news-inner
clock10:36 calendar-gray 24 Yanvar 2015 view-gray323 dəfə oxunub
view-gray323 dəfə oxunub

Nəfəs LGBT rəhbəri: “Bizi fahişəliyə sürükləyirlər”

Kulis.Az NƏFƏS LGBT təşkilatının rəhbəri Cavid Nəbiyevlə müsahibəni təqdim edir.

- İsa Şahmarlının ölümündən bir il ötür. İsanın intiharı bu bir ildə nəyisə dəyişə bildimi? Cəmiyyətdə münasibət necədir?

- Bəli, İsanın ölümü çoxlarını sarsıtdı. Çox adam LGBT (lezbiyan, gey, biseksual, transgender - red.) uğrunda mübarizə aparan fəalın intihar etməsini gözləmirdi. Hətta ilk başlarda bu homoseksual insanlar arasında ruh düşkünlüyünə səbəb olmuşdu. Mediada müşahidə olunan nifrət çağırışlarının hansı səviyyədə olduğunun hər kəs şahidi oldu. Bu göstərdi ki, cəmiyyət bir insanı göz qırpımında öldürmək iqtidarındadır.

Amma, etiraf etmək lazımdır ki, İsa Şahmarlı ölümü ilə Azərbaycan LGBT hərəkatının daha da mübariz olmasına, canlanmasına təkan verdi. Həmçinin, onun intiharı beynəlxalq aləmin diqqətini Azərbaycandakı homofobiyaya yönəltməsinə səbəb oldu. Təbii ki, heç birimizi belə bir hadisə ilə diqqətin cəlb olunmasına, qurban verərək səsimizin yüksəlməsini arzu etmirdik. Amma, onun ölümü böyük bir həmrəyliyin yaranmasına səbəb oldu. Yaşından, cinsindən, dilindən, dinindən, irqindən asılı olmayaraq dünyada çoxlu sayda insan İsanın şüarını yaydı: “Sevgi elə sevgidir”!

Azərbaycan 2014-cü il Avropa ölkələri sırasında homofobiyanın səviyyəsinə görə 49 ölkə sırasında 48-ci yerdə dayanıb. Bu rəqəm cəmiyyətimizin LGBT insanlara münasibətini göstərir. Biz bu siyahıda sadəcə Rusiyanı qabaqlaya bilirik.

- Rusiyada homofobiya daha kəskindir?

- Əlbəttə. Təbii ki, heç bir din cinsi azlıqlara dost münasibət bəsləmir. Cəmiyyətimizdə "Bütün geyləri Avropaya yollamaq lazımdır" kimi ifadələri çox işlədilir. Amma, Avropadakı insanlar dinsiz deyillər. Orda da din və homofobiya var. Amma, Qərb insanı artıq o psixoloji baryeri aşmağı bacarıb. İnsanlar artıq dərk edirlər ki, fundamental insan haqlarının və azadlıqları birinci dərəcəlidir. Bu yolla cəmiyyətdə stabillik, sülh və qarşılıqlı anlaşmaya nail olmaq mümkündür.

Əgər Qərb insanı bizdən qabaq bunu dərk etməyə başlayıbsa bu o demək deyil ki, LGBT hüquqlarını avropalılar kəşf edib. Əksinə, LGBT hüquqları ifadəsi zərurətdən doğan bir anlayış kimi formalaşdı. Orta əsrlərdə kilsə tərəfindən, hətta LGBT insanlar yandırılırdı. Amma, Qərb insanı bu anlayışı artıq dərk edib: Mən səni qəbul etməsəm də, sənə hörmət etmək mənim borcumdur.

- Bəs islam ölkələri?

- Nəzərə alaq ki, şəriət qanunları adlanan məfhum Quran kimi Tanrı tərəfindən göndərilməyib. Doğrusu, bu məsələ ilə bağlı deyim ki, şəxsən mənim özümün dini seçimim yoxdur. Bu halda insanların məni tənqid etdiyi zaman dinə söykənmələri gülünc görünür. Mənim mənsub olmadığım bir şey vasitəsilə məni tənqid etməyin əsassız olduğunu düşünürəm.

LGBT fərdləri, yəni homoseksualları, lezbiyanları və başqalarını da tanrı yaradıb. Onun yaratdığı bir varlığa qarşı zorakılıq etmək heç bir dinin ədaləti ola bilməz. Əgər bu ədalətlidirsə o zaman heç kimsə məndən inciməsin, amma dinlərin ədalət anlayışına şübhəm var.

- Xristian ölkələrində homoseksuallığı təqdir edən keşişlər, hətta özləri homoseksual olan din xadimləri var. Roma Papasının bu yaxınlardakı çıxışında da onun cinsi azlıqlara isti münasibətini gördük.

- Bir dəfə transgender bir xanım müsahibəsində Allaha inamla bağlı suala cavab olaraq bildirmişdi ki, ona inanır, onu sevir, peyğəmbəri qəbul edir, oruc tutur, bayramlardan namaz qılır. Və bildirir ki, mən heç bir zaman inana bilmərəm ki, mənim tanrım, məni yaradan tanrı məni öldürməyi əmr etsin. Bəlkə də bu fikrim dini etiqadı olan şəxslər tərəfindən hörmətsizlik kimi qəbul edilməyə bilər. Amma, insanın gey və ya lezbiyan olmağı onun inancına təsir etmir. İndoneziyada sayılıb-seçilən bir imam gözlənilməz halda cinsi azlıqlara olan hörmətini bildirmişdi. Təbii ki, inanc hissi güclü olan cinsi azlıqlar gələcəkdə tanrının humanist, insanları sevən bir kəs olması mesajını yaymağa cəhd edəcəklər.

- Sizin təşkilatın üzvləri arasında çoxluq nisbəti necədir?

- Təşkilatın fəaliyyətində gey və hetereseksual insanlar daha aktivdir.

- Cəmiyyətdə geylərə qarşı münasibət daha sərtdir, yoxsa lezbiyanlara qarşı?

- Çox təəssüf ki, əksəriyyət bu fikri bölüşür. Geylər sosial baxımdan ictimailəşməyə nail olublar deyə onlara qarşı olunan təzyiq ona görə daha çox görünür. Bir çoxları çəkinmədən öz kimliyini ifadə edir. Amma, lezbiyanların problemləri geylərdən az deyil. Hətta, daha çoxdur. Hər ikisinə gey və lezbiyan kimi yox, qadın və kişi kimi baxaq, eyni zamanda cəmiyyətimizdə bütləşən bir tendensiyanı da nəzərə alaq. Oğlanın evlənməmə kimi bir seçimi var. Onu heç kəs ittiham etməyəcək. Əgər o geydirsə belə, onun üçün bu problem deyil. Amma, qız müəyyən bir yaşa çatdıqdan sonra mütləq ərə getməlidir. Cəmiyyət özü onu buna məcbur edir. Təsəvvür edin, bir qız ailəsinə lezbiyan olduğunu deyə bilmir. Məcburən evləndirilir. Nəticədə ömür boyu həmin şəxs psixoloji və arzu etmədiyi bir cins tərəfindən cinsi zorakılığa məruz qalır. Yəni lezbiyanların problemləri geylərdən heç də az deyil.

- Sizə müraciət edən lezbiyanlar arasında belə problemlərlə üzləşənlər çoxdurmu?

- Bunun nəticəsidir ki, çoxlu sayda lezbiyan görüntü xətrinə saxta evlilik etməyə cəhd edir. Bizə kömək üçün müraciət edən çoxlu sayda gey və lezbiyan var.

- Homoseksual fahişəliyin artmasında homofobiyanın rolu nə qədərdir?

- İnsanlar fahişəliyi tənqid edir, homoseksuallara isə nifrət edir. Fərqinə varmadan heteroseksist cəmiyyət nifrət etdikləri şəxsləri özləri tənqid etdikləri bir işə sürükləyirlər. Bir transgender xanımla müsahibəm olmuşdu. O, deyirdi ki, mən Bakı Dövlət Universitetini qırmızı diplomla bitirmişəm. Amma, heç kəs məni olduğum kimi işə götürmür. Mənə də bu cür istismar olunmaq lazım deyil. Amma, heç bir yerdən sosial təminat almıram. Bəs mən maddi tələbatımı necə təmin edim?!

Bəli, homoseksualların seks işçiliyinə təhrik olunmasının bir səbəbkarı da onların xidmətlərindən istifadə edən, amma kənarda tənqid və təhqir edən heteroseksist cəmiyyətin fərdlərdir.

- Son dövrlərin bir sıra festival və müsabiqələrində homoseksuallığı qabardan bir çox filmlər, əsərlər yer tutur. Məsələn, Əlcəzairli rejissor Keşişin Kann festivalında yer tutan filmi... Xatırladım ki, film gey və lezbiyanların həyatından bəhs edirdi. Sanki qəsdən təbliğ olunur.

- Birincisi, təbliğat məsələsi fikri ilə razı deyiləm. Niyə görə indiyə qədər çəkilən film və sosial çarxlarda heteroseksual cütlüklər yer aldığı zaman bu heteroseksuallığın təbliğatı kimi qiymətləndirilmir. Lakin, cinsi azlıqlarla əlaqədar mövzulara yer veriləndə bu təbliğat kimi qəbul olunur. Bu sadəcə "biz də cəmiyyətin sosial həyatının bir parçasıyıq" mesajının göndərilməsidi. Hansısa homoseksual uğur əldə etdiyi zaman bu onun homoseksual olduğuna görə deyil, onun şəxsi bacarıqlarına görə qiymətləndirilir.

Misal üçün, Koncita Vürst, düzdür öz imici ilə diqqət mərkəzində dayana bildi. Amma, etiraf etmək lazımdır ki, o, mükəmməl ifasına görə qalib gəldi. Ona qədər də Avroviziya müsiqi yarışmasında kifayət qədər LGBT fərdlər çıxış edirdi. Əgər bu bir təbliğat olsaydı hər zaman LGBT fərdlər qalib gələrdi.

Son zamanlar bu mövzulara müraciət etməyin özü də bir ehtiyacdan irəli gəlir. Bərabər imkanlara və hüquqlara malik olduğumuzu göstərmək üçün bu addımlar yaxşı qiymətləndirilməlidir. İllərdir filmlərdə heterocütlüklər yer alır. Əgər o da bir təbliğat sayılırsa niyə mən özüm geyəm?! Halbuki, mən də o filmlərlə böyümüşəm. Deməli, kimsə hansısa bir film və ya gey ilə ünsiyyətdə gey olmur. Çünki, bu təbii yaradılışdır, seçim deyil.

news-inner-user

19069 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı
23:55 18 İyun 2021
Hamlet Xanızadənin xatirə gecəsi keçirildi
18:58 18 İyun 2021
Cahangir Cahangirovun 100 illiyi qeyd olunub
18:01 18 İyun 2021
Çiçək kimi ətirli, tər və sütül bədənlər! - Qadına sonetlər
17:20 18 İyun 2021
Müasir İncəsənət Muzeyində sərgi açılacaq
16:40 18 İyun 2021
Azərbaycanın ən naşı klassiki – Seymur Baycanı sərt tənqid etdilər
16:00 18 İyun 2021
Tikanlı sözlər adamı necə öldürür?
15:15 18 İyun 2021
Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama
14:27 18 İyun 2021
Bakıda yeni sərgi açılır
14:09 18 İyun 2021
“Azərbaycanfilm” türk jurnalist Fulya Öztürk haqqında film çəkir - Fotolar
13:19 18 İyun 2021
İslamdan imtina etdi, çayda boğmaq istədilər, atası üzündən öpəndə ağzını yudu – Diriykən yası verilən dahi azərbaycanlı
12:36 18 İyun 2021
Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
12:08 18 İyun 2021
Van Dammı bezdirən azərbaycanlı qohumları
11:34 18 İyun 2021
Nobel mükafatçısı intim konsert verəcək – İlk dəfə
11:09 18 İyun 2021
Seymur Baycandan yeni kitab
10:42 18 İyun 2021
Nura Surinin oğlu qəzaya düşdü - Foto
10:09 18 İyun 2021
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı rusca çap olundu
09:42 18 İyun 2021
O gündən Bəşər dayı qızını evə qıfılladı – Bircə yazır...
09:00 18 İyun 2021
Nazirlik ədəbiyyat müsabiqəsinin qaliblərini mükafatlandırdı
01:24 18 İyun 2021
Qadınlar sevmək üçündür, başa düşmək üçün yox - Sevgi haqqında qəribə aforizmlər
21:02 17 İyun 2021