Ruhun şad olsun, ruhlar şəhəri...

Ruhun şad olsun, ruhlar şəhəri...
23 iyul 2013
# 14:00

Bu günlərdə evdəki təmirlə bağlı ustadan o qədər işi birdən istədim ki, sakitcə alətlərini yığışdırdı:

- Xanım, siz ağdamlı ustalara müraciət edin. Düzdür, baha işləyirlər, amma bizim burda indi-indi gördüklərimizi onlar eeeeeeeeeeeee, o vaxt orda görüb gəliblər deyə hər şeydən başları çıxır...

Və getdi...

Haralı olduğumu bilməyən ustanın sağ əlini başının üstündən qolu çatana qədər yuxarı uzadıb, nəfəsi çatana qədər dediyi “eeeeeeeeee”si, “o vaxt, orda”sı divarlardan asılı qaldı...

Damarlı, kobud əlini uzatdıqca üzündə dartılan cizgiləri deyirdi ki, “qolum çatsa əlimlə tavanı deşib Allaha qədər uzadaram”...

Arıq, bir dəri-bir sümük boğazı gərildikcə damarları deyirdi ki, “nəfəsim çatsa “eeeeeeeeeeeee”ləri Allah eşidənə qədər uzadaram”...

Əllərini nə şimala, nə cənuba, nə şərqə, nə qərbə... düz Allaha tərəf uzatdı. Adı üstündə: Ruhlar şəhəri!

“Eeeeeeeeeeeee, o vaxt orda”...

Amma mən bu gün kimi xatırlayıram. Səs indi də qulaqlarımdadı:

- Gözünü yum və mən aç deməyincə açma! Açma, açma, açma, açma, açma, aç!

Qaranlıq, içi paltarla dolu şkafın içində dizlərimi qarnıma yığıb sakitcə oturmuşam. Qaranlıq qorxumu tapılacağımın əminliyi dağıdır. Bilirəm ki, məni axtarırlar. Unutmayıblar...

Və... orada gizləndiyimi hamı bilirdi...

Onlardan da, özümdən də qaçanda, gizlənəndə, dərslərim qəliz olanda, tapşırıqları çözə bilməyəndə, çıxılmaz vəziyyətə düşəndə, həyəcanımı kiminləsə paylaşmağa utananda... Hətta sözə qulaq asmayıb nadinclik edib yıxılıb əziləndə kimsə görməsin deyə dizimin qanı kəsənə qədər... Oradaydım...

Orada bütün çıxmazlarımdan çıxış yolunu tapa bilirdim. Qanım damarlarımda bir başqa sürətlə dövr edir, ruhum bir başqa ruh olurdu. Mən bu havasız zülmətdəki hüzurun adını heç vaxt çözə bilmədim...

Nənəm hər dəfə məni ordan tapanda “Ay bala, bağrın çatlayar, heç olmasa qapısını aralı qoy” deyərdi...

Zaman keçdikcə özümü hüzur şkafına güclə sığışdırırdım. Nənəm isə “Artıq böyümüsən, şkaf səni götürmür, aşar üstümüzə, içində qalıb ölərsən, tərgit orda oturmağı” deyirdi...

...İlk atılan qradların da səsindən qorxub şkafa qaçmaq istəyəndə istiqamətimi eşitdiyim qışqırıq müəyyənləşdirdi: Ora yox, zirzəmiyə!

Sakitlik düşəndən sonra zirzəmidən evə qalxdıq. Qonşunun evini viran qoyan qradın qəlpəsi pəncərənin şüşələrini sındırıb, şkafın qapısından keçmişdi... Mənim hüzur şkafımı dağıtmışdı...

...Mənim yaşıdlarım Qarabağı görən sonuncu nəsildi. Dizindəki ilk çapığı ilə qanı o torpağa qarışan, uşaqlığı hələ də xarabalıqlar arasında ruh kimi dolaşıb öz yelləncəyini axtaran sonuncu nəsil...

Bizdən sonra gələn və sənədlərində doğum yeri Ağdam, Şuşa, Laçın yazılan sonuncu qarabağlılar oranı qucaqda tərk ediblər. Onlar sənəd üzərində qarabağlıdırlar... Bəzən bu söhbətlər onlar üçün çox darıxdırıcıdır... Onlardan sonra gələn nəslin isə doğum yeri müxtəlifdir... Onlar üçün bu söhbətlər qoca deyingənliyidir... Qısası, mənim yaşıdlarım ölüb qurtarmayınca məmləkətin Qarabağ dərdi də qurtaran deyil...

Onlar üçün vətən kitabdan oxuduqları sonu nidalarla bitən cümlələr, mənim nəslim üçünsə şkafın qaranlıq küncündəki hüzurdur.

“Eeeeeeeeeeeee, o vaxt orda” qoyub gəldiyimiz hüzur...

İndi orda küləklər əsir, amma kimsənin saçlarını dağıtmır...

...Günəş doğur, amma kimsəni yandırmır...

...Yağış yağır, amma kimsəni islatmır...

Çünki kimsəsizdir...

Amma bizim bu darısqal həyatımıza rəğmən hardasa eeeeeeeeeeeee oralarda böyük, geniş, boş və hüzurlu bir şəhərimiz var... Ruhlar şəhəri... Ruhun şad olsun, ruhlar şəhəri...

# 4416 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #