Teatrımızı kim öldürür?

Teatrımızı kim öldürür?
15 may 2019
# 13:53

Kulis.az Aliyənin “Maraqsız yazı və ya qurultayqabağı qurultular” yazısını təqdim edir.

Ədəbiyyatmı, kinomu, rəssamlıqmı, teatrmı –ölkədə hansı sahə inkişafda daha irəlidədir, hansında sənət mühiti var, hansı sahənin insanları yaradıcılıq üçün daha azaddır?

Bəzən lokal bir müzakirədə, söhbətlərdə belə suallar səslənir. Bunun ardınca “Niyə” sualının ağır qoxusunu alırsan. Rəhmətlik Aydın Dadaşov bir tədbirdə böyük bir ustalıqla yerli kino barəsində “Niyə?” sualına cavab verə bilmişdi. Təxminən yadımdadır, “Şaquli idarəetmənin üfüqi idarəetməni üstələməsi” kimi unikal bir cavab idi.

Ən yaxşısı isə səbəb nəticə əlaqəli cümlələr qurmaqdır. Məsələn, inkişaf üçün mühit lazımdır, mühit üçünsə məşhur əhvalatda müdrikin İsgəndərə dediyi kimi “günün qarşısını kəsməsələr” bəsdir...

Bir də görürsən, kafedə darıxan yoldaşlar zəng vurub teatrdan xəbərdar adam kimi, yəni, teatrların repertuarından xəbərdar adam kimi, məndən baxmaq üçün tamaşa soruşurlar. “Keçəl dərman bilsə öz başına sürtər”, olsa-olsa 3, ya da 4 tamaşanın adını çəkərəm. Ona da baxmışlarsa daha heç. Niyə yönəldim, adam gedib tamaşada darıxa-darıxa məni pis-pis xatırlasın.

Hamı bilir, yuxarıda sadaladığım mədəniyyət sahələri içində ən ölüsü teatrdır (halbuki, teatrşünas alimlər teatrı ən canlı sənət kimi tərif edirlər); teatr sözünü başlığa çıxaranda yazı oxunmur. Teatr adamlarının müsahibələri az-az hallarda diri olur. Ha çalışsan da, bu sahədə bir fərli polemika ortaya çıxmır.

Amma məsələn, kinoda heç olmasa nəsə baş verir, kimsə nəsə istəyir, kimsə müsahibə verir, kimsə danışır, kimsə etiraz edir. Teatrdasa… Eləcə bunu deyim, bu qədər zaman ərzində Mədəniyyət Nazirliyinin teatr şöbəsindən allahın açıqlamasını düz-əməlli ala bilməmişəm. Tək mən deyil, mətbuatdan heç kim teatra məsul nazirlik məmurlarından yarımçıq müsahibə də ala bilməyib. Halbuki, kino şöbəsindən dəfələrlə müsahibələr, açıqlamalar almışıq. Eyni nazirliyin nəzarət etdiyi bu sahələrdə vəziyyət niyə fərqlidir?

Çox güman ki, bu, teatr adamını asılı salan strukturla bağlıdır. Maaş qulu olan teatr cameəsinin danışmağa, soruşmağa gücü yoxdur. O anda teatrların təmiri, maaş, adlar və s. xatırlanır, kitab-dəftər açılır, teatr direktorlarısa lazım gələrsə plan məsələlərinə görə danlanır. Dili qısa teatr adamları “büdcə nə qədərdir? hara xərclənəcək? niyə bunlar sifariş olunur, bunlar yox?” kimi sual qoya bilmir. Və getdikcə bütün bunlar şöbənin “öz işi”nə çevrilir.

Adamlarsa gözləyir. Ad verilməsini, tamaşa verilməsini, heç olmasa maaş verilməsini. Deyəcəksiniz ki, kinoda da gözləyirlər. Hətta gözləyə-gözləyə ölürlər. Film gözləyə-gözləyə ölən nə qədər rejissor sadalayaram.

Haqlısız. Kinoda da gözləyirlər. Bu mövzuda “hər şeyi dövlətdən gözləmək lazım deyil” kimi hikmətli xoşməmurlu (xoşməramlı idi yoxsa?) nəsihətlər də vardır. Çox gözəl deyilibdir. Lakin alternativlər üçün imkanı da başqa dövlətdən gedib borc almırlar axı.

2009-2019-ci il illəri əhatə edən 10 illik Azərbaycan teatrının inkişaf proqramında teatrın inkişafı və mühiti üçün, alternativlər üçün hər şey nəzərə alınıb. 10 illik proqram teatrın idarəetməsində islahatları, teatrların təmir-bərpasını, kadrların hazırlanmasını, teatr konfranslarının keçirilməsini, beynəlxalq teatr mühitinə inteqrasiyanı nəzərdə tuturdu. Bütün bunlar milli teatrın inkişafı, teatrda keyfiyyət dəyişikliyi üçün idi.

Proqram başa çatdı. Hər şey ortadadır. Belə yerdə məmurlar hesabat tonunda çıxış edib təmirdən, islahatlardan-filandan danışırlar. Qəribədir ki, bu çıxışlar da vəziyyəti dəyişmir. Yəni, bu çıxışlardan sonra da getməyə teatr, baxmağa tamaşa, söhbət etməyə teatr adamı tapa bilmirsən. Ümumiyyətlə, bu mövzular kiməsə maraqlı deyil.

Teatr sahəsində üzərinə öhdəliklər alan başqa bir qurum Azərbaycan Teatr Xadimləri İttifaqıdır. Bu il Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti qurultayı keçiriləcək. Lakin bu, kiməsə maraqlıdırmı? Qurum özü bərai-ehtiyat, hesabat nitqinə salmaq üçün qurultaydan qabaq festival da etdi. Və əsl adı “qurultayqabağı qurultular” olan bu festivalla TXİ olan-qalan gözləntiləri müdrikcəsinə aradan qaldırdı. Heç nə gözləmədiyin qurumun qurultayını niyə gözləyəsən ki?

Bu il teatrın inkişafına dair 10 illik dövlət proqramı başa çatır. Yeni proqram hazırlanmalıdır. Kino adamları yeni proqram üçün təkliflər verir, müzakirələr keçirirlər. Hətta bir-birinin təklifini “sərsəm” adlandırırlar. Amma teatrda belə şeylər yoxdur. Teatrallar yəqin ki, hazır proqramı gözləyirlər. Bunu kim, harada, necə, kiminlə hazırlayacaq, kimlər müzakirə edəcək, bunlar kimisə maraqlandırmır. Və bütün bunların nəticəsidir ki, maaşı baxış sayından çıxan mən instaqramda 49 min izləyicisi olan aktrisa ilə toy söhbətini qoyub, belə MARAQSIZ yazı yazıram. Nə deməli? Allah baisin (Dionisin) evini yıxsın!

# 3569 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #