İslam və demokratiya

İslam və demokratiya
29 oktyabr 2012
# 10:42

Əli klaviaturaya yatan, internetdən başı çıxan adam yəqin ki, Youtube-da özünü Ramin peyğəmbər kimi təqdim edən adamın prezidentə müraciətini görüb. Görməyən, baxsın. Ya da görənlər görməyənlərə göstərsin. Olduqca orijinal müraciətdir. Şərhlər müraciətdən daha maraqlıdır, amma indi söhbət müraciətdən gedir.

Deməli, özünü Ramin peyğəmbər kimi təqdim edən adam prezidentə müraciət edərək, Qurandan sitatlar gətirir. İddia edir ki, o yer üzərinə göndərilmiş yeni peyğəmbərdir. Çox maraqlıdır ki, təsdiq olunmuş sonuncu peyğəmbərdən sonra bəşəriyyət növbəti peyğəmbəri qəbul eləməsə də, əsrlərdir belə peyğəmbərlik həvəsinə düşənlər tapılır.

Əslində, bu qəribə adamın Qurana istinad eləməsində bir qəribəlik yoxdur. Axı, Quranın özündə də İslamdan əvvəlki dinlərə istinadlar kefin istəyən qədərdir. Amma nədənsə bu görüntüyə ən kəskin reaksiyalar elə dindarlar tərəfindən gəlir. Şərhlərdə bu yeni peyğəmbəri «şarlatan»dan tutmuş, «şeytanın elçisi»nə qədər müxtəlif təyinlərlə bəzəyirlər. Ramin müəllim isə öz növbəsində deyir: «Mənə peyğəmbərlik veriləndə deyildi ki, sənə əvvəl inanmayacaqlar, qəbul etməyəcəklər, amma sən de ki, mən Allahın elçisiyəm. Kim ki, sənə biət etsə, biz onu mükafatlandıracağıq. Səni inkar edənləri isə cəzalandıracağıq». Bu fikirlərdə heç bir orijinallıq yoxdur. Tanış üsuldur.

Bu misalı ona görə çəkdim ki, İslama kənardan baxmaq asanlaşsın. Məsələ təkcə İslamda deyil, bütün dinlərin müasir dünyada bəşəriyyətin inkişafına mane olduğunu görmək üçün onsuz da mikroskopa ehtiyac yoxdur. Amma bu gün İslam dininin, müsəlmanların iddiaları daha çoxdu.

İmam üçün ağlayanda, yezid üçün də ağlayaq və ədalət naminə deyək ki, bu günə qədər İslam xristianlığa nisbətən daha az insanın qətlinə səbəb olub. İslamın tarixində inkvizisiya tonqalları, xaç yürüşləri kimi qanlı səhifələr yoxdur. Amma bir şey olmayıbsa, olmayacağı anlamına gəlmir. Dodağınızın bir balaca qaçması üçün Ramiz Həsənoğlunun məşhur «Ac həriflər» televiziya tamaşasındakı müdrik dərvişin fəlsəfəsindən bir parça: «Bir şey ki olmalıdır, olacaq. Bir şey ki, olmamalıdır, olmayacaq. Və bir şey ki, olmalıdır, deməli, olmalıdır. Bir şey ki, olmamalıdır, deməli, olmamalıdır».

Zarafat bir yana, son illərdəki bir sıra dini motivli qətllər göstərir ki, İslam xristianlığa nisbətdə buraxdığı qəddarlıq boşluğunu doldurmaqda qərarlıdır. Əslində, bunu gecikmiş proses də saymaq olar: bəlkə də İslam inkvizisiya tonqallarını keçsəydi, bir az sakitləşərdi. Hansısa islahatlara gedərdi. Amma müasir dövrdə biz İslamın qılıncını qınından çıxarması dövründə yaşayırıq.

İslam heç bir ölkədə demokratiyayla yola getmir. Avropaya mühacirət etmiş müsəlman məskunlaşdığı Hollandiyanın qanunlarına tabe olmaq əvəzinə o qanunları özünə görə dəyişdirmək istəyir. Əvvəla adama deyərlər, özünün islam, şəriət qanunları ilə idarə olunun ölkəni qoyub, dünyəvi qanunlarla idarə olunan ölkəyə niyə gedirsən? Sənin orada nə itin azıb? Sənə din, İslam lazımdırsa, İslama uyğun yaşamaq istəyirsənsə, gül kimi otur özünün şəriət qanunları ilə idarə olunan ölkəndə. Kirin-pasın, antisanitariyanın içində boğulan, elmi-texniki tərəqqidən geri qalan, vətəndaşları savadsızlıq və cəhalət ucbatından dünyada gedən proseslərdən xəbər tutmayan İranında, İraqında, Əfqanıstanında, Suriyanda...

Amma yox, müsəlman istəyir ki, gözəl, abad, təmiz, inkişaf etmiş, insana, vətəndaşa hörmət qoyulan, qiymət verilən ölkədə yaşasın. Sarışın, gözəl qadınlar görsün, müasir texnikadan istifadə eləsin, Facebooka girsin, arvad-uşaqdan, molladan-zaddan gizlin bir-iki “rumka” da o söz...Amma yaşadığı dünyəvi dövlətin vətəndaşlarından da o mütləq öz İslamına riayət tələb eləyir. Gedir Hollandiyaya, ona deyirlər qurbanı bunun üçün xüsusi ayrılmış yerdə kəs. Deyir, yox, mən heyvanı qapımın ağzında kəsməliyəm. Deyirlər, azanın səsini azalt, səhər-axşam yatanlara mane olmasın. Deyir, yox, azan elə bərkdən oxunmalıdır. Deyirlər, məktəblinin hamı üçün qəbul olunmuş, ümumi geyim forması var, deyirlər hicab dünyəvi məktəb konsepsiyasına uyğun gəlmir. Müsəlman deyir, yox, mənim qızım məktəbə hicabla getməlidir. Getməsə, küçəyə çıxıb aksiya eləyəcəm, polisi döyəcəm, etirazımı öz yazılarında qınayan yazarlara də ölüm fətvası verəcəm.

Ay qardaş, axı niyə?! Avropaya gedirsən, yazıq avropalı səni öz bataqlığından çıxarır, sənə ev, sosial təminat verir. Sən də əvəzində deyirsən ki, mən Avropanın əsrlərlə formalaşdırdığı sivilizasiyasını məhv edəcəm! Mən bura elə bu sivilizasiyanı, mədəniyyəti, düşüncə tərzini məhv eləmək üçün gəlmişəm. Yoxsa ki, gül kimi oturmuşdum da, öz Əfqanıstanımda, İraqımda, İranımda, daha nə bilim, haramda...

Amma bir şey də var, bir qismi də iddia eləyir ki, yox! İraqdakı əsl İslam deyil, Əfqanıstandakı əsl İslam deyil, İraqda, Ərəbistanda, Misirdə, Sudandakı da əsl İslam deyil. Əsl İslamı mən Avropada özüm yaradacağam.

Bir söz deyəndə də, deyirlər siz dini diskriminasiyaya yol verirsiniz, mənim hüquqlarımı tapdalayırsınız, dünyada müsəlmanlar əzilir...

# 3786 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #