırmamışıq, sən başla, indi gələr – deyib Kürçaylı şairin boşqabını balıqla doldurdu. Şair Qabil “yaxşıdı, yaxşıdı, çəngəlsiz yeyəcəyəm nuş olsun” deyib girişdi xəşəmə, sonra mənə baxıb gülümsündü və “qaqaşdı ee!” deyib başımı tumarlamağa başladı.

- Qabil, əlinin yağını uşağın başına yaxma, süfrədə əlsilən var – dedi Kürçaylı.

Elə bu vaxt qapı döyüldü. Gələn Salam Qədirzadə idi. Yorğun görünürdü. Dinməz-söyləməz keçib oturdu şair Qabilin yanında. Fikirli baxışlarını bir nöqtəyə zilləyib cınqırını çıxarmadan hərəkətsiz xeyli oturdu.

- Nolub, ay Salam, birtəhərsən. Harda idin? – soruşdu şair Qabil.

Qədirzadə sanki eşitmirdi, donub qalmışdı.

- Salam, nolub, niyə yubandın? Belə birtəhərsən ee... Bir şey olub? – deyə Qabil bu dəfə ciddi soruşdu. Qədirzadə üzbəüz oturmuş Kürçaylıya bir anlıq mənalı baxıb azca hərəkətə gəldi, üzünü şair Qabilə çevirib özünəməxsus ahənglə sözə başladı:

- Heç bilmirəm hardan başlayım, necə deyim... İş qurtardı, yığışırdım bura gəlim... Bizim bu Şükür yoxdu (Şükür “Kirpi”nin əməkdaşı idi. Bəstəboy, tosqun, qıyıqgöz, daz, boynu gödək, xoşxasiyyət, quzu kimi bir kişi idi. Qədirzadənin arası onunla yaxşıydı. Hərdən evinə qonaq çağırardı. Eyvanda süfrə açıb vaxt keçirərdilər – Ü. K.). Ha dedim gədəsi yerim var, əl çəkmədi. Ürəyini qırmadım. Maşına mindik, getdik Şıx çimərliyinə. Dedim yaxındı. Beş-on dəqiqə qurdunu öldürər, çimib çıxar, gələrəm bura... Şükür çatan kimi soyunub girdi suya...

- Batdı? – deyib şair Qabil çeynəməsinə ara verdi.

- Yox... Batsaydı nə vardı ki...

- Qıc oldu?

- Yox e, yox...

- Daha nə ola bilər ki, ay Salam? – deyib şair Qabil tamamilə əlini yeməkdən çəkdi və həqiqi maraqla gözünü Qədirzadəyə zillədi. Qədirzadə bir ah çəkib sözünə davam elədi.

- Şükür cimə-cimə sahildən xeyli uzaqlaşdı. Başladı suya baş vurub, havada ayaqlarını şappıldatmağa.

- Hə!.. – ucadan inildəyərək şair Qabil tamamilə çevrildi Qədirzadəyə sarı. – Sonra?..

- Sonra deyəndə ki... Sən demə bir az o yanda tənha bir suiti Şükürü seyr edirmiş... Görür qara, tüklü, pota bir şey suda batıb-çıxır. Özününkülərinə oxşadır. Yaxın gəlib qoşulur Şükürə. İstəyir onunla oynaqlasın. Şükür bir də sudan başını çıxaranda heyvan bığlarını ona sürtüb başlayır yalamağa. Şükür gözlərini açıb, burnunun ucunda gördüyü mənzərədən vahimələnib bağırır. Bağırtıdan suiti də qorxuya düşür, elə bilir Şükür ona təcavüz eləmək istəyir. Tez Şükürü qabaqlayaraq ağzını açıb onu udur.

- Əşşi, nə danışırsan?.. – deyib gözləri bərəlmiş şair Qabil yerindən sıçrayıb düşdü. - Sonra noldu?..

- Sonra belə oldu ki, sahildəkilər haray-həşir qopartdılar. Xilasedicilər tökülüb suitini tutub sahilə sürüdülər.

- Bəs Şükür noldu?

- Dedim axı, suiti Şükürü uddu. Şükür suitinin qarnındadı.

- İşə bax... Sağdı?

Qədirzadə cavab verməyib tərs-tərs şair Qabilə baxdı, kiçik bir fasilədən sonra dedi:

- İndi qohum-əqrəbanı, dost-tanışı bircə məsələ düşündürür: Suitini yarıb Şükürü çıxartsınlar, yoxsa bədbəxti suitiqarışıq dəfn eləsinlər? Bu yerdə fikirlər haçalanıb.

- Bəs sən nə fikirləşirsən? - deyə şair Qabil sanki dəhşət filminə baxırmış kimi soruşdu.

- Heç, Qabil, fikirləşirəm ki, bir az da uzatsam, balıqdan bir şey qalmayacaq - deyib, iştahla yeməyə başlayır.

Bayaqdan bütün bu dialoq boyu gülməyini böyük çətinliklə saxlayan Kürçaylı nəhayət söhbətə qarışaraq təbəssümlə “oyunun olsun, ay Salam! Yenə deyirəm: danışdıqlarının onda birini yaza bilsəydin, vallah O.Henridən əskik olmazdın – dedi.

- Yazdıqlarım pisdi bəyəm? – deyə Qədirzadə inciyən kimi oldu.

- Yox, əlbəttə pis deyil, amma danışdıqlarına çata bilməz.

- Əşşi, məndə ürək-göbək qoymadın, əclaf. Dedim, Şükür getdi...- deyərək şair Qabil qədəhləri doldurub, qəhrəman Şükürün həyata qayıdışının şərəfinə həzin bir tost dedi.

Üç qələm dostu bu günü də belə başa vurdular.

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #