Natəvanla Cavidin Allahdan soruşduqları

Natəvanla Cavidin Allahdan soruşduqları
8 aprel 2015
# 12:11

Fərqli zamanların bənzər düşüncəsi

Müqayisəli ədəbiyyat eyni mövzuya bənzər münasibətlərin kontekstini açmaq üçün kara gəlir. Bu yazıda Xurşidbanu Natəvanın bir qəzəli ilə Hüseyn Cavidin “Kor ərəbin mahnısı” kimi artıq xalqımızın yaddaşına hopmuş, "Şeyx Sənan" əsərində İkinci Korun dilindən deyilən şeirin müqayisəsinə nəzər yetirəcəyik. Hər iki şeirə baxaq:

X.Natavanın qəzəli:

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!

Nə hicr atəşinə odlanıb yanaydı dilim ki,
Nə eşqin içrə könül böylə şadü xürrəm olaydı!

Nə sərv qəddin olaydı, nə həsrətinlə gözüm kur,
Nə ruzgari-fəraqində qamətim xəm olaydı!

Nə bəhr olaydı, nə ümman, nə böylə göz yaşı cari,
Nə gül üzündə, ilahi, bu növ-şəbnəm olaydı!

Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,
Nə xari-möhnəti-bülbül səninlə möhkəm olaydı!

Nə Misr olaydı, nə Kənan, nə həzrəti-Yəqub,
Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!

Nə şah olaydı, nə zindan, nə karvan güzəri,
Nə Yusifi bu bəlada görən bir adəm olaydı!

Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,
Nə rəhgüzərdə Züleyxa qəmlə həmdəm olaydı!

Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı!

H.Cavid “Şeyx Sənan” əsərində İkinci Korun dediyi şeir:

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.


Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.


Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət.
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı

.
Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.


Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.

“Nə” inkar şəkilçisinin köməyi ilə yaradılan qarşılıqlı inkar prinsipləri hər iki poetik nümunədə olduqca gözəl əksini tapıb. Şeirin mayasında qəmi, qüssəni, ədalətsizliyi yaradan səbəblərlə yanaşı onlara qarşı gözəgörünməz suallar da ortalığa çıxır:

Niyə eşq var ki, biz də onun həsrətini çəkək?

Niyə aləm var ki, biz bu aləm üçün onun rəbbindən mədəd diləyək?

Niyə Yusifin qəmi olmalıdır ki, Züleyxa da onun həmdərdi olsun?

Niyə Yusifi günahsız yerə quyuya salırdılar ki, sonra da onu kimsə görüb xeyirxahlıq edəydi?

Niyə zillət çəkdirirlər ki, sonra da ədalət umaq?

Niyə əvvəlki səadətlə xoşbəxt olub, niyə zillətli aqibətlə hər şey gözümüzdən tökülməlidir?

Niyə gül yaradılıb ki, xarı-bülbül də onun eşqindən zülm çəkə?

Niyə dərd yaradılıb ki, dərman da onu şəfaya çatdırsın?

Əslində, sadaladığım suallar gözəgörünməz şəkildə hər iki poetik nümunədə var. Eşq olmasaydı həsrət, xaliq olmasaydı xilqət, dərman olmasaydı dərd, Yusif zindana düşməsəydi yolçu xeyirxahlığı, zülm olmasaydı ədalət istəyi olmazdı. Maraqlıdır ki, bu suallar təkcə bir insanın, obrazın dünyaya ünvanladığı suallar deyil, həm də gözəgörünməzdən “soruşulanlardır”. Maraqlıdır ki, hər iki mətn insanın dünyanı anlayıb anlamamağı üstündə qurulub. Fikrimi əsaslandırım:

Biz anlayırıq ki, dərd (xəstəlik) olmalıdır ki, dərmanın qədri bilinsin, amma həm də qəlbimizdə bir sual da özünə yer edir: olmazdımı, dərd olmayaydı ki, dərmana da ehtiyac qalmayaydı?

Burda maraqlı olan nədir? Bu sualı verəndə, cavabını tapan da elə sual verən insandır. Deməli, Allah qəlbimizə şübhəni də inamı da qoyub, sadəcə biz inanmayanda şübhələnirik, inananda cavab tapırıq, hər şey adi görünür. Onda belə bir sual da yaranır: başdan sona suallarla dolu olan hər iki şeir şübhənin – iki şair inamsızlığının məhsuludur? Cavab: Xeyr. Ona görə ki, onlar sualın özündə, əslində, cavabı da təqdim edirlər, sadəcə biz o cavaba məhz o suallar vasitəsiylə çatırıq.

# 4546 dəfə oxunub

Oxşar xəbərlər

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
"Sən ey xəyanətə, zülmə bir yuva..."  - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

"Sən ey xəyanətə, zülmə bir yuva..." - Əmin Abid Gültəkin rəsmi Moskvanı niyə hədələmişdi?

12:00 21 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər