Özgələrin qanı

Özgələrin qanı
15 iyun 2013
# 07:30

Sevda Sultanova

İran kinematoqrafçısı Məcid Məcidi “Səma uşaqları” filmində dramaturgiyanı bir ayaqqabı üzərində qurmuşdusa, holland rejissoru Aleks van Varmerdam “Don” (“De jurk”) dramında bütün əhvalatı qadın donuna bağlayır. Göy fonda qızılı-narıncı rəngli yarpaqların təsvir olunduğu don vasitəsilə müxtəlif insan taleləri ekrana gətirilir. Rejissor onların həyatlarından kiçik parçaları bir predmet ətrafında birləşdirərək tragikomik kollaj yaradır.

Bədbəxtlik daşıyan donu geyən qadınlardan biri ölür, digəri zorakılığa məruz qalır. Qatarda konduktor işləyən manyak isə bu donu geyən qadınları təqib edir. Sonda don əski parçasına çevrilərək ömrünü otçalan maşının təkərləri altında başa vurur.

Rejissor lənətlənmiş donu mistizmlə, sirlə yükləmir. Əksinə, elə əhvalatın əvvəlində səbəbləri təfərrüatı ilə açıqlayır: parçanın dizayneri sevgilisi tərəfindən atılmış, işdə bəxti gətirməyən uğursuzdur, onun modelini işləyən modelyer isə sadistdir. Parça yaddaşında onların neqativ enerjisini daşıyır.

Hollandiyanın “mistkasız Devid Linçi” adlandırılan rejissor horror filmlərinə xas elementləri adi, sakit intonasiyada danışır, təhkiyəni qroteskləşdirir, müəyyən mənada farsa çevirir.

Yeri gəlmişkən, Varmerdam bu il Kann festivalının əsas proqramına “Borgman” filmi ilə qatılsa da mükafatsız qaldı.

***

Amerikada hər ilin yanvarında Sandens (Sundance Film Festival) festivalı keçirilir. Festivalın təşkilatçısı məşhur Amerika aktyoru Robert Redfordun təsis etdiyi Sadens İnstitutudur. Festival dünyadakı müstəqil, qeyri-kommersiya kinonu dəstəkləyir.

Bu festivalda mükafat almış, müstəqil Amerika kinematoqrafiyasının məhsulu olan iki filmi izlədim: Kortni Hantın “Donmuş çay” (Frozen River) və Lens Hammerin “Ballast”ı. Hər iki film sosial dramdır. Hollivud kino sənayesi bizə bir qayda olaraq parıltılı, reklam çarxlarının gözqamaşdırıcı mühitinə bənzəyən, ciddi sosial motivləri vurğulamayan Amerika həyatını və ya təbliğat filmlərini göstərir. Alternativ kinonun bu iki məhsulu isə seyrçini Amerikanın başqa üzü ilə tanış edir: var olmaq uğrunda mübarizə aparan, pafosdan uzaq sadə amerikalılar, onların güzəranı, məişəti.

Hər iki ekran əsəri realist, natural təsvirlərlə, sənədli üslubda çəkilib.

***

İsrail rejissoru Eran Kolirinin “Orkestrin viziti” filminin mövzusu qonşu dövlətlə konflikti olan ölkəmiz üçün də aktualdır. Bu, motivlərinə görə cəsarətli, sırf barış və insani filmdir.

Misirin polis orkestri İsrailə ərəb mədəni mərkəzinin açılışına qatılmaq üçün səfər edir. Adının mənası “ümid dəliyi” olan şəhərə getmək əvəzinə orkestr üzvləri səhvən başqa, adı “ümidə zəmanət” verən şəhərciyə gəlir. Həmin gün avtobus olmadığından bu sakit şəhərcikdə gecələməli olurlar. Əvvəlcə ərəblər və yəhudilər bir-biri ilə ehtiyatla, korrekt, güvənsiz davranır. Amma şəhərciyin sakinlərinin istiqanlılığı, qonaqpərvərliyi bu sadə insanları yaxınlaşdırır. Əhvalatı həssaslıqla danışan rejissor göstərir ki, onları çox şey birləşdirir, həyatdan gözləntiləri də, istəkləri də minimumdur: kiçik bir sevinc, ani xoşbəxtlik.

Kolirin irəli gedərək bir epizodda yəhudi qadınla gənc ərəbin sevişmə səhnəsini də verir.

Film boyu münaqişədən, siyasi mövzulardan söhbət getmir. Kolirin bu coğrafiyada müxtəlif xalqların birgə, normal, təhlükəsiz yaşamağının mümkünlüyünü anladır və mesajı ötürür ki, insan zədəli tarix keçmişi ilə yaşamamalı, sülh naminə keçmişinə qalib gəlməlidir. Və eyni zamanda rejissor istər-istəməz bu düşüncəyə təhrik edir ki, kiçik insanlar hansısa böyük siyasi maraqların girovudur.

Kolirinin təhkiyəsi təmkinlidir, amma soyuq deyil. “Mübadilə” adlı sonuncu filmində olduğu kimi burda da təhkiyə daxili emosionallıqla yüklənilib.

***

Kino həvəskarlarını Klod Şabrolun 1986-cı ildə fransız yazıçısı Simona de Bovuarın eyni adlı romanı əsasında ekranlaşdırdığı “Özgələrin qanı” filminə baxmağını arzulayırdım. İkinci Dünya Müharibəsi fonunda sevgi əhvalatını anladan filmi romanın oxunuşu kimi də izləmək mümkündür. “Özgələrin qanı” qadın və kişi münasibətləri haqda ən yaxşı əsərlərdən biridir. Xüsusən də, rejissor filmdə son səhnənin uğurlu həlli ilə qadın və kişi təbiətinin fərqliliyinin, belə demək mümkünsə, lakonik düsturunu verir.

# 1951 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #