Mənə əzab verən kitab

Mənə əzab verən kitab
20 noyabr 2015
# 13:17

Vüqar Tofiqlinin xatirələri 6 ay qabaq işıq üzü görüb. Çap olunandan az sonra bu kitabı oxumuş və özümə söz vermişdim ki, "Xatirələrim" haqqında müəyyən qeydlər edəcəm. Altı ay keçib, amma yazını indi yazıram. Çünki çətindir... Müharibə mövzusuna yenidən qayıtmaq, o ağır günləri yenidən xatırlamaq kiməsə asan gəlməsin. Elə bilirəm ki, gəlməz də.


Müharibə haqqında nəsə oxuyanda, kimsə nəsə danışanda Gülçini xatırlayıram. Arıq, sısqa oğlandı. Bizim poçtalyon idi. "Göyərçin"i, "Murzilka"nı, "Savalan"ı o gətirərdi qapıya. Bir velosipedi vardı ki... İki göz istəyirdi ki, tamaşa eləsin. Tez-tələsik qəzet və jurnalları paylayır, velosipedi elə sürətlə yerdən götürürdü ki, gəl görəsən. Gözümüz onda qalırdı. Müharibə başladı və bir daha Gülçini görmədik.

Natiq vardı... Kiçik yaşlarından güləşlə məşğul olurdu. Uğurlu nəticələri, mükafatları ailə üzvlərinin ürəyini dağa döndərirdi. Məşqçiləri onun Azərbaycanın ən güclü güləşçilərindən olacağını deyirdilər. Qarabağ müharibəsi başlayanda o Sovet Ordusu sıralarında, Leninqradda hərbi xidmətdə idi. Cəmi 4-5 ay qulluq edəndən sonra ürəyi dözmür. Müharibənin günü-gündən şiddətləndiyini eşidəndə qulluq etdiyi hərbi hissədən qaçaraq Bakıya gəlir, dərhal da könüllü şəkildə Qarabağa-döyüş bölgəsinə yollanır. Yalan-gerçək deyirlər ki, 32 güllə alıb, amma can verməyib, 33-cü güllədə şəhid olub.

Pərviz vardı. Yaraşıqlı, boylu-buxunlu. Müharibə onu bığ yeri təzəcə tərləyən, qız sevən vaxtlarında uddu. Və neçə-neçə belə igidləri...

Bir nəfər də vardı. Yeni ailə qurmuşdu, övladları hələ lap balaca idi. Uşaqların ən sevimli vaxtları olur ha... Öpürsən, öpürsən, qoxlayırsan, amma doymursan. Onun da uşaqları o yaşda idi. O yaşda olan bütün uşaqlar kimi şirin və sevimli. O uşaqlar yetim qaldı. Ata, ana bir qismət çörək kəsmək istəyəndə mərmi düz süfrənin üstünə düşdü. Tikə-tikə oldular. Allah uşaqların üzünə baxdımı, baxmadımı, demək çətindir.

Bütün bunları xatırlamaq ağırdır. Üstəlik yadıma arxa cəbhədəki vəziyyət, gün təpəmə döyə-döyə çörək növbəsində durmağım, evə qonaq gələndə qənd tapmamağımız, ümumilikdə çəkdiyimiz məşəqqətlər düşür və o günləri yenidən yaşayırmış kimi sarsılıram.

Bunlar öz yerində. Çox keçmədi ki, bizim ümidlərimiz də zədələndi. Və o zədə bizdən hələ də əl çəkməyib. Ömrümüzün sonuna qədər əl çəkməyəcək də...

Yenə də deyirəm, bu mövzuda yazmaq ağır və çətindir. Və mən bu qeydləri edə-edə də bilmirəm ki, nəsə alınır, yoxsa yox.

Çətin olduğuna görə də istəyirəm Tolstoyu köməyə çağırım. Lev Nikolayeviç Tolstoy "Əcaib varlıq" məqaləsində der ki: "Onlar öz aralarında anlaşılmazlıq və ayrı-seçkilik yaradan səbəbi aradan qaldırmaq yerinə, hər biri ayrı-ayrı dillərdə danışan topluluqlara bölünürlər. Sonra dövlət adlanan birliklər yaradır və yaratdıqları birlikləri qoruyub saxlamaq üçün özlərinə bənzər varlıqlardan minlərlə sayda öldürür, biri-birini çapıb-talayır, aclığa və yoxsulluğa sürükləyirlər. Biri-birini daha yaxşı əzişdirə və öldürə bilmək üçün bu varlıqlar xüsusi olaraq eyni cür, çox vaxt da bər-bəzəkli paltarlar geyinir, biri-birini daha da çox öldürə bilmək üçün çoxlu vasitələr düşünüb tapırlar və birinin buyruqlarına sözsüz boyun əyən bölüklərə ayrılaraq başqalarını öldürməyin daha yaxşı üsullarını öyrənirlər".

Belə... Türklər demiş, bilməm anlata bildimmi?

***

Kitabın içindəkilərdən danışmalı ikən niyə başqa hadisələri xatırlayıram? Çünki "Xatirələrim" bizi o günlərə aparır, bizə əzab verən xatirələri yadıma salır. Elə kitabın birinci hekayəsində də oxşar situasiya nəql olunur. Rusiya telekanallarındakı süjetlər Vüqar Tofliqlini o ağır illərə qaytarır: 1992-ci ilin əvvəllərinə-may ayının ağır günlərinə. Və bu ağırlıq sonuncu hekayəyə qədər davam edir. Doğrudur, arada məzəli hadisələrə də rast gəlmək olur. Amma bu hadisələrin özü də kədərli təsir bağışlayır. Adam bu əhvalatlara gülə bilmir. Sanki hətta məzəli söhbətlərin üstünə belə didərginliyin, köçkünlüyün, yetimliyin, yiyəsizliyin nəfəsi, ağırlığı çöküb.

Vüqar Tofiqliyə təkcə xatirələri əzab vermir, onu həm də yurda dönə bilməmək zəifliyi incidir. Dəhşətli mənzərədir. Dünyada sərhədlərin itməsi prosesi gedir. Bunun pis və yaxşı tərəfləri var, bu öz yerində. Mən başqa şey demək istəyirəm. Hə, onu deyirdim axı, dünyada sərhədlər itir, istədiyin yerə sərbəst gedə, istirahət edə bilirsən. Ürəyin istəyən ölkədə şad-xürrəm yaşaya da bilərsən. Ancaq səni doğulduğun, boya-başa çatdığın torpaqlara, atanın, ananın qəbrini ziyarət etməyə buraxmırlar. Və sən bu torpaqlardan özbaşına, özxoşunla gəlməmisən, səni ordan zülmlə, işgəncə ilə qovublar. Dəhşət...

Bilmirəm, yuxarıda yazdıqlarımdan anlaşıldı, ya yox. Mən müharibənin əleyhinəyəm. Amma adamlar öz yurd-yuvasına qayıtmalıdır. Başqa yol, söhbət yoxdur və ola da bilməz. Vüqar Tofiqli də elə bunu deyir....

# 2702 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #