news-inner
clock10:24 calendar-gray 13 İyul 2015 view-gray264 dəfə oxunub
view-gray264 dəfə oxunub

Şorgöz deyiləm, ancaq... - Elnaz Eyvazdan YENİ HEKAYƏ

Kulis Elnaz Eyvazın “Sahildə” hekayəsini təqdim edir.

Mən əslində şorgöz deyiləm, ancaq gözüm tutan olanda, dinc oturmuram.

Tədbirdə ikimiz də eyni ölkəni təmsil edirdik. O, gözəl deyildi, amma kifayət qədər yaraşıqlıdır demək olardı. Düz qaməti, biçimli bədəni, özünəməxsus şux yerişi, oturuşu ilk gördüyüm andan məni ovsunlamışdı. Başdan ayağa ağ geyimdə idi – ağ uzun don, ağ ayaqqabı qapqara saçlarını daha gözəçarpan etmişdi. Ən gözəli isə gözləri idi. Mən həyatımda ilk dəfə idi ki, bu qədər qara gözlərə rast gəlirdim, qapqara!

Onunla təklikdə qalmaq üçün əlimdən gələni edirdim. Hətta bir axşam şam yeməyimi restorandan bayırda qoyulmuş stollardan birində etdim. O, içəridə həmkarları ilə birlikdə şam edirdi. Zəng çalıb öz stoluma çağırdım. Bunu içəridə edə bilməzdim, adamlardan ayıb olardı.

Bir də baxdım ki, restoranın dənizə tərəf açılan qapısının astanasında dayanıb sağa-sola boylanır. Ayağa qalxıb əl elədim.

Mənimlə şam eləmədi, çünki yeməyini yeyib bitirmişdi. Mənim də iştaham küsdü. Ondan xoşum gəldiyini sezmişdi, çox həssasdı. Ancaq üzə vurmurdu. Özündənrazı görkəmi birdən-birə ürəyimi sıxdı. Danışanda gözlərini yayındırması, bir dəfə də olsun gözlərimin içinə dik baxmaması məni öz gözümdə alçaldırdı. Söhbət zamanı gözlədim ki, bəlkə əllərini stolun üstünə qoya, nəyisə bəhanə edib əlinə toxunam, olmadı. Ya oturacağa söykənib qollarını sinəsində çarpazladı, ya da dirsəklənib əlini çənəsinə qoydu.

Şam yeməyindən sonrakı toplantı bir saat çəkdi. Sonra hamı ikibir-üçbir dağılışdı. Gec olmasına baxmayaraq, hamı aşağıda idi. Dənizin gözəl havası, dalğaların pıçıltısı sanki hamını sehrləmişdi. Çiyninə saldığı ağ nazik jaketinin yaxasını əlilə tutub həsir oturacaqda dimdik oturmuşdu. Məclisi ələ alıb hamının diqqətini özümə çəkmişdim, zarafatlarımla, atmacalarımla stol arxasında oturanları əyləndirmək, güldürmək xoş idi, ancaq əsas məqsədim onun diqqətini cəlb etmək idi. Lakin oturduğum yerdə nəyəsə nail ola bilməyəcəkdim. Ayağa qalxıb danışa-danışa ona yaxınlaşdım, yanındakı stulu çəkib oturdum. Bir əlimi də onun oturacağının söykənəcəyinə qoydum. O da eyni ustalıqla azca irəli çəkildi. Xeyli zəhmətdən sonra sahilə düşmək təklifimi qəbul etdi.

Birlikdə üzüaşağı yürüdük. Eniş məcbur edirdi ki, sahilə yüyürə-yüyürə düşəsən. Çatan kimi arxasıüstə hələ də isti olan qumun üstünə uzandım. O, bir qədər ayaq üstə dayanıb səssizcə dənizi seyr etdi, sonra qumun üstünə oturdu. Qəfil sıçrayıb qalxdım, ləpədöyəndə dayandım. Üzümü dənizə tutdum. Gözlərimi yumub havanı ciyərlərimə çəkdim. Mənə elə gəlirdi ki, mənə baxır, lap elə mən baxdığım kimi – boy-buxunumu süzür, enli çiyinlərimə, güclü qollarıma baxır. Əslində, mənə elə gəlirdi yox, mən bunu arzulayırdım, arzulayırdım ki, məni görsün. Çiynimin üstündən baxanda gördüm ki, dizlərini qucaqlayıb başını qollarının üstünə qoyub, uşaq kimi özü-özünə qısılıb dənizə baxır. Gəlib yanında oturdum. Ayaqlarımı uzadıb, əllərimi arxaya atıb söykəndim.

Nə maraqlı danışırmış. Söhbət etdikcə ayrılmaq istəmirdim, hətta bir az da vurulurdum. Danışdıqca gözlərini geniş açır, güləndə başını dala atıb qəhqəhə çəkirdi. Səsi dalğaların səsinə qarışıb ağlımı başımdan alırdı. O qədər isti söhbət edirdik ki, bir anlıq qucaqlayıb bağrıma basmaq, başını sinəmə sıxıb saçlarını tumarlamaq istədim, cəsarətim çatmadı.

Nə gizlədim, bütün varlığımla onu oxşamaq, əzizləmək, eyni yatağı bölüşmək üçün həmin vaxt hər şeyə hazır idim. Nəinki hazır idim, hətta bütün diqqətimi bu məqsədə cəmləmişdim.

Söhbət əsnasında bildim ki, ailəli deyil, daha doğrusu ərindən ayrılıb. Subay olsa idi də, çox şey dəyişməyəcəkdi, sadəcə ümidsizliyə qapılacaqdım. Çünki aramızda kifayət qədər yaş fərqi var, on-on iki yaş məndən böyük idi, hərçənd yaşını göstəmirdi, daha gənc görünürdü. İndi heç olmasa ona yaxınlaşmaq, toxunmaq, lap elə sevişməyi xəyal etmək olardı.

Ancaq birdən-birə ümidimi itirdim. Ailəsinin dağılması məni darmadağın etdi. İndi qəfil qalxıb boynuma sarılsa, lap elə bu ilıq qumun üstündə mənimlə sevişmək istəsə, ya da əlimdən tutub öz otağına aparmaq istəsə belə, etiraz edərdim. O qədər ümidsiz idim...

Ayağa qalxıb bayaqkı kimi ləpədöyəndə dayandım. Aramızda çox az məsafə vardı. Səsimi eşidərdi. Bütün gücümü toplayıb üzü dənizə dedim:

- Bilirsən, əslində gördüyüm andan xoşuma gəlmisən. Hətta çox xoşuma gəlmisən. İki gündür əlimdən gələni edirəm ki, səninlə tək qalım, sənə toxunum, lap elə səninlə sevişim, - dönüb ona baxdım. Tərzini pozmadan sakitcə məni dinləyirdi. Eşitdiklərinə təəccüblənmirdi, - ancaq olmaz, başa düşürsən, olmaz! Əgər mənim də bacım sənin taleyini yaşamasaydı, o da dul qadın adını daşımasaydı və sən də bu istəklərə az da olsa, qarşılıq versəydin, bəlkə də bunlara cəhd etməkdə davam edərdim. Bir anlıq gözlərimin qarşısına bacım gəldi. Görünür belə istəklərdən vaz keçmək üçün dul qadının qardaşı olmalısan. Ani istək, şəhvət, ehtiras... yox, sənə bunu qıya bilmərəm, səni ancaq sevmək olar. Bilirsən, əgər aramızda bu qədər yaş fərqi olmasaydı, səni sevərdim, həyatımın sonuna qədər səninlə yaşayardım, övladlarımın anası sən olardın.

Dönüb gəldiyimiz yola yönəldim. Beş-on addım gedib dayandım. Geri döndüm. Ayağa qalxıb üstünün qumunu çırpdı. Ağ jaketini çiyninə saldı. Hər şeydən, hamıdan küsmüş kimi dodaqlarını bir-birinə sıxmışdı. Yaxınlaşıb yavaşca çiyinlərindən tutdum. Qorxmadı. Üzünü yana tutdu.

- Məni bağışla...- dedim.

- Sən neynəmisən ki mənə?! - deyib qapqara gözlərlə ilk dəfə bu qədər inadla gözlərimə baxdı.

- Səni xoşbəxt edə bilmək şansım olmadığı üçün, bağışla...

Üzüyuxarı, hotelə tərəf addımladıqca arxadan onun ayaq səslərini eşidirdim. Bizim yollarımız beşulduzlu hotelin giriş qapısında ayrılırdı...

news-inner-user

19042 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur şairin qızı: “Atamın ölümünü məndən gizlədilər, amma...” - Müsahibə
21:00 16 İyun 2021
Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib
19:00 16 İyun 2021
Azərbaycan və Gürcüstan arasında ədəbi memorandum imzalandı
18:30 16 İyun 2021
Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:40 16 İyun 2021
Hansı kitabları oxumamalıyıq? - Vacib məsləhət
17:01 16 İyun 2021
Ərdoğan Milli Məclisdə Bəxtiyar Vahabzadənin şeirini dedi - Video
16:24 16 İyun 2021
Stalinin əlindən qaçdı, Məkkədə yaşadı, üç arvad aldı - Leninin müsəlman qardaşı
15:33 16 İyun 2021
Rüşvət alan kişilərin arvadları haqda 10 cümlə
14:45 16 İyun 2021
Nizamiyə həsr olunan müsabiqənin qalibləri bilindi
14:02 16 İyun 2021
Dayısı Rəşid Behbudov onu səhnəyə həsrət qoydu, küsüb Azərbaycandan getdi, anası ölənəcən yolunu gözlədi – Qürbətdə can verən müğənnimiz
13:11 16 İyun 2021
Tarix bizi Şuşada gözləyirdi – Aqşin Yenisey yazır...
12:39 16 İyun 2021
Vaqif İbrahimoğlunun 32 il sonra reallaşan xahişi
12:30 16 İyun 2021
Fərid Hüseyn Nizamidən mühazirə oxuyub
11:59 16 İyun 2021
Aləmi bürüyən ədəbiyyat ətri
11:30 16 İyun 2021
Seda Sayan Mehmet Ali Erbili təcavüzdə ittiham etdi
10:56 16 İyun 2021
Anar, Çingiz Abdullayev, Vaqif Səmədoğlu Monteneqro dilində…
10:05 16 İyun 2021
İlhamiyyə Rza: “Həmid efirdə lap ağ eləmişdi” – Müsahibə
09:01 16 İyun 2021
SSRİ-də yay istirahəti - Nostalji fotolar
21:00 15 İyun 2021
Nobelli yazıçı daha bir mükafata layiq görüldü
18:39 15 İyun 2021
Avropa Film Festivalında iştirak edən filmləri onlayn izləmək mümkündür
17:45 15 İyun 2021