Seks səhnəsinə dəstək üçün soyunan rejissor – “50 film” layihəsi

Seks səhnəsinə dəstək üçün soyunan rejissor – “50 film” layihəsi
20 dekabr 2014
# 08:30

Kulis. az “Baxılası 50 film” layihəsində müasir dövrümüzün dahi rejissoru Lars fon Trierin proqram-filmi “İdiotlar” dramını təqdim edir.

Lars fon Trier 1956-cı ildə Kopenhagendə doğulub. Atası sosial-demokrat, anası kommunist idi.

Onun kinoya marağı hələ uşaqlıqdan yaranmışdı. 11 yaşında özünün ilk ekran işini - “Balqabaq ölkəsinə səyahət” adlı bir dəqiqəlik cizgi filmini çəkib.

Anası ona 8 millimetrlik kamera bağışlamışdı və işdən köhnə lentlər gətirirdi. Trier bunun hesabına montajı öyrənirdi. Bir dəfə lent kəsiklərindən birində rejissor Karl Dreyerin “Janna Darkın iztirabları” filmindən fraqmenti görür və bu, onu heyrətləndirir.

12 yaşında Trier Tomas Vindinqin “Sirli yay” filmində rol alır.

17 yaşında Kopenhagen Kino Məktəbinə daxil olur.

1979-cu ildə ilk qısametrajlı “Səhləb çiçəyi becərən bağban” filmini çəkir.

Filmdə səhnə mizanları daim dəyişir, boş otaq təsvir olunur, xəstəxana bağında bir nəfər veyllənir.

Diplom işi 1984-cü ildə Münhen festivalında mükafat alan “Qurtuluşun rəsmləri” qısametrajlı filmdir.

Trierin ilk tammetrajlı bədii filmi “Cinayət elementi” (1984) “E” adlı trilogiyanın (“Epidemiya”, “Euvropa”) ilk hissəsidir.

Əhvalatda Avropada lotereya bileti satan qızların silsilə qətlləri baş verir.

Filmin kino dilinin formalaşmasında Andrey Tarkovskinin “Stalker” əsərinin təsiri var.

Kinotənqdiçi Ceffri Andersonun fikrincə, burda Tarkovskinin başqa “Andrey Rublyov” filminə də birbaşa göndərişlər var.

Film Kann festivalının texniki komissiyasının mükafatını alıb.

Trilogiyanın ikinci filmi “Epidemiya”dır (1987).

Qəhrəmanlar taun xəstəliyinin bürüdüyü bir ölkədə fədakarlıq edən həkim haqda ssenari yazırlar.

İdealist həkim xəstələrə kömək edir, amma özü də bilmədən infeksiya yayır. Sonra qəribə hadisələr cərəyan edir.

Filmi izləyən komissiya onu belə qiymətləndirib: “Epidemiya” indiyə kimi gördüyümüz ən pis filmdir. O, anlaşılmazdır və ideyası yoxdur”.

1991-ci ildə rejissor trilogiyanın son hissəsini “Avropa”nı lentə alır. Film 1945-ci ildə müttəfiqlərin Almaniyaya daxil olmasından sonra baş verən hadisələri təsvir edir.

“Avropa” Kann festivalının xüsusi mükafatını alıb.

1995-ci ildə, Trier də daxil olmaqla bir qrup danimarkalı rejissor “Doqma - 95” manifestini yaradır.

“Doqma - 95” – qarşısına müasir kinodakı bəzi “məlum tendensiyalarla” mübarizə aparmağı məqsəd qoyur.

Onun qaydalarına əsasən çəkilişlər naturada aparılmalı, rekvizitdən istifadə olunmamalı, səs heç vaxt təsvirdən ayrı yazılmamalı (musiqidən yalnız o, seçilmiş naturada səsləndiyi halda istifadə etmək olar), çəkilişlər yalnız əl kamerası ilə aparılmalı,

ekşndən istifadə edilməməli (yəni qətl, silah və bu kimi şeylər qadağandır), məkan və zaman uzaqlaşmasına yol verilməməlidir (filmdə hadisələr burda və indi baş verməlidir).

1996-cı ildə Trier “Dalğaları yararkən” dramını çəkir. Bu, onun yeni “Qızıl ürək” trilogiyasının ilk filmi idi. Əhvalat 1970-ci illərin əvvəlində, sərt dini qaydaların hakim olduğu, Şotlandiyanın qərbindəki kiçik şəhərdə baş verir. Hamı sadəlövh Bessi böyük uşaq kimi qəbul edir. O, Yana ərə gedir. Neft platformasında çalışan Yan qəzaya uğrayır və şikəst olur. Bess Yanın yenidən sağalması üçün özünü qurban verir...

Filmin dini mövzusu və etik tərəfinə görə Trieri məşhur həmyerlisi Karl Dreyerlə müqayisə edirlər.

“Dalğaları yararkən” Kannda jürinin xüsusi mükafatını aldı. Festivala gəlməyən Trier əvəzində kiltdə (Şotlandiyanın ənənəvi kişi geyimi) çəkilmiş fotosunu yolladı.

1998-ci ildə rejissor “Doqma” qaydalarına uyğun trilogiyanın ikinci - “İdiotlar” hissəsini çəkir.

“Qaranlıqda rəqs edənlər” (2000) trilogiyanın son filmidir.

Baş rolu məşhur island müğənnisi Byork oynayıb. Kannda baş mükafatı alan filmdə hadisələr Amerikada 1964-cü ildə baş verir. Çexoslovakiyadan olan mühacir Selma müzikli sevir. Oğlu ilə yaşayan qadın zavodda işləyir. O, bütün təsəllisini musiqi fantaziyalarında tapır. Görməsinin zəifliyindən əziyyət çəkən Selmanın xəstəliyi getdikcə pisləşir. Oğlu da bu xəstəlikdən əziyyət çəkir. Selma oğlunu müalicə etdirmək üçün pul yığır. Amma işdə etdiyi səhvə görə qovulur. Yığdığı pulları isə polis oğurlayır.

Nəticədə Selma polisi öldürür və edam olunur.

Çəkiliş prosesi “Yüz göz” adlı sənədli film üçün lentə alınır. Byork buna görə Trieri məhkəməyə vermək istəyir. Onun fikrincə, bu sənədli lentlə Trier onun şəxsi həyatına müdaxilə edib.

Məşhur fransız aktrisası Katrin Denyov filmdə rol almaq istədiyini bildirib. Onun rolunu rejissor afroamerikalı aktrisa üçün nəzərdə tutsa da, məhz Denyova görə Trier Keti obrazını yenidən yazıb.

Tənqidçilər filmi üslub baxımından yenilik kimi qiymətləndirdilər.

Trier 2003-cü ildə “Beş maneə” adlı ilk sənədli filmini lentə alır.

1967-ci ildə rejissor Yorgen Letin çəkdiyi “Mükəmməl insan” filmini kinofenomenini öyrənmək məqsədilə daha beş dəfə çəkməyi xahiş edir. Onun qarşısında beş əngəl qoyur. Əngəllər Letin şəxsiyyətini müxtəlif tərəflərdən açır, həm də onu dekorasiyalar, aktyorlar, kino növləri, insan hissləri və xarakterləri ilə eksperimentə məcbur edir.

“Doqvll” (2003) “Amerika fürsətlər ölkəsidir” trilogiyasının ilk hissəsidir.

Filmdə heç bir dekorasiya yoxdur, hadisələr teatr səhnəsində baş verir, hər şey şərtidir...

Hadisələr 1930-cu illərdə Doqvill adlı Amerika şəhərciyində baş verir. Bu balaca şəhərciyə qanqsterlərdən gizlənən Qreys gəlir. Şəhər əhalisi əvvəlcə Qreysə etibar eləməsələr də, onu işgüzarlığı, zəhmətkeşliyinə görə sevirlər. Amma sevgi tədricən amansızlığa, istismara çevrilir...

Trilogiyanın ikinci hissəsi “Manderley” (2005) köləlik problemini araşdırır. “Doqvill”də baş verən hadisələrdən sonrakı vəziyyəti təsvir edilir.

Trilogiyanın üçüncü “Vaşinqton” hissəsi isə çəkilməyib.

2009-cu ildə Trier qalmaqallı filmlərindən birini “Antixrist”i lentə alır. Rejissor Tarkovskiyə həsr elədiyi filmi karyerasının ən yaxşı əsəri sayır.

Əhvalat kişi və qadının sevişməsi ilə başlayır. Körpə beşikdən çıxır. Sevişmə səhnəsinin pik anında balaca pəncərədən küçəyə addımlayır. Kişi, oğlunun ölümünü ağır keçirən qadını həkimlərə etibar eləməyərək özü sağaltmaq qərarına gəlir…

Trier 2007-ci ildə depressiyadan əziyyət çəkdiyini və ola bilsin ki, daha film çəkə bilməyəcəyini deyir. Hətta filmə seçilmiş aktyorların Trierlə ilk görüşü, onun vəziyyətinin pis olması səbəbindən alınmır.

O, öz ruhi böhranını “Cəhənnəm” adlı avtobioqrafik əsəri üzərində işləyən İsveç yazıçısı Avqust Strindberqin durumu ilə müqayisə edirdi. Çəkiliş prosesinə teologiya, qorxu filmlərinin, mizoqiniya (“qadına nifrət”) sahəsinin mütəxəssislərini məsləhətçi kimi cəlb edilmişdi.

Lazımı ovqata köklənmək üçün aktyorlar Tarkovskinin “Güzgü” filminə baxıblar. Bundan başqa Uilyam Defo rejissorun “İdiotlar”, Şarlotta Gensburq isə “Gecə gözətçisi” filminə baxıb. Defo həmçinin koqnitiv psixoterapiya (psixologiyanın insan psixikasının idrak prosesini öyrənən bir bölməsi) sahəsində çalışan mütəxəssislərə görüşüb, psixoterapevtik seanslara qatılıb və bununla bağlı xüsusi ədəbiyyatı öyrənib.

Trier isə öz növbəsində psixoterapiyaya skeptik yanaşır.

Çəkiliş zamanı depressiyada olan Trier vəziyyətinə görə aktyorlardan dəfələrlə üzr istəyib. “Ssenarini entuziazmsız çəkmişəm, mən sanki öz intellektual və fiziki potensialımın yalnız bir hissəsini istifadə etmişəm”.

2011-ci ildə ekranlara “Melanxoliya” çıxır.

Proloqda Melanxoliya planeti ilə toqquşma nəticəsində yer kürəsinin məhvindən danışılır.

Sonra qəzadan əvvəlki hadisələr göstərilir. Birinci hissədə Jüstinin toyu göstərilir. Onun toyuna soyuq münasibətini heç kəs anlamır. İkinci hissədə bacısı Kler depressiyaya düşmüş Jüstinin qayğısına qalır. Yer kürəsinə Melanxoliya planeti yaxınlaşır. Onlar qaçılmaz faciəni qəbul etməyə məcburdurlar.

Trierə bu ideya müalicə alanda gəlib. Terapevt ona depressiyaya məruz qalan insanların stressli vəziyyətlərdə daha sakit davranması haqda danışıb. Çünki onlar onsuz da pis nəsə gözləyirlər. Trier bu ideyanı inkişaf etdirərək film çəkib. Ona görə burdakı apokalipsis sakit göstərilib.

Mətbuat konfransında Trier yerin məhv olmasının qanunauyğunluğunu izah edərkən Hitlerin hərəkətinin motivinin anladığını deyib və zarafatla özünü “nasist” adlandırıb. Buna görə Kann festivalı onu “Persona non qrata” elan etdi.

Trierin son filmi hələ ki, “Nimfomanka” erotik dramıdır (2013).

Filmin şüarı “Sevgini unut” dur. “Nimfomanka”nı tənqidçilər isti qarşılayıb. Mütəxəssislər filmi “magnum opus” (yazıçının, rəssamın və ya bəstəkarın ən yaxşı, ən iddialı əsəri) adlandırıblar.

Əhvalat əsas qəhrəman Joenun cinsi həyatı üzərində qurulub. Mütəxəssislər filmi insan hiperseksuallığı mövzusunun kino araşdırması hesab ediblər.

Filmi izləyən mütəxəssislər həmçinin ondan erotik həzz almağı da unutmağı məsləhət görürlər. Onların dediyinə görə bu, monumental kinokonstruksiyadır.

“Baxılası 50 film” layihəsində rejissorun “Doqma 95” manifestinin qaydalarına uyğun çəkdiyi, “Qızıl ürək” trilogiyasının ikinci hissəsi, onun qalmaqallı filmlərindən sayılan “İdiotlar” dramını təqdim edirik.

Süjet: Film ağıldan kəm adamı simulyasiya edən gənc adamlardan bəhs edir. Onların əsas məqsədi ictimai tabunu daxillərindəki idiot vasitəsi ilə adlamaqdır. Mərkəzi fiqur isə övladını itirmiş, fədakarlıq edən Karendir.

Kannda premyerası keçirilən film açıq səhnələrinə və tematikasına görə qalmaqal doğurdu.

Filmin ideyası Trier “Doqma 95” manifestini yazanda meydana gəlib, o, iki il bu layihəni götür-qoy edib.

Bütün film əl kamerası ilə çəkilib. Böyük hissəsini Trier özü lentə alıb. Sənədli film hissi verən filmdə kəsik montajdan istifadə olunub. Trier deyir: “Bu, müasir filmdir, eyni zamanda nostalgiyadır, tarixə qovuşan fransız “Yeni dalğa”sına xiffətdir”.

Səhnələr ardıcıllıqla çəkilib. Əksər epizodlarda aktyorlar improvizə ediblər. Amma filmin Karenin evindəki son səhnəsi improvizə deyil. Rejissor onu təfərrüatı ilə işləyib. Əksər aktyorlar üçün “İdiotlar” kino-debüt olub.

Epizodlarda qeyri-peşəkarlar çəkilib. Trier aktyorlardan kamera qarşısında oynamağı yox, məhz mövcud olmağı tələb edib. İlk gün aktyorlar oyunbazlıq edib və buna görə Trier hər bir aktyorla ayrı-ayrılıqda söhbətləşib. Qrup halında seks səhnəsi çəkiləndə Trier çəkilişə çılpaq gəlib. Əvvəlcə, aktyorların cinsi aktı gerçəkdə yaşamasını istəyən rejissor sonradan porno aktyorlardan istifadə edib.

O, aktrisalardan emosional gərginliyi almaq üçün onları ağlatmaq həddinə çatdırıb.

Epizodlar - personajların müsahibələri olduğu kadrlarla növbələşir. Müsahibələr bir tərəfdən sənədliliyi gücləndirir, digər tərəfdən onun ayrıca müsahibə, yoxsa təhkiyənin hissəsi olub-olmadığı bilinmir.

Aktyorlardan biri Anna Luiza Hassinq deyib ki, müsahibə zamanı özü ilə personajı arasında ikiləşmə hiss edib.

Müsahibələr çəkilişdən 3 həftə sonra çəkilib.

Çəkiliş zamanı Trier audio-gündəlik aparıb, sonra onu işləmək üçün jurnalist Piter Eviqə verib. Gündəlik kitab halında çap edilib.

Filmin Kannda nümayişinə Trier “İdiotlar” yazılmış mikroavtobusda gəlib. Direktor Jil Jakob onu şəxsən qarşılayıb. Amma film festivalda mükafat almayıb. Mükafat “Doqma - 95”-in başqa təmsilçisi, rejissorun həmvətəni Tomas Vinterberqin “Şənlik” filminə verilib.

Nümayişdə britaniyalı tənqidçi Mark Kermod “Bu, zibildir!” - qışqırıb və onu zaldan çıxarıblar.

Trier deyib ki, Avstriya filosofu Rudolf Ştaynerin “dəlilərin səmadan göndərilməsi” fikri onun xoşuna gəlib və bu ideyanı inkişaf etdirib.

Onun fikrincə, “idiot vəziyyəti” ilə insan ətrafa rasional münasibətində kök salmış qorxu hissini adlaya bilər.

Trier filmdə dramaturgiyanın qanunlarını pozur, tamaşaçıya natamam nəql məkanı təqdim edir və ikinci dərəcəli obrazları sona qədər işləmir.

Trilogiyanın digər üç qəhrəmanı kimi Karen də burda fədakarlıq edir...

Filmə bu linkdən baxa bilərsiniz:

ps://www.google.az/search?q=idioterne+film&espv=2&biw=1152&bih=773&source=lnms&tbm=isch&sa=X&ei=yyKUVJqtDMmr7Aav1oCYDg&ved=0CAYQ_AUoAQ

# 3962 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #