Xalq artisti Fəxrəddin Dadaşov: "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

Xalq artisti Fəxrəddin Dadaşov:  "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə
29 sentyabr 2026
# 12:40

Kulis.az Xalq artisti, professor, kamança ifaçısı Fəxrəddin Dadaşovun APA-ya verdiyi müsahibəni təqdim edir.

Saat 11:00-da müsahibimlə görüşmək üçün vədələşmişdim. Bakı bu günlərdə vədələrimizi pozmağımız üçün əlindən gələni edir. Tıxaca düşdüyümə görə gecikirdim. Avtobusdan düşüb yeyin addımlarla Azərbaycan Milli Konservatoriyasına tərəf getdim. Konservatoriyanın qarşısında bir neçə tələbə xanım dayanmışdı. Onları görəndə müsahibimə verəcəyim ilk sualı qətiləşdirdim.

Altıncı mərtəbəyə qalxıb Fəxrəddin müəllimin dərs keçdiyi sinif otağına daxil oldum. İlk sualım öz marağını itirdi...

“Dərsə yox, məşqə gedirdim”

– Fəxrəddin müəllim, əslində, ilk sualım qadın kamança ifaçıları ilə bağlı idi. Deyəcəkdim ki, niyə indi qadın kamança ifaçısı yetişmir? Amma görürəm, burada sizdən dərs alan xanımlar da var...

– Hə, beş xanım tələbəm var.

– Amma xanımların əksəriyyəti bu sənəti davam etdirmir.

– Xanımlar Şəfiqə Eyvazova səhnəyə çıxandan sonra kamançaya meyil saldılar. Şəfiqə xanım 1963–1964-cü illərdə Əhsən müəllimin ansamblında ifa edirdi. O vaxtlar camaat artıq qadın kamança ifaçısını gördü.

– O vaxta qədər xanım kamança ifaçısı yox idi?

– Çox az olub. Əsasən, Şəfiqə xanımdan sonra maraq çoxaldı.

– Şəfiqə xanımla eyni musiqi məktəbində oxumusunuz?

– Bəli, 2 nömrəli musiqi məktəbində bir yerdə oxumuşuq. Mən 1-ci sinifdə oxuyanda Şəfiqə xanım 3-cü sinifdə idi.

– Maraqlıdır, demək olar, dövrün ən məşhur ansamblında sənət yolunuzun əsası qoyulub. Əhməd Bakıxanovla tanışlığınız necə yarandı?

– 1966-cı il idi. O vaxt məni oxuduğum məktəbin tədbirinə solo ifa etməyə çağırmışdılar. Həmin tədbirdə görkəmli tarzənimiz Həbib Bayramov məni gördü. Dedi ki, kamançan yanındadır? Dedim, bəli. Əhməd Bakıxanova dedi ki, müəllim, bu uşaq çox gözəl kamança çalır, bir ona qulaq asın. Əhməd müəllimin yanında ifa etdim. Dedi, bu oğlan professional kamança çalır ki! Məni həftənin 3-cü və 6-cı günləri ansamblın məşqinə dəvət etdi. Dedim 3-cü, 6-cı günlər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərsə gedirəm, amma daha getməyəcəm, məşqə gələcəyəm. Həmin günlər dərsə getmirdim, ancaq məşqlərə gedirdim. Əhməd Bakıxanov Həbib Bayramovun sayəsində məni ansambla qəbul etdi. Allah qəni-qəni rəhmət eləsin. Mən Həbib müəllimin çörəyini yeyirəm.

Ilkin Naib

“Erməni ifaçılar kamança çalanda həmişə əyilərdi ki, əllərini görməyim”

– Əhməd Bakıxanovla neçə il bir yerdə işlədiniz?

– 7 il.

– Necə insan idi?

– Çox yaxşı, sakit adam idi.

– Ansambla qarşı necə, tələbkar idi?

– Əhməd Bakıxanov ansambla həssas yanaşırdı. Ansambl onun ürəyi idi. Hansısa mahnı lentə alınanda o cür yaşlı kişi rejissorun yanında oturub ansambla qulaq asardı. Çox vaxt Əhməd Bakıxanovun evində məşq edirdik. Məşq bitən kimi yemək süfrəsi açırdı. Çörəkverən adam idi. Mənə deyirdi ki, sən öz üzərində lap yaxşı işlə, bəsdir artıq, bu erməniləri ansambldan rədd edək.

– Neçənci illəri idi?

– Təxminən, 1967-1968-ci illər idi.

– Ansamblda erməni kamança ifaçılarının sayı çox idi?

– O vaxt Boris Keropyan var idi. Mən onun yanında otururdum. O çalanda həmişə əyilərdi ki, əllərini görməyim. Boris çox gözəl ifaçı idi. Amma erməni ifaçılar həmişə necə çaldıqlarını gizlətməyə çalışırdılar.

– Sizə qarşı münasibəti necə idi?

– Pis deyildi. 1983-cü il idi, Filarmoniya bağında musiqiçilərlə dayanmışdıq. Əbülfət Əliyev, Səxavət Məmmədov, Əlibaba Məmmədov və Boris Keropyan orda idi. Boris dedi ki, Fəxrəddin Azərbaycanın Xalq artisti olacaq, bunu mən deyirəm. Belə ümumi götürəndə paxıl, eqoist millət idilər. Erməni ifaçılar Azərbaycan toylarından qazandıqları pulların bir hissəsini öz fondlarına köçürürdülər.

– Fəxrəddin müəllim, uzun illərdir pedaqoji fəaliyyətlə məşğulsunuz. Gənclərin kamançaya olan həvəsindən, istəyindən, ifasından razısınız?

– Bəzilərində həvəs var, bəzilərində yoxdur.

– Niyə muğam müsabiqəsində münsiflər heyətində xanəndə, tar ifaçısı, şair, bəstəkar olur, kamança ifaçısı olmur?

– Muğam müsabiqəsində münsiflər heyətində oturanlar istəmirlər ki, yanlarında kamança ifaçısı olsun.

– Səbəb nədir?

– Yaxşı kamança ifaçısı tar çalandan da, xanəndədən də çox bilir. Kamança çalanın müşayiətdə çox əziyyəti olur. Həm solo çalır, həm müşayiət edir. Kamança çalan fasilə verib tərini belə silə bilmir.

“Pul bölgüsündə xanəndəyə deyərdi ki, kamançanın pulunu kəsmə”

– Muğam müsabiqəsini izləyirsiniz?

– Hərdən baxırdım. Yaxşı ifaçıya, yaxşı xanəndəyə qulaq asırdım. Yaxşı olmayanda televiziya kanalını dəyişirdim.

– Məsələn, kimləri dinləyirsiniz?

– İki nəfərə qulaq asıram. Bir Mirələm Mirələmovdur, bir də Ehtiram Hüseynov. Bir də ki, o qız var e, Qəbələdən.

– Kamilə Nəbiyeva.

– Hə, Kamilə Nəbiyeva. İfası çox gözəldir. Bunlardan başqa mənim üçün indi maraqlı oxuyan yoxdur. Mən böyükləri görmüşəm, Xan Şuşinskini, Əbülfət Əliyevi, Yaqub Məmmədovu, Əlibaba Məmmədovu, Hacıbaba Hüseynovu və neçə-neçə gözəl sənətkarlarımızı müşayiət etmişəm.

Ilkin Naib

– Deyirlər, toylarda bəzi xanəndələrin tar çalana, kamança çalana pul verən əli olmayıb.

– Xanəndələrdən təkcə Səxavət Məmmədov pulpərəst deyildi. Səxavət kimi gözəl xanəndə, gözəl insan gəlməyib. Onların hamısını görmüşəm. Bir də tarzən Hacı Məmmədov çox əliaçıq olub. Pul bölgüsündə xanəndəyə deyərdi ki, kamançanın pulunu kəsmə... Danışmaq da düz gəlmir. Böyük xanəndələr idi, amma pul barədə xəsis idilər.

“Əhsən Dadaşovu yaşadıram”

– Heç bir qohumluq əlaqəniz olmasa da, tarzən Əhsən Dadaşovla eyni soyadı daşımısınız. Tanışlığınız necə olub?

– Əhsən müəllim Bülbül adına məktəbdə dərs deyirdi. 1970-ci illərdə müəllimim olub. Sonra onunla şəxsi tanışlığımız yarandı. Bir yerdə konsertlərdə, toylarda ifa etdik, xaricə getdik. Əhsən müəllim böyük, yaradıcı sənətkar idi. Onu bir dəfə konsertdə ifa edə-edə gözündən yaş gələn görmüşəm. Mən Əhsən müəllimi o qədər çox istəyirdim ki, Allahdan bir oğlan övladı arzulayırdım. Oğlum dünyaya gələndə onun adını Əhsən qoydum. Soyadı da Dadaşov. Əhsən Dadaşovu yaşadıram.

– Oğlunuz musiqi sahəsindədir?

– Yox, icazə vermədim.

– Niyə?

– Bu əziyyətli yollardan keçməyini istəmədim. Çünki çox çətindir.

– Musiqi sahəsində tədris mütləqdir?

– Mütləq tədris lazımdır. Tədrisi bilməsən, yarımçıq sənətkar olarsan. Bilməlisən ki, bu kamançanın necə simi var, notlar hansıdır. Bilməsən, çox çətin olacaq. Musiqi savadın olmalıdır.

“İndi xanəndə bir dəqiqə oxuyur, beş dəqiqə müşayiət edirlər”

– Siz dövlət tədbirləri ilə yanaşı toylarda da çıxış etmisiniz. Həm keçmiş, həm də indiki toyları görmüş biri kimi sizcə toylarımızda nə kimi dəyişikliklər var?

– İnanırsan, mən indi toyda 15 dəqiqə otursam, böyük şeydir. Uzağı, yarım saat. Çünki o səs-küyə, o çalğıya dözə bilmirəm. Elə pis mahnılar çalıb-oxuyurlar ki, oturmaq mümkün deyil. Ümumiyyətlə, oxumağa oynamaq olmaz. Oxumağa qulaq asarlar. Rəqs musiqiləri var, onlar ifa olunanda oynayarlar.

– Deyirlər, musiqiçi üçün toy məktəbdir.

– Toyun öz çalğısı var, konsertin öz çalğısı. Toyda hər tar çalan, kamança çalan ifa edə bilmir. Hər tar çalan, kamança çalan da xanəndəni müşayiət edə bilmir. İndi oxuyan bir dəqiqə oxuyur, beş dəqiqə müşayiət edirlər. Oxuyan qəzəli yaddan çıxarır. Əsl toyxana görməyən adam musiqiçi ola bilməz.

“Barmaqlarım sözümə baxmır, əvvəlki kimi alınmır”

– Yaradıcılıq yolunuzun qalan hissəsini tarzən Möhlət Müslümovla çiyin-çiyinə davam etdirmisiniz. Tanışlığınız necə yarandı?

– Mənim 40 yaşım var idi, Möhlət Müslümovun 39. O vaxt gitara çalırdı. Sonra rəhmətlik Səxavət Məmmədov məcbur etdi ki, keç tara. Möhlət başladı tar ifa etməyə. Biz təxminən 1984-cü ildən bəri tanışıq. Möhlət yaxşı tarzəndir. Son illərə qədər bərabər məclislərə gedirdik.

– İndi niyə ifa etmirsiniz?

– Artıq 3 ildir kamança çalmıram. Yoruldum... Xəstələndim, barmaqlarım sözümə baxmır. Çalıram, amma əvvəlki kimi alınmır. Ona görə də istəyirəm ki, ifam camaatın yaddaşında yaxşı qalsın. Gedib özümü biabır etmək istəmirəm (gülür).

“Alim Qasımov son vaxtlar axtarışdadır”

– İndi muğamları elə ifa edirlər ki, hansı muğam olduğunu bilmək olmur, bir-birinə qarışdırırlar. Bir də ki, ifalardan kimin oxuduğunu seçmək olmur. Hamı bir-birinə oxşayır. Sizcə, bunun səbəbi nədir?

– Əvvəllər, məsələn, Yaqub Məmmədovun oxumağı başqa cür idi, Hacıbaba Hüseynovun başqa cür, Əbülfət Əliyevin oxumağı tamam fərqli. Alətlərdə də eynilə. Məsələn, bilirdin ki, bu, Əhsənin ifasıdır, yaxud, bu, Habilin çalğısıdır. Amma indi bilinmir, hamısı eynidir. Fərqlənmək üçün birinci dəstgahları, klassikanı yaxşı bilməlidirlər. Klassikanı yaxşı bildin, ona qollar qoşa bilərsən. Amma bir də var ki, klassikanı bilmir, ağzına gələni çalır. Camaatın zövqünü korlayırlar.

– Zövq demişkən, siz vaxtilə Alim Qasımovu da müşayiət etmisiniz. Son günlərdə Alim müəllimin Üzeyir Mehdizadə ilə ifası birmənalı qarşılanmır. Alim Qasımovun belə addımlar atmasının insanların zövqünü korladığını iddia edirlər. Bu haqda nə düşünürsünüz?

– Alim Qasımov son vaxtlar axtarışdadır. Çünki o, artıq klassikanı oxuyub, özü də çox gözəl oxuyub. Vaxtilə Nardaran kəndi Alimsiz toy eləməzdi. Alim çox böyük xanəndədir, mən onun möhtəşəm ifalarını görmüşəm. Amma indi özü üçün dilxoşluq edir.

Söhbətimizi otağa girən tələbə böldü. Fəxrəddin müəllim tələbəsinin əlində kamançanı görən kimi sanki hər şeyi unutdu. Yavaş-yavaş otağa kamança səsi yayılırdı. Bir də illərdir kamançanı dizi üstə ifa edib, ürəyi üstə gəzdirən müəllimin səsi…

# 55 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

12:30 29 sentyabr 2026
Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

12:00 29 sentyabr 2026
Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

11:00 29 sentyabr 2026
Romada “Harmoniya”  sənədli filminin təqdimatı oldu

Romada “Harmoniya” sənədli filminin təqdimatı oldu

10:30 29 sentyabr 2026
Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

10:09 29 sentyabr 2026
Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

18:48 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər