Adamlara təcavüz edən Bakı cinləri

Adamlara təcavüz edən Bakı cinləri
5 iyul 2021
# 10:58

İllər əvvəl çox mənasız və məzmunsuz bir hekayə yazmışdım, adını da qoymuşdum “Cinlərin Bakıya gəlişi”. Yuxusuz gecələr keçirən, yatanda da qəfil dik atılıb kabus gördüyünü deyən uşağı anası aparır falçı yanına, falçı da deyir ki, Bakıya cinlər gəlib və o cinlər sizin evə də baş çəkib.

Hekayəni yazıb kəndə getmişdim. Gecənin bir vaxtı qapımıza iri-iri daşlar atıldı. Hardasa bir həftə kənddə qaldım, hər gün hansısa evdən qışqırıq qopurdu və o qışqırıq kəndin axşam səmasına yayıla-yayıla hamımızı narahat qoyurdu.

Hərə bu “daş atma” prosesinə bir ad qoymuşdu: kimi deyirdi siyasidir, kimi deyirdi, cinlər gəlib, başqa biri də deyirdi ki, qonşu gürcü kəndləridir, azərbaycanlıları qovmaq üçün bu üsula əl atıblar.

Bu hadisə yat-küt olandan sonra hamı başa düşdü ki, nə cin, nə siyasət, bir dəstə uşaq gecə vaxtı çıxıb eləcə məzəyə evlərə daş atıb qaçışırlarmış.

Bizim həyatımızın hər məqamında cinlər bardaş qurub oturub. O günləri də televizora baxırdım, hansısa mənasız bir verilişdə (mənasız verilişlərdən ötrü ölürəm, baxmasam gözümə yuxu getməz) dedilər ki, bəs bir ailə var, cin ora girib, nə bilim, təcavüz zad eləyib (Allah sən saxla), evi dağıdıb töküb, pul axtarıb.

Qabaqlar cinlər lampadan çıxıb sənə deyərdilər ki, qardaş, üç arzunu de, yerinə yetirək. İndiki pandemiya cinləri lap ağını çıxarıblar. Təcavüz nədi, a cin? Biz səni hörmətli, hər şeyin yerini bilən bir zad hesab eləmişdik, evimizə qədər çağırmışdıq, ən yüksək yerdə otuzdurmuşduq. Ayıb deyilmi indi? Belə deməyimə baxmayın. Məncə, cinə şər atırlar. Cin elə şey eləyən oğlanlardan deyil. Yüz faiz reytinqi qaldırmaq üçün cindən istifadə ediblər.

Hələ pul axtarmaq nə idi? Cinin lap başı qaçıb. Əslində hamımızın bu pandemiya dövründə az-maz başı qaçmışdı. Cinlərin başının qaçacağına inanmırdım.

Hə, nə başınızı ağrıdım, cin pul axtarıb-axtarıb, görüb xeyri yoxdur, evdəki sınıq-salxaq bir stula çöküb və dərdli-dərdli ətrafındakıları süzüb. Evin kişisi cinin fikrə getməsinə dözə bilməyib, ürəyi ağrıyıb, onu çıxarıb çölə, damağına bir siqaret qoyub yandırıb, sonra deyib, gəl keçək qırağa, burda söhbət eləməyək, eşidən-görən olar... (!!!)

Nə isə, cini aparıb bağın o başına. Deyib ki, indi heç kimdə pul zad yoxdu, hamı birtəhər başını girləyir. Gəl belə elə. Bir banka yaxınlaş, özünü təqdim elə, sənədini zadı ver, özünlə zamin bir cin də tap gətir, denən, bəs mənə kredit verin.

Cin gözlərini döyüb. Evin kişisi təzədən izah eləyib, deyib, ay evin tikilsin, biz hamımız kredit alan fəhlələrik də. Hamı beləcə gününü keçirdir. Qorxma, kreditə gir, hər ay yavaş-yavaş verərsən.

Cinin bu fikir ağlına batıb. Gedib bir banka, deyib ki, bəs mənə kredit verin. Nə qədər? Tutaq ki, 10 min. Sənəd-sünəd istəyiblər. Cin qayıdıb evin kişisinin yanına ki, bəs bunun yolunu-yorağasını öyrətsin.

Yolda bir ağlaşma səsi eşidib hardansa. Səsə doğru gedib. Səs onu bir mağara aparıb. Mağarın böyür-başında siqaret çəkən cavanlar cini görəndə bir az hürküblər, dala çəkiblər. Cin əliylə onları sakitləşdirib, deyib narahat olmayın, heç zad eləyən deyiləm, nə olub burda, nə ağlaşmadır, mən hələ nə o dünyada, nə bu dünyada bu cür ağlaşma eşitməmişəm.

Biri qayıdıb deyib ki, bəs yoldaş cin, heç soruşma başımıza gələni. Bu adam kreditə girib, sonra ixtisara düşüb işdən çıxarılıb, krediti ödəyə bilməyib, faiz faiz üstündən gəlib, borc yığılıb xirtdəyə qədər.

O biri kədərli səslə əlavə edib: “Axırı özünü asıb”.

Cin eşitdiklərindən şoka düşüb və qulaqlarını əlləriylə qapaya-qapaya quş olub göyün ənginliklərinə qalxıb. O gün bu gündür bizim şəhərə cinlər gəlmir...

# 2285 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #