Mən məntiqə meydan oxumağı qərara aldım

Mən məntiqə meydan oxumağı qərara aldım
21 oktyabr 2014
# 14:35

Kulis.az dahi Danimarka rejissoru Lars fon Trierin 2009-cu ildə çəkdiyi məşhur “Antixrist” filmi barədə özünün qələmə aldığı “Mən məntiqə meydan oxumağı qərara aldım” məqaləsini Sevda Sultanovanın tərcüməsində təqdim edir. Məqalə Fransanın “Studio Cine live” jurnalının 5-ci sayında (2009) çap olunub.

Filmlərimin ideyası məni narahat edən, həyəcanlandıran bu və ya digər sualların cavabı kimi meydana çıxır. “Antixrist” “Dalğaları yararaq” və ya “Doqvill” kimi filmlərimdən fərqli olaraq, əxlaqi-mənəvi məsələlərlə bağlı düşüncələri təxribata çəkir.

Mən qəhrəmanlarımın fikirləri, ideyaları, davranışları ilə tam razı deyiləm. “Antixrist” uşağın ölümü səbəbindən bir cütlüyün yaşantılarını anladır, amma filmin əsasında özümün də cavab verməyə çətinlik çəkdiyim xeyir və şər haqda düşüncələr dayanır.

Sonra isə süjeti texniki ambisiyalarla bir araya gətirmək lazım idi: əvvəlki filmlərimin estetikasını buna necə bağlayacağımı bilmirdim. Son filmlərimə xas olan, spontan xarakterli çəkilişlərdə kameranın hər hərəkətinin ciddi şəkildə düşünülməsini nəzərdə tuturam.

Amma “Antixrist”in çəkilişi zamanı ən böyük sınaq depressiyanı adlamaq zərurəti idi. Bir neçə il depressiya mənə o qədər mane oldu ki, hətta daha film çəkə bilməyəcəyimi düşündüm. Xəstəliklə mübarizə üçün az iradə və güc lazım olmadı. Filmdə oynayan Şarlotta GensburgUilyam Defo mənimlə xeyirxah davrandılar. Onlar mənə vəsvəsənin, qarabasmanın öhdəsindən gəlməyə kömək etdilər.

Özümü hər gün işləməyə məcbur edirdim, amma yenə də etiraf etməliyəm ki, bu filmdə imkanlarımın yalnız 40 faizindən istifadə etdim. Bəzi şeylər sadəcə diqqətimdən yan keçdi. Müəyyən çətinliklər mənə tanış olmayan kamera ilə çəkməyimlə izah olunur: vərdiş etdiyim kimi eyni zamanda çəkə və aktyorlara rəhbərlik edə bilmirdim. Yeni rəqəmsal kamera - “Red” gözəl təsvir əldə etməyə imkan verir, amma dərhal naturadan studiyaya keçmək imkanı vermirdi. Çünki monitorda gördüyünüz işıqlanma son nəticə olmurdu, o, nəsə dumanlı görünürdü - sonradan isə təmizlənməli idi.

Belə kamera ilə işləmək həmişə təsvirlə eksperiment etməyə imkan vermir. Amma köhnə qayda üzrə kiçik HD kamera ilə işləyəndə həmişə buna nail olurdum. İstəyirdim ki, “Antixrist” möhtəşəm, əzəmətli və eyni zamanda realist, sənədliliyə yaxın üsluba malik olsun. Yeni kamera niyyətlərimə tamamilə cavab verirdi və bundan başqa yeni texnikanı mənimsəməyə fürsətim də olacaqdı.

Mən həmişə mübarizə aparmalı olduğum çətinliklərdən danışıram. Hərçənd, onlar mənə stimul verib... Nə etmək olar? Əgər hər hansı fikrimi reallaşdırmaq üçün vasitə tapıramsa, o zaman iş metodumu tamam dəyişirəm. Bunun üçün üzərimdə nəzarəti itirməliyəm, yoxsa robota çevrilərəm.

Ssenari yazmaq prosesi mənim üçün ən xoşbəxt mərhələdir. Təxəyyülümü sərbəst buraxaraq, irəliyə instinktiv hərəkət etməkdən ötrü ilk dəfə klassik dramaturji effektlərdən imtina etdim. Yaxınlara kimi şamanizmlə maraqlanırdım. İndi də arabir hərəkətə keçən heyvanların mənimlə danışan ağlasığmaz görüntülərini görürəm. Bəzilərini “Antixrist”də təsvir eləmişəm. Amma onlar disney heyvanlarına oxşamır.

“Doqvill”in və ya “Manderley”in statik strukturundan fərqli olaraq, “Antixrist” nədəsə xaotikdir: qərara gəldim ki, məntiqə meydan oxuyum. Film səssiz, xəlvəti, kimsəsiz meşədəki komada cənnəti rədd edən iki şəxsiyyətin toqquşmasından danışır. Bu, zamandan kənar konfliktdir və hekayət təxribatlılığı Strindberqin dramaturgiyasını xatırladır. İblis obrazındakı ana kabusu filmin qəhrəmanlarını təngə gətirərək, sırtıqlıqla təqib edir. Çoxları buna görə bizi qınayacaq, amma təkrar edirəm: film mənim baxışlarımı əks etdirmir. Öz əxlaqi dayaqlarıma, təməllərimə etibar etməyərək, uydurmaya əl atmışam.

“Doqvill”in sonunda Qreys kəndin bütün əhalisini məhv etmək niyyətindədir. Onun addımını təqdir etmirəm. Amma şagirdlərə nəyin pis, nəyin yaxşı olduğunu izah edən müəllim deyiləm. Daha artığını deyəcəm: əsasında nasist ideologiyasının dayandığı film çəkməyə də tam qadirəm. “Dalğaları yararkən”ə baxanların çoxunu baş qəhrəmanın qurbanverməsi, bütövlükdə isə nəticədə meydana gələn xristianlığın obrazı dəhşətə gətirmişdi. Mən teologiyadan mühazirə deməyə yox, yalnız melodramı küncə sıxışdırmağa çalışmışam. Ümumilikdə, filmlərimdə onların közərməsi, gərginliyi təzahür edir.

Qəhrəmanların əksəriyyətinin davranışı, onların xeyirxahlıq etmək istəyindən doğur. Mən təsəlliverici kinonun rejissoru deyiləm.

Ssenari hazır olanda, aktyorları filmdə çəkilməyə razı salmaq lazım idi. Çünki çoxlu zorakılıq, açıq seks səhnələri vardı. Bilirdim ki, Uilyam Defo mənimlə sona kimi gələcək. Problem Eva Qrinlə yarandı, agenti onu filmdə çəkilmək fikrindən daşındırdı. Təəssüf. Xoşbəxtlikdən, fikrimə maraq və anlayış göstərən Şarlotta Gensburqla tanış oldum. Bizim görüşdən sonra, o, istənilən rejissorun aktyordan eşitmək arzusunda olduğu sözü dedi: “Bu roldan ötrü ölməyə hazıram”.

Anlayışlı olmayan aktyorun öz vəzifəsinin öhdəsindən gəlməsi mümkün deyil. Çəkilişlərdə gördüm ki, o, anasına sms yollayır və nə etməli olduğunu danışır. Amma, inanın mənə, o, zibilə oxşayan şeylər etməli olurdu.

Şarlottanı güclü və təhlükəli, son həddə olan rolda oynamaq imkanı cəlb edirdi. Bu gün kinoda mənfi obraz oynamağa hazır olan aktrisalara nadir hallarda rast gəlirsən.

Aktyorlarla iş konfrontasiyaya, mübarizəyə çevrilə bilər, “Qaranlıqda rəqs edənlər”Byorkla belə olmuşdu. Aktyor əvvəldən anlamalıdır ki, rejissor hər şeyi bilən insandır. Onda hər şey alınırsa, bu, etibar, güvən məsələsidir. Etibar yoxdursa, dahi rejissor belə istədiyini əldə edə bilməyəcək. Aktyorla işin uğuru onlarla insani münasibətlərdən asılıdır. Biz həmişə onlara vuruluruq. Və aktyorlar öz hisslərini ifadə etmək fürsəti əldə etməlidirlər.

Çəkiliş meydanında öz iş ritmimi aktyorların ritminə uyğunlaşdırmağa çalışıram. Hər kəsin öz ritmi var. Şarlotta Gensburq və ya Emili Uotsonu (“Dalğaları yararkən”də baş rolu oynayan aktrisa) az dublla çəkdik. Onların hər ikisinə instinktiv iş metodu xasdır. Onların heyrətamiz intuisiyası var. Qəribədir ki, kişilərlə həmişə çətindir. Onlar doğru intonasiya tapmazdan əvvəl çox sual verirlər. Məşq vacib əhəmiyyət daşıyır.

Aktyorlara əvvəlcə dekorasiyada məskunlaşmağa imkan verirəm, yalnız bundan sonra qərara alıram ki, kamera harda olmalıdır. Bu, çox təbii iş metodudur. Ona görə tez-tez kiçik rəqəmsal kameradan istifadə edirəm: onların manevr qabiliyyəti hərəkətli çəkməyi asanlaşdırır.

“Antixrist”də çətinliklə üzləşdim, çünki hərəkətin canlılığını eyni zamanda işığın köməyi ilə saxlamaq istəyirdim. Bu, klassik üslubdur.

Bu, ikiliyə nail olmaq asan deyildi. Alınmayan nəyəsə məsuliyyəti yalnız mən daşıyıram.

Daimi axtarış montaj mərhələsində də davam etdi. Karyeramın əvvəlində kadrların düzülüşünü dəqiq edirdim və filmlərim fabrik məhsullarını xatırladırdı. Onda yalnız süjetə diqqət kəsilirdim.

Aktyorlara improvizə imkanı verəndən əl kamerası ilə çəkirəm və bu kadra məlum xaotikliyi verir. İndi əlimdə əvvəlkinə nisbətən daha çox çəkilmiş material olur. Bundan başqa qəhrəmanların müxtəlif psixoloji vəziyyətlərini qarışdırıram. Səslə də, işıqla da eyni cür davranıram... Onların nə dərəcədə orqanik olduğuna fikir vermədən... Bəzən bir planda günəş şəfəq saçır, ardınca başqa planda yağış yağır. Mənim üçün əsas – atmosferi yaratmaqdır, nəinki onu min dəfə görülmüş şəkildə təsvir etmək.

Bu azadlığı qorumaq üçün Kopenhagen ətrafında hərbi kazarmaların yerində “Zentropa” studiyasını qurmuşam. Studiyada iş üçün bütün mümkün şərait yaradılıb: montaj, pavilyon, ofis... Fəxr edirəm ki, “Doqvill”i tamlıqla orda, sakit şəraitdə çəkmişəm.

“Antixrist”in çəkilişləri böyük çətinliklər yaratdı. Almaniyada natura axtarmalı olduq.

Bəzi texniki və bədii fikirlər, reallaşdırılmaq üçün əhəmiyyətli vəsait tələb edir. Beləliklə, prodüserlərdən həmişə etiraz gözləmək mümkündür. Bu isə seçimin zəruriliyini diktə edir.

Filmim çəkilib. Onun necə qəbul olunacağını gözləyirəm. Ümid edirəm ki, o, insanların qəlbində hansısa yer tutacaq.

# 4724 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #