Sevgilimlə iki söz arasında... - Əli Kərim

Sevgilimlə iki söz arasında... - Əli Kərim
28 yanvar 2026
# 17:00

Kulis.az Əli Kərimin "Fraqmentlər" şeirini təqdim edir.

Otuzdan çox yaşamışam...
Göyçayda,
Bakıda,
Moskvada,
Tiflisdə.
Arabada, təyyarədə,
Gah qum üstə,
Gah dənizdə.
Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
iki söz arasında.
Xəstə olarkən
Həkimin çarəsində.
Bəzən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında.
Bəzən söz yarışında
Bəzən ölüm sözünün polyar qışında
Bəzən günlərimi başlı-başına buraxıb
Onlarsız əylənmişəm.
Sonra da günlərin məni atıb
getməyindən gileylənmişəm.
İllərimin çoxusu mənimlədir,
Ailəmin üzvüdür.
Yoxlayanda bir-bir
Görürəm bəzisindən
günlər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh, onlar çoxdan ötüşüb
Bəzisi toz olub ayaqlar altında.
Bəzisi hansı maşındasa
yadımdan çıxıb gedib.
Bəzisi
bir vaxt kənarında
Yaşadığımız çayın
suyunda axıb gedib.
Amma eləsi də var ki,
itməyib.
könlümü incitməyib.
Elə saatım var ki, ağac olub
Bir dost bağında.
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük ay-boşqaba,
yeyirik şirin-şirin.
Hər il təkrarı olacaq
bu dəqiqələrin.
Hərdən düşür dəqiqələr budaqlardan
yerə bir-bir.
Sahibini görüb gəlir, onlar nədir,
Saatım var
Bir insan sevincində
bir hissədir.
Solmuş bir təbəssümün
Parıltısını qaytarmış.
O ölməmiş. O ömr edir.
Anlarım var:
Leysan yağışı kimi yağmış
Kövrək bir insan qəlbinə;
Bitirdiyi çiçəklər
mükafatdır mənə.
Oğlanlarıma baxıram:
Boylu-buxunlu günlərimdir.
Nurlu gecəm. al səhərimdir.
Şeirlərimə baxıram:
Demə ölmüş günlərimdir.
Yanıb dəftərə tökülmüş günlərimdir.
Otuzdan çox yaşamışam.
Peşman deyiləm.
Gələcəyə baxıram,
Dayan!
Gör nə deyirəm.
O hələ ömründən deyil,
Düşün axşam-səhər
Sən onu fəth etməlisən
Son zərrəsinə qədər.

2 aprel, 1964

# 1492 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər