Cəmi dörd il sonra ara qarışacaq, məzhəb itəcəkdi. Ancaq hələ dörd il vardı, xalqlar dostluğu ideyası işləyirdi. Və erməni əsilli, erməni ad, soyadı daşıyan birinə Azərbaycan Xalq Şairi adı verilmişdi.
Azərbaycanın bir neçə erməni əsilli xalq yazıçısı və şairi var. Burda “var idi” demək yerinə düşmür, çünki onları heç kim bu addan məhrum etməyib.
Kulis.Az bu yazıçılardan biri haqqında araşdırma apararaq müəyyənləşdirmişdi ki, Aleksandr Şirvanzadə Azərbaycanın ilk xalq yazıçısıdır.
Bu dəfə isə Azərbaycanın xalq şairi, erməni əsilli Savmel Qriqoryan haqqında müəyyən məlumatlar əldə etməyə çalışmışıq.
Rus və ingilis internet mənbələrində rast gəldiyimiz qısa məlumatlarda bunlar yazılıb:
Avanesoviç Samvel Qriqoryan 20 aprel 1907-ci ildə Xocalının Şuşakənd kəndinə dəmirçi ailəsində anadan olub. 1926-cı ildə ədəbi yaradıcılığa başlayıb. Yerevan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925-1929) bitirib.
Qırmızı Əmək Bayrağı (1967) ordeni alıb, Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi, (1970) Azərbaycan SSR Xalq Şairidir (1984), Azərbaycan SSR (1959-1985) Ali Sovetinin deputatı olub.
Daha çox xalqlar dostluğu mövzusunda yazıb.
Puşkin, Lermontov, Taras Şevçenko, həmçinin Azərbaycan klassiklərinin əsərlərini erməni dilinə tərcümə edib.
1957-ci ildə Bakıda nəşr olunan “Ədəbi Azərbaycan” jurnalının redaktoru olub.
Azərbaycan Radio Verilişləri Komitəsində işləyib.
Xalq dostluğundan yazan Qriqoryan 1987-ci ildə dünyasını dəyişdi, dostların düşmənə çevrildiyi günləri görmədi.
Samvel Qriqoryan haqqında M.F.Axundov adına Milli Kitabxanadan da bəzi məlumatlar əldə etmək mümkündür. Baxmayaraq ki, onun adının əks olunduğu kataloqun üstündən çalın-çarpaz xətt çəkilib.
Burada Samvel Qriqoryanın 1967-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında işıq üzü görən “Dünya qəlbimdədir” adlı kitabı var. Ancaq bu kitabda şair haqqında hər hansı bir məlumata rast gəlinmir.
“Dünya qəlbimdədir” də şair Əhməd Cəmilə həsr olunmuş şeir var:
Dostluq
Dost var, gün doğanda bir kölgə kimi,
Səninlə dolanar, keyfi saz olar.
Lakin bulud göyü alan zamanda
Nə qədər axtarsan tapılmaz olar.
Yox, elə dostlara bənzəmədik biz,
Yyalnız bir günəşdən hərarət aldıq.
Ayrı döyünmədi ürəklərimiz,
Ömür yola saldıq, gün yola saldıq.
Poladtək bərkidik çətində, darda,
Daha sıx dayandıq əsəndə külək.
Bəzənib yanaşı gəzdik baharda
İki qardaş xalqın qardaş oğlutək.
Və Axundov kitabxanasından Samvel Qriqoryan başqa tapdıqlarımız...
“Ədəbiyyat və incəsənət” qəzetinin 1976-cı il sayında isə Samvel Qriqoryanın “Bir foto-şəklin tarixi” yazısı işıq üzü görüb. Müəllif yazının içində verilmiş foto haqqında bunları yazır: “Bu şəkilə baxdıqca Azərbaycan sovet yazıçılarının birinvi qurultayı-bolşevizmin ədəbiyyatda parlaq nümayişinə çevrilmiş bu böyük hadisə gözlərim önündə canlanır. Bu, 1928-ci ilin sözüdür....
...fasilə zamanı biz, - o vaxt hələ çox da tanınmayan bir qrup yazıçı- Hüseyin Natiq, mən, Qurgen Şahyan, i.Cahangir və başqaları foyedə yığışıb fikir mübadiləsi aparırdıq. Bu vaxt Səməd bizə yaxınlaşıb:
- Nə fikrə getmisiniz?- dedi, -gəlin şəkil çəkdirək.
Şəkil çəkdirəndən sonra Səməd dedi:
- Hə, bax, indi düşdünüz tarixə.
Sonra qəhqəhə çəkib güldü.
Bu, əlbəttə zarafatla deyilmiş bir söz idi. Lakin bu zarafatda Səmədin öz qüvvəsinə, öz qeyri-adi istedadına inamı hiss olunurdu.”
Qriqoryanın “Dünya qəlbimdədir” kitabında “Azəri qızına” yazdığı şeir də var:
Dərin düşüncəyə, fikrə gedərək
O bizim küçədən keçirdi dünən.
Vurdu ehtiramla sinəmdə ürək
Baxdım min hörmətlə camalına mən.
O qara, mənalı gözünə baxdım
Ruhum pərvaz etdi qanad açaraq.
Aynatək tərtəmiz üzünə baxdım
Bacı! Bacı! –dedi dodağım ancaq.
Doğmayıq, suyumuz, torpağımız bir
Birdir baharımız, günəşimiz də.
Ilk gündən odumuz, ocağımız bir
Birdir dədə-baba vərdişimiz də.
Qriqoryanın Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ərəfəsində dahi bəstəkarla bağlı xatirələri “Ədəbiyyat və İncəsənət” qəzetinin 1984-cü il 3 avqust sayında dərc olunub.
“Dahi sənətkarı düşünərkən” sərlövhəli yazısında müəllif qeyd edir: “...Məhləmizdəki binalardan birinin alt mərtəbəsi qaranlıq və nəmişlik idi. Ora heç kəsə gərək olmayan şeylərlə, daş-kəsəklə dolu idi. Həyətimizin gəncləri ilə əlbir olub otağı təmizləməyi mədəni əyləncə yerinə-kluba çevirməyi qərara aldıq. Qısa müddətdə alt mərtəbəni qaydaya salıb işıq çəkdik, divarları ağrtdıq. əməlli-başlı klub oldu. Burada ədəbi-bədii gecələr keçirir, tamaşalar göstərirdik.
Burada Üzeyir Hacıbəyovun məşhur “Arşın mal alan” musiqili komediyasını nümayiş etdirməyi qərarlaşdırdıq. Əsgər rolunu oynamaq mənə, Gülçöhrər rolunda çıxış etmək isə erməni məktəblərindən birində oxuyan Marqo adlı qıza tapşırılmışdı. Məlahətli səsi olan Marqo həm də gözəl idi. Digər obrazların ifaçılarını da tapmışdıq. Qarşıya çıxan bütün çətinlikləri aradan qaldıraraq məşqlərə davam etdirirdik.
Hər şey olandan sona afişalar yazıb divarlara vurduq. Biletlərin çox hissəsini özümüz satdıq. Əsasən dostlara, qohumlara, yaxın adamlara payladıq. Tamaşa ərəfəsində gözlənilməz hadisə baş verdi. Xalq Maarif Komissarlığının nümayəndəsi Dondarov bizi yanına çağırdı:
- Sizə kim icazə verib ki, özbaşına işlər görəsiniz?-deyə üstümüzə qışqırdı-Bəs indi Hacıbəyov bilsə... Başa düşürsünüzmü, bu nə deməkdir?
Nə qədər yalvar-yaxar elədik. Dondarov yola gəlmədi ki, gəlmədi.
Üzeyir Hacıbəyova müraciət etməyi qət etdik. Bəxtimizdən bəstəkar ordaydı. Qorxa-qorxa və ehtiyatla gedib görüşdük. Klubumuz barədə ona məlumat verdik. Bizə diqqətlə qulaq asdı. Bu addımımız Üzeyir Hacıbəyovu sevindirdi:
- Sizin təşəbbüsünüz alqışa layiqdir. Küçədə veyllənmək əvəzinə mədəniyyət ocağı yaratmısınıız. Bunun nəyi pisdir?
Sonra o, telefonun dəstəyini götürərək Dondarova zəng çaldı:
- Belə gözəl təşəbbüsə niyə mane olursunuz?-deyə əlavə etdi-Eybi yoxdur, qoy tamaşa bir qədər zəif olsun, axı bu gənclər peşəkar aktyorlar deyillər! Bədii özfəaliyyət kollektividir. əgər imkanınız varsa kömək edin. Bunu bacarmırsınızsa, barı mane də olmayın.
Telefonun dəstəyini yerə qoyandan sonra bəstəkar baş rolların ifaçıları ilə maraqlandı. Bizi piano olan kiçik bir otağa dəvət etdi.
- Əgər mümkünsə bir-iki ariya ifa edin. Ümumiyyətlə məni sizin səsiniz maraqlandırır- deyə o, pianonun arxasına keçdi. Marqo ilə irəli gəlib oxumağa başladıq. əvvəlcə bir qədər özümüzü itirdik, lakin sonra ilhamla və inamla oxuduq.
- Yaxşıdır, gözəldir-deyə, Üzeyir Hacıbəyov bizi ruhlandırdı.
Harda oxumağımızla maraqlandı və əlavə etdi. Siz mütləq səsinizə fikir verməli, onu idarə etməyi bacarmalısınız. Mən erməni incəsənət evinin rəhbəri Anton Mailyan ilə danışaram, onun musiqi studiyası var, bu işdə sizə yaxından kömək edər. əgər sonralar istəsəniz sizi konservatoriyada oxumağa göndərərik. Dahi bəstəkarla xudahafizləşib teatrdan çıxanda uçmağa qanadımız yox idi. Tamaşa gözlənildiyindən də müvəffəqiyyətli keçdi. Onu bir neçə dəfə təkrar nümayiş etdirdik. əldə olunmuş məbləğ hesabına stullare aldıq, klubu, eləcə də səhnəni qaydaya saldıq.
“Arşın mal alandan” başqa “Sos və Vartiter”, “Aşıq Qərib” və bir sıra dramatik pyesləri də tamaşaya qoyduq. Klubumuza Üzeyir Hacıbəyovun adını verdik”.
Bu yazıda Qriqoryan Ü.Hacıbəyovun erməni müğənnisi Tiqran Nalbandiyana pul göndərməyindən də danışır:
“Hacıbəyov tanınmış erməni müğənnisi Tiqran Nalbandiyana səmimi münasibət bəsləyirdi. Musiqi təhsilini İtaliyada alan Nalbandiyan ömrünün son illərini Bakıda yaşayırdı. Tiqran xalq mahnılarını, eləcə də Komitasın əsərlərinin ən yaxşı ifaçısı idi. Elə gün olmazdı onun oxuduğu mahnılar radiodan, klub və mədəniyyət evlərinin səhnələrindən eşidilməsin.
Böyük Vətən müharibəsi başlamışdı. Efirdə əsasən lent yazıları səsləndirilirdi. Ü.Hacıbəyov olmasaydı kim bilir, qoca Tiqran Nalbandiyanı nə kimi faciələr gözləyirdi? Böyük bəstəkar hər ay müğənniyə öz hesabına pul göndərirdi.”
1986-cı ildə isə xalq şairi Süleyman Rüstəmin anadan olmasının 80 illiyi münasibətilə Samvel Qriqoryan ona açıq məktubla təbrikini çatdırıb. “Ədəbiyyat və incəsənət” qəzetinin 14 mart sayındaı “Şair dostuma açıq məktub”u dərc olunub. Həmin yazıdan bəzi məqamlar:
“...Ermənistana və erməni xalqına bəslədiyin səmimi hisslər bu xalqa məhəbbətinin parlaq ifadəsidir. Aşağıdakı şeirini həyəcansız oxumaq mümkün deyil:
Aşıq kimi saz götürüb alnı açıq, üzü ağ
Mən erməni dostlarımın vətəninə gəlmişəm.
İlk gəlişim deyildir bu, yox, deyiləm bir qonaq
Mən bu yerə-öz evimə dönə-dönə gəlmişəm.
Əzizim Süleyman, yaxşı bil ki, ermənilər də sənin xalqını ürəkdən sevir. Mənim xalqım sənin istedadını, eləcə də könülləri fəth edən poeziyanı həmişə layiqincə qiymətləndirmişdir. Sənin ən gözəl şeirlərin həmişə erməni dilinə dəfələrlə tərcümə edilmiş və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. Belə bir faktı da qeyd etmək lazımdır ki, bu gün sənin yubileyini erməni xalqı da təntənəli şəraitdə bayram edir. Qardaşlıq və dostluq bayramı kimi, görkəmli bir sənətkarın yubileyi kimi.”
“Ədəbiyyat və İncəsənət” qəzetinin 1986-cı il, 24 oktyabr sayında
Samvel Qriqoryan Azərbaycanın xalq şairi Səməd Vurğuna həsr etdiyi şeir işıq üzü görüb:
Səməd Vurğun- əhsən bu doğma ada
Vüqarla çəkilir bu ad dünyada
O nələr, ah nələr gətirir yada
Yadıma xoş günlər, xoş çağlar gəlir.
Şerin neçə qapı, neçə dil açdı
Ürəkdən ürəyə neçə yol açdı
Günəştək qəlblərə şəfəqlər saçdı
Sənə oğlum deyən analar gəlir.
Şeir Azərbaycan dilində yazılıb.
Qriqoryanın “Kommunist” qəzeti 1984-cü il, 30 noyabr sayında “Azərbaycan” adlı şeiri dərc olunub.
Ömrümün ən çətin, ən dar çağında
Gəldim, yuva saldım gül qucağında.
Yox oldu kədərim, yox oldu qəmim
Mənim əziz dostum, əziz həmdəmim.
Sən, sən oldun məni göyə ucaldan
Odur ki, səninçün keçərəm candan.
Çörəyin halaldır, suyun halaldır
Hər guşən misilsiz bir cah-cəlaldır.
Şirindir üzümün, şirindir narın,
O narı, üzümü dərən qızların.
Qoy var olsun elin, ey doğma diyar
Bu sözləri Samvel həmişə deyər.