Üzeyir Mehdizadənin sirri nədədir?

Üzeyir Mehdizadə

Üzeyir Mehdizadə

24 mart 2022
# 15:00

Kulis.az Nihat Pirin “Üzeyirin məşhurluğunun sirri” adlı yazısını təqdim edir.

Qəzavü-qədərin kökündə iki ciddi məsələ dayanır:

1. Mən kreditə girib aldığım telefonun üstündə verilən qulaqlığı krediti bitməmiş itirmişəm;

2. Bakıdan rayona getmək üçün sırf bu sürücünü özüm – bəli, bəli, şəxsən özüm – seçmişəm.

Halal internet paketimin imkanları daxilində "Youtube"dan gələn bildirişin səbəbini axtarmaqda ikən sürücünün sehrli sualı qulaqlarımı döyəclədi:

– Mahnı qoşsam, problem olmaz ki?

– Yox, əşi, – dedim, – uzun yoldur...

O telefonu maşının səsgücləndiricilərinə qoşmaqda ikən təzədən bayaqkı bildirişin izinə düşdüm: “Günün günortaçağı, bayram təntənəsinin ab-havasında mənə "Üzeyir Mehdizadə - Özünə bax" mahnısının artıq platformaya yükləndiyi xəbəri niyə gəlsin ki?"

Sualın cavabını tapmaqdan sarı ərinmədim, dedim, Üzeyirə bir şans verim, dinləyim. Bax elə bu vədədə – "Youtube"a girər-girməz sürücüm növbəti dəfə sual hədəfi kimi məni seçdi:

– Bu, deyəsən, təzədir, indi yüklənib, hə?..

Cavab verməyə macal tapmamış Üzeyirin mübarək səsi maşını tüstü-duman kimi başına götürdü. Sürücüm mahnını qoşmaqla yetinmədi, üstəlik, "Qoy klipinə də baxaq" deyibən balaca monitor kimini də qoşdu.

Klip ekranda öz axarını tapmaqda, mən mahnını incələməkdə, yol isə uzanmaqda bütün “maşallah”ları haqq edirdi. Demək, mahnının sözləri və musiqisi həmişəki kimi Üzeyirindir, bu öz yerində. Rejissor da özüdür, klipin ssenaristi də özüdür, montaj da və ən əsası, klipdəki aktyor da. Yəni adam evdə oturub siqareti közərdə-közərdə "Sən öl, sıxıldım, durum bir mahnı yazıb klip çəkim" deyibən bu klipi ərsəyə gətirib. Üzeyirdə bu potensial çoxdan var.

Kürdəmirin girhagirində Üzeyir Mehdizadənin “təkadamlıq tamaşa”sını artıq beşinci dəfə idi ki, izləyirdik. Sürücü mahnıdan doymaq bilmirdi, mən isə mahnıdakı:
Sən ki bir vaxtlar özünə baxardın

Qarşına qoy bir-iki şəkil, özünə bax – misralarında ilişib qalmışdım. Ha istədim ki, misraları qoşalaşdırıb enim dərinliklərinə, batam, yoxa çıxam, olmadı. “Özünə baxmaq” frazeoloji birləşməsi ilə “Şəkillərə baxmaq” anlayışını iki misrada adam bir-birinə elə calaq eləmişdi ki, nəticəyə varmaqda aciz qaldım. Əvəzində sürücüm dilləndi:

– Bu da yaxşıdır, – dedi. Üzeyirin bundan əvvəlki bir klipini də qoşdu, ardından "Bu da" deyə-deyə vədə başına qədər 10-12 klipini mənə izlətdirdi.
Əslində, bu saat yarım-iki saatlıq yolda beynimdəki "Üzeyir niyə bu qədər dinlənilir?", yaxud "Üzeyirin məşhurluğunun sirri nədir?" kimi suallara cavab tapa bilmişdim.

Ol səbəbdən, yolboyu sürücüyə nifrinlərimi rəva bilmədim, əksinə, qəlbən təşəkkür oldum.

Demək, məsələ nədir?

Üzeyir Mehdizadənin mahnı və klipi sırf mənasızlığına görə dinlənilir və izlənilir. Bu, sözügedən saat yarım-iki saatlıq işgəncədən doğan nəticədir. Və bu nəticəyə olan-qalan bircə başım var, bax onunla cavabdehəm. And olsun, sürücümün qara qaş, qara gözlərinə ki, bəhs elədiyim yolçuluq boyu bir saniyə belə gözümü klipdən ayırmadım, mahnıdan fikrimi yayındırmadım.

Məsələn, Üzeyir klipin ortasındaca öz telefonunu satıcıya iki dəfə göz eləməklə verib əvəzində yanındakı xanıma sevdiyi donu alacaq qədər fantaziyaya sahibdir. Belə bir şey kimin ağlına gələ bilər? Belə bir şeyi kim “Yaxşı olar” adında sözlərin fonunda klipləşdirə bilər? Və belə bir şeyin yekununa kim “Rejissor işi” yaza bilər?
– Üzeyir.

Sürücümün cidd-cəhdi üzərinə maşından düşhadüşdə ən məşhur kliplərindən birini də izlədim. Deməli, Üzeyir evdən çıxır, maşına minir, maşınla gedir, işə çatır, otağına keçir, kar-kağızla qurdalanır, işini bitirir, təzədən maşına oturur, yol gəlir, evə çatır, güzgüdə özüə baxır – bütün saydıqlarımın fonunda isə “qədrini bilməyən kəsi rədd elə” deyir, vəssalam. Və bu olur rejissoru Üzeyir olan klip.

Klipə maşında baxmaqla yetinmədim, üstəlik, evə gəlib bir də baxdım. Səbəbini ha gizli saxamaq isətəsəm də, olmadı – Üzeyiri mənasız mahnı sözləri və klipinə görə ittiham edəndə müdafiə arqumenti kimi “Çox “panyatka”lı oğlandır” deyirlər. Bu incəlikdən savayı klipə bir də baxmaq əzabına qatlaşdım. Haqlı imişlər. Allah haqqı, o vurhavurda Üzeyir ofisdən çıxanda görünməyən katibəyə başı ilə “sağ ol” da deyir. Bu cür “panyatka”ya o milyonlarla baxış qurban olmayıb neyləsin?

# 5430 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #