Kulis.az Günel Natiqin “Narsist yazarlar və yaxud Ramiz Rövşənin kitabını necə əlimdən aldılar” yazısını təqdim edir.
Ədəbiyyat adamı kahin kimi olmalıdır, öz hücrəsində oturub yazmalı, yazmalıdır. Ona görə yox ki, nə vaxtsa onu kəşf edəcəklər, ona görə ki, yazmaqdan başqa yolu yoxdur. Qələm adamı üçün yazmaq dünyanın ən zövqlü işidir və bundan vaz keçmək müşküldür.
Zorən qələm adamı olanları nəzərdə tutmuram. Zorən qələm adamı olmaq razılaşın ki, mümkün deyil. Çünki hər bir adam əvvəl-axır özünü olduğu kimi ifadə edir.
Ədəbiyyat gərginliyin ən çox olduğu sahədir. Eqolu yazarlar gərgin atmosfer yaradıblar, istər-istəməz oxucu bu gərginliyi hiss edir.
Həm də uğur qadın kimidir, ona tərəf getdikcə o, səndən uzaq qaçır. Ona görə, bu məsələni bir az sərbəst saxlamaq lazımdır. Uğur əldə etmə cəhdi bəzi hisslər kimi gərginlikdə “gərilir”.
Yazarların əksəriyyəti narsist-özünəvurğunluq xəstəliyinə yoluxub. Öz yazılarını böyük mədəni irs kimi qiymətləndirirlər.
Bir dəfə bir yazarla belə bir ünsiyyətimiz oldu. Doğrusu, bu adamın mövcudluğundan və təbii olaraq yazdıqlarından xəbərim yox idi. Sadəcə olaraq ümumi kompaniyada müsbət münasibətini hiss etdim və jest olaraq Facebook-da ona dostluq göndərdim.
Bir neçə dəqiqədən sonra mesaj gəldi:
- Siz yəqin ki, mənim yaradıcılığımla tanışsınız?
Həmsöhbətimi pərt etməmək üçün ad-soyadını google-a yazıb nəticəni gözlədim. Nəticə özünü çox gözlətmədi. Bir neçə şeir və hekayə mənim üçün yetərli idi. Tez yazdım:
- Sizin hekayələrinizi, şeirlərinizi oxumuşam.
- Xahiş edirəm, fikirlərinizi söyləyəsiniz.
Adamın yaradıcılığı ilə tanış olmaq üçün vaxtım yox idi. Özümdən bəzi şeylər uydurmalı oldum.
- Sizin şerləriniz çox dərindir... Fəlsəfi qatları var... Hekayələriniz isə daha geniş söhbətin mövzusudur, - deyib vəziyyətdən çıxmaq istədim.
Narsist heç razı qalmadı:
- Sizin kimi bir qələm adamından daha geniş təhlil gözləyirəm, - dedi.
Həmsöhbətimin yazılarıyla tanış olduqdan sonra məndə belə qənaət formalaşdı ki, adamın intellekti və savadı var, amma istedad sarıdan bəxti gətirməyib. Əslində, o, özünü başqa janrlarda uğurla ifadə edə bilər. Amma niyə özünü zorən ədəbiyyat adamı elan edib və nəinki özünə, oxuculara da əziyyət verir? Mənasız bir yazını oxumaqdan böyük əziyyət ola bilməz. İnsanın öz vaxtına, enerjisinə heyfi gəlir, hələ məyusluq hissini demirəm.
Son nəhayətdə müəllif özü daha çox məyus olur. Anlayanda ki, bütün cəhdlər əbəsmiş, yazdıqları ədəbiyyat deyilmiş, o zaman həyat özü böyük yalan təsiri bağışlayır. O yalan ki, həyatı boyu bu “yazarlar” öz-özlərinə deyiblər.
Orxan Pamukun “Qar” romanında belə bir süjet var. Qəhrəman şeir yazır, jurnallara göndərir, özünün müasir cərəyanda uğurlu, bitkin nümunələr yaratdığına və bir gün parlayacağına inanır. Amma məlum olur ki, yazdıqları dəyərsizdir. Söz onu xoşbəxt etməyə qadir deyil. Çünki, onun sözə verə biləcəyi heç nə yoxdur.
Qəhrəman depressiyaya düşür, içkiyə qurşanır.
“Filankəs maklaturanın fəxridir”. Kitabları nəinki insana, hətta qoyulduğu şkaflara, rəflərə əziyyət verən yazarlar haqqında bundan uğurlu ifadə eşitməmişəm.
Hamı oxucunun olmadığından gileylənir, amma kimsə demir ki, balam, bəlkə mən özüm zəif yazıram? Bəlkə heç oxucunun günahı yoxdur?
Yazdıqlarının səviyyəsi ortadan yuxarı olmayan yazarlar oxucunun səviyyəsinin aşağı olmasından gileylənirlər.
Bir dəfə şair Murad Köhnəqala dedi ki, gəlin öz kitablarımızın satışını özümüz təşkil edək. Əgər yaxşı yazsaq, alarlar. Ağıllı fikir söyləmişdi. Həm də hiss olunurdu ki, özündən çox ədəbiyyatı düşünür.
Qalaq-qalaq nəşr edilmiş kitabları görəndə belə təəssürat yaranır ki, keyfiyyətdən çox kəmiyyət düşündürür yazarlarımızı. Ramiz Rövşənin uzun illər bir balaca kitabı vardı, amma çağdaş ədəbiyyatımızın ən yaxşı şairi sayılırdı.
Həmin balaca kitabdan biri bizdə idi. Müəllif özü atama vermişdi. Mənim 12-13 yaşım olardı. Kitabdakı şeirləri əzbərləyir, tək olanda öz-özümə deyirdim. Ramiz Rövşən o vaxtdan ən sevdiyim şair idi.
Bir dəfə atam gəldi ki, Ramizin kitabı xaricdə çıxacaq, amma göndərmək üçün özündə bircə dənə də olsun nümunə yoxdur. Evdə olan kitabı Ramizə aparmalıyaam, başqa çıxış yolu yoxdur.
Kitab getdi, o kitabın yerini mən bir daha doldura bilmədim. Tez-tez o kitabdakı şeirləri xatırlayırdım.
Qəribədir ki, Ramiz Rövşənin sonralar çıxan kitabları mənimçün o balaca kitabı əvəz edə bilmədi. Elə bil müəllif bütün gücünü o kitaba sığdırmışdı, ondan sonra gələn kitablar o gücün imitasiyası idi.
Baxın, yazarın gücünü özündə sığdıra bilən belə kitablar lazımdır ədəbiyyatımıza.
Oxucu ədəbiyyatın nəyə qadir olduğunu görə bilməlidir, əks halda onu nəyəsə inandırmaq mümkün deyil.
Narsist, özünəvurğun yazıçılar müəyyən yerə qədər apara bilər oxucunu, bir məqamdan sonra oxucu kumirini tərk edib əsl sözü axtarmağa gedəcək.