Afaq Məsudun tərcüməsi

Afaq Məsudun tərcüməsi
30 sentyabr 2014
# 12:04

Elə həqiqətlər var ki, onu anlamaq üçün müəyyən yaş və təcrübə lazımdı. Amma bəzən yaşın çoxluğu, təcrübənin zənginliyi vacib deyil. Sadəcə işin içində olmalısan...

Hardasa 15 il əvvəl mətbuatda belə bir fikir yazmışdım ki, bəzən cəmiyyət öz dəyərlərinə yiyə dura bilmir. Bu, orqanizmin xəstələnməsinə bənzəyir. Xəstə orqanizmin viruslara qarşı immuniteti azalır, bu zaman tibbi müdaxilə qaçılmaz olur. Cəmiyyət də mənəvi sahədə zəifləyən kimi, “viruslar” - manıslar, düşük şoumenlər, əxlaqsız müğənnilər, yaltaq şairlər fəallaşır. Və bu, bulanıq suda balıq tutanların işinə yarıyır ancaq.

Bu zaman nə etməli? Bu zaman dövlət məsələyə müdaxilə edib, cəmiyyəti mənəvi böhrandan çıxarmalıdır. Necə ki, zaman-zaman bu təcrübənin effektini görmüşük. Muğam sahəsində, klassik musiqinin təbliğində, kino sahəsində.

Etiraf edək, biz böyük Üzeyiri balaca Üzeyirə dəyişmək üzrəydik! Televiziyalar, mətbuat və Opera Teatrı olmasa bu dəyişmə prosesi asanlıqla, sanki belə olmalıymış kimi başa çatacaqdı.

Kütlə bədii informasiyanı sevmir. O, düşünmək istəmir. Elə musiqiyə qulaq asıb, elə kitablar oxuyur ki, başı işləməsin, yalnız dincəlsin, uyusun. Yaradıcı intellektualların işi cəmiyyəti bu təhlükəli yuxuya getməyə qoymamaqdır. Bunun üçün dövlət yaradıcı sahələrə vəsait də ayırır. O cümlədən ədəbiyyat sahəsinə...

Ancaq dövlət ədəbiyyat sahəsinə yalnız AYB xətti ilə vəsait ayırır. Mədəniyyət və Turizm Nazirliyinin bəzi nəşrləri, yubiley tədbirləri və mükafatları nəzərə alınsa belə bu həqiqət dəyişməz olaraq qalır. AYB ölkənin Ədəbiyyat Komitəsi işini həyata keçirir. Çünki əgər söhbət QHT-dən gedirsə, o, büdcədən birbaşa maliyyələşməməlidir. İllah da qəzet və jurnallar! AYB-nin ədəbi orqanları ölkədə yeganə mətbuat vasitələridir ki, büdcə vəsaiti hesabına fəaliyyət göstərir. Amma bunun qarşılığında nə edir? Niyə müstəqil olduğumuz 23 il ərzində bir dənə də olsun sağlam ədəbiyyat təşkilatı dövlət qeydiyyatından keçməyib? Halbuki, məsələn kino sahəsində onlarla MMC var ki, çoxsaylı film istehsal edib, layihələrdə qalib olub, beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edib.

AYB-yə niyə vəsait ayrılır? Sualımız bu deyil. AYB niyə bu vəsaiti ədəbiyyatın inkişafına sərf eləmir? İnanın, sual bu da deyil. AYB niyə bu vəsaiti alternativlərin yaranmasına əngəl olmağa xərcləyir? Bax sual budur!

Yenə təcrübə: dövlət vəsaiti hesabına çap olunduğu halda oxucular arasında heç bir nüfuzu olmayan “Ədəbiyyat qəzeti” 2000-lərin əvvəlində Yeni Azərbaycan Partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzetinə iriplanlı bir hücum həyata keçirdi. Səbəb dəhşətli dərəcədə absurd idi: “Yeni Azərbaycan” niyə “Ədəbiyyat” adlı əlavə nəşr edir? Ölkədə bu işi görən qəzet var axı... Və məsələnin daha absurd yanı bu idi: “Yeni Azərbaycan” “Ədəbiyyat” adını AYB-nin məşhur orqanından plagiat edib. Təsəvvür edirsiniz? Mən onda başa düşdüm ki, AYB “Ədəbiyyat” sözünü belə öz şəxsi mülkü hesab edir və onlardan icazə almadan bu addan istifadə etmək olmazmış...

Amma əsl səbəb başqa idi. Qəzetin o vaxtkı baş redaktoru Alqış Həsənoğlunun ədəbiyyata sevgisi və yazarlara mərdanə münasibəti sayəsində AYB-nin alçaldıcı şərtlərinə boyun əyməyən qələm adamları rahat şəkildə çap olunurdular və tərs kimi, həmin buraxılış ciddi şəkildə oxunurdu. Bu isə ədəbiyyatın AYB monopoliyasından çıxdığına ciddi işarə idi. Onları bu məsələ çox narahat edirdi...

Analoji münaqişə bir müddət sonra “Ədalət” qəzeti ilə başladı. Çünki, bu dəfə də Aqil Abbas fərqli düşünənlərə tribuna vermişdi... Və heç gözləməzdi ki, AYB bu məsələyə görə, bu qədər hirslənə bilər. Ölkənin hakim partiyasının orqanına donkixotsayağı hücum çəkən AYB funksionerləri bu dəfə də Aqil Abbasın kim olduğunu nəzərə almadan hərzələrə, hədyanlara keçdilər...

Təbii, Yusifi zindana saldıranlar yenə qalib gəldilər. Amma Yusif bir gözəllik və saflıq simvolu olduğu üçün kibrli kahinləri hələ çox narahat edəcək...

AYB ilə ən fundamental mübarizəni Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi (TM) aparırdı. Mərkəzin rəhbəri Afaq Məsud heç bir xırdaçılığa enmədən tərcümə kimi ciddi sahəni AYB-nin “sükunət siyasəti”ndən xilas etməyə çalışırdı. Onun, heç nəsiz buraxdığı “Xəzər” jurnalı AYB-nin büdcədən formalaşan bütün qəzet və dərgilərindən qat-qat gözəl idi. Amma kim idi adamı işinə görə dəyərləndirən? Xüsusən AYB-də... Əksinə, burada iş görən adamlar problemli hesab olunur. Sükut! Çöküş! Tənəzzül! Sükunət! Əks təqdirdə sənə çox rahatca kandarı göstərəcəklər...

Afaq Məsud haqlı olaraq yaltaqlıq və yarınmaq iyerarxiyası üzərində qurulan AYB səltənətini ciddiyə almadı. Öz bildiyi kimi də etdi. Və budur, günlərin birində dövlət tərcümə mərkəzini xilas etmək üçün əlini uzatdı...

Onun zəhmətləri, əziyyətləri, saf, səmimi ədəbiyyat sevgisi cavabsız qalmadı. Amma təbii ki, AYB yenə öz bildiyindən qalmadı. Əvvəl keçmiş TM-nin binası üçün manevr etdi, daha sonra “Afaq Məsudun yerinə” yeni təyinatla “səs küy” saldı. Hərgah Səlim Babullaoğlunun da haqqını yeməmək lazım. Onun “Dünya ədəbiyyatı” dərgisindəki əziyyətləri unudulmazdır. Amma...

Bəli, doğru tutmusunuz!

Bu yazı Afaq Məsuda dəstək üçündür.

Onun tərcümə sahəsində üst-üstə qalaqlanan dağdan ağır problemlərin öhdəsindən gələcəyinə inanıram. Bircə o qalır ki, bir belə bədxah arasında ona yetərli dəstəyi verək. Yoxsa bir gün biri çıxıb deyəcək ki, ümumiyyətlə “Tərcümə” sözü bizimdir...

# 2604 dəfə oxunub

Oxşar xəbərlər

# # #