“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova
10 mart 2026
# 11:17

Kulis.az Səriyyə Salamovanın “YUĞ” səhnəsində “Master klass” yazısını təqdim edir.

Bakının maraqlı və fərqli teatr məkanlarından olan Yuğ Teatrı Azərbaycan teatrında özünəməxsus estetikası ilə seçilir. Bu teatrın yaradıcılıq fəlsəfəsi vaxtilə onun qurucusu və bədii rəhbəri Vaqif İbrahimoğlu tərəfindən formalaşdırılmışdır. Minimalizm, fəlsəfi düşüncə və aktyor oyununun ön plana çəkilməsi bu teatrın əsas xüsusiyyətlərindəndir. Bu ənənə teatrın yeni tamaşalarında bu gün də davam etdirilir.
Bu günlərdə teatrın səhnəsində rejissor Gümrah Ömərin hazırladıgı “Master klass” tamaşasını izlədim. Tamaşa yapon dramaturqu Köki Mitaninin məşhur “Gülüş akademiyası” əsəri əsasında səhnələşdirilmişdir. Əsər (şərti olaraq) komediya janrında yazılsa da, ciddi ictimai və fəlsəfi mətləbləri özündə ehtiva edir. Əsərin mərkəzində gülüşün, yumorun və sənətin cəmiyyət həyatındakı rolu dayanır.

Seyrçinin tamaşayla eksklüziv tanışlıq haqqına hörmət əlaməti olaraq, əsərin süjeti və fabulası haqqnda təfərrüatı ilə danışmaga ehtiyac görmürəm. Bizim üçün vacib olan səhnə həlli ilə bağlı məsələlərdir.
Tamaşada cəmi üç aktyor iştirak edir. Rolları Amid Qasımov, Elgün Həmidov və Mətanət Abbas ifa edirlər.

Ümumi təəsüratım: bu tamaşa bir daha sübut edir ki, böyük teatr üçün heç də həmişə böyük, zəngin dekorasiya və çoxsaylı aktyor ansablına ehtiyac yoxdur. Bəzən üç aktyor, yaxşı dramaturgiya və orijinal rejissor yanaşması tamaşaçını uzun müddət düşündürən bir səhnə əsəri yaratmağa kifayət edir.

Amid Qasımov səhnədə enerjili və dinamik oyun nümayiş etdirir. Onun ifasında personajın tərəddüdü, düşüncələri və daxili mübarizəsi qabarıq hiss olunur. Onun yaratdığı obraz emosional gərginliklə yanaşı, yüngül komik çalarları da özündə birləşdirir. Elgün Həmidovun oyunu isə daha çox daxili dramatizmi ilə diqqət çəkir. Aktyorun səhnədəki plastikasının və intonasiyasının dəqiqliyi obrazın psixoloji dərinliyini açmağa xidmət edir.

Mətanət Abbas tamaşaya xüsusi emosional rəng qatır. Aktrisanın ifadəli oyunu tamaşanın ümumi atmosferinə qəribə bir canlılıq və dinamika qatır.

Kamera səhnə quruluşu ilə diqqət çəkən tamaşada rejissor özü bir növ görünməyən dördüncü aktyor qismində “iştirak edir”. Bu tip tamaşalarda böyük dekorativlik və vizual effektlərdən daha çox aktyor oyununun incə psixoloji detalları ön plana çıxır.

Gümrah Ömər Azərbaycan teatr mühitində özünəməxsus yaradıcılıq üslubu ilə seçilən rejissordur. Onun səhnə düşüncəsində müəyyən mənada Vaqif İbrahimoğlu məktəbinin estetik təsiri hiss olunsa da, rejissor zamanla bu təsiri yaradıcı şəkildə mənimsəyərək öz fərdi və fərqli teatr dilini formalaşdırmağa nail olmuşdur. Bu səbəbdən onun tamaşaları həm ənənəyə bağlılığı, həm də yeni ifadə axtarışlarını birləşdirən müasir səhnə təfəkkürünün nümunəsi kimi diqqəti cəlb edir.

Rejissor daha çox ideya və düşüncə yükü daşıyan dramaturji mətnlərə müraciət edir. Onun seçdiyi əsərlərdə hadisələrin xarici dinamizmindən çox, insanın daxili dünyası, mənəvi dilemması və psixoloji vəziyyəti ön plana çəkilir. Bu yanaşma tamaşanı yalnız süjet üzərində qurulan səhnə hadisəsi deyil, həm də tamaşaçı ilə düşüncə dialoqu yaradan bədii məkan kimi təqdim edir.

Gümrah Ömər müasir Azərbaycan teatr məkanında yeni estetik axtarışları və aktyor mərkəzli səhnə düşüncəsi ilə seçilən rejissorlardan biri kimi diqqəti cəlb edir. Onun yaradıcılığı xüsusilə son illərdə teatr mühitində formalaşan yeni rejissor nəslinin istiqamətini müəyyənləşdirən mühüm yaradıcılıq xəttlərindən biri kimi qiymətləndirilə bilər ki, biz də onu məhz belə qiymətləndiririk. Onun fəaliyyəti Azərbaycan teatrında yaradıcı axtarışların davam etməsi, səhnə dilinin yenilənməsi və yeni teatr estetikasının formalaşması baxımından diqqətəlayiqdir.

Ayrıca olaraq, “Master klass” tamaşası həm onun, həm də tamaşaya cəlb etdiyi aktyorların uğurudur. Çünki bizə görə, yaradıcılıq uğuru hazırlanan tamaşaların yalnız bədii keyfiyyəti ilə deyil, həm də teatr düşüncəsinə gətirdiyi yeni baxış bucağı ilə ölçülür.

# 73 dəfə oxunub

Oxşar xəbərlər

“Yalnız mədəniyyət”  adlı musiqili tamaşa nümayiş olundu

“Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu

18:20 6 mart 2026
Valeh Kərimov uzun fasilədən sonra səhnədə

Valeh Kərimov uzun fasilədən sonra səhnədə

17:40 6 mart 2026
Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

16:30 6 mart 2026
Kuklaçılar premyeraya hazırlaşır

Kuklaçılar premyeraya hazırlaşır

15:00 6 mart 2026
Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

13:00 6 mart 2026
Naxçıvan Dövlət Milli Dram Teatrının builki repertuar planı təsdiqləndi

Naxçıvan Dövlət Milli Dram Teatrının builki repertuar planı təsdiqləndi

11:13 6 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər