Hekayə yazdığın yerdə pampers dəyişmək YAZIÇI MƏSLƏHƏTLƏRİ

Hekayə yazdığın yerdə pampers dəyişmək <span style="color:red;">YAZIÇI MƏSLƏHƏTLƏRİ
16 may 2015
# 13:00

Cavid Zeynallı

Sizə zəhmət, mənə xəcalət: “Gənc yazıçılara məsləhət” yazıb “Google”də kiçik bir axtarış aparın və görün ədəbiyyat tarixində gənc yazıçılara nə qədər öyüd-nəsihət verilib.

Con Steynbekdən, Mark Tvenə, Tomas Vulfdan Stiven Kinqə qədər ən müxtəlif imzalar. Dünya ədəbiyyatının bu ünlü simalarının nəsihətləri insafən bəzən işə yarayır. Təcrübə bölüşmək, həvəs yaratmaq baxımından bu resept mahiyyətli nəsihətləri oxuyub yola çıxmaq təxminən mümkündür. Hərçənd, hələ lap qədim dövrdən, o dövrdən ki, təzə-təzə cümlə qurmağı öyrənirdim, (qəlbinizin səsini eşidirəm: guya indi qura bilirsən ki) Steynbekin nəsihətlərini gözümə təpirdim, az qala kağıza çıxarıb evdən asmaq istəyirdim ki, qonaq-qaradan ayıb bildim, dilə-dişə düşməkdən çəkindim. Hətta yadıma gəlir, Cek Londonun şəklini telefonumun ekranına, Per Lagerkvistin şəklini facebook profilimə qoymuşdum. Etiraf edim ki, indi belə şeylərə görə xeyli xəcalət çəkirəm. Məsələn Cek Londondan ilhamlanıb yazdığım hekayələrdən indi məmnuniyyətlə imtina edərəm, lap dərinə gedəndə o yazılara görə möhkəm xəcalət çəkirəm. Vaxtilə “Ulduz” jurnalında bir hekayəm çap olunmuşdu, bu yaxınlarda əlimə keçdi. Oxudum, yerə girdim.

Sözüm onda yox. Kulisdə Mirmehdi Ağaoğlunun Stiven Kinqin “Yazı sənəti” kitabı haqqında yazısını oxudum. Oxudum və fikrə getdim ki, Kinq bu reseptlərlə nə demək istəyir, ümumiyyətlə, qəsrdə oturub roman yazan, otel kirayələyib hekayə qeydləri aparan adamın bu nəsihətləri bizim haramıza yaraşır?

Bəlli həqiqət: yaxşı yazmağın yeganə düsturu istedaddır. O istedad ki, əlbəttə, onu oxuyub inkişaf etdirmədən uzağa getmək mümkün deyil. Necə ki, istedadlı, amma savadsız aşıqların vaxtilə qurub-quraşdırdıqları şeirlər indi heç kimə lazım deyil. Görünür, adamın xarakterindən irəli gəlir: zəhləm ədəbiyyat haqqında uzun-uzadı danışmaqdan, nəsihət verməkdən gedir. Dözülməzdir. Səbəb bu qədər sadədir: necə ki quyuya su tökməklə quyunun suyunu artırmaq olmur, adama nəsihət verməklə də ona istedad transplantasiya etmək gülməlidir. Tamam, yazıçı mətbəxini bölüşmək maraqlıdır, amma o nəsihətə diqqət kəsilən talantsızın bir hekayəsini oxuyanda külli nəsihətinizin hədər getdiyini görməsəniz, adımı dəyişərəm. Elə bil kor quyunun başında dayanıb deyirsən ki, gücən, ümidverici quyusan, səndən nəsə çıxacaq.

80-ci illərdə bizimkilər Qorki Ədəbiyyat İnstitutunun yolunu su başına çevirmişdilər. Kimi gəldi göndərdilər. İndi o nəslin içində istedadsız əlindən tərpənmək olmur. Səfər Alışarlı, Etimad Başkeçid, Murad Köhnəqala kimi imzalar istisnalardır. Məsələn, görün bu imzalar sizə nə deyir: Xıdır Qazaxbəyli, Tahir Tais, Nazim Əlioğlu, Nəsib Nəbioğlu. Heç nə!

Hamısı Qorkinin məzunlarıdır.

Və ona da əminəm ki, Etimad Başkeçid, Səfər Alışarlı, Murad Köhnəqala Qorkidə oxumasaydılar belə, bu imzalar yenə bizə çox şeyi deyəcəkdi. Yenə o zəhrimar istedad məsələsi.

Kinq yazıçı olmaq istəyənlərlə maraqlı bir məsləhət verir: “Qapını örtün. Bu vacib şərtdir. Sizin böyük, dəbdəbəli eviniz, kabinetiniz olmaya bilər. Əsas şərt odur ki, xarici dünyaya açılan qapını bağlayasınız”.

Burda o təkcə otaq qapısını nəzərdə tutmur, o, həm də daxili dünyamızın qapısını deyir.

Daxili dünya məsələsində xub. Otaq qapısına qalanda isə məsələn, gənclərdən biri mən: üzr istəyirəm, ayıb olmasın, yazıçılığa ciddi-ciddi iddialıyam. Mənim nəinki dəbdəbəli otağım, kabinetim, pəncərəmin jalüzü, evim, ümumiyyətlə qapım yoxdur. Ağlamaqdan zəhləm gedir, day söz-sözü çəkib deyə, söhbətdir də edirik. Belə bir gülməli şey olub o gün. Hekayə yazırdım. Bizim uşağın hələ qanmaz vaxtıdır, ondan ötrü çöl də bayır kimidir, gəlsin kompüteri qabağından qapsın, çırpsın yerə, it də getsin, ip də. O gün gözündən oğurlanıb girmişəm otağa, qapı bağlı, “Tütək səsi”ndə necə ki, Cümrü üçün deyirlər, səs salmayın, ay uşaq, indi o öz aləmindədir, bax, eynən elə bir vəziyyət. Hekayədən belə bir hissə yazdım:

“Gülnaz nə istədisə, Məsud qızın sözünü yerə salmadı. Kəndin dedi-qodusunu eşitməzdən gəldi, pıçapıçı eyninə almadı: bazarlıq elədilər, ciyəraxşamı keçirdilər, ağsaqqaldan-ağbirçəkdən ar edən cavanlar ağac altında, taya dibində araq gillətdilər; sonra mağar quruldu, gədikdən iki kənd o yannan çalğıçı gəldi, qoşanağaranın, qarmonun səsi qarışdı bir-birinə, uşaqlar yol kəsdi, yerdən şabaş qamarladı, Gülnaz gəlin çıxdı, bazardan nə qədər ucuz konfet almışdılarsa, qız anası səpələdi elədən-elə, belədən-belə.

... Gün günü bastaladıqca Məsud arvadının nazını lap uşaq kimi çəkirdi, lap uşaq kimi ərköyün, dəymədüşər olurdu Gülnaz. Amma qudurğan deyildi çoban Əsgərin qızı, eləcə istəyirdi pişik kimi tumarlansın, oxşansın, kənddə görmədiyi qayğını şəhər evinin divarları arasında halalca ərindən umsun, içinə çəkib gözünü-könlünü doyuzdursun. Səhərlər yorğan-döşəkdən tərpəşməyə ərdəmi olmayanda Məsud Gülnaza qıymazdı, qaya parçası təki oğlunun gö.ünü-başını özü yuyar, qurulayıb ətcəmətən buraxardı evin ortasına. O qaya parçası təki uşaq balaca, bapbalaca lülüşünü dartıb-dartışdırıb “lülü-lülü” deyə-deyə çapardı evin ortasında, Səməninin gülümsər şəklinin, Məsudla Gülnazın axıb-axışan gülüşünün altında qaçardı elədən-elə, belədən-belə.

Düzü-dünyanı yağış tutan günlərdə hər şey gözəl idi, hər şey. Bircə o lənətə gələn əhvalat olmasaydı. Bircə Allah Məsudun ağlını başından almasaydı”.

İnsanam da, nəsə xoşuma gəldi, özümə ləzzət elədi, həvəslənib elə növbəti cümləni başlamışdım ki, qapı döyüldü və: “Üzeyiri yatızdırmaq istəyirəm, ordan bir dənə pampers verə bilərsən?”.

Bu gözəldir e, söz yox, belə şeyləri özümə dərd eləmirəm, ağlamaq fikrim yoxdur, intəhası Kinqin geydirmə məsləhətləri bizim üçün deyil axı. Vallah, hə. Norveçdə, İsveçdə yaşayan gənc yazıçılar üçün əla nəsihətlərdir.

Bu məsləhətləri əldə rəhbər tutmaq Bulvarda Baobab ağacının əkilməyi kimi bir şeydir.

Kinq əsərin ilkin variantının yazılışından sonrakı mərhələlər barədə danışır, redaktə zamanı əsərə təsvir elementlərinin daxil edilib-çıxarılması, obrazların adlarının seçilməsi barədə tövsiyələrini bildirir. Dialoqları elə yazmalısan ki, qulağa yatımlı olsun və ən əsası heç vaxt “Ayy...pox” yazmalı olduğun yerdə “Ayy...şəkər” yazma.

Başqa yazıçı məsləhət verir ki, otuz yaşına çatmamış heç bir əsərinizi çap etdirməyin, o biri deyir, süjeti elə qurun ki, nə bilim nə.

Beşdə-altıda oxuyanda uşaqlarla yığışıb futbol oynayırdıq. Futbol dərsi alan bir qonşumuz nə top ötürə bilir, nə aldada bilir, nə də ümumiyyətlə qaça bilirdi. Uşaqlardan biri hər dəfə bu yaramazı danlayırdı ki, müəllim sənə öyrətməyib ki, filan-filan etmək lazımdır? Axırda uşaq müəllimi söyüb çarəsiz-çarəsiz dedi ki, öyrədib e, amma mən onların heç olmasa birindən istifadə edə bilsəydim, kişi olub ortalığa çıxardım.

İndi süjet, dil, kompozisiya, ideya nəsihətlərini istedadı olmayan adama ha başa sal, izah elə, adamın qabında yoxdursa, bu nə boşboğazlıqdır?

Hekayə yaza bilirəmsə, bunu mənə Mark Tvenin nəsihətlərindən daha çox, Andre Moruanın “Əsirin qayıtması” hekayəsi öyrədib. Ümumiyyətlə, yaza bilirəmsə, bunu mənə hər cür nəsihət sayıqlamasından daha çox Herman Melvilin “Katib Bartlbi”si, Jorji Amadunun “Qum dəryasının kapitanları”, Knut Hamsunun “Torpağın bərəkəti” öyrədib. Məsələ bu qədər sadədir.

Qızıl sözü Con Steynbek deyib: “Pis hekayə təsirsiz hekayədir”.

Yenə məsələ gəlir istedad amilinin üstünə. Bu da yadıma düşür: Dostoyevski deyir, istedadsız yazıçı şikəst əsgər kimi bir şeydir.

İstedadı olan adam özünə arxayın, daxilən rahat olur. Ədəbiyyat adına atılan hər dürlü iftira onu özündən çıxara bilməz. Əksinə, gülüb keçər. Məsləhət də belədir. Qabında bir şey varsa, buyur, keç yuxarı başa. Özü də sizə bir şey deyim: kimin talantı hara qədərdir, onu özündən başqa dərinliyinə qədər heç kim bilmir. O istedad gözünə döndüyüm yoxdursa, adama İsa da kömək edə bilməz.

Folknerin bioqrafiyasını oxudum. Adamın yaradıcılığına münasibəti, özünə ironiyası, əsərlərinin bəzisini zibil adlandırmasının özü məktəbdir, dərsdir ki, tolerant və rahat olmaq lazımdır, yoldaşlar. Yarımçıq hamilə olmaq mümkün olmadığı kimi yarımçıq istedad da olmur.

Sonda Yuri Polyakovun sözü yadıma düşdü: “Mənim gənc yazarlara bir məsləhətim var: heç kimin məsləhətinə qulaq asmasınlar”.

# 839 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #