Günelin nəyi var ki, satsın?!

Günelin nəyi var ki, satsın?!
7 oktyabr 2013
# 11:26

Keçmiş xalq yazıçısı, indiki “vətən xaini” Əkrəm Əylislidən sonra daha bir istedadlı yazar sosial şəbəkələrdə, müxtəlif sayt və bloqlarda fəallıq göstərən millətçilərin hədəfindədir. Bu olay bir daha sübut etdi ki, ədəbiyyat böyük silahdır. Yazıçı böyük gücdür. Onun adi bir cümləsi, adi bir jesti bütün ölkəni, bütün ictimaiyyəti ayağa qaldırmaq iqtidarındadır.

Xüsusən o yazıçı azaddırsa, kiməsə yaltaqlanmrsa... Əqidəlidirsə, dürüstdürsə... Bunu birdəfəlik anlamaq lazım! Günel Mövludu xeyli müddətdir tanıyıram. Səhv etmirəmsə o, mətbuata yenicə gələn vaxtı bir yerdə işləmişik. İlk yazılarının, müsahibə və reportajlarının, şeir və hekayələrinin ilk oxucularından biri də mən olmuşam.

İndi Güneli öz aləmində asıb-kəsən “vətənpərvərlərin” də ədəbi gücünə, yazı qabiliyyətinə bələdəm. Heyrətamiz mənzərədir! Niyə bu məmləkətdə həmişə istedadlı adamlar hərzəvü-hədyanlara tuş gəlir həmişə? Niyə bu camaat ona nömrə gələn, başına yüz oyun açan adamlara daha çox inanır? Günel Mövlud hara müsahibə verib, nə deyib, bu onun öz işidir. Mən kifayət qədər ağıllı və istedadlı bir qələm adamının beyninin içinə girib onun düşüncəsini dəyişmək kimi əbləh bir cəhddə bulunmaq istəmirəm, təbii ki...

Eyni zamanda bu yazım onun fikirlərinə haqq qazandırmaq üçün də deyil. Məni rəncidə edən, özündən dəfələrlə qabiliyyətli olan bir adama ətrafdakıların faşist münasibətidir. Biz hansı əsrdə yaşayırıq? Yazıçını fərqli düşündüyünə görə linç edərlərmi? Doğrudanmı düşünürsünüz ki, bu məmləkətin cəmi bəlalarının baiskarı Əkrəm Əylisli və Günel Mövluddur?!

Həqiqətənmi, bu ağılda olan adamlar var? Heyrət edirəm, inanın! Adi bir serjantdan qorxan, millət vəkillərinin qarşısında quyruq bulayan, haqqı tapdananda susan adamlar yazıçının üstünə elə xoruzlanırlar ki, əlin üzündə qalır. Bütün məğlubiyyətlərin və məhrumiyyətlərin heyfini ondan almağa çalışırlar. Bu nə düşüncədir, yahuu?!

A qardaş, mən millətçi deyiləm! Zordu?! Mən müharibə istəmirəm! Ölmək, öldürmək istəmirəm! Mənim əqidəmə görə xalqlar və millətlər biri-biri ilə düşmən olmur heç zaman. Bunu Hüqo da, Dostoyevski də, Tolstoy da, Maksim Qorki də, Orhan Pamuk da, Mirzə Cəlil də, Cəfər Cabbarlı da, Üzeyir Hacıbəyov da, Anar da deyib dönə-dönə! Ədəbiyyat ayrı, müharibə ayrı!

...Tiflisdən hansısa bir yazıçının dilindən erməni xalqını söymək istəyirsinizsə, bu gülməlidir. Dünyanın başbilənləri baxıb düşünməzmi ki, yazıçısı belə danışan məmləkətin, hərbçisi körpələri bələkdə doğrayar! Bu bizim ziyanımıza işləməzmi, ey aqressiv həmvətənlər? Erməni şovinistləri bunu arzulamırmı?

Demirmi ki, vəhşi tatarlarla bir ölkədə yaşamaq mümkünsüzdür?! Adam bir az ağıllı olmazmı? Günel Mövludun əlində nə var ki, onu satsın? Adamın bir kəndi vardı, onu da satanlar satdı. Məntiqiniz olsun. Axı, siz qələm adamlarısınız.

# 7325 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
Vida məktubu

Vida məktubu

16:30 25 iyul 2024
Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

15:00 25 iyul 2024
# # #