O təsbeh həyatımı dəyişdi

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

29 mart 2022
# 10:00

Kulis.az Rəvan Cavidin "Xatırlamaq haqqında heç nə" yazısını təqdim edir.

Həmişə düşünmüşəm ki, hətta gəncliyimin hələ başı dumanlı vaxtları olsa da, mən ən xoşbəxt günlərimi keçmişdə yaşamışam. Dostluqların da, sevgilərin də, ayrılıqların da ən gözəli o qədər də uzaq görünməyən keçmişimdə qaldı. Elə bilirəm, əlimi bir azca səadətə tərəf uzatsam, itirdiyim o günlərin hamısını bir cəhddəcə yanıma darta bilərəm. Ancaq, qollarımız həmişə ya dualar üçün göylərə, ya da başlanğıclar üçün irəli açılır. İtirdiyim adamlar, məndən keçib gedən bütün kəslər mənə ağrı verir indi. "Kaş" deməyi o qədər sevməsəm də, hərdən bu xırda, üç hərfli söz bütün əzabların ən yaxşı ekranı olur. Bütün tərəddüdlərim, bütün iztirablarım, sancılarım orada gah ağ-qara, gah da sarı rəngdə gözümün önündən titr sürəti ilə keçib gedir. Nələrisə düzəltməyin nə mənası var, nə də məntiqi sonluğu. Bəlkə də, biz insanlar ona görə tez-tez üzülürük ki, gələcəyimizə müdaxilə etmək haqqı qədər keçmişimizə kiçik redaktələr etmək hüququmuz yoxdu. Tanrı da bizi beləcə şikəst qoyub.

Tez-tez özümü retro bir mahnının aid olduğu zamanda tapıram. Dünya qələbəliyə meyilləndikcə mən bir küncə sıxışıb inzivaya çəkilirəm. O inzivanın içində on doqquzuncu əsrin hansısa gileyli bəstəkarının barmaqları ağ-qara dillərin üstündə gəzişdikcə mən də xəyalımda İçərişəhərin dar dalanlarında azıb qalıram. Bütün xəyallarımın və xatirələrimin fonunda hüzünlü musiqilər axır. O axında mən ilğım kimi süzülən xoşbəxtlikdən hərdən-hərdən pay götürə bilirəm. Çox vaxt isə ovuclarıma yığılan suyun sərtliyinə təslim olub keçmişdən işıq sürəti ilə gələcəyə üzürəm.

Bilmirəm, keçmişim və onun toz tutmaqda olan xatirələri yaxşıdır, yoxsa pis. Bunda bir az da tərəddüdlüyəm. Tərəddüdlərimin səbəbi isə ya hələ də özümü tapmamağım, ya da özümü dəfələrlə itirməyimdi. Bilmirəm... Mətnlərin kölgəsi düşən azyaşlı bir həyatın ruhunu bədəninə geyinmiş tale qurbanlarından milyoncusuyam. Mənimlə bir sırada duranların hamısı uzaqlarda ilişib qalan gözlərində bir balaca da yaş gizlədir. İçlərinə ağlayıb, ciyərlərinə hopmuş tüstüdən palçıq düzəldir, sonra uzun bir ah çəkib o palçıq adamlara ruh üfürürlər. Beləcə, bütün taleyinə qurban seçilmişlər gec-tez tanrı olur. Ya da onun balaca bir oyuncağı.

Darıxmaq, sonra xatırlamaq, sonra keçmişin içində eşələnmək, yazmaq, özünü bütün günahlarında haqlı çıxarmaq cəhdlərini, ifadə etmək məcburiyyətini doğurur. Uğurlu mətnlərin əksəriyyəti, hətta hamısı keçmişə yazılmış mədhiyyələrdir. Gələcək heç vaxt bizi keçmişimiz qədər maraqlandırmır, qayğılandırmır. Biz tək qalanda və bütün səmimiyyətimizlə öz içimizə etdiyimiz bütün etiraflarda xatırladıqlarımız üçün nə qədər əndişəli olduğumuzu pıçıldayırıq. Qoyub gəldiyimiz şeylər on barmağı ilə bizi dartır.

Yadıma gəlir, babamın firuzəyi rəngli muncuqları olan qədimi bir təsbehi vardı. Gec-gec çevirirdi. Hər muncuq çevirəndə qısa bir əhvalat danışırdı. Elə bil həyatındakı hər şeyi o təsbehin muncuqlarına yığmışdı, əlində fırladırdı. Babamın danışdığı əhvalatlar hərdən mənə maraqlı gəlməyə bilirdi, onda əlində tutduğu, barmaqlarının arasından salladığı təsbehə baxıb mən də öz əhvalatlarımı fikirləşirdim. Özüm üçün bir tale uydurmağa çalışırdım. Sonralar anladım ki, təsbehə baxıb, təsbeh çevirib tale uyduranda çoxu gerçək olur. Mazoxist kimi ən ağrılı sevincinin xəyalını qurursan, gün gəlir ağrısından yata bilmirsən. Babanın çətin həyatına heyranlıq duyub özünə də asan olmayan bir həyat arzulayırsan, elə bil Allah eşidir, səni ən dərin çuxura salır, sonra da yağış yağdırır. Yəni onu deyirəm ki, hərdən keçmişin layihəsini özümüz qururuq. Qismət, alın yazısı olur bir təsbeh muncuğu... Allah alnından alıb əlinin içinə qoyur o taleyi də, yazını da. Babam öləndən sonra o təsbeh də itdi-batdı. Elə bil ki, qoca adamın həyatı kimi, bədəni kimi o da bizdən gizləndi, gedib hansısa torpağın altında yatdı. Sapı çürüdü, muncuqları palçığa batdı. Ondan sonra babam xatırlamadı, mən gələcək haqqında nağılvari arzular eşitmədim.

İndi isə xatırlayacağım minlərlə hekayəni don kimi geyindirə biləcəyim onlarla o cür əşyam var. Hərəsinin üzərində ayrı bir əlin hərarəti. Onlarla qoxu, onlarla əl izi, onlarla ayrılıq hekayələri. Bəzisi dostdan, bəzisi bir sevgilidən, bəzisi də elə mənim özümdən təqvimin bir küncündə gizlətdiyim keçmişi saxlayır.

Qədərin ən böyük işgəncəsi isə peşmanlıq duyğusu ilə qucaqlaşanda baş verir. Xatırladıqlarımızdan peşman olanda. Onları bir düymə ilə pozmaq istəyəndə. O hissin verdiyi ağırlıq altında qarışqa kimi əziləndə. Onun ağrılarından başımızı tutub qaçanda. Yenə Bakının küləkli bir küçəsində özümüzü dərvişanə ruhun içində tapanda. Libasımıza bulaşan qəribçiliyin bədənimizə də hopması canımızı sıxanda.

Bir dəfə qəzet köşklərindən birinin yanında siqareti həyatdan qənimət bilib çəkən bir kişi beləcə də dedi:

"Peşman olmayacağım bir gün üçün hər şeyimi verərəm..."

Kədərlidir. Bütün xislətimizin bircə damla göz yaşı. Peşmanlığın pərən-pərən düşüb zombi kimi adamlara hücüm çəkdiyi bu şəhərin sonu dənizin üstündən sakit-sakit süzən qağayı qanadlarına qədərdi. Orada hər şey öz ritmində rəqs edir. Xoşbəxtlik də, bədbəxtlik də, bunların arasında var-gəl edən qəribə taleyimizin həzin sonlu hekayələri də.

Sonra hər şey təzədən başlayır...

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #