Ağacları kəsib parkinq yaradan kino qurumu

Ağacları kəsib parkinq yaradan kino qurumu
8 iyun 2022
# 11:40

Kulis.az Nihat Pirin "Parkinq sənin, parkinq mənim, parkinq heç kimin" adlı yazısını təqdim edir.

Günün günorta çağında
ağacı elə kəsdilər, –
kölgə bilmədi-bilmədi.

Eldar Baxış

Yazıya heç bir dəxli olmasa da, o gün başıma gələn analoqu olmayan hadisəni danışmaq istəyirəm: demək, marşrutların birinə, təxminən, 30 yaşlarında bir cavan oğlan minmək istəyəndə sürücü mane oldu. Nədən ki, adamın əlində balaca bir pişik var idi. Sürücü and aman elədi ki, vallah, mənim özümün də evdə 3 dənə pişiyim var, pişikləri mən də sevirəm, belə lap istəyirsən, gətir onu öpüm, amma qayda qaydadır, kamera çəkir, avtobusa heyvanla minməyə icazə yoxdur. Cavan oğlan bu dil-boğaza qulaq asmadan kartı vurub keçdi içəri. Ki belə bir qayda yoxdur, sür. Sürücü qoçağım da avtobusu əyləndirib oturdu ki, mən sürə bilmərəm. Sən tərssən, mən səndən də tərsəm.

İsti bir yandan, yorğunluq bir yandan, işə gecikmə isə bir yandan – heç nə, oturub baxırıq. İçəridə, təqribən, 10-12 adam var. Onlar da eynilə süst-məst oturub bir-birinə baxır. Sürücü bir dedi, sərnişin iki, sürücü iki dedi, sərnişin üç, axırda çar-naçar polisə zəng elədilər. Şikayət edildi, ünvan, nömrə-filan verildi. Biz də oturub gözləyirik. Bu dəm arxa oturacaqlardan bir qoluzorlu qardaşımız ayağa qalxıb sürücüyə yaxınlaşdı.

– Niyə sürmürsən?

Sürücü kəkələyə-kəkələyə cavab verdi ki, bəs hal-qəziyyə belə-belə. Adamı heyvanla avtobusa buraxmadım, o isə keçib içəri, mən sürə bilmərəm, sürsəm, cərimə olunacam. Qoluzorlu qardaşımız əlində pişik olan adama baxıb soruşdu:

– Niyə imkan vermirsən çıxaq gedən işimizə-gücümüzə?

Adam bir sürücüyə baxdı, bir avtobusdakılara, bir pişiyə və bir də ən son bu qoluzorlu adama. Heç nə deməyib eləcə düşüb getdi.

İndi siz bu balaca əhvalatın sonluğunun nə dərəcədə mənasız bitdiyini oxuya-oxuya məyus olursunuzsa, bir də bizi düşünün.

Xülasə, gələk mətləbi-məramımıza.

Ovuc boyda yurdumun, az qala, hər tində, hər məhəllədə bir dənə kino ittifaqı var. O ağ deyəndə bu qara deyir, o qara deyəndə bu biri ağ. İttifaqlara dövlət tərəfindən ayrılan vəsait də, bildiyimə görə, aşağı-yuxarı eynidir. Bu hissədə, ola bilsin ki, yanlışım olsun, günahımı pişiyin xətrinə mahzur görün – o boyda hekayəni boş yerə danışmamışm.

Həmin bu kino ittifaqlarından birinin mətbuat xidmətinin rəhbəri dünən təntənəli formada öz sosial şəbəkə hesabında post açdı ki, bəs əlləşib-vuruşub, böyük qəhrəmanlıq və şücaət nümayiş etdirərək ittifaqın qənşərindəki qolbudaqlı nacins ağacları öz təşəbbüsümlə kəsib yerində parkinq düzəltmişik. Və siftəsini də belə özüm eləmişəm. Aradan bir az keçdi, yoldaş girib postda yüngülvari düzəliş elədi: “təşəbbüsümlə” hissəsini ehmallıca oradan sildi. Amma artıq iş işdən keçmişdi, aləm dəydi bir-birinə.

Hər şeyin narazılıq doğdurduğu bu dönəmlərdə, sən Allah, millət şəhərin göbəyindəki ağac qətliamına göz yumarmı? Yummaz. Belə əcəb də edib yummaz. Söhbət böyüdü, böyüdü, böyüdü və öz məcrasından çıxdı. O qurum sənin, bu qurum mənim, o atdı bunun üstünə, bu atdı onun üstünə, axırda nəticə belə hasil oldu ki, parkinqin orada olması qanunsuzdur. Təşəbbüsü irəli sürən gənc yoldaş isə ürəkləri sızladan bir formada "Mən necə təşəbbüs edə bilərəm axı? Olubsa da, yəqin, səhv olub" deyibən söhbətdən yaxasını çəkdi.

Əslində, "Mən necə təşəbbüs edə bilərəm?" sualını verən gənc yoldaş olduqca haqlıdır və sual da tamamilə haqlı sualdır. Necə olur ki, demək olar, heç bir ciddi fəaliyyəti olmayan, heç bir yerdə hesabatı yayımlanmayan, rəsmi saytlarını yalnız ölüm-itim xəbərləri ilə diri tutan bir kino qurumu Bakının göbəyində öz istək və təşəbbüsünə görə davranaraq ağac kəsir, qanunsuz parklanma yeri düzəldir?

Belə bir dərəbəylik ola bilərmi? Yəni verilən sual, əslində, sözügedən absurd situasiyaya veriləcək ən yaxşı cavabdır.

Şübhəsiz ki, o parklanma yeri təkcə gənc yoldaşın təşəbbüsü ilə həyata keçməyib, burada həm lazımi icra orqanlarının razılığı, həm də gənc yoldaşın qurumunun yüksək vəzifəli adamlarının "ok"u var. Amma məlum yüksək vəzifəli şəxsə – Şəfiqə xanıma ulaşmaq istəyəndə isə "Məndən nə istəyirsiniz?" sualını verib telefonu qapayır.

Əziz Şəfiqə xanım, bir jurnalist sizdən maksimum sözügedən qanunsuzluğa necə imkan verdiyinizi və yaxud da insaflı davranıb “Bu qanunsuzluqdan xəbəriniz varmı?” sualını verə bilər. Bu iki suala cavab vermək iqtidarından deyilsinizsə, onda bu palaz boyda yazılan iradları da normal qəbul etməlisiniz.

Ümumiyyətlə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bir kino qurumu, kino ortamı kimi fəaliyyəti çox absurddur. Nə ortada normal bir film var, nə ortada normal bir iş var, nə plan var, nə hesabat - heç nə yoxdur. Qurumun istinad edə biləcəyimiz saytı isə, bayaq da dediyimiz kimi, ayda-ildə bir dəfə ölüm-itim xəbəri yayar, ya da ki, nekroloq, vəssalam. Qurumun istinad edə biləcəyimiz səlahiyyətli şəxslərinin açıqlamaları isə adamın əlini üzündə qoyur.

Məsələn, bu yaxınlarda Hesablama Palatasının sözçüsü Azərbaycanda kinoya ayrılan pulun yarıbayarı azaldılması təklifini irəli sürdü. Mən də bir mədəniyyət jurnalisti olaraq öhdəlik götürdüm ki, gərək Kino İttifaqlarının bu məsələyə münasibətini öyrənəm. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov əhatəli və səlis şəkildə məsələyə münasibət bildirdi: “Bu fikir Hesablama Palatasının ümumi yoxlamasının nəticələrinə əsaslanır. Yəni verilən məbləğ ciddi, məsuliyyətli və pozuntulardan uzaq şəkildə xərclənməlidir. Dövlət tərəfindən ayrılan vəsaitin xərclənməsi prosesi effektiv olmalıdır”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi hörmətli Ayaz Salayev isə verdiyim suala cavab verməməkdən başqa hər şeydən danışdı: “Kino vasitəsilə hər hansısa bir xalq, millət öz özünü dərk edir, dünya prosesində və tarixində öz yerini tapır”.

Bu yayınmalar niyə var, hörmətli kino adamları? Siz bu jurnalistlərdən niyə qaçırsınız? Jurnalist sizə nə edə bilər? Maksimum iki sual, lap belə üç sual. Sonra?

Heyf ki, parklanma qanunsuz oldu, yoxsa bəxtimiz onda fərah gedərdi ki, ittifaqın səlahiyyətli şəxsləri maşını park edəndə imkan tapıb pəncərədən də olsa, sualımızı verərdik.

Belə də ki, “Dostlar, mən qurumu necə tənqid edə bilərəm ki? Olubsa da, yəqin, səhv olub”.

# 3300 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #