"Ən xoşbəxt anlar insanın fərqində olmadığı anlardır..."- İsveçli yazıçıdan sitatlar

"Ən xoşbəxt anlar insanın fərqində olmadığı anlardır..."- İsveçli yazıçıdan sitatlar
19 avqust 2026
# 11:10

Bu gün İsveç yazıçısı və şairi Bodil Malmstenin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Başına heç nə gəlməməlidir. Yox, nə danışıram... Başına hər şey gəlməlidir, özü də möhtəşəm şəkildə...

***

Hər kəsin bir həyat yoldaşı olduğu kimi, hər kəsin bir yeri də var. Sadəcə, başqalarına məxsus milyardlarla məkan arasından özününkünü tapmalısan; bunun üçün ayıq-sayıq olmalı, doğru seçim etməlisən...

***

Mən yaza bildiyimə görə, yaxud bu, mənə asan gəldiyi üçün yazmıram; bunu edirəm, çünki varlığım bundadır və yazmasam, yaxşı olmuram. Mən yazan biriyəm; yazmasam, mövcud deyiləm, mən "mən" deyiləm. Yazmaq məni xoşbəxt etmir. Bəzən yazanda xoşbəxt oluram, amma onda da bundan xəbərsizəm; o an yazıya elə qapılıram ki, bildiyim tək şey yazmaq olur. Həyatda da belədir: ən xoşbəxt anlar insanın özünün fərqində olmadığı anlardır.

***

İnsanlar çox az ağlayır. Nə qədər ağlamalı olduqlarını bilsəydilər, heç vaxt dayanmazdılar; bir dəfə ağlamağa başlasan, ardı-arası kəsilməz.

***

Özünü təkmilləşdir. Dünyanı daha yaxşı bir yerə çevirmək üçün edə biləcəyin yeganə şey özünü yaxşılaşdırmaqdır.

***

Pion kimi zərif və valehedici bir çiçəyin bu qədər tələbkar olması, belə sərt şərtlər irəli sürməsi adamın başına sanki soyuq su tökür. Eynilə yeniyetməlik illərimdəki rəfiqələrim kimi: hər şeyi idarə edənlər həmişə ən sevimli və ən mülayim olanlar idi... İngilis bağbanlıq kitabına görə, pion o qədər şıltaqdır ki, heç əlləşməmək daha yaxşıdır. Torpağın tərkibini öyrənmək üçün nəsillər boyu geriyə, bağçandakı elementlərin necə paylandığını anlamaq üçün isə düz Böyük Partlayışa qədər getməlisən.

***

Bədənini məşq etdir, yoqa ilə məşğul ol. Qaç. Gəz. Yazmaq fiziki əməkdir, bütün bədəninə ehtiyacın var. Bədən olmasa, başın heç bir faydası yoxdur.

***

Bədənimə qarşı apardığım bu müharibə, ruhla bədən arasındakı bu fitri ziddiyyət... Müharibə artıq bitdi, mən qalib gəldim və bir qədər geciksə də, bu qələbə münasibətilə özümü təbrik edirəm.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 637 dəfə oxunub

Oxşar xəbərlər

Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi

Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi

17:05 5 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Məni gözləyirlər - Yeni hekayə

Məni gözləyirlər - Yeni hekayə

11:50 5 oktyabr 2026
Namərd gülləsi - İsmayıl Şıxlının hekayəsi

Namərd gülləsi - İsmayıl Şıxlının hekayəsi

12:30 4 oktyabr 2026
"Xəzan yarpaqlarındakı ölüm mənə bəs edir..."  - Amerikalı yazıçıdan sitatlar

"Xəzan yarpaqlarındakı ölüm mənə bəs edir..." - Amerikalı yazıçıdan sitatlar

10:30 4 oktyabr 2026
"Müharibə ilə təkbətək qalmaq lazımdır..." - Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissə

"Müharibə ilə təkbətək qalmaq lazımdır..." - Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissə

10:00 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər