Nail Kəmərli buna görə məsuliyyət daşıyır

Nail Kəmərli, videobloger

Nail Kəmərli, videobloger

1 sentyabr 2022
# 15:00

Kulis.az Nihat Pirin “Nail Kəmərlinin faydalı iş əmsalı nəyə bərabərdir?” yazısını təqdim edir.

Deməli, günlərin bir günü siçan haray-həşirlə fermadakı heyvanları başına yığır ki, bəs fermer mənim üçün bir tələ qurub. Gəlin məşvərət edək, bundan qurtulmağın yolunu tapaq. Toyuq daş atıb başını tutur ki, a kişi, tələ sənin üçün qurulub da, bundan mənə nə? Bunu görən siçan üz tutur qoyuna. Qoyun qoçağım da bir siçana baxır, bir tələyə, bir də ki öz “razmer”inə. Deyir, yox, ay qağa, problem sənin ölçülərini əlaqədar edir, mənim də başımı burax. Naçar qalan siçan öküzdən də müsbət rəy almayınca kor-peşman çəkilir öz dəliyinə. Bir gün keçir, iki gün keçir, üçüncü gün haman bu tələyə yekə bir ilan düşür. Fermerin arvadı tələdəki ilanı öldürmək istəyəndə ilan onu sancır. Aləm dəyir bir-birinə. Həkim təcili şəkildə fermerə tapşırıq verir ki, arvad üçün toyuq şorbası lazımdır. Tez tutub fermadakı toyuğu kəsirlər. Bir azdan fermerin arvadını yoluxmağa qohum-qonşu gəlir, ev sahibi də qonaqlar üçün qoyunu da kəsir. Ora-bura, o həkim sənin, bu əlac mənim, faydası olmur, fermerin arvadı ölür. Belə olan halda, yası yola vermək üçün tutub öküzü də kəsirlər. Bütün bu proseslər gedən vaxtı isə siçan öz dəliyində oturub olanları sadəcə izləməklə yetinir.

O dəfə demişdim axı, özümə təzə Tiktok profili açmışam. Hə, bax bu əhvalatı oradakı kanalların birindən eşitdim. Maraqlı idi. Eləcə yazdım. Keçək mətləbə.

Bizim vaxtımızda Fizika dərsi yeddinci sinifdən başlayırdı. Bizim də bir Fizika müəllimimiz var idi ki, əlindən dad deyirdik. Bu müəllimin sevimli bir ifadəsi vardı: faydalı iş əmsalı. Yeri gəldi-gəlmədi, ancaq bu ifadəni işlədirdi. Çıxıb düz on beş dəqiqə lövhənin qənşərində özümüzü qazi edirdik, xeyri olmurdu, yazıb-pozurduq, yenə də xeyri olmurdu, axırda qayıdırdı ki, sənin faydalı iş əmsalın maksimum üçdür.

Faydalı iş əmsalının fiziki tərifi bu cürdür: Faydalı işin tam görülən işə olan nisbəti mexanizmin faydalı iş əmsalı adlanır:

İndi gəlin mən bu tərifi sizə loru dillə izah edim. Yəni sən durub bir iş görürsən. Məsələn, yer belləyirsən. Gecəni gündüzə qatıb tər tökürsən. Amma təpdiyin yeri eləcə qoyub başını atıb yatırsan. Bir gün belə, beş gün belə, on gün belə, vəssalam. O bellədiyin yerə götürüb üççə dənə toxum səpmirsən, şitil vurmursan, taxıl əkmirsən. Sadəcə boşuna bir iş görmüş olursan. Hə, bax nəticə etibarilə sənin faydalı iş əmsalın sıfıra bərabər oldu. Çünki tər töküb bellədiyin yerin sənin üçün fayda tərəfi (oxu: məhsul tərəfi) olmur.

“Youtube”də Nail Kəmərli adlı bir videobloger var. Bu adamın mövzu kontenti maksimum bunlardır: narkomaniya, “vor” aləmi, oğru dünyası, lotular, “peredozdan getmək”, söhbətə baxanlar, “divijeniya”, xuliqanlar, avtoşlar və s. Hansı ki bunlar ölkənin konkret olaraq illərdir, yaxasından əl çəkməyən xərçəng xəstəliyi səviyyəsində olan mövzulardır.

Haqq üçünü, çəkdiyi videolar, elədiyi reportajlar kifayət qədər sanballı alınır, adam ortaya iş qoyur, əziyyət çəkir, zaman ayırır, vaxt sərf edir. Çəkir, doğrayıb tökür, montaj edir, mövzuya uyğun fona mahnılar qoyur və s. Nəticə? Heç nə. Yəni Nail Kəmərlinin cari abzasda saydığım bu qədər əziyyətinin faydalı iş əmsalı sıfıra bərabərdir.

Keçən dəfə bir videosuna baxdım. Hansısa bir “lotu” idi, ya nə bilim, hər kim idisə, digər lotular haqqında danışırdı. Onların heç də oğru olmadığını deyirdi. Bütün sosial şəbəkə bir müddət bu məsələ ilə çalxalandı. Ki o kimdir ki, bizim lotumuzu qəbul eləmir. Təsəvvür edirsiniz? Adamları əsəbiləşdirən, onların “şəst”inə dəyən məsələnin nə olduğunun fərqindəsiniz? Qubanın (Rayon adı şərtidir) hansısa bir dağ kəndində 17 yaşlı yeniyetmə əsəb keçirir ki, bu adam niyə filan lotunu bəyənmir?

Nailin kamerasının tuşlandığı kəslərin heç birinin cəmiyyətə, gəncliyə, dövlətə, onun gələcəyinə faydası yoxdur. Fayda cəhənnəm, əksinə maksimum formada zərərlidir. Bizim cəmiyyətimizdə oğru deyilən kəslərə mahnılar qoşub fəxarətlə danışan, orasına-burasına onların adını tato kimi döydürən və bununla fəxr edən adamlar kifayət qədərdir.

Nailin hər dəfə yayımlanan reportajı hissə-hissə kəsilir, lazımi yerləri montaj edilib sosial şəbəkələrdə tirajlanır. Gənclərimiz, yeniyetmələrimiz isə bu cür “vorovskoy” söhbətlərə baxıb əməlli başlı ləzzət alırlar, xumarlanırlar. Videoreportajda hansısa narkoman, hansısa “vor”, hansısa lotu hər hansısa bir əməlindən peşmandırsa, bunu Nail qoçağımız elə bir formada sunur ki, baxan gənc əksinə sözügedən situasiyanı alqışla qarşılayır: “Obaa, kişi!..”

Nailin videolarına qoyduğu başlıqlar da birbaşa tələdir. Elə adlar, elə çəkici ifadələr işlədir ki, ağıllı başlı adamı belə şirnikdirir.

– Yazıq qız sevgiyə aldanıb ərə getdi, əri isə otuzdurdu qızı mala (narkotikə) – “Mala otuzdurdu” ifadəsi adamı həyəcanlandırır. Nail bunu bilir. Nail bunun fərqindədir. Nail bunu bilərəkdən edir.

– Türmələrə narkotk keçirdirlər - Varovskoy aləmin tanınan üzvü Batya Vasmoyski /Lotu Bəxtiyarın dostu – “Varavskoy aləmin tanınan üzü” sözügedən mövzuya meyilli yeniyetmələr üçün tələdir. Nail bunu bilərəkdən edir.

– Bariqaların, baronların qorxduğu kriminalist narkoman (qramı 400 manat olan kokain istifadəçisi) – “Bariqaların, baronların qorxduğu” və qiyməti məsələsi eyni tələdir. Nail bunu da bilir və bilərəkdən edir.

Mənə qəti şəkildə hər hansısa bir oğrunun, narkomanın, lotunun həyatı, keçdiyi keşməkeşli yollar, əzablı-zillətli mərhələlər maraqlı deyil. Ümumiyyətlə, ağlı başında olan hər bir adam üçün bu mövzu olduqca yaddır. Amma Nail əfəndi bunu elə bir formada təqdim edir və ən əsası isə, sosial şəbəkələrdə istəmədən belə, bu videolar qarşımıza elə formada çıxır ki, hamı zəhərlənir.

Bu zəhərlənmənin birbaşa səbəbkarı Nail Kəmərlidir. Və Nail Kəmərli buna görə birbaşa məsuliyyət daşıyır.

Nail Kəmərli cəmiyyətin belə mövzulara meylli olmasından istifadə edib sadəcə pul qazanmaqla məşğuldur. Onun pul qazanmasına mən və biz – heç birimiz heç nə deyə bilmərik. Amma Nail yoldaş, heç olmasa, əlini qoysun vicdanının və məsuliyyətinin üstünə və düşünsün: mən nə işlə məşğulam?

# 9372 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #