Modernizim: Dünən, bu gün, yoxsa sabah?

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

17 iyul 2022
# 18:00

Kulis.az Rəvan Cavidin “Günümüzün modernizmi” essesini təqdim edir.

Bir sənətçinin, düşüncə adamının qayğılandığı əsas məsələlərdən biri yeni çağı, yeni ənənələri qəbul etmək, onlar üzərində nəzəriyyə qurmaq, yeni təməllər atmaqdı. Sənətin zaman-zaman öz içərisindən elastik olaraq dəyişməsi, dövrünə, cəmiyyətə və mövcud şərtlərə görə şəkil dəyişməsi qaçılmazdır. Modernləşmə bu baxımdan sənətin praqmatik formalarının meydana çıxdığı vaxtlardan mövcud olan anlayışdır. Bu isə Orta Əsrləri, Rennesans dövrünü, hətta 17-ci əsri də qabaqlayan zaman fasiləsidir. Yəni, modernləşmə anlayışının kökləri cərəyan olaraq modernizmdən daha əvvələ dayanır. “Modern həyatın rəssamı” və “Estetik qayğılar” əsərləri ilə modernizm və modern olmaq anlayışını (bundan sonra “moda”) birləşdirən Bodler keçici, zamana uyğun, populist sənətdən sonuzluq qazandıracaq detalları və özülləri tapmağın yeni dünya üçün nə qədər önəmli bir xarakter daşıyacağını deyirdi. Sonrakı dövrlərdə modernizm daha radikal bir cəbhə quracaq və hətta öz yaratdığı ənənələrə qarşı duracaqdı. Modernizm təkcə bir zaman, bir cəmiyyət üçün xarakterik cərəyan deyil. Əslində, onun qaydalarını yeni dövrün şərtləri dəyişir. Tutaq ki, 80-lərin modernizm anlayışı ilə günümüzün modernizm anlayışı arasında bu iki dövrün məişətində, sənətində gözə çarpan bütün nəhəng dəyişikliklər qədər fərq var.

Modernizm anlayışının qaydalarını yazan, onun böyük təqdiqatçısı Grinberq modernizm və moda sözləri arasındakı əlaqəni izah edərkən modernizmin daha radikal və özünə qapalı bir termin olduğunu vurğulayır. Modern sənət öz dövrünü və sonrakı zamanda mövcud olacaq şərtləri şəkilləndirə bildiyi halda, modernizm sadəcə bir zamana, bir dövrə görə aydınlanır. Bu baxımdan modern olmaq anlayışı ilə modernist sənət anlayışı arasında fərq var.

Günümüzdə nə qədər postmodernizm, metamodernizm, post-postmodernizm kimi törəmə anlayışlar var olsa da, hər birinin mənbəyi modernizm olaraq qalmaqdadır. Modernizmin inkarçı mövqeyi digərlərinin karnaval estetikasından daha maraqlı və daha məhsuldardır. 21-ci əsrin reklam əsri, piar əsri olduğunu nəzərə alsaq, bu əsrdə moda və modernizm anlayışının daha çox iç-içə keçdiyini görə bilirik. Moda dəyişkən və özünü zamana uyğunlaşdıran, bununla belə dövr keçdikcə yenidən ənənəyə qayıdan bir anlayış, modernizm isə heç bir halda özündən əvvəlki estetikanı qəbul etməyən, yeni estetik dəyərlər yaratmağa çalışan anlayışdır.

Çağdaş sənət həmişə tənqidə məruz qalan, tənqidçilərin gözardı edə biləcəyi bir məhvum olub. Parisdə Salon sərgilərindən, akademik toplumun yığıncaqlarından, söhbətlərindən özünü arındırmış, kiçik bir cəmiyyət qurmuş modernizm həvəskarlarının o dövrdə qarşısında duran tək əngəl xalq, orta sinifin nümayəndələri ilə əlaqə qura bilməməsi idi. Bir az sonra öz içlərindən məhz bu cərəyanın nəzəri qaydalarını yazan, manifestini quran tənqidçiləri seçərək, çağdaş sənətin, günümüz dili ilə desək, reklamını qurdular. Müharibədən sonrakı dövr isə bu prosesi daha da sürətləndirdi. Artıq modernləşmə təkcə sənət səviyyəsində yox, din, siyasət, ictimai-sosial işlər, memarlıq sahələrində də özünü göstərdi. Xalqın inac bəslədiyi salon sənəti, akademik müşavirələr yeni tələbləri qane etmirdi. Keçən əsrin 60-cı illərində bu tələb-təklif dövriyyəsi yenidən işə düşdü, postmodernizm cərəyanın yaranmasına səbəb oldu. Lakin həqqindən artıq xaos, dəyərlər sisteminin yoxa sayılması bu cərəyanın ömrünü uzun etmədi. Yenidən modernizmin əsaslarına qayıdan sənət qarşısındakı yeni çağın, süni intellektin hakim olduğu, kompyuter erasının başlanğıcında dayanan, sözün əsl mənasında göylə, kosmosla əlləşən dövrün insanları üçün onların həyat tərzinə uyğun nümunələr çıxarmağa başladı. Bəzən həddindən artıq bəsit, nə ifadə etdiyini bilmədiyimiz rəsmlər, heykəllər, filmlər belə izləyicinin istəyinə uyğun yaradılmış olur. Komersiya xarakterli romanların, filmlərin, sənət portallarının yaradılması da sənətin getdikcə bəsitləşməsi və ya kapitalizmə uduzması anlamına gəlmir. Modernləşməsi, zamanın tələbinə uyğunlaşması kimi qiymətləndirilir. Sənət yeni moda, yeni dəb göstərir, eyni zamanda özü də bu təcrübənin bir materialı olur.

Bu günün sənət anlayışı aşağıdakı qrafikə uyğun meydana gəlir:

İstehsalçı – Reklam – İstehlakçının tələbi – İstehsal nümunəsi.

Günümüzdə istehsalçının öz təxəyyülünü reklam edə bilməsi kimi bir komfortu var. Yəni, nümunə yaratmadan öncə onun necə bir təsir göstərəcəyini müəyyən edə bilir. Bunun eynisini böyük nəşriyyatlar da edir, kino agentlikləri də. Reklam izləyicidə və ya ümumi mənada istehlakçıda zövq yarada bilirsə, təqdim olunacaq nümunəyə maraq yarada bilirsə, qrafikdəki üçüncü mərhələ başlayırsa, sənət nümunəsi indiki haldan sonra yaradılmağa başlayır. Modernləşmə modernizmə gətirib çıxardığı halda ona qarşı gələnlərin sayı da artır. Çünki modernizm bir mənalı şəkildə özündən əvvəlkiləri inkar etməyə başlayır.

Məsələn, dünyanın aparıcı kino sektorları, mükafat rəsmiləri ilə keçən ilin sonunda “Netflix” arasında baş verən mübahisələr, “Oscar” mükafatı və digər amillər çağımızın modernləşmə müddətinin modernizmə keçdiyini sübut edir. Hər şeyin sürətlə, bir göz qırpımında keçdiyi dövrümüzdə bu prosesində sürətlə keçəcəyinə şübhə yoxdur. Növbəti mərhələ hansıdır? Onu müəyyən etmək çətindi.

# 2549 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #