Əvvəlinci məktub
Sənin haqqında düşünən adam az da olsa səninçün maraqlıdırsa, və hərdən hətta çox qısa bir müddət ərzində yadına düşürsə, içindəki fikirləri onunla bölüşməkdən çəkinmə. Sözsüz ki, əgər o adamın səviyyəsi buna yol verirsə. Burada pis heç nə yoxdur. Əksinə, bu, ömrünün qalan hissəsinin fonunda bəlkə də həyatının ən maraqlı anları kimi xatırlana bilər. Əlbəttə ki, mən bunu istəməzdim. Və arzu edirəm ki, sənin həyatının ən romantik, gönlüncə olan anları məhz ömrünün qalan hissəsinə təsadüf etsin. Ancaq bir məsələ də var ki, biz tale yazmırıq. Ona görə də hər bir anı dəyərləndirmək, ondan nəsə yaxşı bir şey götürmək vacibdir. Ən azı gələcək yaşantılarını müqayisə etmək üçün. Ən çoxu isə (Allah eləməsin!) uğursuz gələcəyə təsəlli ola biləcək maraqlı keçmiş yaratmaq üçün...
Birinci məktub
Müharibənin boşaltdığı kənddə evlərin açıq qalmış qapı - pəncərəsindən içəri soxulub birdən - birə qeybə çəkilmiş insanları bütün künc - bucaqda axtaran səhər dumanı kimi üzümdə gəzən soyuq baxışların arxasında sənin dayandığını seyr etmək yamanca çətin idi. Mən səni birlikdə dərd çəkməyə çağırırkən sən öz dərdini də mənə yükləyib kənara çəkildin. Hər halda buna görə də sağ ol. Əliboş da qaytara bilərdin. Ancaq heç vaxt dərdinin hamısını kiməsə bağışlama. Hətta onu sevsən belə. Bir az özünə saxla. Çünki insanın dərdi qurtaranda o daha yaşamır. Sənsə yaşamalısan. Ən azı öldürdüyünə ağlamaq üçün.
İkinci məktub
Mənim hisslərimdəki SƏN, sənin həqiqətindəki özündən xeyli fərqlənir. Səbəb çox sadədir. Sənin özün haqqında təsəvvürlərin hamıdan çox bələd olduğun gerçəkliklərə əsaslanır. Mənim qəhrəmanımın obrazı isə müşahidələrin və hisslərin birləşərək yaratdığı romantizmə daha çox söykənir. Obyekt bir olsa da ona münasibətdəki fərqi və bu fərqlərin birinin digərini inkar etməməsinin səbəbini anlamaq o qədər də çətin olmamalıdı.
Çünki hər iki halda arada istək var. Baxmayaraq ki, onların mahiyyəti eyni deyil və ikinci haldakı istək birincidən daha böyükdür. Bunu sevgi, məhəbbət, eşq və s. adlandırsalar da əslində bir sözlə tam ifadəsini vermək mümkün deyil. Bu məfhumlar sadəcə söhbətin nədən getdiyini ortaya qoyurlar.
İçindəki özünəməxsus bu hissin əsl mahiyyətini, rəngini, dadını təsirini və ən başlıcası gücünü ətrafdakılara anlatmaqsa əsəbləri tab gətirməyib dəli olanlara və intihar edənlərə (özünəqəsd ən böyük günahdır) qismən müyəssər olur…
Üçüncü məktub
Dünən yenə yuxumu zəbt eləmişdin. Belə işğalçıdan kim qaçar?! Gəldin, danışdın-güldün, hərdən yanaqların da qızardı... Amma hər şey pərakəndə idi. Nə sən, nə də mən nə istədiyimizi bilmirdik. Deyəsən heç bilmək də istəmirdik. Hər şeyi hadisələrin axarına buraxıb xeyli xöşbəxtləşmişdik. Sonra sən gözənilmədən gəldiyin kimi, qəfil də getdin...
Həmişə belə eləyirsən. Yuxunun ən şirin məqamında qeybə çəkilib məni anasını itirmiş uşaq kimi həyəcanla ətrafı axtarmağa məcbur edirsən. O qədər axtarıram ki, axırda yorulub yuxudan oyanıram... Kölgəli divarlar, yuxarıdan asılmış tavan, ömrü boyu ayaqlar altında qalmağa məhkum edilmiş döşəmə, açıq pəncərədən görünən küləksiz yay gecəsi. Hamısı da tər içində. Belə məqamlarda nədənsə mənə elə gəlir ki, bir az əvvəl onlar da mənimlə bərabər eyni yuxunu görüblər...
Amma etiraf edim ki, yuxunun ən şirin yerində qaçıb getdiyinə görə mən səni daha çox sevirəm. Çünki sən bu xasiyyətinlə münasibətlərimizi adiləşməyə qoymursan. Görünür bu naməlum hisslərin ömrünün daha uzun olması sənin də ürəyincədir. Ən azı mənim səni görə bildiyim yuxularımda...
(Ardı var)
Bakı-1997 (Qapalı arxivdən)