Tofiq Fikrəti anmaq və anlamaq... - O, niyə İstanbulu "min ərin artığı dul qız" adlandırmışdı?

Tofiq Fikrəti anmaq və anlamaq... - O, niyə  İstanbulu "min ərin artığı dul qız" adlandırmışdı?
19 avqust 2026
# 10:00

Bu gün Osmanlı dövründə yaşamış büyük türk şair, pedaqoq və jurnalist, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi Tofiq Fikrətin anım günüdür.

Kulis.az Mehveş Demirerin "Tofiq Fikrəti anmaq və anlamaq" yazısını təqdim edir.

Türk ədəbiyyatının böyük şairlərindən biri olan Tofiq Fikrət 1867-ci ilin dekabrında İstanbulun Qadırqa məhəlləsində dünyaya gəlib. 12 yaşında yetim qalan Mehmet Tofiq Mahmudiye Rüşdiyəsində təhsil almış və ardınca 1888-ci ildə Qalatasaray Liseyini birinciliklə bitirmişdir. Hələ ədəbi kimliyini tam qazanmamışdan əvvəl akademik uğurları sayəsində müxtəlif yüksək vəzifəli dövlət qulluqlarında çalışmışdır. Lakin onun ikinci və əsl kimliyini tapması çox da uzun çəkmədi; 1891-ci ildə "Mirsad" jurnalının təşkil etdiyi şeir müsabiqəsində birinci yeri qazanaraq ədəbi mühitdə adını tanıtmağa başladı.

Qələminin qüdrəti və qəlbinin səsi onun yazılarına əvvəllər rast gəlinməyən dərəcədə dərin bir ruh aşılayırdı. Həm çevrəsi, həm ədəbi savadı, həm də düşüncə zənginliyi getdikcə artan Tofiq Fikrət 1896-cı ildə "Sərvət-i Fünun" jurnalının məsul katibi vəzifəsinə gətirildi. Jurnal onun rəhbərliyi dövründə "Ədəbiyyat-ı Cədidə"nin mətbu orqanına çevrildi. Həmin il türk dili müəllimi kimi fəaliyyətə başladığı Robert Kollecindən isə ziyalılara qarşı yönəlmiş güclü təzyiqlər səbəbindən qatıldığı etiraz aksiyaları nəticəsində bir neçə dəfə saxlanıldıqdan sonra ayrılmaq məcburiyyətində qaldı.

1906-cı ildə məktəbin dərhal yaxınlığında bir ev tikdirərək adını "Aşiyan" qoydu, həyat yoldaşı və oğlu Halukla birlikdə ora köçdü. 1908-ci ildə II Məşrutiyyənin alovlu müdafiəçilərindən biri oldu, ədəbiyyatçı dostları ilə birlikdə "Tanin" qəzetini təsis etdi; lakin qəzet "İttihad və Tərəqqi"nin mətbu orqanına çevrilmək istəndikdə buna qarşı çıxan Fikrət redaksiyadan ayrıldı. Bu dövrdə o, Qalatasaray Liseyinin direktoru təyin edildi; lakin iştirak etdiyi 31 Mart etirazları səbəbindən vəzifəsindən istefa versə də, həmkarlarının təkidi ilə yenidən vəzifəsinə qayıtdı. Bununla belə, Osmanlı imperiyasının son dövrlərindəki gərgin və amansız siyasi mühit səbəbilə həm siyasi, həm də ədəbi dairələrlə qarşı-qarşıya gələn Fikrət vəzifəsindən və daxil olduğu bütün mühitlərdən uzaqlaşaraq Aşiyanda guşənişinliyə çəkildi. Bu təcrid onun sonrakı ədəbi fəaliyyətinə köklü şəkildə təsir göstərən bir saflaşma və bərpa dövrü oldu.

Təcrid dövründən 48 yaşında vəfat edənə qədər keçən müddətdə Tofiq Fikrətin gələcəyə olan tükənməz ümidini, bir o qədər alovlu qəzəbini və bədbinliyini yazımın sonrakı hissələrində izah edəcəyəm. Həmin qaranlıq ruhi durumu və tənqidi şeirləri ucbatından zaman-zaman kəskin şəkildə qınanan Tofiq Fikrət psixologiyasının və əsərlərinin əslində necə rəngarəng və çoxtərəfli olduğunu — üsyanı, ümidi, sevgini və qorxunu bir arada necə ehtiva etdiyini təhlil etmək mənim üçün xoş olduğu kimi, ümid edirəm ki, oxucular üçün də bir o qədər maraqlı olacaq.

Tofiq Fikrəti yalnız ədəbi fəaliyyəti və yaradıcılığına təsir edən şəxsi həyatı ilə anlamaq, əlbəttə ki, mümkün deyil. Onun bütöv portretini yaratmaq üçün mənsub olduğu ədəbi cərəyanı tanımaq və həmin birliyin dəyərlərini anlamaq vacibdir. Dövrün qabaqcıl müəllim və ədiblərindən Recaizadə Mahmud Əkrəmin təşəbbüsü ilə təsis edilən "Sərvət-i Fünun" jurnalı ətrafında toplaşan bir qrup gənc, Tofiq Fikrətin jurnalın rəhbərliyinə gəlməsi ilə ədəbi bir topluluq xarakteri qazanır.

Sonralar Cənab Şəhabəddin, Mehmet Rauf, Hüseyn Cahit Yalçın, Cəlal Sahir Ərozan, Əli Əkrəm Bolayır və Xalid Ziya Uşaqlıgilin qoşulması ilə bu ədəbi çevrə daha da genişlənir və hər bir üzvün fərdi xüsusiyyətləri ilə ümumi bir xarakter formalaşdırmağa başlayır. "Sərvət-i Fünun" cərəyanı dövrün digər qələm sahibləri və onlardan sonra gələn ədəbi nəsillər tərəfindən bəzən sərt şəkildə tənqid olunmuşdur. Onlar müasir türk ədəbiyyatının ən mühüm dönüş nöqtələrindən birinə çevrilməyi bacarsalar da, dövlət idarəçiliyinin təzyiqlərini bəhanə edərək ictimai məsələlərə toxunmamaqda və sənəti cəmiyyət üçün istifadə etməməkdə günahlandırılmışlar.

Topluluğun üzvləri əsasən fransız ədəbiyyatından bəhrələnmiş, Qərb ədəbiyyatının yeni nəzm formalarını mənimsəsələr də, divan ədəbiyyatı ənənələrinə sadiq qalaraq əruz vəznindən ustalıqla istifadə etmişlər. Ölkənin düşdüyü sosial, mədəni və siyasi vəziyyətlə barışmadıqları üçün uzaq ölkələrə getmək xəyalları qurmuş, orada həm özləri, həm də ədəbiyyatları üçün yeni nəfəs axtarışında olmuşlar. Şeir sahəsində ən uğurlu iki imza Tofiq Fikrət və Cənab Şəhabəddin, nəsrdə isə şübhəsiz ki, Xalid Ziya Uşaqlıgil olmuşdur.

Mustafa Karabulutun tədqiqatında qeyd etdiyi kimi, "Sərvət-i Fünun" ədəbiyyatının psixoloji fonunda dayanan "mərəzlilik" və "qaçış" motivləri özü ilə birlikdə melanxolik ovqatı da gətirir və bu cərəyanın demək olar ki, bütün nümayəndələri "bədbinlik" mövzusunda həmfikirdirlər. Lakin Tofiq Fikrət xarakter etibarilə digər sənətkarlardan daha bədbin, çılğın, hətta daha qəzəbli və narazıdır.

Mehmet Kaplan onun haqqında deyilənləri belə ümumiləşdirir: "Dinsiz-peyğəmbər; vətənpərvər-kosmopolit; cəmiyyəti sevən-cəmiyyətə nifrət edən; fədakar-eqoist; cəsur-qorxaq; əxlaqlı-əxlaqsız; mələk-şeytan; son dərəcə həssas-çox bəsit həssaslıqlı və s." (Kaplan, 1993, s.59).

Bütün bu ziddiyyətlər Fikrətin şəxsi həyatında olduğu kimi yaradıcılığında da müəyyən anlaşılmazlıqlar və ikiliklər yaratmış, onun duyğu və düşüncə dünyasını qavramağı xeyli çətinləşdirmişdir. Fikrətin psixoloji portretini araşdıran psixiatr Serol Təbər şairin psixoloji vəziyyətinin "melanxolik" və "narsisistik" strukturda olduğunu qeyd edir (Teber, 2002, s.45-57). "Sərvət-i Fünun" jurnalının fəaliyyətini dayandırması şairin həyatında daha köklü dəyişikliklərə yol açır. Fikrət insanlardan və gündəlik həyatdan əlini-ətəyini çəkib Aşiyana yerləşdikdə həmişəkindən daha dərin bir bədbinliyə qapılır. Fateh Qantərin bu mövzuda diqqətçəkən bir şərhi var: "Ruhsal qaçışını xəyallar aləmi ilə gerçəkləşdirən Fikrət, fiziki qaçışını Aşiyan vasitəsilə təmin edir".

Tofiq Fikrətin ən məşhur şeirlərinin başında "Duman" ("Sis") gəlir. "Şərqin qədimdən bəri həsəd aparılan keçmiş kraliçası" adlandırdığı İstanbula xitabən yazdığı bu şeirdə Fikrətin bədbinlikdən də ötə, şəhərdən və şəhərə aid hər şeydən nifrətlə uzaqlaşdığını görmək mümkündür. İstanbul burada qapqara bir lövhə kimi canlandırılsa da, fikrimcə, bu əsər şəhər haqqında qələmə alınmış ən sarsıdıcı şeirlərdən biridir. Belə qaranlıq düşüncəli bir şairin bir şəhəri nə qədər bədii dillə təsvir edə biləcəyinə şübhəniz varsa, sizi bu misralarla baş-başa buraxmaq istərdim:

"Ey parıltının və əzəmətin həm beşiyi, həm məzarı olan,

Şərqin qədimdən bəri həsəd aparılan keçmiş kraliçası!

Ey qanlı sevişmələri titrəmədən, diksinmədən

Səfahətə susamış köksündə yaşadan.

Ey Mərmərənin mavi qucağında

Sanki ölmüş kimi qəflətdə yatan canlı yığın.

Ey köhnə Bizans, ey qoca sehirbaz qarı,

Ey min ərin artığı dul qız;

Gözəlliyindəki təravət sehri hələ də aşkar,

Sənə baxan gözlər hələ də üstündə əsir.

Kənardan, uzaqdan açılan gözlərə, süzgün

İki lacivərd gözünlə nə qədər doğma görünürsən!"

Fikrətin bu dərin ümidsizlik və tənhalıq ovqatı içində belə nə dərəcədə təsirli təsvirlər yaratdığı göz qabağındadır. Mən bu şeiri bir şairin ömür boyu sevdiyi varlıqdan qaçışı və bəslədiyi məhəbbətin məşuqənin düşdüyü eybəcərlik səbəbindən qəzəbə çevrilməsi kimi yozuram. Fikrətin İstanbula bu qədər nifrətlə baxmasının arxasında şairin xarakteri ilə yanaşı, dövrün siyasi rejiminin də rolu danılmazdır.

"Duman" obrazı ilə rəmzləşdirilən qorxu mühiti, zülm meydanı, əzəmətin beşiyi və məzarı, lənətin zəhərli suyu kimi ifadələr İstanbulun yalnız xarici görünüşünə deyil, illər keçdikcə eybəcərləşən mənəvi xarakterinə qarşı irəli sürülmüş ağır ittihamlardır. Lakin mən əvvəlki fikrimi bir daha vurğulamaq istəyirəm: Fikrəti melanxoliyanın pəncəsində can verən bir aşiq, İstanbulu isə aşiqinə arxa çevirmiş, simasını dəyişərək tanınmaz hala düşmüş və bu səbəbdən də aşiqinin qəzəbinə tuş gəlmiş bir məşuqə kimi görürəm.

Tofiq Fikrət haqqında həm öz dövründə, həm də sonrakı illərdə müxtəlif mövzularda çoxsaylı tədqiqatlar və məqalələr yazılmışdır. Bu məqalələrdən biri də Fuad Köprülü tərəfindən qələmə alınmışdır. 1918-ci ildə kiçik bir kitabça şəklində çap edilən bu qiymətləndirmə Fikrət irsinin araşdırılması baxımından olduqca orijinal bir mənbədir.

Köprülü bu qısa təhlilində mənəvi dəyərləri və fərdin daxili aləminə aid xüsusiyyətləri Fikrətin şeirləri prizmasından dəyərləndirərək, bəlkə də ədəbiyyat tarixinin ən mühüm təhlillərindən birini ortaya qoymuşdur. Köprülü yazısında qeyd edirdi: "Həyat ilə əsər arasındakı bağ əksər hallarda sünidir... Fikrət isə əsəri ilə həyatı arasında bütöv bir harmoniya olan o çox nadir sənətkarlardan biri idi. Əsərində olduğu kimi həyatında da saf, sadə və səmimi idi; heç vaxt bu saflıq və səmimiyyətdən uzaqlaşmadı".

Məqalənin ardında Tofiq Fikrətin digər məşhur əsəri olan "Rübab-ı Şikəstə" geniş təhlil olunmuş və şeir hissə-hissə araşdırılmışdır. Bu təhlildə diqqətimi ən çox çəkən məqamı sizinlə bölüşmək istərdim: "Sevgilisi ilə birlikdə səadət yollarında addımlayarkən belə bu dərin düşüncələrlə əzab çəkən bu insanın həyatdan bezgin, təcrübəli və alovlu macəralara atılmayacaq qədər sakit bir ruha sahib olduğu görünür" deyə şərh etmişdir Fuad Köprülü. Bu yazını hazırlayarkən Tofiq Fikrət haqqında yazılmış bir çox tədqiqatları oxumuş və onun şeirlərinə yaxından bələd olan bir oxucu kimi bu fikirlə tamamilə razılaşıram.

Qəbul etmək lazımdır ki, Fikrət sərt və deyingən xarakterli, çətin bəyənən, həyata qarşı bədbinbaxışı olan bir şairdir. Lakin bu durum onun ədəbiyyatdakı qüdrətli mövqeyini əsla sarsıtmamış, əksinə, ona daha müfəssəl, həssas və prinsipial bir üslub qazandırmışdır.

Tofiq Fikrətin şeirlərini oxuyarkən heç vaxt diqqətsizlik və ya bayağılıq hissinə qapılmamışam. Əksinə, onun qəlbinin nə dərəcədə dərin və kövrək olduğuna dəfələrlə şahid olmuşam. Bu fikrimi əsaslandırmaq üçün Fikrətin ən sevdiyim şeiri olan "Sən olmasan"dan bir parçanı sizinlə bölüşmək istəyirəm:

"Sən olmasan...

Səni tapmaq xəyalı olsa qeyri-mümkün,

Yaşayarammı sanırsan?

Sönər, batışına bircə an qail olsa xəyal;

Soyuyar, donar, qırılar səndən ayrılınca baxış.

Necə kədərli

Gələr həyat o zaman həm bədənə, həm ruha,

Yaşayarıqmı səni itirsək, ah mən, qəlbim,

Bu iztirablı qəlbim?"

Siz bəlkə mənimlə razılaşarsınız, bəlkə də yox; lakin əminəm ki, bu misralar sizin də qəlbinizdə incə bir telə toxunacaq.

Hamımız yaşadığımız şəhərə gah nifrət və qorxu, gah da məhəbbətlə baxmırıqmı? Eyni sevgi ilə bağlandığımız hər şeyə bu cür baxa bildiyimiz kimi... Bütün bunlara rəğmən hər zaman sadiq, hər zaman təmkinli qalmağa, inandıqlarımıza sarılmağa çalışmırıqmı? Yoxsa, heyhat, ağlamağa dəyərmi bu həyat?

Tərcümə etdi: Aydan Ağayeva

# 137 dəfə oxunub

Oxşar xəbərlər

19 avqust Ümumdünya Fotoqrafiya Günüdür

19 avqust Ümumdünya Fotoqrafiya Günüdür

10:40 19 avqust 2026
“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

20:30 18 avqust 2026
"Ulduz" jurnalının iyul-avqust nömrəsi işıq üzü gördü

"Ulduz" jurnalının iyul-avqust nömrəsi işıq üzü gördü

18:15 18 avqust 2026
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

16:30 18 avqust 2026
12 min illik zərgərlik tarixi –  Sərgidən fotolar

12 min illik zərgərlik tarixi Sərgidən fotolar

16:00 18 avqust 2026
Qalmaqallı repçi Rusiyada konsert verəcək

Qalmaqallı repçi Rusiyada konsert verəcək

15:00 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər