Sənətin heç bir öhdəliyi yoxdur

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

13 aprel 2022
# 13:40

Kulis.az Rəvan Cavidin “Sənət və kütləvi qınaq” yazısını təqdim edir.

Azərbaycan mediasının simalarından biri olan Mir Şahinlə Azərbaycan ədibləri arasındakı qalmaqal mənə Uendi Brounun “Neoliberalizmin xarabalıqlarında” kitabından bir hissəni xatırlatdı. Müəllif mərkəzləşdirilmiş bütün ideologiyalarda sənətçinin (xüsusilə yazıçıları qeyd edir) müəyyən çərçivələr daxilində yaratmasını, hətta daha “kəskin” şəkildə tərənnüm etməsinin gözlənildiyini bildirir. Əks halda kütləvi qınaqla cəmiyyətdəki reputasiyaları sındırılır.

Aid olduğumuz coğrafiyada mədəni tənəzzül baş versə də, onun tamamilə yoxa çıxdığını demək insafsızlıq olardı. Bir neçə il qabaq gənclik üsyankarlığı ilə yazdığım “poeziya mənasızdı, poeziya ölüb” cümlələrinə görə də özümdən tez-tez üzr istəyirəm. Mədəniyyətin kökünün burada, Şərqdə olduğunu xatırlayıb (əslində, bu da bir az mübahisəlidir) sənətin istisnasız bütün növlərini yenidən incələməyə, yenidən araşdırmağa başlayıram.

Sovet ədəbiyyatı bizim mədəni köklərimizi bir qədər dəyişdi. Deformasiyaya uğrayan poeziyamız və nəsrimiz indi də ara-sıra “sovet hallüsinasiyaları” görür. Bunu 60-lar nəslinin bitib tükənməyən eqolu iddialarından və yeni müəlliflərin mətnlərindəki toz qoparan cümlələrindən hiss etmək olur. Bizim üçün Qərb və onun gətirdiyi liberal sənət dəyərləri əlçatan deyil.

Nizami Gəncəvini öz mahiyyətindən uzaqlaşdıran tərcümələr, Nəsiminin aciz portreti və İsa ikonası ilə eyniləşdirilməsi, cildlərlə komunist partiyaların tərənnümünə məcbur edilən poemalar, sinfi bərabərliyi bar-bar bağıran, nəticədə isə özü sinfi ayrıseçkiliyin bir hissəsi olan romanlar və onların kostyumlu, kabinetli, bağ evli müəllifləri.

O vaxtı yazıçıya nəyin yazılmalı olduğunu deyirdilər. İndiki dövrdə bunu sadəcə qara yumor kimi çəkib göstərmək olar. Sən bir şairə deyirsən ki, bu gün nə görmüsən, nə eşitmisən, nə hiss eləmisən unut, pambıqdan şeir yaz. Bir romançıya deyirsən ki, bütün yaşadıqlarını yadından çıxar və bizim üçün çəkilən asfaltlar haqqında roman yaz. O anda şairin və yazıçının nə düşündüyü absurd reallıqdı.

Sənət yeganə sahədir ki, orada sənətçiyə heç nəyi diktə etmək olmaz. Olmaz yox, mümkün deyil. Bu, sənət irrealının qanunlarına ziddir.

Yazıçının alternativlər dünyası ilə jurnalistin publisistik dünyası arasında fərq elə publisistika ilə romançılıq, nəsr arasındakı fərq boydadır.

Sənət operativ olmaq məcburiyyətində deyil.

Sənət pozitiv olmaq məcburiyyətində də deyil.

Ümumiyyətlə, sənətin insanlar qarşısında heç bir öhdəliyi yoxdur.

O, zaman və nəsillər arasında körpü və seçimlər siyahısı rolunu oynayır.

Və unutmayaq ki, tarix boyu sənət heç bir mərkəzləşdirilmiş ideologiyaya məğlub olmayıb.

# 2385 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #