Hər dəfə müxtəlif səbəblərdən müxtəlif faciələr baş verəndə yadıma 1995-ci ildə axırıncı vaqonunun axırıncı qapısından sağ-salamat çıxdığım yanan metro qatarı düşür.
Bu gün - Sevinc Fədainin məlum hadisəylə bağlı müsahibəsini oxuyanda hər şeyi yenidən indicə olmuş kimi xatırladım.
Onda tələbəydim, gəncdim, “həyatla zarafatım vardı”, qəfildən özümü cəhənnəm zəbanəsi kimi yanan qatarın içində görəndə çaşmış, sarsılmışdım. Həmin axşam adətim üzrə platformada var-gəl edərkən qarşımda dayanan vaqonun bir az sonra ən salamat qalacaq axırıncı qapısından heç nədən xəbərsiz içəri girmişdim. Həmin axşam bir az keçmiş həmin vaqonda eyni tükürpədən səslə müxtəlif dillərdə qışqıran adamların ünü bir-birinə qarışmışdı. Yalnız bir kişi “Qorxmayın, heç nə olmayacaq, qurtulacağıq” deyə durmadan təkrar edirdi. Qışqırmırdım, amma qəfildən fərq elədim ki, “Heç nə olmayacaq” - deyən kişinin qolundan bərk-bərk yapışmışam.
Qapını inadla döyəcləyən adamlar get-gedə süstləşirdi. Alov dalğası bizim vaqona gəlib qayıdır, hər dəfəsində bir az da yaxınlaşır və içəri dolan tüstü bir az da kəsifləşirdi. Vaqonun divarları get-gedə daha möhkəm uğuldadıqca insan beyninin təhlükə anındakı sürəti və çevikliyiylə dərk edirdim ki, biz nə tüstüdən boğulub, nə alovdan yanıb ölməyəcəyik, bir azdan vaqon partlayacaq (Sonradan öyrənəcəkdim ki, həqiqətən də, axırıncı vaqon adamlar onu tərk edəndən beş dəqiqə sonra partlayıb).
İçimdə qorxunu belə üstələmiş qəribə bir hiss vardı, bu cür ölmək mənə ağır gəlirdi, yerin altında qaranlıq dünyada tanınmaz hala düşərək... Elə həmin gün ölməyə hazırdım, bununla barışmışdım, amma orda yox, o şəkildə yox, yerin üstündə, insan kimi...
Niyəsini deyə bilməsəm də, indi dəqiq xatırlayıram ki, o vaxt belə düşünürdüm. Elə bu düşüncədəykən yumulu gözlərimə işıq düşdüyünü hiss elədim. Gözümü açanda qarşımdakı qapı açıq idi, tuneldə divara vurulmuş lampalar yanırdı, özümü qeyri-ixtiyarı qatardan tunelə atdım. Bayaq “qorxmayın” deyən kişi dayanıb çırta-çırtla yanan qatara tamaşa eləyirdi. Onun yanında ayaq saxlayıb mən də bu qəribə yanğını - müxtəlif rəngli alovları seyr eləməyə başladım. Kişi acıqlandı:
- Nəyə baxırsan, tez ol, get!
- Bəs siz niyə getmirsiz?
- Mənim uşaqlarım o biri vaqondadı...
Kişi bu sözləri elə dedi ki, sanki uşaqları indicə bu gurhagurla yanan vaqondan sağ-salamat düşüb gələcəkdilər. Ondan aralanıb getdim, sonra yenə qayıtdım, kişiyə nəsə dedim, sonra relslərin üstüylə təzəcə çıxdığımız “Ulduz” stansiyasına üz tutdum. Platformada adamlar biz gələn tərəfə yığışmışdılar. İki əl məni qaldırıb yuxarı qoydu, üst-başımı yoxladı və əlin yiyəsinin tanış olmayan, amma təlaşlı səsini eşitdim:
- Yaxşısan? Yaralanmamısan ki?
Donuq-donuq səsin və əlin yiyəsinin üzünə bir müddət baxdım, sonra sakitcə dönüb getdim.
Yerin üstündə isə hər şeydən xəbərsiz hərə öz işindəydi. Mən sakitcə bu faciədən xəbərsiz adamlara baxırdım. Bir az əvvəl mən də onlar kimiydim, amma indi məni onlardan nəsə ayırırdı. Sanki cismim indicə yerin altında yanıb kül olmuşdu, yerin üstündəki ruhumdu, sanki mən indicə tərk etdiyim bu dünyanın məndən sonrakı halına donuq bir təəssüflə tamaşa eləyirdim.
Bu cür yarısərxoş vəziyyətdə birtəhər evə gəlib çıxdım. İçəri girib televizoru yandırdım: prezident metroda ölənlərin yaxınlarına və xalqa başsağlığı verirdi.
Televizorun önündə dayanıb şəxsən öz ölümümdən dolayı özümə verilən başsağlığını dinləyirmiş kimi ölkə başçısının bütün üz cizgilərinə diqqətlə tamaşa elədim. Başsağlığının ardınca matəm musiqisi başladı. Matəm musiqisinin sədaları altında yerimə uzanıb gözümü yumdum.
Səhər ayılanda özümü həqiqətən ölümdən sonrakı həyatdaymış kimi hiss edirdim. Sanki o hadisə yerində məndən bir parça ölmüşdü. Ölən həyata ərkimmi, zarafatımmı, “cahil cəsarətim”miydi, dəqiq bilmirdim. Anlayırdım ki, həyata ərk-filan boş şeydi, o, heç kimin nazıyla oynamaq fikrində deyil, bu dünyada heç kim heç nədən sığortalanmayıb.
...Odur ki, bütün bu tipli hadisələrdən sağ çıxanlar, hətta tamamilə sağ çıxanlar belə həm də yaralıdırlar. Hər şey heç də o məşhur aparıcının dediyi kimi, külək kimi, film kimi ötüb-keçmir. Həyat film deyil, burda insanlar həqiqətən ölürlər.
Yaddaşımızda nə qədər yanıq veri var, nə qədər sağkən başsağlığı almışıq, hərəsi bir travmadı...