writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock13:21 calendar-gray 02 May 2015 view-gray217 dəfə oxunub
view-gray217 dəfə oxunub

Əsəbi insanlar arasında

Cəmiyyət olaraq çox təhlükəli nöqtəyə gəlib çıxmışıq. İnsan kimi sevməyi, ayrılmağı bacarmadığımız üçün yaşadığımız faciələr də dərinləşir.

Televiziyalar, saytlar, qəzetlər dəhşət saçır. Şəxsən mən uzun müddətdir ki, küçədə, avtobusda, metroda narahatlıq yaşamağa başlamışam. Qəfil kürəyimdən alacağım bıçaq zərbəsinə psixoloji cəhətdən o qədər hazıram ki, həmin an dilimdən çıxacaq “Niyə?” sualını zikr kimi hər addımbaşı vird edirəm. Bu qədər problemin içində, qara geyimli və əsəbi insanların arasında öldürülmək qorxusu ilə yaşamaq əsl işgəncədir.

Bizə normal sevməyi öyrətməyiblər. Leyliyə görə ağlını itirən Məcnun, Fərhadı barmağına dolayan Şirin, Kərəmi yandıran Əsli bizim sevgi haqqında ilkin təsəvvürlərimizi formalaşdırıb. “Qalsam səninəm, ölsəm qara torpağın” sərsəmləməsini nağıllar, bəsit hekayələr vasitəsi ilə ötürüblər altşüurumuza. Bizə sevgi, xəyanət, ayrılıq, iztirab adlı əfsanələr soxuşdurublar. Həyatımız başdan-ayağa qaramatlardan ibarətdir. Bizə namus üstündə qan axıtmağı, qadın xəyanətini qanla yumağı, baş kəsməyi, adam “yortmağı” nəsihət edib babalarımız. Nağıllarımızdan müasir ədəbiyyatımıza qədər milyonlarla barbarlıq, vəhşilik nümunəsi tərbiyə, əxlaq kimi sırıyıblar bizə. Bizim qəhrəmanlarımız Nigarı oğurlayan koroğlular, dostunun arvadıyla evlənən babəklər, başqasının nişanlısını qaçıran nəbilər, dəli-divanə olub çöllərə düşən məcnunlar olub. Biz sevginin əzabdan, iztirabdan başqa bir şey olmadığını klişeləşdirmişik. Və biz bu qaramat taleyi nəsildən-nəslə ötürmüşük. Oğlanlarımıza, qızlarımıza “camaat nə deyər” əxlaqı ilə zülm eləmişik. Əxlaq anlayışımız qurşaqdan yuxarı qalxmayıb. Namus cinayətlərinin motivlərinə diqqət yetirsəniz, görəcəksiniz ki, bu tərbiyə bizə babalardan miras qalıb.

Cəmiyyətin bugünkü durumu daha da acınacaqlıdır. Gənclərimiz “O, mənim olmalıdır”, “Kəsəcəm damarları”, “Təki sən xoşbəxt olasan” nəğmələri ilə sevir, “Çıxaq gedək buralardan” sərsəmləmələri ilə darıxır, “Sənə görə” bəstəsi ilə evlənir...

Hər şeydə vulqar və bayağı, hər işimizdə əttökən və düşüyük.

İki gündür coşquyla, ağzımız köpüklənə-köpüklənə Aytacın ölümünü müzakirə edirik. Ah-fəğan edib sızıldayan, qatilə nifrin yağdıran, öldürülən məktəbli qızı qınayan da var. Qan-qarğış, nifrin uçuşur havada...

Hamı yazır, hamı danışır, hamı narahatdır...

Bir anlıq əl saxlayın və düşünün. Bu qızlar, oğlanlar hansı ailələrdə tərbiyə alır? Kim böyüdür bu cahil, savadsız, dar düşüncəli insanları? Niyə unudursunuz ki, bu cahillər, vəhşilər bizim tərbiyəmizlə yetişir. Biz qatil, nadan, cahil, savadsız, kitabsız insanlar yetişdirib cəmiyyəti bu vəziyyətə salmışıq. Bəli, öldürülənlər də, ölənlər də bizim yetişdirdiyimiz insanlardır. Televiziyalardan evimizə soxulan ucuz şoular, bayağı və düşük manıslar, seriallardakı səviyyəsiz sevgi hekayələri, uydurma həyat tərzi bizi zombiləşdirib. Həyata zaurların, elgizlərin, xoşqədəmlərin, üzeyirlərin, əlimirəliyevlərin pəncərəsindən baxan toplumda bu cür halların olması məni qətiyyən çaşdırmır. Biz öz qatillərimizi özümüz yetişdiririk.

Aytacların kürəyinə saplanan bıçaqlarda hamımızın barmaq izləri var. Hamımız günahkarıq!

Cəmiyyətimiz kütləvi psixoz vəziyyətindədir və toplumun psixoloji konsultasiyaya ehtiyacı var. Övladlarımıza sevməyi, ayrılmağı, unutmağı, qadınla, kişiylə, bir sözlə insanla davranmağı öyrətməliyik. Həssas anlarında yanlarında olub düz istiqamət verməliyik. Gözümüzün qarşısında iki insanın taleyi məhv olur, biz kresloda yayxanıb kimlərisə ətək geyinib etiraz etmədiyinə görə qınayırıq.

Danışılacaq doğrular, problemlər, dərdlər bir kənarda qalır, kimlərisə ələ salırıq.

Unutmayın, kimi qınayırıqsa qınayaq bu qətllərdə cəmiyyət olaraq biz hamımız günahkarıq!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021