Sənə nə mane olur, Seymur?

Hüseynbala Mirələmov, Seymur Baycan

Hüseynbala Mirələmov, Seymur Baycan

13 aprel 2022
# 10:00

Bu günlərdə Kulis.az saytında Seymur Baycanın gənc yazarlara ünvanladığı nimdaş ironiyalı “məsləhətlər”ini oxudum:

“Azərbaycan ədəbiyyatında xeyli əsərlər var ki, üstündə təzədən işləyib asanlıqla "özəlləşdirmək" olar. Xeyli əsər oturub səbirsizliklə öz müştərisinin yolun gözləyir. Məsələn, Elçinin "Baş" romanını asanlıqla özəlləşdirib, orasına-burasına bir az əl gəzdirib "Xaş" adıyla rahatlıqla nəşr etmək mümkündür. Yaxud olsun Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" romanı. Məsəl üçün dedim. Xammal, hazır mətn nə qədər bayağı olarsa, üstündə işləmək, onu özəlləşdirmək bir o qədər rahat və asan olur. Hər kəs üstündə işləyəcəyi mətni özü seçməlidir, xammalı özü tapmalıdır. Bizim gənc yazıçılar özlərini çox əziyyətə salırlar. Niyə özünüzü bu qədər əziyyətə salırsınız? Hazır nə qədər roman, povest, hekayələr var. Götürün orasına-burasına bir az əl gəzdirin, öz romanınız, povestiniz, hekayəniz kimi nəşr edin. Neçə adama bu məsləhəti vermişəm. Nədənsə hələ ki, bu məsləhəti eşidən yoxdur. Bilmirəm onlara nə mane olur?”

Əvvəlcə, onu qeyd edim ki, özündən başqa heç kimi oxumayan Seymurun Xalq yazıçısı Elçinin “Baş” romanı haqqında qələmə alınan onlarla dəyərli resenziyanı heç oxumadığına da təəccüblənmədim. Həmin əsər həm Azərbaycanda, həm də xaricdə oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Xalq yazıçısının “Baş” romanını guya sarkazmla “Xaş” adlandırması da lap Seymur Baycanın özünə yaraşandır, başıyla deyil, qarnıyla düşünəndən bundan artıq hansı ifadəni gözləmək olar?

“Selincervari inziva”da özünü yazarlığa vurub “müxtəlif ölçülü məhsullar istehsal edən” Seymurun bu fikirlərinə onun növbəti publisistik demaqogiyası kimi yanaşıb kinayəylə gülümsəyib keçmək də olardı. Amma bu dəfə Seymura sükutla yox, çox sanballı müəlliflərin “Gəlinlik paltarı” romanı haqqında yazılan dəyərli məqalə və resenziyalarından sadəcə bir neçə cümləni xatırlatmaqla cavab vermək qərarına gəldim.

Akademik Nizami Cəfərov: “Gəlinlik paltarı”nın müəllifi hər şeydən əvvəl belə bir fəlsəfi həqiqəti təsdiq edir ki, dərk olunmamış, qeyri-məhdud azadlıq; volyuntarist, hüdudsuz demokratiya ümumictimai (və fərdi-insani) mənəviyyat üçün olduqca böyük, bir sıra hallarda isə tamamilə qarşısıalınmaz təhlükədir. Və həmin təhlükənin qarşısında dayana biləcək əsas qüvvə xalqın yüz, hətta min illər boyu ən müxtəlif tarixi şəraitlərin təsiri altında yaratdığı adət-ənənələr, etnoqrafik özünümüdafiə sistemidir… Hüseynbala Mirələmov həm ideya-məzmun, həm də ifadə-formaca kifayət qədər mükəmməl bir əsər yaratmış, mənəvi-əxlaqi normalara sədaqətlə etinasızlığın, etnoqrafik yaddaşla yaddaşsızlığın, ailə qarşısında məsuliyyətlə, məsuliyyətsizliyin günümüzün təcrübəsində hansı səviyyədə qarşı-qarşıya durduğunu, bir mütəfəkkir yazıçı məharətilə açıb göstərməklə yanaşı, xalqın hər cür əxlaqi volyuntarizmə müqavimət göstərməyə və qalib gəlməyə olan tükənməz mənəvi gücünə inamını ifadə etməkdən çəkinmir. Və romanın başlığına çıxarılmış «Gəlinlik paltarı» ifadə - obrazı bədbin, eyni zamanda həyati səhnələr, epizodlarla xeyli zəngin olan əsərin nikbin ideyasının (və müəllifin nikbin ideyalarının) unudulmaz simvoluna çevrilir”.

Professor Nizaməddin Şəmsizadə: “Gəlinlik paltarı” azad insan ruhunun qüdrəti və faciəsi haqqında romandır. Yazıçı romanda xəyaldan, yuxudan, teyfdən – ümumən fantasmaqoriyadan ustalıqla istifadə edir. H. Mirələmovun “Gəlinlik paltarı” romanının Azərbaycan ədəbiyyatına gətirdiyi yenilik məhz budur ki, bu əsərdə qəhrəmanın, içi azad ruh və azadlıq ehtirası ilə çağlayan gənc və gözəl Fənayənin intiharını faciə kimi qəbul etmirsən...”

Ədəbiyyatşünas alim Vəkil Hacılı: “Gəlinlik paltarı”nı müasir ədəbiyyatımızın əlamətdar hadisəsinə çevirən keyfiyyət onun XX əsr Qərb ədəbiyyatında “şüur axını, seli” kimi məşhur olan fəlsəfi, ədəbi-estetik cərəyanla yaxından bağlı olmasıdır. Hüseynbala Mirələmovun “Gəlinlik paltarı”ndakı bədii hünərinin açarı və sirri müxtəlif dövrlərə məxsus mətləblərin, rəngarəng fəlsəfi-əxlaqi, bədii-estetik cərəyanların, məktəblərin nailiyyətlərinin yaradıcı şəkildə, güclü bir qələmlə, istedadla, gözə soxmadan öz əsərində əritməsi, romanının estetikasına, məfkurəsinə, üslubuna, ifadə tərzinə, mətnin məsamələrinə, toxumalarına hopdurmasındadır. Əsərin dili C. Cabbarlı, M.İbrahimov, Ə. Məmmədxanlının ədəbi dil ənənələrinə yaxın, şeiriyyətlə dolu, dramatik, faciəvi gərginliyə uyğun cilvəli, ahəngdarlıqla zəngin, şəraitə görə dəyişən çevik, əsnək, təsirli, ən incə mətləbləri canlandırmağa qadir, kövrək, əsasən rəvan, tikansız bir dildir. Bu kitab Azərbaycanın , xalqımızın atəşli, alovlu müdafiəsidir. Onun hər bir azərbaycanlının masaüstü kitabı olacağına şübhəm yoxdur. Çünki “Gəlinlik paltarı” romanı dünya oxucularına təqdim olunmağa layiq yüksək bədii nailiyyətdir…”

Professor Minaxanım Nuriyeva-Təkəli:Romandakı dərin psixoloji vəziyyətlə gərginləşən təlatümlü anlar, məqamlar yazıçı tərəfindən ustalıqla tutularaq şərh olunmaqdadır. Müəllifin dərin psixoloji məzmunlu, əxlaqi keyfiyyətlərdən bəhs edən əsərini məhz belə, paklıq-pakizəlik mücəssəməsi olan “Gəlinlik paltarı” adlandırması ana dilimizə, onun əziz kəlmələrinə hörmətinin, eləcə də mənəvi xəzinəmizə diqqət və sevgisinin nəticəsidir”.

Professor Vaqif Yusifli: “Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanında müasir romanın tələblərinə riayət olunub. Əsərdə fərdi talelərin təsviri ilə cəmiyyətdə baş verən mənəvi-sosial olaylar bir-biri ilə sıx əlaqədədir. Günün reallıqları və bu reallıqdan doğan müxtəlif təsirləri biz obrazların taleyində izləyə bilirik. Müasir roman üçün xarakterik olan: obrazı dərininə şərh etmək, onun mahiyyətindəki gizlin qatları üzə çıxartmaq “Gəlinlik paltarı” romanında da nəzərə çarpır. Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanını son illərdə mənəvi-əxlaqi mövzuda yazılmış ən dəyərli əsərlərdən biri hesab edirik. Bu əsərdə real həyat var, bəzək-düzəksiz, amma bədii sözün işığında canlanan həyat...”

Əli Rza Xələfli: “Heç şübhəsiz “Gəlinlik paltarı” çox oxunaqlı bir əsərdir. Onu oxunaqlı edən əsas cəhəti yalnız müasir gənclərin psixoloji durumunun, orijinal həyat lövhələrinin qələmə alınması ilə bağlamaq düzgün olmazdı. Bu əsəri oxunaqlı edən əsas cəhətlərindən biri də onun poetik dilidir…”

Fariz Çobanoğlu: “Fənayə cəmiyyətin üstünə yeriyən dəmir dabanlı kapitalın vahiməsindən, aldadıcı görkəmindən çaşbaş düşən, həyatda düzgün yolu tapa bilməyən gənclərin ümumiləşdirilmiş obrazıdır. Şəxsən mənim həmyaşıdımdır. Onun taleyi məni çox ağrıdır. Bu faciəni, bu ağrını öz üzərimdə hiss edirəm...”

Tariyel Abbaslı: “Hüseynbala Mirələmov “Gəlinlik paltarı” əsərində müasir Azərbaycan həyatının müəyyən bir parçasını çox böyük ustalıqla qələmə almış, hərtərfli bitkin bir sənət əsəri yarada bilmişdir. Əsərin dərin, tərbiyəvi əhəmiyyəti vardır”.

İsmayıl Kazımov: “Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” milli mənəviyyat, əxlaq barədə yazıçı qənaətlərini, yaratdlığı obrazların zəngin dünyasını oxuculara sevdirə bildiyi kimi, yaşadığı yeni ictimai-siyasi quruluşda aydın və ardıcılı milli-mənəvi sənətkar mövqeyinə də Azərbaycan xalqını inandıra bildi”.

Elnaz Eyvazlı: “Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsərini oxudum, özü də kəlmə-kəlmə. Kimləri görmürdüm bu əsərdə?! Özümdən tutmuş özgəyə qədər. Daim içimdə çək-çevir etdiyim fikirlər, didib-parçalayan düşüncələr. Yazmaq istədiklərim, yaza bilmədiklərim… Mürəkkəblikdən uzaq, hamının başa düşəcəyi tərzdə yazılmış əsərdir. Daha çox xoşuma gələn tərəfi isə odur ki, obrazların hər birinin iç üzü özləri tərəfindən açılır. Hər biri özü-özlüyündə nə düşünürsə – yaxşı, ya pis, daxili monoloq şəklində oxucuya çatdırlır…”

Ramin Əhmədov: “Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanı sosial həyatın mühüm bir hissəsi olan milli-mənəvi, əxlaqi dəyərlərin qorunub saxlanılması, əsrlərdən bəri yaşatdığımız qədim adət-ənənələrə hörmətlə yanaşılması, bir sözlə, milli mentalitetə sadiqlik, bu qiymətli sərvətdən imtina edilməməsi kimi vacib məsələləri diqqət mərkəzində saxlayır. Əsərin başlıca tərbiyəvi əhəmiyyəti də bundadır”.

İsmayıl İmanzadə:Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanı çağdaş zəmanəmizin indiki ovqatı üstə köklənib. Sonda oxucu bir daha belə bir qənaətə gəlir ki, xoşbəxtlik o zaman mümkündür ki, dünya malının əsiri olmayasan, özgəsinin ülvi duyğularına pul gücünə təcavüz etməyəsən”.

Bədirxan Başkeçidli: “Yaşadığımız dövrün gerçək mənzərəsi H. Mirələmovun “Gəlinlik paltarı” romanında bütün reallıqları ilə öz əksini tapır. Buradakı duyğu və düşüncələr də bütünlüklə müasirlərimizə məxsusdur. Əsərin ədəbi prosesdə müasir nəsrimizin faktına çevrilməsi onun gələcək həyatını da təmin etmiş olur”.

Sevil Sultanqızı: “Gəlinlik paltarı”nda “mənəviyyatın həmişə döyüşdə olduğu”, “burada talelərin müharibəsinin getdiyi və talelərin döyüşünün daha dəhşətli” olduğu göstərilir. H. Mirələmovun bu romanı unutqanlara “mənəvi yaddaş kitabı”, mənəvi eybəcərlərə isə “mənəvi gözəllik nümunəsi”dir”.

Gülnaz Mərdanqızı: “Mən “Gəlinlik paltarı” əsərini sevgisizliyin faciəsi də adlandırardım”.

***

Burada adını çəkdiyim və çəkmədiyim, roman haqqında dəyərli fikirlər yazan müəlliflərə dərin minnətdarlıq hissi ilə onu da xatırlatmaq istərdim ki, “Gəlinlik paltarı” haqqında yazılan onlarla resenziyadan ibarət “Fənayənin sualları” publisistik toplusu və mərhum Vəkil Hacılının müəllifi olduğu “Gəlinlik paltarı”nın işığında” kitabı hələ 2000-ci illərin əvvəllərində nəşr edilərək oxuculara təqdim olunub.

Sonda bir budaqda oturub min budağı silkələməyə çalışan Seymurun yaradıcılığa yeni başlayan yazarlara verdiyi ritorik - ironik sualı çoxqatlı mənada elə onun özünə ünvanlamaq istərdim: “Niyə özünü bu qədər əziyyətə salırsan, Seymur Baycan, sənə nə mane olur?..”

# 6418 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #