Qızlarını öldürən analar

Qızlarını öldürən analar
30 yanvar 2020
# 10:51

Mən böyüdüyüm kənddə qızlar erkən yaşda nişanlanardılar. Mən kitaba sarılardım. Sinif yoldaşlarım nişanlılarından danışardılar, mən kitaba sarılardım. Qız yaşıdlarıma, öz rəfiqələrimə romanlar verərdim, “Yad qızı”nı, məsələn, “Səfillər”i. Oxuyardılar, xoşlarına gələrdi. Hərdən hiss edərdim ki, onlar mənim verdiyim kitablarla nişanlılarının aldığı hədiyyələr arasında girinc qalıblar. İkincini seçəcəklərini bilirdim, başqa yolları yox idi çünki.

Mən onların əksəriyyətinin ürəyində qalmış oxumaq arzusunu götürüb Bakıya - ali məktəbə gələndə rəfiqələrim hərəsi bir evdə gəlin idi.

Sonralar öz qızlarım yeniyetməlik yaşına çatanda onların kəndimizdə oynadığı yaşıdlarıyla əlaqələrini yavaş-yavaş kəsdim. Bilirdim ki, kənddəki dostlarının toyu olacağını eşidəndə sarsılacaqlar və bunu onlara izah etmək sadəcə mümkünsüzdü.

Bəli, biz öz qızlarımızı göz bəbəyimiz kimi qorumalıyıq, bütün neqativ hallardan. Qatillərdən, manyaklardan heç bir cəmiyyət sığortalanmayıb. O üzdən Nərminin qətlində də, Elinanın intiharında da valideynlərin laqeydliyi dolayısıyla səbəbdi. Bu günlərdə Masallıda toyundan iki həftə sonra ərinin boğub öldürdüyü on altı yaşlı Fatimənin qətlində isə valideynlər birbaşa günahkardı.

Qətlə yetirilməsə belə, yetkinlik yaşına çatmayan bir qızın ərə verilməsi cinayətdi, bir uşağın uşaqlığının, gəncliyinin əlindən alınmasıdı, həyatıyla oynamaqdı. Bu bir günün işi deyil, illərin hazırlığıdı. On altı yaşlı qızın evlənməsi onun on üç-on dörd yaşında nişanlanması deməkdi, onu on yaşından buna hazırlamaqdı, lap “Ölülər” əsərindəki kimi. Budu qatillik, təkcə cismani ölüm deyil, görün mənən məhv olmuş nə qədər körpələrimiz var belə, nə qədər qızın həyatı məhv olur bu çürümüş qaydalarla.

Axı o qızın indi imtahana hazırlaşan vaxtıydı, buraxılış gecəsinə geyim seçən, qəbul imtahanını düşünüb həyacanlanan, məzun şəkilləri üçün poz verən, gələcək təhsili üçün xəyallar quran çağı idi. Bunları onun əlindən almağa valideynin hansı haqqı var?

Axı toylar bizim həyatımızı əbədi gözəllişdirmir. Nikahlar çıxış yolu deyil, əksinə, problemi ikiyə vurmaqdı çox zaman.

On altı yaşlı qıza gəlinlik paltarı geyindirən ana öz qızını hansı həyata yola saldığını bilmirmi, erkən doğuşun, uşaqkən qadın olmanın fəsadlarını, psixoloji travmaları, ailədaxili münaqişələri gözə almırmı?

Bu ki Nərminin qətli kimi müəmmalı, Elinanın intiharı kimi sirli deyil, hər şey gün kimi aydındı. Bu toylar kəndlərdə, hamının gözü qabağında olmurmu? Yerli icra nümayəndələri, məktəb direktorları, bələdiyyələr hara baxır?

Bu suallar qətiyyən ritorik deyil, konkret ünvanı olan, cavab gözləyən suallardı.

Bu boyda cinayətə hamımız göz yumuruq, gedib həmin toylarda oynayırıq. Sonra o ailələr dağılanda, o qadınlar uşaqlarını qoyub başqasıyla qaçanda, bir-birini qətlə yetirəndə zəmanəni günahlandırırıq.

Kefli İskəndərin monoloqu yadınızdadı?

“ Bu araq şüşəsidir və Şeyx Nəsrullah gecələr bu balaca qızları boğanda mən bu şüşədən araq içərdim...”

# 4647 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #