Faiq Sücəddinovun kompleksləri

Faiq Sücəddinovun kompleksləri
14 may 2011
# 12:33
Faiq Sücəddinov sıradan birisi deyil.

Bəstəkardır, musiqinin müxtəlif janrlarında işləyir, bu sahədə fundamental bilgiləri var. Hərçənd, mahnı janrında bəstələri oxşardır.

F.Sücəddinov tez-tez İTV ilə TRT-Avaz kanalının müştərək layihəsi olan “Yeni gün” proqramına dəvət olunur. Və proqramda ara-sıra bir yanlışlığı təkrar edir. Keçən həftə də proqrama dəvət alan bəstəkar yenə emosiyalarının cilovunu buraxdı.

Bəstəkar Ankaradan Bakıya qoşulan türklərə niyəsə iddialı, acıqlı intonasiyada artıq neçənci dəfədir ki, bu fikri yeritməyə çalışır: “Azərbaycan musiqisi ən gözəl yer tutur, Levent bəy (verilişin türk teleaparıcısı-S.S)! Çox gözəl tariximiz var və biz bununla fəxr edirik”.

Marina Svetayeva “Bizim ən yaxşı sözlərimiz intonasiyalarımızdır” deyirdi. Doğrudan da sözün ifadə edə bilmədiyi hissi, fikri məhz intonasiya dəqiq ifadə edir.

F.Sücəddinovun da intonasiyasından qısaca belə anlaşılır: “sizin musiqi bizim musiqimizin yanında bir heçdir”.

“Yeni gün”ün aparıcısı “musiqinin dili, milliyəti olmur” kimi fikirlərlə bəstəkarın kobud intonasiyasını, araya çökmüş ani pərtliyi yumşaltmağa çalışdı.

Avazın studiyasındakı türk aparıcı, qonaqlar pərt, çaşmış görünsələr də etik normaları gözləyərək susdular.

F.Sücəddinovun sonradan “Türk sənət musiqisi çox gözəldir” deməsi isə daldan atılan daşa bənzədi.

Faiq müəllim, tarixin gözəli və ya çirkini olmur. Tarix ya var, ya da yoxdur. Ya da belə deyək, maraqlı, ziddiyyətli, zəngin, çoxqatlı tarix ola bilər. Azərbaycan tarixinin maraqlı, ürəkaçmayan, bəzən utanc gətirən səhifələri də var. Əgər Azərbaycan xanlıqları bir-birinə quyu qazıbsa, ilk demokratik respublikanı qoruya bilmədiksə tariximiz necə gözəl ola bilər?

Hər bir xalqın mədəniyyəti təkrarsızdır, koloritlidir, spesifikdir: Amerikanın da, Avropanın da, Asiyanın da, Afrikanın da.

Dünya təkcə Azərbaycan mədəniyyətindən ibarət olsaydı, bu son dərəcə maraqsız, monoton olardı. Deyilmi?

Bilirsiz ki, sənət monotonluğu sevmir, o daim yeniliyə can atır, əks halda o sadəcə ölüdür. Ona görə də bütün mədəniyyətlər bir-biri ilə ünsiyyətdə inkişaf edir.

Heç kimə başqa xalqın mədəniyyətini aşağılamaq haqqı verilməyib. Xüsusən də özünüzün dediyi kimi ortaq mədəniyyətimiz olan türklərə münasibətdə və... mədəniyyətlər arası dialoqun aktual olduğu, tolerantlıq amilinin önə çəkildiyi dönəmdə.

Adətən içində “kiçiklik” kompleksləri olan, özünü təsdiq edə bilməyən insanlar öz millətinin böyüklüyünü iddia edir, başqalarını isə aşağılayır. Tarix kiçiklik komplekslərinin gətirdiyi böyük ağrıları çox görüb.

Milli musiqinin zəngilniyinə şübhə etmirəm.

Fiqurlu konkisürmə üzrə beş qat dünya çempionu Mişel Kvan Fikrət Əmirovun “Bayatı şirazı”nı rəqs edəndə də böyük zövq almışam.

Fəxr etdiyimiz F.Əmirovun da, digər bəstəkarlarımızın da, elə sizin də yaradıcılığınız təkcə milli yox, həm də dünya klassik musiqisindən qidalanıb. O zaman başqa xalqların mədəniyyətinə etinasızlığınızı anlamıram.

Əslində məni başqa suallar maraqlandırır. Azərbaycan musiqisinin bir nömrə olduğunu dediyiniz halda, niyə son 3 ildə Eurovision səhnəsində ifaçılarımızın milli musiqi səsləndirmədiklərinə etiraz etmirsiz? Amma siz sıradan olan o mahnıları dəstəkləyənlərdən birisiz.

Elə həmin gün qonağı olduğunuz studiyada “Kristal” qrupunun bəsit, mənasız mahnılarını dinləyəndə və bu türk tamaşaçısına təqdim ediləndə nə düşündünüz? Bəlkə “Kristal”ın mahnıları musiqimizin zənginlyininin ölçülərindən biridir?


# 4694 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #