Ramazan xatirələri

Ramazan xatirələri
27 iyul 2013
# 07:45

Dinlə tanışlığım lap kiçik yaşlarıma təsadüf edir. Atamın əmisi oğlu Hüseyn kişinin(daim başında buxara papaq olduğuna görə, biz ona “Papaxlı baba” deyirdik) necə namaz qıldığını 3-4 yaşımda görmüşəm və ilk təsəvvürlərim də belə yaranıb. 10 yaşında namazı qılmağı və “Quran” oxumağı öyrənmişdim. Dinlə maraqlanmağıma ən çox sevinən nənəm oldu. Elə ilk dəfə oruc tutanda da, nənəm məni imsaka qaldırdı. Nənəmin dəstəyini hiss etdiyim üçün, “Quran” oxumaq, namaz öyrənmək, dualar əzbərləmək mənə çox asan gəlirdi və nənəmə xoş görünmək üçün, hər gün öz yaddaşımla onu təəccübləndirirdim.

***

İlk dəfə Ramazan ayının, orucun həyəcanını 12 yaşımda hiss elədim. Türkiyə Diyanət İşləri Başkanlığının xətti ilə kəndimizdə “Quran” və din dərsləri keçən Mustafa hoca mənə Gəncliyə Yardım Fondunun Şəki üçün çap etdiyi dini təqvim bağışladı. Hər gün bir vərəqini qoparır, arxasındakı hədisi və ya maraqlı öyrənirdim. Öyrəndiklərimi qardaşlarıma, nənəmə danışırdım. Sonra da o vərəqləri səliqə ilə bir kitabın arasına yığırdım. Bu iş olduqca xoşuma gəlirdi. Bütün kənd Mustafa hocanı, 22 yaşlı Türkiyəli müəllimə hörmət edir, sevirdi. Kəndin hörmətli kişiləri onun başına pərvanə kimi dolanırdı. Xüsusən Xalq Cəbhəsinin üzvləri Mustafa hocaya məclislər qurur, ona Atatürkdən, Türkiyədən, “boz qurd”lardan suallar verirdilər. “Quran” kursuna gələnlərin arasında çoxlu “cəbhəçi” vardı. Hətta kəndimizin indiki axundu da, bizmlə eyni dönəmdə dərslərə gələn köhnə cəbhəçi, Ağamalı Sadiq Əfəndinin yaxın tanışlarından idi. “Cəbhəçi” olan tarix müəllimim də sidq-ürəkdən, həvəslə dərslərə gəlir, bizimlə birlikdə dərslərə qoşulurdu.

İlk oruc tutduğum günlər heç yadımdan çıxmaz. Dərsdən gələndən sonra bütün günü yataqdan çıxmırdım və Mustafa hocanın verdiyi kitabları oxuyub anlamağa çalışırdım.

Hərdən başım gicəllənir, gözlərim qaralırdı. İftar vaxtını təqvimə görə bilirdim. Çünki o vaxt kəndimizdə nə müəzzin vardı, nə də ramazan topçusu...

O il bütün ayı oruc tutdum. Dəhşətli dərəcədə arıqlamışdım. Bayramdan bir gün öncə Mustafa hoca dedi ki, sabah saat 6-da məsciddə olun, bayram namazına hazırlaşaq. Kəndimizin ağsaqqalları, yenicə namaza başlayan gənclər bayram namazına gələcək. Azərbaycanın ilk hafizlərindən Cəlal (hafizlik müəllimidir), Azər( bu yaxınlara qədər Şəki İslam Mədrəsəsində müdir müavini idi), Sadiq(təsərrüfatla məşğuldur) və mən Yasin surəsini oxuyacaqdıq.

...Sadiq məni çağıranda qaranlıqdan göz-gözü görmürdü. Dəstəmaz alıb itlərdən gizlənə-gizlənə, qəbirstanlıqların yanından keçəndə qorxmamaq üçün ilahi oxuya-oxuya kəndin aşağı məhəlləsindəki məscidə yollandıq. Mustafa hoca yaxınlıqda qaldığı üçün, bizdən tez gəlmişdi. Salamlaşdıq. Hocamızın gözləri xoşbəxtlikdən parıldayırdı. Sevinə-sevinə bizə bayram namazını izah elədi. 15-20 tələbə onun başına yığışıb dayanmadan suallar yağdırırdıq. O da sevə-sevə bizim sualları cavablandırır, səbrlə izahat verirdi.

Səhər açıldıqca kənd ağsaqqalları yavaş-yavaş toplanmağa başladı. Əksəriyyəti hətta sovet vaxtında belə namazından, orucundan ayrılmayan insanlar idi.

Ağsaqqalların qarşısında çəkinə-çəkinə avazla “Quran” oxuduq. Bayram namazının vaxtı yaxınlaşdıqca, həyəcandan əsirdik. Bayram azanını sonralar gözəl avazı ilə dünyada məhşurlaşan Azər oxudu, namaz qılındı və bayramlaşma mərhələsi başladı. Bayramlaşdıqdan sonra kənd camaatının daşıyıb gətirdiyi şirniyyatlardan böyük süfrə açıldı. Yeyib içib evə dağılışdıq. Evə çatanda gördüm ki, qapımızın ağzında 3-4 nəfər toplaşıb. Mənim “Quran” oxuduğumu bildikləri üçün məni qəbirstanlığa aparmağa gəlmişdilər. Atamdan icazə alıb, “mollalığa” başladım. Təxminən dörd-beş il yaxın qohumlar, qonşular, atamın tanışları məni məclislərə, qəbirstanlığa “Quran” oxumağa çağırırdı. Anam su qızdır, paltarlarımı ütüləyir, saçımı darayıb yola salırdı. “Mollalıq” etdiyim üçün özümü nümunəvi davranmağa məcbur idim. 7-8-ci sinifdə artıq “mollalıqğın” daşını atmışdım...

İkinci il qardaşlarımla birlikdə oruc tutduq. İkisi də mənə baxıb, həvəslənmişdi. Ortancıl qardaşım aclığa dözsə də, 9 yaşlı balaca qardaşım dözə bilmirdi. Dərsdən gələn kimi xəlvətcə anam onu yedizdirir, bizə isə onun yemək yediyini demirdi. Biz iftara əyləşən kimi özünü yetirirdi. Sonradan başa düşdüm ki, balaca qardaşım iftarda bizimlə oturmaq üçün, sahurda bizimlə yemək üçün oruc tutur. Ailəmiz kasıb olsa da, anam bizim üçün həmişə xüsusi yemək bişirirdi.

Mədrəsə illərində orucluq tamam başqa idi. 100-150 nəfər tələbədən 5-6 nəfər səhhətinə görə oruc tutmurdu. Müəllimli, tələbəli hamının üzündə qəribə halsızlıq olurdu həmişə. Axşamlar teravih namazı qılınır, ilahilər, “Quran”dan surələr oxunurdu...

Universitet illərində də, oruc tuturdum. Birinci il kimya-bialogiya fakültəsində oxuyan, uşaqlıq dostum və otaq yoldaşım Fuadla birlikdə oruc tutduq. Fuadın vasitəsi ilə, onunla eyni fakültədə oxuyan “nurçu”, “hizmətçi” tələbələrlə tanış oldum. Universitetdə oruc tutan az olduğu üçün, iftar süfrəsi açmaq dəb düşmüşdü. Kasıbyana iftar süfrələri açır, bir-birimizi dəvət edirdik. Tez-tez bir-birimizin kirayə evinə qonaq gedirdik. O vaxt “nurçu”larla birlikdə qalmaq üçün, çox adam oruca, namaza başlamışdı. (Hizmət evlərində qalmağın şərtləri ağır olsa da, pulsuz və səliqəli ev tələbələri cəlb edirdi.)

Tələbəliyim ilk 2 ilində ən çox türkiyəli dostlarımla iftar keyfi yaşamışıq. Türkiyəli tələbələr Şahinlə Haşimin mənzilinə toplaşır, ilahilər, “Quran” dinləyir, birlikdə namaz qılır, dua edirdik. “Hizmət çocuqları” dediyimiz, məlum xəttlə ölkəmizə gələn türkiyəli tələbələrlə iftar daha şən və maraqlı keçirdi. Sonradan Şahini də, Haşimi də azərbaycanlı dostları içkiyə alışdırdılar. İkinci kursdan sonra Ahmet Kayaya qulaq asıb içki içməyə başladıq...

İkinci kursda oxuyanda dostum Mənsurla birlikdə oruc turduq. Hər gün dərsdən 4-5 saat yatır, sonra oyanıb birlikdə iftara hazırlaşırdıq. İkimizin də yaxşı yemək bişirmək qabiliyyəti vardı. Bir-birimizi tərifləyə-tərifləyə iftar edir, namaz qılır sonra da Murat Kekilli havasına girir, Mənsurun o vaxtlar nadir tapılan telefonunda oyun oynayır, kitab oxuyurduq.

Qədr gecələrinin birində birlikdə dini şeir də yazmışdıq...

Başqa vaxtlarda içki içsəm də, Ramazanda namazı, orucu gözardı etmirdim. Sanki bütün günahlarımı bu yolla təmizlədiyimə inanırdım.

2009-cu ildə Gəncədə sonuncu dəfə oruc tutdum. Hər səhər sahura qalxmasam da, iftara növbənöv yeməklər sifariş verirdim. Tez-tez Gəncə dindarlarının iftar məclislərinə, sahur dəvətlərinə gedirdim. Hətta qədr gecələrindən birini 500-ə yaxın dindarla birlikdə oyaq qalmışdım.

Dindar deyiləm, inanclı deyiləm amma o coşqulu ramazan aylarını, qədir gecələrini, teravih namazlarını unuda bilmirəm...

# 2219 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #