İti öldürəndən soruşduqmu?

İti öldürəndən soruşduqmu?
14 avqust 2013
# 07:00

Sevda Sultanova yazır

Gənc adam iti vəhşicəsinə döyərək öldürür.

Başqa həmyaşıdı qəddar səhnəni çəkir.

Video sosial şəbəkələrdə yayılır.

Sosial şəbəkələrdə insanların qəzəbi aşıb-daşır, etiraz edirlər, qınayırlar, söyürlər, hadisəni törədənlərin cəzalandırılmasını tələb edirlər, hətta imkan olsa aralarında onu linçləyən də tapılar.

Və insanların qınağı tamamilə təbiidir, haqlıdır.

Özüm də videonu sarsıntıdan sonadək izləyə bilmədim.

Amma yaxşı ki, qəzəb püskürən çoxluğun içərisində fərqli, soyuqqanlı mövqe bildirən insanlar da tapıldı.

Söhbət insanı linçləmədən öncə, baş verən olayın səbəblərini araşdırmaqdan gedir. Yəni necə olur ki, faşist davranışlar baş verir, insan amansızlaşır? Vəhşiliyi törədən gənc hansı mühitdə, hansı şəraitdə böyüyüb, necə tərbiyə alıb, hansı psixi travmaları, yaraları var? Özünün törətdiyi cinayətlə bağlı arqumentləri nədir? Bəlkə adam ümumiyyətlə əqli problemdən əziyyət çəkir.

Bu elə vəziyyətdir ki, cəmiyyət də məsuliyyət daşıyır. Onu təkcə cinayət orqanları yox, sosioloqlar, psixoloqlar, pedaqoqlar araşdırıb analiz etməyə borcludur ki, cəmiyyət irin mənbəyinin haradan, nədən qaynaqlandığını bilsin. Hansı profilaktik tədbirlər olmalıdır ki, bu cür hadisələrin qabağı tam olmasa da, heç olmasa mümkün qədər alınsın.

İstəsək də, istəməsək də dəyərləri yenidən dəyərləndirən, fərqli tələblər, şərtlər müəyyənləşdirən cəmiyyət qurmağa borcluyuq.

Bu yeniliyi həm də özümüzdən başlamalıyıq: məsələn, hadisənin səbəbini araşdırmadan, mahiyyətini çözmədən o gənci kütləvi qınaq obyektinə çevirməyin, cəzanın kəsilməsini tələb etməyin sivil münasibət olmadığını anlamaqdan.

Təəssüf ki, toplumun beyni situasiyanın, insanın analizinə yox, kor-koranə ittihamlara meyllidir. Və bu, tipik şərq mentalitetidir.

Məncə, hadisəni şəbəkədə ən düzgün fizik Yalçın İslamzadə analiz etdi: “İtə qarşı qəddarlıq edən gəncin özünün heyvandan fərqlənməsi üçün hər hansı şansı olub görəsən? Bioloji insan spontan olaraq sosial insan olmur, cəmiyyət və sosiallaşma institutları onu insanlaşdırmalıdır. Yoxsa hamıda anadagəlmə kor və dağıdıcı instinktlər var və bunlar sivil yolla əhliləşdirilməsə ən müxtəlif instansiyalarda şiddətə çevrilə bilərlər, mədəniyyət ilk növbədə insanın əhliləşdirilməsidir”.

...Alman ekspressionizmin nüfuzlu nümayəndələrindən biri, rejissor Fritz Lanqın “M-şəhər qatili axtarır” adlı filmi var. Şəhər sakinləri cinayət aləminin üzvləri ilə birgə az yaşlı qızları öldürən qatil manyaka məhkəmə qurur. Rejissor belə bir sual qaldırır ki, özləri müxtəlif cinayətlər edənlərin qatili məhkəməsiz linçləməyə haqqı varmı?

Daha vacibi, Lanq göstərir ki, öz təbiətinə qalib gələ bilməyən, özündən azad ola bilməyən qatil həm də qurbandır.

İti öldürən gəncin nələrinsə, hansısa vəziyyətin qurbanı olduğunu düşündükmü?

# 4676 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #