"Metaverse"də ədəbiyyat yaratmaq mümkündürmü?

"Metaverse"də ədəbiyyat yaratmaq mümkündürmü?
19 mart 2022
# 16:00

Kulis.az Rəvan Cavidin ""Metaverse"də ədəbiyyat" yazısını təqdim edir.

"Mən çox qorxuram ki, bu kibernetik dünya öz çiçəklənməsinə və gücünə, həyat səviyyəsinin yüksəkliyinə və elmi uğurlarına baxmayaraq, post-ədəbiyyat dönəminin azadlıqdan əlini üzmüş robotlarından ibarət, təslim bayrağı qaldırmış, sivil olmayan və hədsiz dərəcədə mənəviyyatsız dünyası olacaq".

Mario Varqas Lyosa. "Ədəbiyyatsız Dünya" essesi

"Post-truth" dövrü...

Həqiqət mütləqdir. Onu təkzib etmək teosentrik dövrdə mümkünsüz görünsə də, sənaye inqilabından sonra "çeşidlənmiş həqiqətlər" siyasi və sənətsəl müstəvilərdə boy-boya düzüldü. Əslində, yeni ədəbi və siyasi cərəyanların yaranması bu "çeşidli həqiqətlər" bazarında özünə cığır tapmaq istəyənlərin səyləri idi. Zaman göstərdi ki, tək bir gerçək yoxdu və onun şəkildəyişmələri daha aktual mövzuları gündəmə gətirir. Tarix amansızdı. Və onun qələmi çox vaxt Tanrıda olmur deyə, həqiqətlərin və səbəblərin reallığı zaman keçdikcə öz təsir qüvvəsini itirdi. Dünya "post-truth", yəni post-həqiqət dövrünə keçdi. Yalanların, uydurulmuş olanların həqiqətə çevrildiyi, tirajlandığı və buna əsaslı arqumentlərin süni şəkildə ortaya çıxdığı bir dövrə. Post-həqiqət anlayışı bir qədər siyasi sferada daha ciddi mətləblər ortaya çıxardığı üçün, elə o dalanlarda da ilişib qaldı. Sənətin və xüsusən də, ədəbiyyatın və memarlığın post-həqiqətdən xəbəri olmadı. Maksimum sürreal dünyaya çıxa bilən rəssamlıq belə "post-truth" dövrünə addımlarını sağlam ata bilmədi. Sosial şəbəkələr özləriylə yeni bir eranın qırmızı lentini kəsdi. Dünyanın böyük bir qisminin "facebook", "twitter", "whatsapp" istifadəçisi olduğu bir vaxtda, 3 yaşlı körpənin də rəqəmsal dünyada yaşadığı zamanda yeni bir anlayış həyatımıza sürətli şəkildə soxulmağa başladı. Bu, "Metaverse" dünyası idi.

Nədir "Metaverse" anlayışı?

Yaşadığımız dünyanın alternativi. Kompüter oyunlarının daha "real" və sakit forması. İnsanlar bu virtual dünyada artıq ev alır, sərgilər keçirir, konsertlər verir. Gələcəkdə siyasətçilərin də "Metaverse"də müzakirələr aparacağı gözlənilir. Bu dünyada gəzmək üçün, müxtəlif tədbirlərə və oyunlara qatılmaq üçün xüsusi eynəklər, demək olar ki, dünyanın hər yerində satılır. Hər gün istifadə etdiyimiz "Facebook" sosial şəbəkəsi "Meta" adı altında digər platformaları da birləşdirib virtual dünya üçün ilk addımlarını atıb artıq.

İlk dəfə 1992-ci ildə meydana çıxan ifadə sonralar unudulsa da, dövrümüz indi bu virtual aləmin qapısında dayanıb. Əslində, post-həqiqət anlayışı ilə "Metaverse" ifadələrinin yaranış tarixi eynidir. Virtual dünyada olacaqlarla kifayətlənmək, öz avatarımızla saysız şeylərə sahib olmaq yalanına inanmağımız, buna can atmağımız ən böyük post-həqiqətdir.

1896-cı ildə ilk nümunəsi yaradılan, 1960-dan sonra isə kütləvi nəşrinə başlanılan komikslərin yazarlarının təxəyyülü, əslində, günümüzdəki virtual kainatın konturları ilə üst-üstə düşürdü. 1980-ci ildən bu komikslərin filmləri çəkilir və XXI əsrdə yeni "Marvel", "DC" dünyaları ifadəsi aktuallaşır. Avatarların bu qədər popilist hal alması "Metaverse"çilərə ilham qaynağı olur. Öncə 64 km-lik bir yol inşa edən memarlar daha sonra bu ədədi ikinin misli olmaqla artırdılar.

Rəsm əsərlərinin sərgilənəcəyi, dünya ulduzlarının konsert verəcəyi, siyasi xadimlərin masa ətrafında müzakirələrə, debatlara qatılacağı, memarların dörd rəqəmli ölçülərdə (hələ ki planlaşdırılmış konstruksiyalar bu formata uyğundu) saraylar, binalar "tikəcəyi" virtual kainatda ədəbiyyatdan və dördüncü hakimiyyətdən söhbət getmir. Bunun bir neçə səbəbi var. Birincisi, rəsmlərin JPEG formatına, musiqilərin meqabaytlar şəklinə, inşaların 3 və 4D konstruksiyalara salına bildiyi halda ədəbiyyatın və ümumi mənada mətnlərin alternativ əlifba ilə əvəzlənə bilməməyidir. Çünki virtual aləm olan "Metaverse" 0 və 1 rəqəmlərindən ibarət olan ənənəvi kompüter alqoritmlərindən ibarətdir. Bu rəqəmlər əsasında mütləq əlifbalar yaradılmalıdır ki, mətnlərin proyeksiyaları alınsın. Bu da indiki şərtlərdə "Metaverse" qurucuları üçün real görünmür.

Bəs virtual kainatda mətnlər olacaqmı? Olacaq. Sadəcə, onlar da JPEG formatlarında, yəni mətnin fotoları olacaq, ancaq onlara müdaxilə etmək mümkünsüz kimi görünür. Belə bir dünyada hansısa yazıçının avatarını iş başında təsəvvür etmək çətindi.

"Metaverse" üçün ədəbiyyat niyə mümkünsüz görünür?

2016-cı ildə Benjamin adlı bir süni intellekt proqramı "Sunspring" (Günəbaxan) qısa filminin ssenarisini hazırladı. Heç bir insan təsiri olmadan. İnternet üzərindən oxuduğu kitablar, bütün vikipediya məlumatları və YouTube platformasında olan milyonlarla musiqi mətnlərinin sayəsində. Obrazlarına, sadəcə, bir hərflə ad qoyan, dialoqlarında poetik misralardan istifadə edən, paralel dünyalara göndərmələr edən doqquz dəqiqəlik bir film. Filmi çəkən rejissor demək olar ki, təxəyyülündən istifadə etməyib. Çünki Benjamin obrazların geyimindən tutmuş, mimikalarına qədər, filmdə hansı musiqilərin istifadə olunacağına qədər hər şeyi yazmışdı. Musiqiləri də özü bəstələmişdi. Film ingilis dilindədi və titrlərdə ingilisdilli ədəbiyyatdan istifadə olunduğu qeyd edilir. Çünki virtual aləmin ən böyük arxivləri məhz bu dildə idi.

Filmin heç bir bədii yükünün olmaması və bir neçə il sonra istifadə olunan materialların silinməsi səbəbi ilə yarımçıq qalacağı təhlükəsi "labarantları" məyus edirdi. Süni intellektin qalıcı bir sənət əsəri yarada bilməməsi məlum olmuşdu. Səbəblər isə ortada idi.

Dünyaca məşhur bir neçə əsər məhz bu cür yarandı. Üstəlik, tendensiyalar dadaist, sürreal sənətin inkişafına gətirib çıxardı. Dizayn proqramları vasitəsilə süni zəkanın yaddaşındakı konturlardan yeni animasiyalar hazırlandı. Bu gün baxdığımız filmlərin əksəriyyəti bu cür effektlərlə işlənir.

Ancaq süni zəka orijinal sənət yarada bilmir, səbəbi isə duyğu neyronlarıdı. Bu neyronlar bizə təbiətin (yaradıcı gücün) harmonik şərtləridir. Ona görə yaşayırıq ki, bizim beyin hüceyrələrimizdən başqa, duyğu reflekslərimiz də mövcuddur. Yazıya biologiya terminləri ilə davam edib yorucu olmaq istəmirəm. Qısası budur ki, sənət yaratmaq üçün sadəcə düşünmək lazım deyil, hətta ilk şərt belə deyil. Hiss etmək vacibdir və bunu süni zəka edə bilməyəcək. Yaddaş transplantasiyasının düşünüldüyü bir zamanda belə insan hisslərinin başqa birinin yaddaşı ilə yaşamaq cəhdləri mümkünsüz qiymətləndirilir. Vizual olaraq hər şey mümkündür, insanı ruhsuz təsəvvür edə bilsək.

Eyni hal virtual dünya olan "Metaverse"də də yaşanacaq. Əgər lazım olan avatarlar üçün lazım olan dil ixtira olunmasa. Təəssüf ki, Lyosanın "Ədəbiyyatsız dünya" essesindəki ümidlərin getdikcə puç göründüyü dünyada belə bir ixtira üçün çalışacaq o qəhrəmanı da tapmaq çətindir.

Sürətlə dəyişən real və virtual aləmdə bir gün şifrəli ədəbiyyatların yaranması, "Metaverse"də kitabxanaların inşası və sənət salonlarında məşhur yazarların avatarlarının söhbətlərinə qulaq asmaq həyəcanlıdır. Klassiklərlə çağdaş yazarların avatarları bir arada. Bilirəm, gülümsəmədən xəyal etmək olmur. Ancaq kompüter erası bu virtual aləmin qapılarından içəri girəndə mümkünsüz görünən hər şey zamanla gerçəkləşəcək. Eynilə post-həqiqətlər kimi.

# 2708 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #