Quranı başının üstünə qoyub ağlayanlar

Quranı başının üstünə qoyub ağlayanlar
26 aprel 2022
# 13:20

Kulis.az Vüqar Babazadənin “Cənnətdəki şeytan” adlı yazısını təqdim edir.

“...Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!" (Əhqaf surəsi, 22-23)

Belə rəvayət edirlər ki, hansısa kənddə yas düşür. Dost-tanış, qonum-qonşu yığılışır gəlir yasa. Yas düşən ev bir az varlı olduğu üçün yeməyə hinduşka əti verirmiş. Kəndin mollasının da hinduşka ətindən ötrü ürəyi gedirmiş. Uzun sözün qısası, çadır qurulur, stollar hazırlanır, qab-qacaq qoyulur, hinduşka əti süfrəyə gətirilir. Molla da startda dayanıb hinduşka yeyəcəyi anı gözləyirmiş ki, birdən kəndin lotularından biri durub camaatın içində deyir:

– Ay camaat, axı bizim molla hinduşka əti yemir. Siz nə üçün hinduşka əti verirsiz yasda?

Digər lotular da onun səsinə səs verir:

– Düz deyir, düz deyir, mollanın axı hinduşkadan zəhləsi gedir.

Bu sözləri eşidən mollanı az qalır ki, infarkt vursun, amma qüruruna sığışdırmır, özünü əzdirmir, toxtayıb deyir:

– Düz deyirlər, mən hinduşka ətindən iyrənirəm, ümumiyyətlə, bu gün yemək yeməyəcəyəm.

Beləcə, lotular mollanın boynuna qoyurlar ki, sən hinduşka əti yemirsən.

İndi isə keçək bu cür hikmətli məsəli nə üçün sizə danışmağıma.

Məscidlərdə Ramazan bayramına görə xüsusi gecələr təşkil olunur. Bu gecələrdə insanlar yatmır, səhərə kimi oyaq qalır, namaz qılır, ibadət edir, müxtəlif dini ayinləri yerinə yetirirlər. Dünən isə mentorluğunu Hacı Şahin əfəndinin etdiyi bu məclislərin birindən müxtəlif pozalarda şəkillər yayıldı sosial mediada. Adamlar dua kitablarını başlarına qoyub, papaqlarının altına salıb, alınlarına yapışdırıb, ağızlarının içində saxlayıb ağlayır-sızlayırlar. Bəziləri hətta Quranı ortadan açıb başlarına qoyub, nə qədər zikr etdiklərini hesablayır, 999 dəfə “Allah əkbər” pıçıldayırlar.

Maraqlıdır, elə deyilmi, amiqolar?

Bayaq sizə danışdığım məsəldəki kimi, bizim millət zorla öz boynuna qoymağa çalışır ki, biz əsl müsəlmanıq. Zorla özlərini əsl müsəlman etmək istəyirlər. Məcburən Allahın xoşuna getməyə çalışırlar, özləri kimi olmurlar, yalandan da olsa göstərmək istəyirlər ki, Əhya gecələrində yatmırıq, 999 dəfə “Allahu əkbər” deyirik, səhərə kimi oyaq qalıb 200 rükət namaz qılırıq, günlərimizi məscidlərdə keçiririk, Quran da ki, başımızın üstündə.

Sizi inandırıram yerin-göyün sahibinə, çıxın küçəyə, ya gedin hansısa məscidə. Soruşun ki, ey Quranı başının üstünə qoyub ağlayan, dua kitabını yeyən, ağzına salan, papağının içinə qoyan müsəlmanlar, Quranda neçə ayə var? Hamısı üzünüzə baxacaq. Bəziləri ağıllı görünmək üçün dərhal deyəcək ki, 114. Siz onda onlara deyin. Ey iman gətirən, 114 SURƏ var. Mən AYƏ soruşuram. Şübhəsizdir ki, bir çox müsəlman, xüsusilə, Quranı açıb başının üstünə qoyan, dua kitablarını yeyən, ayə ilə surənin fərqini bilmir. Hələ nə qədər ayə və nə qədər surə olmağı, Quranı oxuyub-oxumamağı, ərəbcə bilməyi və bilməməyi qalsın bir kənara.

Quranı başının üstünə qoymaqla, o adamın başına girmir. Quran necə adamın başına girir? Yaxın oturun, izah edim.

Əvvəlcə, gedirsiniz bir dini mallar satılan mağazaya. Oradan bir Quran alırsınız. Əgər pulunuz yoxdursa, satıcıya deyin ki, mənim Quran almağa pulum yoxdur, bir savab iş görüb, mənə pulsuz Quran verə bilərsinizmi? Ordan qovulursunuz, daha sonra gedib evində Quran olan bir dostunuzdan müvəqqəti olaraq Quran alırsınız. Daha sonra gəlirsiz evə. Bir stol-stul tapırsınız, Quranı qoyursunuz stolun üstünə. Özünüz də oturursunuz. Və açıb yavaş-yavaş oxumağa başlayırsınız.

Əgər hər şeyi edib yenə heç başa düşmürsünüzsə, deməli, ərəbcə bilmirsiniz. Yenə gedib hansısa bir dostunuzdan Azərbaycan dilinə tərcümə olunmuş Quran alırsınız. Bayaqkı prosedurları yenidən edib, oturursunuz yavaş-yavaş, başa düşə-düşə Quranı oxuyursunuz. Bir neçə dəfə oxuyun. Bu dəfə mütləq nəsə başa düşəcəksiniz. Əgər işdir-şayəd yenə heç nə başa düşməsəniz, gedirsiniz məscidə, Quranı götürürsünüz, başınıza qoyub ağlayırsınız. Zikr edirsiniz, dua kitabını yeyirsiniz. Bu halda ola bilsin ki, sizin əziyyətlərinizin qarşılığında hidayət oluna biləsiniz.

Dua kitablarını nə üçün yeyirsiniz, ağzınıza salırsınız, papağınızın altında gizlədirsiniz? Niyə onları oxumaq, başa düşmək yerinə, onlardan təyinatı üzrə istifadə etmirsiniz? Nə üçün dindən bir alət kimi istifadə edirsiniz?

Ay iman gətirənlər, siz nə üçün belə edirsiniz? Nə vaxt bu xurafatlardan qurtulacaq, əsl İslamın təklif etdiyi, arzuladığı kimi bir insan olacaqsınız? Sizi axı kim inandırıb ki, Ramazan bayramında Quranı açıb başınızın üstünə qoysanız və ya ağlasanız Cənnətə düşəcəksiniz?

Niyə bu cəmiyyəti 100 il geriyə götürmək istəyirsiniz?

Sonda, müğənnilər demiş, repertuarımda yeni olan bir məsəllə yazını bitirmək istəyirəm. Daha Allahdan gizli deyil, sizdən nə üçün gizlədim? Bu qədər məsəl öyrənməyimin də bir səbəbi var. İki-üç il əvvəl çox arif və aqil bir yaşlı adam mənə arılarla bağlı bir məsəl danışdı. Ümumiyyətlə, arılarla bağlı olan məsəllər çox hikmətli olurlar. Harada arılarla bağlı məsəl görsəniz mütləq oxuyub, yadda saxlayıb, onu həyatınıza tətbiq edin. Kəsəsi, aqil adam mənə məsəli danışıb getdi, amma mən onun məsəlinə ciddi yanaşmadım. Fikir vermədim, dedim, qoca adamadır, danışır da özü üçün. İndi isə bir ildən çoxdur həmin adam vəfat edib. Mənə danışdığı arı məsələni nə qədər eləyirəm, xatırlaya bilmirəm. Elə bilirəm ki, o məsələ axıra kimi qulaq assaydım, yadımda saxlayıb həyatıma tətbiq etsəydim, indi həyatım tamam fərqli idi. Ona görə bu hadisədən sonra çoxlu-çoxlu məsəl öyrənirəm, hikmətlilərini yadımda saxlayıb, yeri gəldi-gəlmədi danışıram, həyatımda tətbiq edirəm. Keçək məsələ.

Bir gün bir kişi rayon təhsil şöbəsinə bir qoyun gətirir. Bunu görən işçilər kişiyə deyirlər:

– Ay kişi, rədd elə bu qoyunu burdan. Bura dövlət müəssisəsidir.

Kişi cavab verir:

– Bu, qoyun deyil, “padarka”dır.

İşçilər cavab verir:

– Əşi nə “padarka”. Qoyundur, çıxar burdan heyvanı. Görsələr cərimə edəcəklər səni.

– Ay dostlar, vallah, bu, “padarka”dır. Qoyun deyil.

– Sən, deyəsən, dəlisən. Sənə deyirik ki, bura salma qoyunu. Bura dövlət idarəsidir.

– Atamın goru haqqı, bu qoyun deyil, “padarka”dır.

– Necə yəni axı “padarka”dır? Bu qoyundur. Sənin başında çatmır.

Rədd elə heyvanı burdan – işçilər əsəbiləşirlər.

– Ay camaat, düz deyirəm. Bu “padarka”dır. Qoyun Bakıda universitetdə oxuyur.

# 3196 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #