news-inner
clock15:21 calendar-gray 22 Oktyabr 2014 view-gray923 dəfə oxunub
view-gray923 dəfə oxunub

Gürcü rejissor: “Mən xalqımı komplekslərdən xilas etmək istəyirəm”-MÜSAHİBƏ

Kulis.az “Tiflis günləri” layihəsi çərçivəsində Sandro Axmeteli adına Tiflis Dram Teatrının bədii rəhbəri və baş rejissoru İrakli Qoqiya ilə müsahibəni təqdim edir.

- Əvvəlcə bir şeyi dəqiqləşdirək, teatrınız dövlət teatrıdır?

- Bəli. 1981-ci ildə Gənclər Teatrı kimi yaradılıb. Bu, Gürcüstanda kommunistlər tərəfindən yaradılan sonuncu teatrdır. Şəhər teatrıdır, yəni bələdiyyə teatrı. Dövlət teatrları Mədəniyyət Nazirliyindən maliyyələşir. Layihələrin büdcələrini təqdim edib dotasiyalar alırıq.

Artıq bir ildir bu teatra rəhbərlik edirəm.

Bu vaxtadək 4 il Zubrin Dövlət Teatrına rəhbərlik etmişəm. Teatr Gürcüstanın qərbində yerləşir.

Gürcüstanın teatr haqqında qanunu var. Bu qanuna görə teatrın direktorunu bədii rəhbər, yəni baş rejissor özü təyin edir. Bədii rəhbər yaradıcı müəssisənin bütün ümumi işini, istiqamətini təyin edir, direktor texniki, administrativ işlərlə məşğul olur. Bu çox yaxşı duetdir. Əvvəllər direktorla baş rejissorun mövqeyi çox vaxt üst-üstə düşmürdü. Problemlər yaranırdı. İndi elə deyil. Bu barədə vəziyyət çox yaxşıdır.

- Repertuar üçün prioritetləriniz hansılardır?

- Ən başlıcası daha öncə tamaşaya hazırlanmış əsəri seçməməyə çalışırıq. Həmişə yeni dramaturji material axtarışındayıq. Təzəliklə milli dramaturgiya mərkəzi yaratmışıq. Orada qiraətlə məşğul oluruq, müzakirələr aparırıq. Məsələn, hər həftənin bazar ertəsi bizim qiraət günümüzdür. Bilirsiniz ki, bazar ertəsi teatr işləmir, biz bu günü əsər oxumağa sərf edirik. Bu mərkəzə tərcümə əsərləri, müasir gürcü dramaturqlarının pyeslərini təqdim edirlər...

Bizim teatrın əsas kursu başqa ölkələrlə müştərək layihələr işləməkdir.

Özüm Rezo Qudiaşvili adlı müasir dramaturqun əsərini tamaşaya hazırlayıram – “İmeretin rekviyemi”. Onun bundan əvvəl də bir əsərini hazırlamışdıq. İndi işlədiyimiz siyasi komediyanı isə müəllif məxsusi olaraq bizim teatr üçün yazıb.

Bundan əvvəlki tamaşam “Damda Brext...” adlanırdı. Biz tamaşanı binalardan birinin damında oynadıq. Tamaşaçıların dama qaldırılmasına xüsusi qurumlar, yanğınsöndürmə komandaları kömək etdilər.

- Bir teatr rəhbəri kimi, ən böyük problem olaraq nəyi görürsünüz?

- Biz hələ də Sovetlərdən sonra qapanan o böyük məkanı aça bilməmişik, gürcü teatrında yaxşı tamaşalar hazırlanır, amma biz hələ də istiqaməti o teatr prosesinin getdiyi magistrala çevirməmişik. Bizim, eləcə də digərlərinin yaradıcı proses olaraq başqa ölkələrdə nə baş verməsindən xəbərimiz yoxdur. Bizim teatr Avropaya qastrola gedir. Məsələn, bir həftədən sonra Estoniyada olacağıq. Mən bundan bilirəm ki, Avropada hansısa proseslər gedir.

Bizim üçün vacib olan başqa ölkələrdəki teatr prosesini öyrənmək, onlara qoşulmaqdır. Gürcüstan bu mənada uzun müddət qapalı olub. Yalnız Şota Rustaveli Teatrı Robert Sturuanın tamaşaları ilə qastrollara gedib. Sonra Marcanaşvili Teatrı festivallar keçirməyə başladı. Buna qədər əlaqələr çox zəif idi, qastrollar da az idi. İndi isə başqadır. İndi qapalı məkanda yaşamaq mümkün deyil. Biz kənardan rejissorlar dəvət edirik. Məsələn baxacağınız “Hamletika” tamaşasını italyanlarla birgə hazırlamışıq. Bizim münasibətlərimiz sadəcə iş münasibətləri deyil, onlar bizim yaxın dostlarımızdır. Mən bu layihələrə çox önəm verirəm. Çünki bilirəm ki, qapalı gürcü teatrı heç kimə maraqlı olmayacaq.

- Teatrda müəyyən senzura varmı? Rəsmi, qeyri-rəsmi...

- Yox. Gürcüstanda demək olar ki, senzura yoxdur. Kimsə mane olmur, kimsə bir şey demir. Hətta bizim tamaşalarımızdan birində elə şəhər meri haqda səhnələr vardı. Biz kommunistlərdən sonra teatra, onun azadlığına sahib çıxdıq. Dövlət, rəhbərlik yalnız maliyyələşdirir və yardım edir. Vəssalam.

- Dünənki tamaşanızda ictimai-siyasi vurğu var idi...

- Elə bizim tamaşalarımızın çoxunda siyasi aksent var. Bir həftədən sonra mənim hazırladığım tamaşanın premyerası olacaq. Bu siyasi bir tamaşadır. Gürcülər üçün siyasət populyar mövzudur. Küçədə gedən bir nəfəri saxlasaq, o ilk növbədə siyasətdən danışacaq. Gürcüstan başqa ölkədir. Gürcülər siyasəti sevirlər. Senzura yoxdur ki, bunu qadağan etsin.

- Siyasi meyl deyərkən urapatriotik pafosu nəzərdə tutmursunuz ki?

- Yox. Buna daha çox analiz, hadisələrə müxtəlif rakurslardan yanaşmaq demək olar. Misal üçün “Şimal parıltısı” tamaşasını deyə bilərəm. Bu, ukraynalılarla birgə hazırladığımız layihədir.

- Bir yaradıcı insan kimi hədəfiniz, məqsədiniz nədir?

- İstəyirəm ölkə komplekslərdən azad olsun. İnsanlar o komplekslərdən qurtulsun.

- Məsələn hansı komplekslərdən?

- Məsələn, Rusiyailəbağlı komplekslərindən. Yəni, belə çox komplekslər var... Mən istəyirəm ki, beynəlxalq layihələrlə Avropa teatr ailəsinə qoşulaq. Mən demirəm ki, Gürcüstan Avropadır. Gürcüstan həmişə Asiyadır. Həm memarlıqda, həm başqa sahələrdə. Amma gürcü teatrı Avropa teatrına yaxın olub.

- Gürcü tamaşaçısı teatrdan nə gözləyir?

- Faciə ondadır ki, indi gürcü tamaşaçısı indi heç nə gözləmir. 80-ci illər böhran dövrü oldu. Bilirsiniz ki, 1988-ci ildən Qafqazda müharibə gedir. Bu müharibələri düşünüblər ki, biznesmenlər bizneslərini qura, böyüdə bilsinlər. Sizin ölkədə də, bizim ölkədə də müharibədir. On gün əvvəl bizim teatr “Kuraj Qafqazda” adlı tamaşa hazırlayıb. Məşhur yazıçımız İrakli Kakabadze Brextin məşhur əsərinin motivləri əsasında yazdığı “Kuraj Qafqazda” pyesini işləmişik. Kurajın əhvalatı Qarabağ müharibəsindən başlayır və 2008-ci ildə bitir, yenə də müharibə ilə. Çünki nə Qarabağda, nə də Gürcüstanda müharibə hələ bitməyib. Yəni, əsas problem odur ki, bu yerdə müharibə bitmək bilmir. Biz bu tamaşanı müxtəlif açıq məkanlarda oynayırıq. Bizim belə bir düşərgəmiz var- “Dünya düşərgəsi”. Burada Azərbaycandan, Ermənistandan olan insanlar var. Onları bu tamaşalara, layihələrə dəvət edirik. Bu çox maraqlı prosesdir. Bax belə...

news-inner-user
Aliyə

975 məqalə

Paylaş

Oxşar xəbərlər