Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO
22 sentyabr 2026
# 18:10

Kulis.az APA-ya istinadən Nadir Yalçının “Nəsimi bağları”ndan reportajını təqdim edir

– Elə bilirəm, Şamaxı dəhşətli zəlzələlərdən sonra heç vaxt bu qədər bərpa edilməyib, – uzaqdan görünən Nəsimi abidə-instalyasiyasına tərəf boylanıb səfər yoldaşlarıma deyirəm. Ətrafı heyranlıqla izlədikləri üçün reaksiya gəlmir.

“Nəsimi bağları”na ekskursiyamızı kompleksin girişindən başlamağı təklif etsələr də, maşınla birbaşa abidəyə tərəf getməyin daha düzgün olduğunu bildirirəm, razılaşırlar.

21 metr hündürlüyündə, Nəsiminin obrazını əks etdirən instalyasiyaya yaxınlaşana qədər bu terminin klassik şairə yad olduğunu fikirləşsəm də, indi Nəsimiyə hər şeydən çox instalyasiya – danışan, ifadə edən sənət nümunəsi, incəsənətin yeni üzü lazım olduğunu düşünürəm.

Nəsiminin bu bənzərsiz abidəsi ilə Azərbaycan şairin adını öz brendinə çevirməyi bacardı, onun bu yerlərə aidliyini möhürlədi.

Qəribədir, Nəsiminin instalyasiyasını uzaqdan görəndən onun müəllifi olduğu hansısa misralar yox, ölməz Xaqaninin

“Şamaxı, ey mənim sevimli yurdum,

Mən sənin qoynunda xaniman qurdum...”

misralarını xatırlayıram. “Xaniman” sözü farscadan tərcümədə ev-eşik, ata yurdu, ocaq, məskən, ailə kimi mənalar verir. Və o da məlumunuzdur ki, Nəsiminin Şamaxıda doğulub-doğulmaması ilə bağlı müxtəlif polemikalar gedir, faktlar ortaya qoyulur. Sanki bu bağın salınması və bu misilsiz abidənin ucaldılması ilə Nəsimi Şamaxıya – öz xanimanına, ata yurduna qaytarılıb, ona bu doğma torpaqda ev tikilib, yurd salınıb, taleyi davam etdirilib. Bizim qarşımızda dərisi soyulmağa hazırlaşan nisgilli şair obrazı, yaxud şəhadət barmağını gicgahına dayayıb fikrə gedən klassik obraz yoxdur. Əllərini bizə açan, köksündə bizə yer saxlayan babamız, atamız, qardaşımız, oğlumuz Nəsimi – öz konsepsiyasına uyğun olaraq, zərrələr içində bir zərrə, bütün halı ilə bəşər övladı olan Nəsimi var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olanda fotolardan bəzi detalları dəqiqləşdirmək mümkün olurdu. Amma bu yerləri, xüsusən abidəni yaxından görəndə hər şeyi daha aydın müşahidə etmək imkanı əldə etdik.

Müasir incəsənətin layiqli nümayəndəsi və “Nəsimi bağları”nın müxtəlif məkanlarında zərafətli toxunuşları hiss edilən Əməkdar rəssam Rəşad Ələkbərov, onunla birgə çalışan 30 nəfərlik heyət beşillik əməyinin nəticəsi kimi Nəsimini Şamaxının ürəyində ucaldıb.

Bəs Nəsiminin ürəyi hardadır?

Abidənin köksündəki boşluğa pillələr uzanır. O boşluqdakı kiçik eyvandan göz işlədikcə uzanan mənzərələri izlədikcə, elə bilirsən, bu göyü, yeri, quşları – ətrafdakı hər şeyi onun ruhu ilə izləyirsən, yadında saxlamağa çalışırsan.

Görəsən, Nəsiminin ürəyini bu abidənin köksündən sonradan çıxarıblar? – fotoqrafımız zarafatla soruşur, sualına əlavə edir, – bu abidənin qırmızı rəngdə olması nə ilə bağlıdır?

– Bu suallar barədə fikirləşəcəyəm, – cavab verirəm.

– Bu yerlər seysmik zonadır, birdən zəlzələ... – dostlardan biri cümləsini tamamlamağa ehtiyat edir.

Məlum olur ki, abidənin içində seysmik sütunlar var, ətrafa isə ildırımötürücülər quraşdırılıb. Nəsimini təbiətin sərt üzündən qorumaq da yaddan çıxmayıb.

Cənubi Amerikanın ən böyük gəmiriciləri Şamaxıda necə yaşayır?

Nəsimi abidə-instalyasiyasının ətrafından kompleksi yaxşı-yaxşı seyr etmək mümkündür. Ətrafa 150 mindən çox bitki əkilib. Şam ağacları, dekorativ kollar, üzüm bağları, dünyada ən sürətlə böyüyən ağac növlərindən pavlovniyaları izlədikcə bir müddət sonra buranın necə yaşıl rəngə bürünəcəyini düşünürəm. Bu yaşıllıqların arasında aşağıya endikcə ətrafdakı sənət nümunələrini, irili-xırdalı instalyasiyaları izləyirəm. Onların sayı 100-dən çoxdur. Azərbaycanlı heykəltəraş, rəssamlarla yanaşı, xarici sənətkarların da sənət nümunələri gözə dəyir. Hər birinin də simvolik mənası var.

Kotteclərə, çimərlik hovuzuna, süni göllərə nəzərə salıb Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara fermasına – “Capybara Land”a çatırıq. Bizi Mərkəzi və Cənubi Amerikadan gətirilmiş, ən böyük gəmirici hesab olunan kapibaralar və onların nazı ilə oynayan əməkdaşlar qarşılayır. Onlar o qədər mehriban və ünsiyyətə meyillidilər ki, “gəmirici” deməyə adamın dili gəlmir.

Burada kapibaralar üçün həm qapalı, həm də açıq hovuzlar, eləcə də fərdi vannalar yaradılıb. Suyu və Günəşi çox sevirlər. Qapalı fermada da Günəşin alternativi tapılıb. Ferma təbii gün işığını əvəz edən xüsusi UV lampaları ilə təchiz olunub, isti döşəmələri də var. Odur ki, qəribsəməməkdən ötrü Şamaxıda kapibaralara hər cür şərait yaradılıb.

Deyirlər, kapibaralar təbiətdə özbaşına 7–8 il, fermada isə 10–12 il yaşayırlar. Kim bilir, bəlkə, çox yaşamaq üçün bu kapibaraların da bəxtinə Şamaxı yazılıb?..

Kapibara əsasında bir konsepsiya hazırlanıb və brendə çevrilib. Kompleksdə “Capybara Cafe” fəaliyyət göstərir. İçəridə bir çox nəsnələr kapibara formasına uyğun hazırlanıb. Hətta onun adına dondurma brendi də yaradıblar. Kapibara suvenirləri, qələmdanları, portretləri, qəndqabıları – kapibaraların üzünə Günəş doğub.

Kapibaralardan ayrılıb “Magic Village”ə yollanırıq. Həqiqətən, magikdir. Ən azı, uşaq vaxtı bu bizim üçün belə idi. Nağılları xatırladan bu hobbit evləri torpağın içinə inteqrasiya edilib, alçaqdır və qapı-pəncərələri dairəvidir. Dekor üçün deyil, içində yaşamaq üçün balacalaşmağa da ehtiyac yoxdu.

Nəsiminin rəngi və ürəyi

“Nəsimi bağları”nın ən maraqlı hissələrindən biri Şamaxı muzeyidir. Əvvəlcə, elə bilirəm, bu muzey müxtəlif tarix-diyarşünaslıq muzeylərinin fondu əsasında formalaşdırılıb. Sonradan məlum olur ki, içəridəki zəngin eksponat fonduna daxil olan bütün detallar məhz yeni açılan Şamaxı muzeyi üçün yerli və xarici kolleksiyaçılardan, hərraclardan əldə edilib, hər birinin də məxsusi tarixçəsi var.

Tarixi əşyalarla yanaşı, Şamaxı camaatının məişət həyatının, məşğulluğunun təsviri də müxtəlif maketlər vasitəsilə nümayiş edilir. Dulusçuluq, misgərlik, toxuculuq səhnələri hazırlanıb. Milli geyimlərdən tutmuş musiqi alətlərinə qədər bu yerlərin ruhunu, inkişaf yolunu, təyinatı müəyyənləşdirən mənzərə yaradılıb.

Muzeydəki müxtəlif bölmələrə göz gəzdirdikcə Şamaxının keşməkeşli taleyini fikirləşirəm. Bu torpaqlar müxtəlif vaxtlarda yeraltı təkan qarşısında tab gətirə bilməyib. Xaqanini, Nəsimini, Seyyid Əzimi, Sabiri yetirən torpaq sakit və təmkinli ola bilməz, zəlzələ ilə olsa belə, öz ip-sapa yatmazlığını büruzə verir. Torpaq da öz üzünü necəsə göstərir. Amma həm 12-ci əsrdə, həm 19-cu əsrin ortalarındakı, həm də 20-ci əsrin əvvəllərindəki zəlzələlər Vətənimizin taleyində, insanların məskunlaşma prosesində dəyişiklik edib. Hələ 1191-ci ildə güclü zəlzələdən sonra Şirvanşahların paytaxtı Şamaxıdan Bakıya köçürülüb. 1859-cu ildəki zəlzələdə də Şamaxı qubernasiyanın mərkəzi Bakı ilə əvəzlənib. “Nəsimi bağları”nı və digər abad əraziləri dolaşdıqca əmin olursan ki, bu şəhərin köhnə paytaxt ruhunu geri qaytarırlar.

Şamaxının zəlzələ nəticəsində itirdiyi paytaxt statusunun ağrıları indi-indi müalicə edilir...

Bu əhvalla günü tamamlayırıq. Səhər dan yeri söküləndə Bakıya yola düşürük. Maqnitafonda Şamaxı aşıqlarından olan nakam Aşıq Vüqar “Şirvan şikəstəsi” üstə Aşıq Abbas Tufarqanlının sözlərini oxuyur:

“Qədəm qoyub yar bağına gələndə

Elə gəl, elə get, yol inciməsin”

Dan yerindən yenicə doğan Günəşin al qırmızı rəngini görüb fotoqrafımızın Nəsiminin abidəsinin “ürəyi” və rəngi barədə sualına cavab tapıram.

Rəvayətə görə, dərisi soyulanda Nəsiminin rəngi yavaş-yavaş saralırmış. Nəsimi deyib ki, Günəş qürub edəndə, əlbəttə, saralar.

Nəsimi indi dan yerindən baş qaldıran Günəş kimi al qırmızıdır, ürəyi isə şəfəqlərlə bütün cahana səpələnir.

Mavi səma ilə yaşıllığın arasında bir Nəsimi yaradılıb, Azərbaycan da belə qurulur...

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

# 85 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

15:15 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər