Xoşqədəm Hidayətqızının həbsi

Xoşqədəm Hidayətqızı, aparıcı

Xoşqədəm Hidayətqızı, aparıcı

23 may 2022
# 11:18

Kulis.az Rəvan Cavidin "Xoşqədəm" yazısını təqdim edir.

Əvvəlindən salan olsaydı əgər başə bizi,

Cəhlimiz salmaz idi bunca dağa-daşə bizi.

Əliağa Vahid.

Televiziyaları nə qədər tənqid ediriksə, bir o qədər “zibili” çıxır. Ki hələ bizim televiziya aparıcılarımızı da başa salan olsaydı ki, yalanın ömrü qırx gün olur, bu qədər “gopalogiya” yaratmazdılar.

“Səni axtarıram” verilişini deyirəm.

Əlbəttə, bu proqram da Xoşqədəm xanımın beyninin məhsulu deyil. Dünya telekanallarında bu tipdə ona yaxın veriliş var. Onların da səmimi olduqlarına inanmıram. Beş nəfərə yaxşılıq edəndə, əlli nəfər “artist” tapıb gətirən Xoşqədəm xanım cəmiyyətin həssas damarını tutub. Səviyyəsiz, bayağı, “həyatın içindən” fraqmentləri yığıb tökür camaatın qabağına ki, yeyin, ağlayın.

Bir neçə əvvəl belə bir ssenarisi ifşa da olmuşdu.

Xülasə, TV proqramlarının bu qədər reytinqli olması inkişaf etməyən, təhsili nataraz kütlənin ictimai ağırlıqlarının bir neçə saat saxta göz yaşlarında unutdurulmasına hesablanır. İctimai fikri olmayan, hadisələrə çayxana politikası ilə yanaşan, Trampın, Putinin evinin içini bilən Azərbaycan cəmiyyəti Xoşqədəm xanımı qəhrəman bilirsə, təəccüblənmirəm.

Millətə canı yanan Xoşqədəm xanım o qədər yanır ki, tüstüsü bizim evlərin damından çıxır. Evlərimizin bir nömrəli bayquşuna çevrilən bu xanım, öz əqli, hikməti və hadisələrin qara fonu ilə məşhurlaşdı. Ağlamağa meylli olan xalqımızın travmaları Xoşqədəm Hidayətqızını birdən-birə xalq qəhrəmanına çevirdi. İlk vaxtlar Sibirdən, Varşavadan adam tapıb gətirən Xoşqədəm xanımın ya pulu qurtardı, ya da həvəsi öldü ki, başladı verilişində potensial aktyorlar yetişdirməyə. Ordan oturma, burdan otur, elə gülmə, belə ağla, qolunu bağlayın, ayaqlarını kəsin, anasını süründürün, nə bilim, bu kimi triervari ssenarilər.

İndi də gündəm olub ki, bəs bu qəhrəman xanım adamların şəxsi toxunulmazlıq hüququnu pozduğu, istintaq sirlərini yaydığı üçün məhkəməyə verilib. 6 il bundan əvvəl törədilən cinayət hadisələrində Xoşqədəm xanım təzə günahkarlar tapıb. Həmin “günahkarların” da vəkilləri bu teleaparıcıya həbs tələb edir.

Adamları itirib tapdığı bəs deyildi, indi adamların günahını tapıb gətirir. Özünü müqəddəs Məryəm zənn edən bu makiyajlı, “Xoşqədəm yox, Xoşqədəm xanım” etikasında olan aparıcı yatıb yuxuda gördüyü bütün hadisələri səhəri gün televiziyada canlandırır. Bir gün çıxıb desə ki, filankəsin qohumu Babil cinlərinin əcdadıdır və qədim romalılara sui-qəsd edib, sonra filankəsin qazları Romanı xilas edib, təəccüblənməyin. Hərdən mənə elə gəlir ki, Xoşqədəm Hidayətqızı hallüsinasiya xəstəsidir. Gözünə nə görünsə, onun mütləq həqiqət olduğuna inanır. Öz işidir. Amma, bizim milləti bədbəxt etməsə, heç kimin onunla işi olmaz.

Azərbaycanlı balalar onsuz da təhsili, mədəniyyəti, ictimai fikri qolu-budağı sınıq öyrənir, onsuz da televiziyalarda yönlü verilişlərin sayı beşi keçmir, heç olmasa ağlaşma qurub bu cür travma yaratmayın camaatda. Evimizə girmisiniz, cəhənnəm, heç olmasa özünüzü qonaq kimi aparın da.

Xoşqədəm Hidayətqızının düşüncəmizi, təfəkkürümüzü yaralamağı bəs deyildi, indi qanun pozuntusu ilə məcəllələri ələ salmaq istəyir. Hansı savadına, hansı biliyinə, hansı müəlliminə güvənib bu cür at oynadır bu xanım, bilmirəm. Bildiyim odur ki, “Səni axtarıram” və bu qəbildən olan başqa verilişlər sağlam cəmiyyət üçün yekə bir maneədən başqa bir şey deyil.

“Üç nöqtə” qəzetini yaradan Xoşqədəm xanım indi də adamların həyatına üç nöqtə qoymaqla məşğul olur. Bu qədər yalan və tragikomik səhnələri ilə Xoşqədəm xanım “İlin jurnalisti”, “Mübariz jurnalist”, “Peşəkar jurnalist” adlarını da alıb. Təklif edirəm ki, Xoşqədəm Hidayətqızına “Ən ağlağan”, “Ən həssas”, “Ən istedadlı rejissor”, “Ən yaxşı ssenarist” və bu kimi kateqoriyalarda adlar verilsin.

Əgər Xoşqədəm xanım həbs olunsa, ona “Vorzakon jurnalist” adı da vermək olar.

Söhbətin ən dramatik nöqtəsi odur ki, öz haqlarını, öz kimliklərini qanunlarda, müvafiq orqanlarda axtarmayan adamlar, gəlib Xoşqədəmdən imdad diləyir. Xoşqədəm Hidayətqızı da öz qarmağına təzə balıq ilişmişkən təzə ssenarilər qurub qəsdən və ya cahilliyindən qanunları, qaydaları pozmaqla məşğuldur. O qədər eyforiyaya qapanır ki, hərdən özü də bilmir nə edir və ortaya absurd mənzərələr çıxır.

Xoşqədəm Hidayətqızını çoxdan məhkəməyə verməli idilər. Hətta bu cür səviyyəsiz buraxılışlarına görə çoxdan həbs edilməli idi. Xoşqədəm kimi gəncliyi, ailələri zəhərləyən onlarla teleaparıcı var. Onlar üçün kiminsə şəxsi həyatı, dəyərləri vacib deyil, onlar reklamdan pul qazanmağı, özlərini bu xalqa qəhrəman kimi sırımağı daha böyük dəyər hesab edirlər.

İndi kimsə Xoşqədəm xanımı başa salmalıdır ki, etdiyiniz “xeyirxah” işlərdən yaxşı reklam tutmamısınza, əxlaqsızlığa qaçmaq olmaz. Öz cahilliyinizi, səviyyəsizliyinizi kiməsə sırımaq ağız dolusu danışdığınız o əxlaqsızlığın ən böyük nümunəsidir.

“TV-ləri zibilliyə atmaq lazımdır” ifadəsi yəqin şablondur, ona görə də, TV-lərdə insanların hüquqlarını, mənəviyyatını alçaldanları həbsə atmaq daha düzgündür.

# 20411 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #