Heç utanmırsınız?

Nihat Pir, yazar

Nihat Pir, yazar

18 aprel 2022
# 13:20

Kulis.az Nihat Pirin “Başa dəyən təsbeh və ya "ya Qüseyn"?!” yazısını təqdim edir.

Pəncərədən boylanıb baxdım, baxdım ölkəmə,

Xəyalımda dalbadal güllə çaxdım ölkəmə.

Aqşin Yenisey

Qanımın qara vaxtı "facebook"da izlədiyim video məni lap çilədən çıxardı. Hal-qəziyyədən xəbərdar olsanız da, bir daha xatırladaq ki, Hüseyn Həsənov adlı bloger izləyiciləri ilə görüşməkdən ötrü Bakıya səfər edib. Bu görüş bir müddət əvvəl də baş vermişdi və elə bir müddət əvvəl də adamlar özlərini eyni şəkildə fəda etmişdi. Ümumiyyətlə, bu və bunun kimi görüşlərdə yaşananlar isə papağımızı qabağımıza qoyub düşünməyə və hönkür-hönkür ağlamağa bizi vadar edir.

Odur ki uzatmadan düşünək.

Düşünək ki, kimdir bu adam? Düşünək ki, nə iş görüb? Və düşünək ki, bu adam bu qədər insanın necə maraq dairəsinə çevrilə bilib?

Düşünək demiş, maraq məni götürdü. Bir də özümü qızıldan baha vaxtımı Hüseyn Həsənovun bioqrafiyasında qurdalan yerdə tapdım. Və hər şey bir yana, Hüseynin vaxtilə hansısa bir izləyicisinə bahalı, həm də çox bahalı avtomobil hədiyyə etdiyi haqda da məlumatlandım. Ardından "Bu adam Bakıya əliboş gəlməz" düşüncəsi ilə "Bakıda isə izləyicilərinə 100 ədəd ən yeni markalı telefon hədiyyə edəcəyi gözlənilir" məlumatına da rast gəldim.

Vəssalam.

Yuxarıda verdiyim və vermədiyim bütün sualların cavabı anındaca aydın oldu - MÜFTƏ!

Xeyr. Burada nə Hüseynin məşhurluğu, nə onun yaraşığı, nə də ki, lüks həyatı deyil insanları maraq içində qovuran. O qədər adamı ora gətirən "müftə" anlayışının verdiyi xoşbəxtlikdir. Yadınızdadırsa, bir az bundan əvvəl Bakıdakı teatrlarda açıq qapı günü elan olunmuşdu. Və o da yadınızdadırsa, millət həmin günü, az qala, teatrlara səlib yürüşü etmişdilər. Niyə? Çünki açıq qapı günündə teatrlara giriş sərbəst olur. Yain ki, müftə.

İndi Hüseyn əfəndinin gəlməzdən əvvəl quşlar vasitəsilə uçurduğu "100 müftə telefon" həmin adamların xoşbəxtlik hormonlarını birə yüz artırıb və sözügedən məkana gətirib. Mən əminəm ki, ordakı adamların böyük bir qismi Hüseyni tanımır, yaxınından və yaxud da elə soasial şəbəkədən öyrənib ki, bəs filankəs gəlir, özü də əliboş deyil, vəssalam. İş yox, güc yox, ağıl yox, amma vaxt ki var.

Millət (söhbət izdihamdakılardan gedir) özünü telefondan ötrü təsbehlə döydürməyə razıdır – "varabskoy" qaqaşların qulağından iraq.

Millət bir telefona görə bu qədər rəzil duruma düşməyə də razıdır.

Millət bir telefona görə ləyaqətini əzdirməyə razıdır.

Beyinsizlik. Debillik.

Nə bilim, ağlıma o qədər adlar gəlir ki. Amma içimi heç nə, heç bir ifadə vasitəsi soyutmur.

İçimi heç nə rahatlaşdırmır.

O təsbeh hamımızın kürəyinə (təkrar edirəm, kürəyinə) dəydi, vallah. Bu rəzillik, bu debillik hamımızı silkələdi, hamımızı üşütdü. Heç bir kadra sonuna qədər baxa bilmədim, heç bir şəklə qayıdıb ikinci dəfə baxa bilmədim.

Camaat, siz nə edirsiniz?

Camaat, siz nə yaşayırsınız?

Görüntülərdəki adamların böyük əksəriyyəti gəncdir. Hansı ki 3-5 ilə əsgər gedəsi, evlənəsi, ərə gedəsi, ailə saxlayası, ailə başçısı olası, övlad böyüdəsi gənc nəsil. Utanmırsınız? Heç xəcalət çəkmirsiniz? Evdə heç özünüzə baxmırsınız? Heç sizə məsləhət verən yoxdur?

Elə bu sualları özümə verə-verə bir qəfil yadıma düşdü ki, otaq yoldaşım səhər tezdəndən kəmərini bərkidib tələsik harasa getdi. Heç macal tapıb "Hara belə?" sualını da verə bilmədim. Böyük həyəcan və gərginlik içrə zəng vurdum. Çağırış səsini eşidincə həyəcanım lap artdı, ürəyimdə "İlahi, qurban olum, bu adam da ora getməsin" nidasıyla telefonun o biri başında yuxulu-yuxulu səs gəldi:

– Hə...

Elə bildim, təzədən doğuldum, elə bildim, əkiz oğlum oldu.

– Hardasan, Cavidan? – dedim.

– Nənəmgildə, nədi ki?

– Heç nə, gələndə pivə al, sənin qadam alaram, – deyib dəstəyi asdım.

# 3432 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #